E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

NƏBİ XƏZRİNİN HİKMƏTLİ SÖZLƏRİ VƏ AFORİZMLƏRİ


 

Uşaqlıqda dostlarımın mənə inamsızlığı məni mübariz etdi. Səməd Vurğunun mənə olan etimadı məndə stimul yaratdı, həvəsləndirdi.

 

***** 

     İnsan doğulan gün ölüm hökmü kəsilir.

 

***** 

 Özünə vurğun olanlar özgəni sevməz!

 

***** 

     Pislik edənlərdən öz qisasını əgər yaxşılıqla alsan yaxşıdır.

 

***** 

Qulun pulu yoxdur, pulun qulu var.

 

***** 

Ümidin var isə demə ki, təksən!

 

***** 

Elmlə, inamla, əməllə insan

Keçəcək cənnətin qapılarıdan.

 

***** 

 İman – inamın öz qismətidir,

İman – Rəbbimizin səxavətidir.

 

***** 

Qəlbi kor olanın kordur gözü də,

Bu haqqdan dönənin aqibətidir.

 

*****

Səbrsizlik özü iblis əməli,

Səbrsə, Allahın mərhəmətidir! 

 

***** 

İnam – İlahidən gələn mükafat,

Məbədsə, insanın ürəyindədir.

 

 ***** 

Haçan axşam düşür, açılır sabah,

Ümid işıq versin gözlərimizə.

Hamı allah olub, rəhm elə, Allah,

Adil bir peyğəmbər göndər sən bizə. 

 

***** 

Xalqın tarixinə əl qaldıranlar –

Asılar tarixin dar ağacından. 

 

***** 

Addım-addım biz gəncliyə yanaşırıq,

Gənclik bizdən uzaqlaşır addım-addım. 

 

***** 

Xoşbəxtlik gələndə yel tək duyulmur,

Bədbəxtlik gələndə tufan tək gəlir.

 

 *****

Dünyaya Günəştək nur yayan insan,

Vaxt olur üfüqdə ulduztək axır.

 

*****

     İnsan gərək öz xöşbəxtliyini özü intixab etsin. Özü seçsin, özü tapsın.

 

*****

     Ümumiyyətlə, mən o qənaətdəyəm ki, insanlar hələ heç həyata gəlməmişdən bir-birləri ilə doğulurlar. Arzullarda, xəyallarda. Deməli mən dünyaya gələndə artıq onun arzularında yaşadım.

 

 ***** 

     Yalnız sevən adam həqiqətən yaşayır, kim sevmirsə  – əslində yaşamır, miskin həyat sürür. 

 

***** 

     Mən müşahidə etmişəm, yer üzündə bütün qadınların sevinci bir-birinə bənzəyir. Kişilər bu hissi bəzən boğa bilirlər. Qadınlar sevinəndə lap uşağa dönürlər.

 

*****

 Həyatda ilk dahi elə anadır,

Ən doğma ilahə elə anadır.

 

*****

Ey insan, ey zəka, ey böyük hünər,

Sən ki, günəş boyda nurlu ürəksən.

Sənə göz dikmişdir illər, əsrlər,

Göylərə həyatı sən verəcəksən...

 

*****

 Yarımçıq sevməyi sevməyir sənət,

İlk sözü, son sözü səmimiyyətdir.

İlhama xəyanət, seirə xəyanət

Bəlkə də ən böyük bir xəyanətdir.

 

 ***** 

Sözü deməmişdən-söz sənin qulun,

Elə ki, söylədin-özün qul oldun. 

 

 ***** 

Arzular sonsuzdur, ömürlər qısa,

Gəlir zaman-zaman arzular dilə.

Görəsən dünyada inam olmasa

İnsan yaşayırmı bircə an belə?

 

 ***** 

Zaman yola salır gəlib-gedəni,

Əsrlər ötüşür yuxular kimi.

Söz var, gözəl doğma, ay anam məni,

Ay anam gözəl doğ, mənim bəxtimi.


<<Geri