Özünün möhtəşəm bədii dühası, parlaq yaradıcılıq istedadı ilə solmaz və xəzansız bir sənət baharı yaradan
Cəfər Cabbarlı həyata da elə ilk bahar günündə göz açmışdı. O, sözün əsl mənasında bahar oğlu, bahar yavrusu idi – ömrünə dondurucu, şaxtalı günləri əssə də. İllər, əsrlər keçəcək, biz onun düşüncələri ilə hələ çox düşünəcək, onun müdrik məktəbindən xeyirxahlıq, mübarizlik, inam dərsi alacaq, büllur sənət bulağından saf su içərək onun ardınca nəsildən nəsilə təkrar edəcəyik: “Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm”. Böyük Azərbaycan xalqının geniş ürəyi həmişə sənin üçün açıqdır, ay ulu Cəfər Cabbarlı.
Hörmətli Nigar xanım! Siz bizim görkəmli şairlərimizdənsiniz. Sizin böyük həyat təcrübəniz və mənalı poeziya yolunuz var. Bu, həqiqi şairin keçdiyi ləyaqətli bir yoldur. Çünki mənim üçün şair elə şairdir. Bir də deyirlər ki, aslanaın erkəyi, dişisi olmaz.
Mən həyat yollarında Əziz Şəriflə çox görüşüb, onun mehriban əlini sıxmışam. Görkəmli alimimiz və tədqiqatçımız, ədəbiyyatımızın böyük mücahidi və təbliğatçısı, məşhur tənqidçimiz və tərcüməçimiz kimi mən onun əməyini həmişə yüksək qiymətləndirmişəm. Bir əsrin hərarətini özündə saxlamış əlin istiliyini və titrəyişini öz əllərimdə hiss etdim. Və düşündüm ki, dövrümüzün neçə-neçə şöhrətli, əzəmətli şəxsiyyətlərinin sıxdığı bu əllərdə çoxdan susmuş ürəklərin istiliyi yaşayır.
Uzaq-uzaq planetləri kəşf edən bizlər bu günün, sabahın böyük-böyük sirlərinə vaqif oluruq. Lakin Vaqif kainatının elə sirləri var ki, bizim üçün bu gün də sirr olaraq qalır və sabah bizi düşündürəcək. Bu sirr Vaqif dilinin incəliyi, sadəliyi və təbiiliyidir. Vaqif poeziyası bir daha isbat edir ki, həyatda hər şey sola bilər, sönə bilər. Lakin yer üzündə sönməz və ölməz bir varlıq var ki, o da xalq dilidir. Xalqın özü kimi əzəli də əbədidir. Xalq – hər oxuyan molla Pənah olmur, – demişsə, biz də əlavə edə bilərik ki, hər yazan da
Molla Pənah olmayır.
Çoxları kimi mənə də Mikayıl Müşfiqi görmək nəsib olmamışdır. Amma onun əsərlərini oxuduqca gözlərim qarşısında coşqun bir ürək sahibi, qaynar gözlərindən qığılcım tökülən, bir yerdə rahatlıq tapmayan iti hərəkətli bir gənc canlanır. Mənə elə gəlir ki, onu hardasa görmüşəm, onun gur səsini haradasa eşitmişəm. Bakının qoynunda doğulmuş Müşfiqin dünyada ilk dəfə eşitdiyi coşğun Xəzərin nəğmələri, ilk dəfə gördüyü küləklər şəhərinin əngin üfüqləri olmuşdur. Müşfiqdə vətəndaşlıq lirikası qüvvətlidir.
M.Hüseyn ədəbiyyata tufanla gəldi, həyatdan isə gözlənilməz bir sükutla, səssiz-səmirsiz getdi... Öz amalı üçün can verən bir əsgər kimi, özünün iradəli xarakterilə bir orduya nümunə olan sərgərdə kimi. Günəşli zirvələr yer üzünün, ədəbi zirvələr isə xalqın vüqarıdır. Ədəbi zirvələr əbədi zirvələrə çevrilir. M.Hüseyn yaradıcılığı belə bir zirvə kimi Azərbaycan xalqının tarixində həmişə qalacaqdır.
S.Rüstəm ədəbiyyatımızda haqlı olaraq aydın həqiqətlər, böyük və müdrik fəlsəfələr şairi kimi görkəmli və layiqli yer tutur. İllər keçəcək. İnsanlar yer üzünə nəsil-nəsil gəldikcə, S.Rüstəm poeziyasının büllur bulağından həmişə böyük minnətdarlıq duyğusu ilə içəcək, onun saflıq və təmizliyini qiymətli ərmağan kimi, Azərbaycan xalqının susmayan, əzəmətli könül nəğməsi kimi ürəklərdən-ürəklərə aparacaqdır.
Mən bir zirvə tanıyıram: Uca zirvə... Günəşli zirvə... Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən də dumanlı Londona o zirvədən parlaq şəfəqlər axıb süzülür. O zirvə
Fikrət Əmirovun öz bulaq saflığı və öz çinar vüqarıyla özünə ucaltdığı yaradıcılıq zirvəsidir.
Tahir Salahov Azərbaycan rəngarlıq sənətinin yeni, mənalı, sehrli bir səhifəsidir. Yenidir ona görə ki, Tahir bu vaxta qədər heç kimin işləmədiyi bir fırçayla işləyir... Mənalıdır, ona görə ki, Tahir Azərbaycan xalqının mənəvi gözəlliyini, onun əzəmət və vüqarını, arzu və düşüncələrini, dünənini, bu gününü böyük bir qüdrətlə vəsf edir. Rənglər dil açır, rənglər danışır, üfüqlər qədər sonsuz, dəryalar qədər dərin bir hekayət deyir.
Bəxtiyar Vahabzadə sənətkarlar yurdu Azərbaycana dərin və qırılmaz tellərlə bağlıdır. O, şeirimizin klassik ənənələrindən qidalanaraq özünün müasir amallı şeir dünyasını yaratdı. Sehirli Şəki dağlarının qucağında ilk dəfə göz açıb addım atan Bəxtiyar, bu gün öz şeirilə elləri, ölkələri dolaşır. Misraları nəğmə-nəğmə dodaqlarda gəzir. Onun şeiri yayılır, öz doğma torpağına qayıtmaq üçün.
Bir şair qardaşım var. Boylu-buxunlu.
Bir şair qardaşım var. Şad, gülər. Ürəkdolusu şaqqanaq çəkib güləndə qaraqabaqlar da dayana bilmir. Onun gülüş burulğanından can qurtarmq çətindir. Qəlbində bir dünya nisgil gəzdirən insanın gülüşü. Bir şair qardaşım var.
Söhrab Tahir! Tale qardaşım. İdrak qardaşım. Həyatın nəcib, nikbin gözəlliyini dərk etməyi, çılğınlıqla sevməyi ondan öyrənmək lazımdır.
Onun şair şöhrəti öz mənbəyini məhz doğulduğu torpaqdan götürüb. Azərbaycanda
Cabir Novruzu yaxşı tanıyırlar. Onun sözlərinə bəstələnmiş mahnılar xalq arasında geniş yayılmışdır. Mən hər dəfə Cabir Novruzu düşünəndə elə qənaətə gəlirəm ki, o başqa peşə sahibi deyil, mütləq şair olmalı idi. Şairlik onun böyük daxili və zahiri aləmində, xarakterindədir.
Əziz və hörmətli Anar!
Sənin müdriklik yaşın mübarək olsun!
Ağıl və təmkin, səbir və dəyanət yollarıyla addımlayıb gəlib çatdın bu müqəddəs sərhədə. Elə bir sərhəddə ki, ondan o yana ömrün ikinci dövrü – daha məsuliyyətli, daha yanğılı bir dövrü başlanır. İnsan nələr etdiyini, nələr edə bilmədiyini daha yaxşı görür, duyur.
Sən ömrünün birinci yarım əsrliyində doğma xalqımıza ləyaqətlə xidmət etdin. Mən inanıram ki, bundan sonra da belə olacaqdır.
Qartal iki qanadıyla uçar. Sənin qanadların möhkəmdir. Uç, ucalara uç, əziz dost! Qoy səni ata-ana xeyir-duası hifz eləsin! Ot kökü üstə bitər. Sənin köklərin müqəddəs torpağımızın dərinliklərindədir. Qoy səni ulu Dədə Qorqudun xeyir-duası saxlasın. Qoy cansağlığı və xoşbəxtlik bu yollarda sənin yol yoldaşın olsun!