Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl,
gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik
detallara qədər dəqiqliklə və uyğun çalarlarla seçilirdi. Geyim dəstinin
ayrı-ayrı elementləri güllü parçadan tikilirdisə də, mütləq tox və sakit
rənglər seçilirdi. Zərif bəzəklər, zəncirələr və şah-pəsəndələrlə
bəzəmək, muncuqlu tikmə, burmametallarla tikmələr və ümumiyyətlə, bütün
tikmə texnikalarından istifadə etməklə hazırlanan geyimlər nə qədər
zəngin və gözəl görünsə də, bütövlükdə geyim dəstləri öz ciddiliyi və
ağırlığı ilə ətraf mühitlə geyimi daşıyan arasında bir sərhədə
çevrilirdi. Tumanın ətəyi xüsusi zövqlə bəzədilirdi. Əsas forma gümüş və
muncuqlu tikmədən istifadə edilirdi. Arxalığın və ya küləcənin də bütün
tikiş xətləri boyunca zərif bəzək tikilirdi. Bu məqsədlə əsasən
zəncirbəndlərdən istifadə edilirdi.
Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən
nəbati naxışlar işlədilirdi. Naxçıvan geyimlərinin biçimi sadədir. Qolu
düz biçilirdi. Köynək və tumanın biçimi və tikiş texnologiyası başqa
zonalarda olduğu kimi idi. Təkcə arxalıq öz forması ilə nisbətən
fərqlənir. Arxalığın yaxa kəsiyi çərkəndə olduğu kimidir. Arxalıq uzun
olarsa (buna küləcə deyilir), beldən kəsik, qısa olarsa, çərkən kimi
bütün kəsilir, amma bu zaman yanlarında kəsik və parça çıxıntısı
qoyulur. Uzunqollu, qolçaqlı arxalıqların ön yaxası bir-birindən xeyli
aralı olurdu ki, bu arxalığı da zəngin sinəbəndlər, sərmələr,
gərdənliklər və s. ilə tamamlayırdılar. Zəngin xanımların sinə bəzəkləri
çənədən belə qədər düzülürdü. Soyuq havalarda arxalığın qolunun
düymələri bağlanır, üstündən küləcə geyilirdi. Qolçaq mane olmasın deyə,
biləkdən üstə qatlanırdı. Elə buna görə də, qolçaq astar hissədə çox
bəzəklə tikilirdi.
Naxçıvan geyimlərində əl işinin səliqəsi, müntəzəmliyi yüksək
texnologiyadan xəbər verir. Azərbaycan Dövlət Tarix Muzeyində Naxçıvana
aid bir neçə qadın geyim dəsti mühafizə edilir. Buradakı bəzi qadın
geyimlərinin adları eyni olsa da, onlar tikişinə və bəzək ünsürlərinə
görə bir-birindən fərqlənir. Arxalıq gümüşü rəngdə atlasdan tikilirdi,
astarlıdır. Yanlarda 10 sm hündürlükdə çapığı və parça çıxıntısı olur.
Qolları düz tikilir və uzundur. Qol ağzı və yan kəsikləri zəncirə ilə
əhatələnir. Küləcə Naxçıvan zonasında geniş yayılmış mövsümi səciyyə
daşıyan sırıqlı və astarlı qadın çiyin geyimidir. Qolu düz və dirsəkdən
bir az aşağı, yaxası açıq biçilirdi. Bütün kənar və tikiş xətləri
boyunca çox zəngin bəzədilirdi. Əsasən qalın məxmər və tafata
parçalardan tikilən küləçə üst tumanın ətək bəzəyi ilə eyni cür
bəzədilirdi. Bəzək üçün müxtəlif tikmə texnikalarından - güləbətin tikmə,
məlimə, bafta, zəncirə, qaragöz, sərmə, muncuqlu tikmə, piləkli doldurma
və s. istifadə edilirdi. Naxçıvan geyimləri içərisində müxtəlif tuman
növləri olmuşdur. Tumanın ətəyinə başqa parçadan 10,5 sm enində qat payı
tikilir. Tumanın ətəyi burma gümüş, zəncirə, toz muncuq və piləklə
bəzədilir.
Naxçıvanda sadə pilələrdə qadınlar 2 yaylıqdan istifadə
edirlər. İmkanlı ailələrdə isə alt yaylığı araxçın əvəz edirdi. Sadə
ailələrdə başa bağlanan qəşbəndin (çarqatın) üstündən kəlağayı
bağlanırdı. İmkanlı ailələrdə bəzəkli araxçın və ya qızıl-gümüş
başlıqlardan istifadə edilirdi. Yaylıq bunlara xüsusi qiymətli baş
sancağı vasitəsilə bərkidilirdi. Belə ailələrdə boğazı çox vaxt yaylıqla
deyil, qızıl boğazaltının asma silsilələri ilə örtürdülər. Bu halda
başlığa və ya araxçına bərkidilmiş zərif örpək sərbəst olaraq arxaya
atılır. Naxçıvana aid kişi geyimləri içərisində Azərbaycanın digər
zonalarında olduğu kimi arxalıq, quşqar, şalvar, çuxa, kürk, peşə
səciyyəli yapıncı, dəri, keçə və müxtəlif parçalardan hazırlanan baş
geyimlərindən - papaq, təskülah, börk və s. istifadə olunmuşdur.
|