E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

KİTABXANALAR


Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan Muxtar Respublikası Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir. Tarixi mənbələrdən aydın olur ki, orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təlim-tədris işlərinə köməklik məqsədilə kitabxanalar yaradılmış, 1837-ci ildə Naxçıvan şəhərində açılmış rus-tatar məktəbində ilk kitabxana təşkil edilmişdir. Kitab mədəniyyətinin inkişafında görkəmli ziyalıların şəxsi kitabxanalarının da özünəməxsus rolu olmuş, Eynəlibəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy Bəktaşinin, Şahbazağa Kəngərlinin, Rza Təhmasibin və başqa ziyalıların şəxsi kitabxanaları xalqın maariflənməsinə xidmət etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyar kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş və kompyuter sistemi ilə təhciz edilərək oxucuların istifadəsinə verilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır.

Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunmuşdur.

“Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalamışdır.

Həmin Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın 3-cü bəndinə uyğun olaraq Elektron Kitabxana yaradılmışdır.

 

Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası Kitabxana üçün 2004-cü ildə Avropa standartlarına uyğun yeni bina tikilib istifadəyə verilmişdir. Kitabxananın fondunda müxtəlif dillərdə 160 mindən artıq kitab var. kitabxananın müasir tipli 4 oxu zalı, internet mərkəzi, sərgi bölməsi, dövrü mətbuat fondu, cildxanası və sairə mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev Elektron Kitabxananın açılış mərasimində iştirak etmişdir.

Elektron kitabxanada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, 20 oxucu yeri vardır. Bura müraciət edən hər bir oxucu elektron köşkdə qeydiyyatdan keçdikdən sonra kitab sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. Üç dildə hazırlanan www.e-kitab.ndu.nmr.az internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verir.

 

 

Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evi 2005-ci il dekabrın 19-da ölkə Prezidenti tərəfindən açılışı olmuşdur. 3 mərtəbəlibinanın 1-ci mərtəbəsində məktəb ləvazimatı, dərsliklər, 2-ci mərtəbəsində Naxsıvanda istehsal olunan məktəbli geyimləri, idman ləvazimatları satılır. 3-cü mərtəbəsində isə müxtəlif ədəbiyyat, o cümlədən bədii əsərlər və elmi ədəbiyyatın satışı təşkil edilmişdir.

 

 

 

 

 

 

 

Naxçıvanşünaslıq Mərkəzi Naxçıvan Muxtar Respublikasının tarixi Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi-nəzəri səhvlərə yol verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır.

Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müasir elmi yanaşma baxımından öyrənilməsi vacibliyinə cəlb edən ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”.

Bunları nəzərə alaraq, habelə Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli 13-04/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.

Mərkəz Naxçıvanşünaslığa dair irsin, xüsusilə Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyətini, habelə Naxçıvanın görkəmli şəxslərinin həyatı və fəaliyyətini öyrənən və təbliğ edən dövlət mədəniyyət müəssisəsidir.

Mərkəzin Əsasnaməsinə əsasən arxivi və fondu ümumi istifadə üçündür. Arxivdən və fonddan onun daxili qaydalarından düzgün istifadə etmək şərti ilə həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları, habelə idarə, müəssisə və təşkilatlar istifadə edə bilərlər.

Naxçıvanşünaslıq irsinin elm, təhsil, mədəniyyət və sair sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək, Azərbaycanşünaslığın üzvi tərkib hissəsi olan Naxçıvanşünaslığı tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini müvafiq mövzuların işlənilməsinə cəlb etmək və onların elmi fəaliyyətlərinə lazımi şərait yaratmaq Mərkəzin əsas funksiyalarındandır.

 

 

AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanası Elektron kitabxanada 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri vardır. Kitabxana lazımi avadanlıqlarla təmin edilmiş, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün 1 ədəd televizor və mobil elektron lövhə qoyulmuşdur.

Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istə­nilən vaxt kitabxananın xidmətlərindən sə­mərəli istifadə etmələrinə şərait yaradır. Oxucular yaradılmış www.e-kitab.ameanb.nmr.az internet saytı vasitəsilə də kitabların elektron variantından istifadə etmək və dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkanı vardır

 

 

<< Geri