Naxçıvan diyarı qədim zamanlardan bəri
nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınmışdır. III minilliyin
sonu - II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın
qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları,
Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi
bürclərlə əhatə olunmuş erkən şəhər yerləri (I və II Kültəpə, Govurqala,
Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.)
meydana gəlmişdir. Bu abidələr Azərbaycanın, eyni zamanda, Naxçıvanın
Yaxın Şərqin yüksək inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini
aşkara çıxarmışdır. Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid yaşayış
məskənləri, siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri,
qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası və s. öz
zənginliyi ilə diqqəti cəlb edir.
Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan atabəyləri dövlətinin paytaxtı
olaraq əzəmətli bir şəhər, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət və
sənətkarlıq mərkəzlərindən biri idi. Burada memarlıq sənəti yüksək
səviyyəyə çatmışdı. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar,
zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr,
saraylar, karvansaralar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli
yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilmişdi.
Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan
qülləvarı türbələrin yaradılmasında naxçıvanlı memarlar Əcəmi Əbubəkr
oğlu və Əhməd Əyyub oğlunun böyük xidmətləri olmuşdur. Memar Əcəminin
XII əsrin II yarısında Naxçıvanda ucaltdığı və dövrümüzədək salamat
qalmış Yusif ibn Küseyir türbəsi və Möminə xatın türbəsi dünya
memarlığında insan xatirəsini monumental biçimlərlə əbədiləşdirən ən
uğurlu örnəklərdəndir. Təkcə Azərbaycanın deyil, islam ölkələrinin ən
uca və ən incə kompozisiyalı türbələrindən olan Möminə xatın türbəsinin
belə uzunömürlülüyü, öncə, onun mühəndis həllinin bitkinliyi ilə
bağlıdır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi,
zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin təcrübəyə
əsaslanan mühəndislik dühası göstərmişdir. Abidənin mükəmməl dayaq
sistemi, xüsusilə sərdabəsinin tektonik quruluşu naxçıvanlı memarın öz
çağında nə üçün "mühəndislər şeyxi" adlandırılmasının səbəbini əyani
şəkildə izah edir. Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı
tarixində Naxçıvan memarlıq məktəbi əmələ gəlmiş və formalaşmışdır.
Naxçıvan memarlıq məktəbi dəqiq riyazi
hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablanma və ölçmələr,
planlaşma, yerləşmə, ornamentlərin və kitabələrin dəqiq düzülməsi
əsasında tikilirdi. Abidələrin modul sistemi, mütənasiblik sxemləri,
tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü
riyazi hesablamasız mümkün deyildi. Bu məktəbin təsiri ilə Yaxın Şərq
ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır. Naxçıvan
memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı
qırmızı bişmiş və bənövşəyi rəngli kaşılı kərpiclər olan abidələrlə də
məşhurdur (İmamzadə memarlıq kompleksi və s.). Monqol istilaları
nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər
Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və
Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl
Orda xanı Toxtamışın və Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə
üzləşmiş, XVI əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrin I yarısında
iki dəfə dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın
siyasi-iqtisadi, mədəni həyatındakı aparıcı rolunu və mövqeyini
itirmişdir. Hərbi-siyasi hadisələr Culfa, Ordubad, Əylis kimi mədəni
mərkəzlərə də xeyli zərər yetirmişdi. Görkəmli memarların yaratdıqları
yüzlərcə qiymətli tikinti və abidə ara müharibələri zamanı dağılmış,
dövrümüzə qədər gəlib çatmamışdır. Çox zaman bunları yaradan
sənətkarların və xalq ustalarının adı belə məlum olmamışdır.
XVII əsrin II yarısından başlayaraq Naxçıvanın, Ordubadın, Culfanın
şəhər həyatında müəyyən canlanma hiss olunmuşdur. Türk tarixçisi Övliya
Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 20 min ev, 70 dini bina,
20 karvansara, 7 hamam və bazarlar mövcud idi. İmamzadə memarlıq
kompleksi (XVI-XVII əsrlər), İsmayıl xan hamamı (XVIII-XIX əsrlər), Xan
evi (XIX əsr), Ordubadda məscid və mədrəsələr, zorxana, hamam və
karvansaralar tikilmiş, Ərasət meydanı ansamblı, örtülü bazar kompleksi
salınmış, Dər, Dəstə, Əylis, Dırnıs, Gənzə, Vənənd kəndlərində türbə və
məscidlər, digər memarlıq abidələri, tarixi binalar inşa edilmişdir.
Ordubadda divarları gözəl rəsmlərlə bəzədilmiş XVIII əsrə aid memarlıq
abidələri dövrümüzədək gəlib çatmışdır.
Əfsuslar olsun ki, daim ideologiya xatirinə tarixi saxtalaşdırmağa cəhd
edən erməni "tədqiqatçıları" Sovet dövrünün siyasi və ideoloji
atmosferindən məharətlə istifadə etmiş, mənfur "Böyük Ermənistan"
planının tərkib hissəsi kimi "elmi" şantaj aksiyaları həyata keçirərək
Naxçıvan torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüş və bu gün də bu
iddiaları təbliğ etməkdədirlər. Belə ki, elmə və elmi metodologiyaya
zidd olaraq qədim Azərbaycan abidələrinin yerləşdiyi Naxçıvan ərazisində
saxta yollarla qəbir daşları basdırmış, sonradan bu "tapıntılar"
ətrafında hay-küy qaldıraraq iddialarına dəlil göstərməyə çalışmışlar.
Buradakı müxtəlif dövrlərə aid tarixi abidələrin fotolarını çəkdirmiş,
onları sahiblənərək nəşr etdirdikləri uydurma məlumatlarla dolu
məqalələr və albom xarakterli kitablarla dünya ictimaiyyətini
yanıltmaqla məşğul olmuşlar. Lakin siyasiləşmiş erməni "tədqiqatçıları"
Naxçıvandakı Azərbaycan abidələrinin maddi-mənəvi məhvində müvəffəq ola
bilməmiş, onların uydurma iddiaları həqiqi alimlər tərəfindən tamamən
çürüdülmüşdür.
Bu gün Naxçıvan Muxtar Respublikasında xalqın milli və mənəvi
sərvətlərinin, böyük tarixi dəyərə malik abidələrin tədqiqi, mühafizəsi
və bərpası sahəsində bir sıra mühüm dövlət qərarları qəbul edilmiş,
onların qorunub saxlanılması istiqamətində kompleks tədbirlər həyata
keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar
Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili" haqqında, "Nuh peyğəmbərin Naxçıvan
şəhərində məzarüstü abidəsinin bərpa edilməsi" haqqında, "Xan Sarayı"
Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması" haqqında, "Naxçıvanşünaslıq
Mərkəzinin yaradılması" haqqında, Ordubad "Gəmiqaya Tarix-Bədii Qoruğu"
və Şərur "Arpaçay Tarix-Mədəniyyət Qoruğu"nun yaradılması haqqında
müvafiq Sərəncamları tarixi abidələrimizin və mədəni irsimizin
öyrənilməsi və təbliğinə mühüm töhfələr vermişdir.
Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda
təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə "Uluslararası
qaynaqlarda Naxçıvan", 2009-cu ildə "Nuh peyğəmbər, Dünya tufanı və
Naxçıvan", 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi",
2012-ci ildə "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzularında Beynəlxalq
simpoziumların keçirilməsi beş minillik tarixi olan Naxçıvan şəhər
mədəniyyətinin tədqiq olunmasında mühüm əhəmiyyətə malik olmuşdur.
2006-2012-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı
1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu
abidələrdən 550-yə yaxını dünya və ölkə əhəmiyyətli, digərləri isə yerli
əhəmiyyətlidir. Qeydə alınmış abidələrin əsasında "Naxçıvan Abidələri"
Ensiklopediyası hazırlanmışdır. Bu ensiklopediya qədim abidələrimizin
öyrənilməsi və beynəlxalq miqyasda tanıdılması üçün mühüm mənbədir.