Came məscidi (ХVIII əsr) Naxçıvanda yaradılan memarlıq
abidələrindən böyük bir qismini ibadət yerləri - məscidlər təşkil edir.
Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan məscidlərdən biri də
Naxçıvan şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində yerləşir.
XVIII əsrdə Məhəmməd Təqi tərəfindən inşa olunan, xalq arasında “Şəhər
məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm
təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət
göstərən yeganə məscid idi. Məscid sovet hakimiyyətindən əvvəlki
dövrlərdə şəhərin sosial-siyasi və ideoloji həyatında mühüm rol
oynamışdır.
Ümumi sahəsi təxminən 1000 kvadratmetr olan məscid inşa edildiyi zaman
onun qərbdən giriş qapısının baş tərəfində kitabə qoyulmuşdu. Mərmər
lövhə üzərində (ölçüsü: 87х57х12 sm) həkk edilmiş kitabənin mətnindən
aydın olur ki, məscid naхçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Hacı
Məhəmməd Cəfər ağanın səyi ilə inşa edilmişdir.
Məscid bir minarəlidir. Ermənilər 1918-ci ildə Naxçıvanda yerli əhaliyə
qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər.
Görkəmli rəssam Bəhruz Kəngərlinin 1920-ci ildə naturadan çəkdiyi rəsmdə
bu zədə aydın görünür.
Came məscidi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı
ilə 2007-ci ildə əsaslı bərpa olunmuşdur.
Heydər məscidi (1996-cı il) Heydər məscidi müstəqillik dövründə
Naxçıvan Muxtar Respublikasında inşa edilən ilk məscidlərdən biridir.
Məscid Şərur rayonunun Aşağı Aralıq kəndində yerləşir. Özünəməxsus
memarlıq üslubuna malik olan iki mərtəbəli məscid 1996-cı ildə inşa
olunmuşdur.
419 kvadratmetr sahəsi olan ərazidə yerləşən Şərq memarlıq elementlərini
özündə əks etdirən, müasir üslubda inşa edilən məscidin ümumi sahəsi 155
kvadratmetrdir. Məscidin həyəti dini simvollar, nəbati və həndəsi
naxışlarla bəzədilmiş dəmir məhəccərlərlə əhatə olunmuşdur. Bu məscid
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə “Heydər
məscidi” adlandırılmışdır. Binanın günbəzində göy kaşılarla “HEYDƏR
MƏSCİDİ” sözləri, əsas giriş qapısının baş tərəfində isə Qurani-Kərimdən
ayələr yazılmış kitabə qoyulmuşdur.
Məscidin birinci mərtəbəsinin hündürlüyü beş metr, ikinci mərtəbəsinin
hündürlüyü isə üç metrdir. Məscidin ümumi hündürlüyü on metrdir. Dörd
sütunludur. Bir günbəzli məsciddə altmış qadın, yüz kişi olmaqla yüz
altmış nəfər eyni vaxtda ibadət edə bilər. İki minarəli məscidin
minarələrinin hündürlüyü on beş metrdir.
Şərur şəhər məscidi (2009-cu il) Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında insanların ibadət
yeri olan məscidlərin inşasına da dövlət səviyyəsində xüsusi diqqət
yetirilmiş, bir sıra yeni məscidlər inşa olunmuşdur. Belə məscidlərdən
biri də Şərur şəhər məscididir. Şərur şəhərinin mərkəzində yerləşən iki
mərtəbəli məscid 2009-cu ildə inşa edilmişdir.
Qədim və müasir Şərq memarlıq ənənələrini özündə birləşdirən məscidin
ümumi sahəsi 900 kvadratmetr, həyəti isə 0,5 hektardır. Məscidin birinci
mərtəbəsinin hündürlüyü səkkiz metr, ikinci mərtəbəsinin hündürlüyü isə
üç metrdir. Məscidin ümumi hündürlüyü iyirmi metrdir. Dörd sütunludur.
Divarlarının qalınlığı 80 santimetr olan məscidin üç günbəzi vardır.
Məsciddə 100 qadın, 300 kişi olmaqla 400 nəfər eyni zamanda ibadət edə
bilir. Zaldan əlavə məsciddə dörd otaq mövcuddur. Girişi şimal-şərqdən
olan məscid iki minarəlidir. Minarələrin hündürlüyü 30 metrdir.
Cilovxanlı məscidi (ХV əsr) Naxçıvan Muxtar Respublikası
ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyəti
nümunələri içərisində kəndlərdə inşa olunmuş məscidlər də xüsusi yer
tutur. Belə məscidlərdən biri də Babək rayonundakı Cilovxanlı məscididir.
XV əsrdə inşa olunmuş məscid Babək rayonundakı Cəhri kəndinin Cilovxanlı
məhəlləsində yerləşir. Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə
üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə
qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr
yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan
ibarətdir. Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz
keramika məmulatları göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur.
1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.
Nehrəm kənd məscidi (2016-cı il) Müstəqillik dövründə Naxçıvanda
inşa olunmuş məscidlər sırasında Şərq memarlıq üslubunda inşa edilən və
2016-cı ildə istifadəyə verilən Nehrəm kənd məscidinin özünəməxsus yeri
vardır.
Məscid Babək rayonunun Nehrəm kəndində yerləşir. Bir mərtəbəli məscidin
ümumi hündürlüyü 6,5 metrdir. Ümumi sahəsi 350 kvadrat metrdir. Dörd
sütunludur. Divarlarının qalınlığı 60 santimetrdir. Məscid bir
günbəzlidir. Günbəzin hündürlüyü 3,8 mertdir. Məsciddə 170 qadın, 180
kişi olmaqla 350 nəfər eyni vaxtda ibadət edə bilər. Məsciddə zaldan
əlavə bir otaq var. Girişi şimal-şərqdən olan məscid bir minarəlidir.
Minarənin hündürlüyü 24 metrdir.
Heydər məscidi ( 1996-cı il) Müstəqillik dövründə ümummilli lider
Heydər Əliyevin şərəfinə inşa edilən məscidlərdən biri də Babək
rayonunun Çeşməbasar kəndində yerləşir. İki mərtəbəli məscidin birinci
mərtəbəsinin hündürlüyü üç metr, ikinci mərtəbəsinin hündürlüyü isə 2,5
metrdir. Məscidin ümumi hündürlüyü altı metrdir. Ümumi sahəsi 72 kvadrat
metr olan məscid dörd sütunludur. Divarlarının qalınlığı 70 santimetrdir.
Məsciddə 120 nəfər eyni zamanda ibadət edə bilər. Girişi şimaldan olan
məscid bir günbəzli və bir minarəlidir. Minarənin hündürlüyü on iki
metrdir. Məscidin həyətində dini mərasimlərin keçirilməsi üçün əlavə zal
inşa edilmişdir.
Məscid 2015-ci ildə təmir olunmuşdur.
Qırx kimsənə məscidi (ХIV əsr) Naxçıvan ərazisində orta əsrlər
zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə
aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində
yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də
ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən
başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun
vardır.
Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı
üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən
aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə
(1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin
Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə
axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən
məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn
dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur.
Məscid 1993-cü ildə bərpa edilmişdir.
Ordubad şəhər Came məscidi (ХVII əsr) Orta əsrlərdə iri yaşayış
məskənlərində inşa etdirilən məscidlər içərisində Came məscidləri xüsusi
yer tuturdu. Öz möhtəşəmliyi ilə diqqəti cəlb edən belə məscidlərin ən
gözəl nümunələrindən biri Ordubad şəhər Came məscididir. Came məscidi
şəhərin mərkəzində, yüksək ərazidə inşa olunmuşdur.
Məscidin planında mərkəzi yeri tutan ibadət salonu onun ən qədim hissəsi
kimi diqqəti cəlb edir. Daхili sahəsi təхminən 400 kvadratmetr olan,
gözəl memarlıq üslübunda inşa edilən məscidin tavanı sütunlar üzərində
qərar tutmuşdur. Tavanın hündürlüyü təхminən beş metrə yaхındır. 1902-ci
ildə məsciddə təmir və bərpa işləri aparılarkən onun qərb tərəfində
əlavə bir salon da tikilmişdir. Uzunluğu 25 metr, eni 6,5 metr olan bu
salon qadınlar üçün nəzərdə tutulmuşdur. Salon bir neçə pəncərə ilə
yüksək səviyyədə işıqlandırılır. Daхili divarlar rənglə gəc üzərində
gözəl хətlərlə yazılmış Quran ayələri, hədislər, dini mətnlər və
kitabələrlə bəzədilmişdir. Bu iş təkcə qadınlara məхsus salonda deyil,
ümumiyyətlə məscidin bütün salon və otaqlarının daхili divarlarında
həyata keçirilmişdir.
Kitabələrdən aydın olur ki, məscid təmir olunarkən bu kitabələri
müctəhid Ağaəlinin oğlu Hacı Məhəmməd Tağı yazmış, nəqqaşlıq işlərini
Kərbəlayı Zeynalabidin Nəqqaş Abdullazadə yerinə yetirmişdir.Məsciddə
aparılan tikinti və bərpa işləri isə ordubadlı Ağa Mirzəbabanın oğlu
Hacı Məhəmmədqulu ağanın vəsaiti ilə həyata keçirilmişdir. Məscidin
şərqdən giriş qapısının baş tərəfində qoyulmuş kitabə Səfəvi hökmdarı I
Şah Abbasın şəhər əhalisinin bir sıra vergilərdən azad edilməsi haqqında
1604-cü il tariхli fərmanının mətnindən ibarətdir.
1902-ci ildə Came məscidində bərpa işləri aparılarkən tapılan və
üzərində hicri 111-ci il (miladi, 729) tarixi yazılan kitabəyə əsasən
ehtimal etmək olar ki, məscidin əsası VIII əsrdə qoyulmuş, XVII əsrdə
yenidən qurulmuşdur.
Əbrəqunus məscidi (2013-cü il) Müstəqillik dövründə Naxçıvan
ərazisində inşa edilən məscidlərdən biri də Əbrəqunus məscididir. Məscid
Culfa rayonunun Əbrəqunus kəndində yerləşir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə 2013-cü ildə
inşa edilmişdir.
Bir mərtəbəli məscidin ümumi sahəsi 320 kvadratmetrdir. Məscidin
hündürlüyü 5,2 metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı isə 40
santimetrdir. Bir günbəzli məsciddə 220 nəfər eyni zamanda ibadət edə
bilir. Girişi şimaldan olan məsciddə zaldan əlavə 4 otaq mövcuddur. Bir
minarəlidir. Minarənin hündürlüyü 24 metrdir. Məscidə 1300 metrlik
məsafədən içməli su xətti çəkilmişdir.
|
|