E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Gəmiqaya


Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmışdır. 2014-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir.
2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 184 eksponat vardır. Hazırda onlardan 106-sı ekspozisiya zalında nümayiş etdirilir. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.
Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə həsr olunmuşdur. Ona görə də xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcəkdir.


<< Geri