Muzey 1998-ci ildə yaradılmışdır. 20
mart 2010-cu ildən yeni binada fəaliyyətə
başlamışdır. Muzeyin fondunda 3537 maddi-mədəniyyət
nümunəsi vardır. Onlardan 331-i xalçadır.
Ekspozisiyada 283 eksponat nümayiş etdirilir.
Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri
üzrə qruplaşdırılmışdır. Muzeyin ekspozisiyasında
müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla
bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu
xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə,
həsir, süjetli və digər xalça növləri vardır.
Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq
keçmişdən xəbər verən milli mədəniyyətimizin
tarixini səciyyələndirir. Naxışları sadə, realist və
ya mücərrəd olan xalçalar xalqımızın yaradıcılıq
imkanlarının yüksək səviyyədə olduğunun
göstəricisidir. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid
124 ədəd xalça vardır. Muzeyin ekspozisiyasında
bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox
çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun
darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr,
ilmə bıçağı və digər eksponatlar da nümayiş
etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev
prospekti 21
Tel.: +994 (36) 545-35-99 |