E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Naxçıvanqala


Naxçıvanqala Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir.
2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilmişdir.
Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
Orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.
Muzeyin, ümumilikdə, kompleksin yaradılması bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. Buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh Peyğəmbərin məzarının olmasıdır. Naxçıvanqala yalnız müdafiə məqsədi daşımamışdır. Bu qala eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilmişdir. Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar – saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Kompleksdəki mağarada da bərpa işləri aparılmışdır. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
Naxçıvanqala Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında Naxçıvanqala, Köhnəqala adları ilə tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid olunur.
1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji təqdiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə Duz mədənlərində istifadə olunmuşdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə monqol işğalçıları qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar.
Qala 19-cu əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – kiçik qala-Narınqala və Böyükqaladan ibarətdir.
Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq - mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, qaladan təxminən 2 kilometr aralı məsafədə axan Naxçıvan çayına çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir.


<< Geri