E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

NAXÇIVAN MUXTAR RESPUBLİKASI




Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbəsi, 207 kəndi vardır.
Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş yeni Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Muxtar dövlətin özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Konstitusiyaya əsasən muxtar respublikanın Ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sistemi Azərbaycan Respublikası ilə eyniyyət təşkil edir. Muxtar respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə olunur. İcra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarılmış, qanunverici hakimiyyət orqanının adı dəyişilərək Ali Məclis qoyulmuş, ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və İranla (204 km) həmsərhəddir.
Moskva (1921-ci il, 16 mart) və Qars (1921-ci il, 13 oktyabr) müqavilələri imzalanarkən 6 min kvadrat kilometrdən artıq ərazisi olan Naxçıvan Muxtar Respublikasının torpaqları əsassız ərazi iddiası irəli sürən Ermənistan tərəfindən Moskvadakı güclü erməni lobbisinin himayəsi ilə, qanunsuz şəkildə və hissə-hissə ilhaq olunaraq (1924,1928, fevral 1929, may 1969) 5,3 min kvadrat kilometrə endirilmişdir.
Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayan Ermənistan Respublikası tərəfindən 1991-ci ildən tam iqtisadi blokadaya alınan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi 1990-cı il yanvarın 19-da ermənilər tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində muxtar respublikadakı bir qəsəbə və 3 kəndin əhalisi ata-baba yurdundan didərgin düşmüşdür.

Naxçıvan Muxtar Respublikasında 3 ali təhsil müəssisəsi - Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, 3 orta ixtisas məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi və 216 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur

 

 

<< Geri