Qədim xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə, misgərlik,
daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s. Eneolit və İlk Tunc
dövrlərindən məlumdur. Naxçıvanda əkinçiliyin, maldarlığın intensiv
inkişafı sənətkarlığın təkamülünə imkan yaratmışdır.Mədəni tələbatın
artması bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət
avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii tərtibatla
hazırlanması ilə nəticələnmişdir. Arxeoloji qazıntılar nəticəsində qədim
yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi,
Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif
əmək alətləri və zəngin sənətkarlıq nümunələri, bəzək və məişət əşyaları
aşkara çıxarılmışdır. Araz çayının sol sahilində yaşamış qədim tayfalarm
sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri, inamları və
adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.
Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək
ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qablar (bu dövrdə
Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı qablar
mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin
tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları,
müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və
daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq
subutdur. Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan
ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar
göstərir ki, Eneoloit və Tunc dövrlərinə aid gil qablar dulus çarxında
hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən
qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə
aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında
hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan,
quş və heyvan təsvirləri ilə bəzədilmiş boyalı qab-qacaq (küp, küpə,
kasa, badya, çölmək, vaza, çıraq və s.) məlumdur. Yüksək keyfıyyəti,
rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının
bəzədilməsi, şüyrələnməsi, şirlənməsi və s. xalq sənətinin mühüm
sahələridir.
Naxçıvan dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. I
Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgmüş,
nikel-mərgmüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir.
Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən
Tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və s.
tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış
materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək
aləti və bəzək hazırlamaq məharətinə malik olduqlarnı göstərir.
Toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına,
həmçinin çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə
misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət
almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət
əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdır. Bu sənətkarlıq
məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman
ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190)
Luvr (Fransa) muzeyində saxlanılır.
Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək
istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan
dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq
olunmuşdur. Ordubad ipək parça istehsal edən əsas mərkəzlərdən biri idi.
Azərbaycan ipəyi İraq, Kiçik Asiya, Suriya və Avropanın bir sıra
ölkəsinə ixrac olunurdu. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı
(bəzzazlıq) sənəti geniş yayılmışdı. Orta əsrlərdə xalçaçılıq sənəti də
inkişaf etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və
iqtisadiyyatında mühüm yer tutmuşdur. Xalçaçılıq ənənələri bu gün də
davam etdirilir.
Naxçıvanın zəngin təbiəti ta qədimdən bu torpaqlarda qoyunçuluq
təsərrüfatı ilə məşğul olmağa şərait yaratmışdır. Yerli əhalinin
həyatında əhəmiyyətli rol oynayan qoyun gözəl yunu ilə el sənətinin ən
zəngin növlərindən olan xalçaçılığın yaranmasında və inkişafında mühüm
rol oynamışdır.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalçalar öz
bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və
süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir.
Dağlıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu, məfrəş, xurcun,
heybə, duzqabı, qaşıqdan kimi məişət əşyaları çox istifadə olunmuşdur.
Naxçıvanda kilimlər məişətdə çox geniş istifadə olunmuşdur. Naxçıvan
kilimləri istər rənginə, istərsə də bədii xüsusiyyətinə görə Qarabağ
kilimlərinə çox oxşasa da, bəzi özünəməxsusluqları ilə fərqlənirlər.
Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri şəddə və vərniyə
nisbətən daha çox təkmilləşmişdir.
Keçəçilik Şahbuz və Şərurun kəndlərində tarixən inkişaf etmiş sənət
sahələrindən biri olmuşdur.
Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıqların və
dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin
döşənməsində, bəzədilməsində, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə,
corab, əba, qapılıq, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan,
yəhər örtüyü, yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları
üçün geniş istifadə edilmişdir.
Naxçıvanda xovlu xalçalara nisbətən xovsuz xalçalar daha çox
toxunmuşdur.
Xovsuz xalçalar xalça sənətinin ilk inkişaf dövrünü təşkil edir. Bu
xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən
qurulmuşdur. Bu xalçalarda təsvir edilən bəzək elementlərinə arxeoloji
qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid saxsı qabların, daş və
metal alətlərin, müxtəlif bəzək əşyalarının üzərində də təsadüf edilir.
Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış çərxi-fələk
(dörd ünsür) təsvirinə e.ə. II-I minilliklərə aid maddi-mədəniyyət
abidələri üzərində də təsadüf edilir. Çərxi-fələk adətən iri ölçülü
medalyonların mərkəzində təsvir olunur. “Çələbi” kompozisiyalı Naxçıvan
xalçalarında da bu elementə rast gəlinir. Naxçıvan xalçaları rəng
baxımından digər bölgələrin xalçalarından xeyli fərqlidir. Açıq və tünd
rənglərin təzadı Naxçıvan xalçalarına xüsusi ahəngdarlıq bəxş edir.
Naxçıvanda hələ qədim zamanlardan boyaqxanalar fəaliyyət göstərmişdir.
Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından
ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və
sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından; qırmızı və
çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil);
noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz
qabığından; sürməyi və göy rənglər xaricdən gətirilən təbii indiqodan
alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq
məqsədi ilə onların tərkibinə zəy, duz, mal sidiyi kimi bərkidici
maddələr əlavə edirdilər.
Naxçıvanın orijinal naxış kompozisiyasına malik xalça və xalça
məmulatları Azərbaycanda və dünyanın bir sıra digər ölkələrinin
muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Şəxsi kolleksiyalarda
Naxçıvan şəhərindən 5, Babək rayonundan 5, Culfadan 5, Kəngərlidən 3,
Ordubaddan 6, Sədərəkdən 4, Şahbuzdan 6, Şərurdan 10 xovlu və xovsuz
xalça məmulatları saxlanılır. Apardığımız araşdırmalar nəticəsində MR-in
7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar əldə edilmişdir.
Buraya Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Sədərəkdən 8, Culfadan
37, Kəngərlidən 35, Ordubaddan 36 toxucu daxildir.
Bu gün Naxçıvanda, onun rayon və kəndlərində xalça sexləri fəaliyyət
göstərir. Xalçaçılığın inkişafı məqsədi ilə tədris ocaqları yaradılıb.
Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça muzeyi isə zəngin
eksponatları ilə qonaqların ixtiyarına verilib. Burada Naxçıvan qrupuna
aid çoxlu sayda əntiq xovlu və xovsuz xalça məmulatları saxlanılır.