ƏLİYEV HEYDƏR ƏLİRZA
OĞLU (10.5.1923, Naxçıvan şəhəri – 12.12.2003, Klivlend, ABŞ; Bakıda
Fəxri Xiyabanda dəfn olunmuşdur) - dünya tarixinin dahi
şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi.
Azərbaycan xalqının ümummilli lideri, qurtuluş mübarizəsinin (1990-93)
öndəri. Yeni Azərbaycan Partiyasının (1992) banisi, Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu
və Azərbaycan Respublikasının Prezidenti (1993-2003).
Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə
Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili
Işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə
müdiri işləmişdir. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya
Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş,
Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış,
leytenantlıqdan general rütbəsinədək yüksəlmişdir. 1957-ci ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü
ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri
vəzifəsinə irəli çəkilmişdir. Ulu öndər Dövlət Təhlükəsizliyi
Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun
azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər
göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK)
iyul (1969) plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü
seçilmişdir. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin
birinci dövrü başlanmışdır. O, AKP MK-nın avqust (1969) plenumundakı
məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa
rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmağın, dövlət və əmək intizamını
möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yeni xəttini
müəyyən etmişdir. Möhtərəm Heydər Əliyev 1976-cı ilin
martında Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin
noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, Sovet Sosialist
Respublikaları Ittifaqı (SSRI) Nazirlər Soveti sədrinin birinci müavini
təyin edilmişdir. O, türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik
siyasətinin yeridildiyi şəraitdə SSRI kimi nəhəng bir dövlətin ali
rəhbərliyinə ucalmaqla misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı
nümayiş etdirmişdir.
1970-80-ci illərin birinci yarısı
Azərbaycanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli
yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82)
ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində
müstəqilliyə doğru böyük dönüş başlanmışdır. O, dövlətçilik
fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun
taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRI məkanında deyil,
həmçinin bütün dünyada tanıdılması üçün mövcud imkanlardan bacarıqla
istifadə etmişdir.
Heydər Əliyev SSRI Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı
seçilmiş, 9-cu çağırış SSRI Ali Soveti Ittifaq Sovetinin sədr müavini,
Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırışlar) deputatı və
respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş, “Lenin” ordeni (4
dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki
dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür.
1970-80-ci illərdə Sov. IKP MK və SSRI Ali Soveti nümayəndə heyətinin
başçısı və üzvü kimi Meksika, Almaniya, Vyetnam, Koreya Xalq Demokratik
Respublikası, Rumıniya, Yuqoslaviya, Italiya, Misir, Suriya və
Hindistana rəsmi səfərlər etmişdir. Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sov. IKP MK Siyasi Bürosunun və Baş katib M.S.Qorbaçovun
yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa vermiş və mövcud rejimə qarşı müxalif
mövqe tutmuşdur. Heydər Əliyev sovet qoşunlarının 1990-cı ilin 20
yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, Kreml
rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq,
Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatında Azərbaycan
xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan
xalqının Qurtuluş mübarizəsinin önünə keçmişdir. O, doğma xalqını
milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin
iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda
Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan və
Naxçıvan parlamentlərinə deputat seçilmişdir. 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında
partiyanın sədri seçilmişdir. Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri vəzifəsində çalışdığı illər (1991-93) muxtar
respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni
zamanda, əlamətdar dövrdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan
Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı
təhlükəsindən xilas etdi. Bu illərdə ulu öndərin təşəbbüsü ilə muxtar
respublikanın Ali Məclisinin adından "sovet, sosialist" sözləri
çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağı
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.
Xalqımızın böyük oğlu ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı
beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata
keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü ilin
sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi
bağlandı. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi
ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını
21-ə, iştirak edən dövlətlərin və iri şirkətlərin sayının isə müvafiq
surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi. Bütün bunlar ölkənin
iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı,
eyni zamanda, çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq
aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin
yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya
bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa"
boru kəməri və "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri tikilib
istifadəyə verilmişdir. Böyük Ipək Yolunun bərpasına yönəlmiş beynəlxalq
proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci
ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək
səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilmiş, konfrans
proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul
etmişdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM
birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region
qüvvələrinin birləşməsində də Heydər Əliyev dühasının xidmətləri
ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının
Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilmişdir.
1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə
ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan
Respublikası Konstitusiyasının və onun əsasında Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə
çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi,
Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv
olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər
qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi böyük dövlət
xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq
və azadlıqları sahəsində bütün beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur. Ölkə rəhbərinin "Insan hüquq və azadlıqlarının təmin
edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan
Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin
sürətləndirilməsinə geniş imkanlar yaratmış, insan hüquq və
azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmış,
1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilmiş, 1995-2003-cü
illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus
cəzaçəkmədən tam və ya qismən azad edilmiş, Azərbaycan 1996-cı ilin
iyunundan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il
yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi
dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına
müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba və dil
birliyinin təmin edilməsi və bir çox digər sahələrdə çoşğun fəaliyyəti
möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirmişdir.
Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər
Əliyevin anadan olmasının 75, 80 və 85 illiyini böyük təntənə ilə qeyd
etmişdir. Azərbaycanda və bir sıra xarici ölkələrdə xalqımızın ümummilli
liderinin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik
fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunmuş,
kinofilmlər yaradılmışdır. O, bir sıra xarici ölkələrin yüksək
ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və Iş
Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı
mükafatına, "Ipək Yolu Fondu"nun təsis etdiyi "Ipək Yolu Xidmət Mükafatı"na
(1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə
universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri
adlara, mükafatlara layiq görülmüş, dövlətlərarası əlaqələrin
inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində
yorulmaz səylərinə görə "Qızıl fortuna" Beynəlxalq Reytinq Təşkilatının
ali mükafatı olan "Qızıl Ulduz" ("Qloriya populi") ilə təltif olunmuşdur
(2001).
Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər
Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam
dünyası və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil
oldu. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla
azərbaycanlını - doğma xalqını birləşdirərək qovuşdu. Ulu öndərin adı
geniş miqyasda əbədiləşdirmiş, anadan olduğu Naxçıvan şəhərində Heydər
Əliyevin büstü (1983) və heykəli (2007) ucaldılmış, Heydər Əliyev muzeyi
(1999) yaradılmışdır. Azərbaycan Respublikasının bütün rayon, şəhər,
böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları
salınmış, bulaq-abidə kompleksləri, pannolar inşa edilmişdir. Kiyevdə
Heydər Əliyev adına Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Institutu
fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində elmi-nəzəri
mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir.
Bu
gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı
İlham Əliyev başçılıq edir. Heydər Əliyev
siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının
iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm
də dünya azərbaycanlılarının lideridir.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının
ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar
siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982),
aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci
ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə
vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci
ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində
çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni
Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının
hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və
gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında,
çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak
etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə
iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın
xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində,
xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın
qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və
reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya
inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi
olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə
neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici
şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər.
Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal
iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin
aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP)
lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin
müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu
mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş
kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca
səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın
seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi
ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük
əksəriyyəti qazanmışdır.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış)
deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin
başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli
fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə
alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri
təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə
qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir.
lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam
imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət
Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci
ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramını təstiq etdi.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin
ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji
təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması
barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr
2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu.
Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər
nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında
Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev
tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları
və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi
təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün
hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd
olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı
İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli
iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya
kimi qiymətləndirdi.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu.
Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün
ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan
ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı
Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə,
yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə
dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin
təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq
təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın
fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və
uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi
Qafqazda lider dövlətə çevrilmişdir.
ƏLİYEVA ZƏRİFƏ ƏZİZ QIZI (28.4.1923, Kəngərli rayonunun Şahtaxtı
kəndi – 15.4. 1985, Moskva) – oftalmoloq. Tibb elmləri doktoru (1979),
professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
(1983), Rusiya Tibb Elmlər Akademiyasının akademiki (1981), Azərbaycan
Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər
Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb Institutunu (indiki
Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya Institutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına
Azərbaycan Həkimləri Təkmilləşdirmə Institutunda göz xəstəlikləri
kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası
laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982–85)
vəzifələrində çalışmışdır. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya
elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda
geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə,
xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz
xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə
oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı
tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”,
“Iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən
biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin,
1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva
Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb
yaratmışdır.
Zərifə Əliyevanın doktriologiyadan bəhs edən “Göz sulanmasının
fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə
müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqlar tərəfindən deyil, həm də
fizioloqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun zəngin pedaqoji,
elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” (prof. N.
B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini
tapmışdır. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin
müəllimləri üçün əvəzsiz vəsaitdir.
Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük
əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya
Cəmiyyəti Idarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalı
redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRI Tibb
Elmlər Akademiyasının M. I. Averbax adına mükafatına layiq görülmüşdür
(1981). 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye qəbiristanlığından
Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn
olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır (heykəltaraş Ö.
Eldarov). Bakıda Göz xəstəlikləri Institutu, Naxçıvan şəhər
poliklinikası və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb Zərifə
Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına
istirahət parkı salınmışdır.
NAXÇIVANİ ƏCƏMİ ƏBUBƏKR OĞLU (XII əsrin 20-ci illəri – XII əsrin sonu) –
memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq
məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət
vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər
ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq
memarlığına güclü təsir göstərmişdir. Yaratdığı abidələrin üzərindəki
kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran
sənətkarın təsviri sənəti və mühəndisliyi memarlıqda üzvi şəkildə
birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları onu “Şeyxül-mühəndis”
(mühəndislərin başçısı) adlandırmışlar.
Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri
dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət
yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət,
sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri
aparılırdı. Əcəminin ilk məlum abidəsi Yusif Küseyir oğlu türbəsidir.
Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi”
adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Səkkizbucaqlı
gövdədən, qülləvarı günbəzdən, bucaqlarda qoyulmuş dayaqlardan ibarət
olan həmin abidə kərpicdən hörülmüş, divarları quraşdırma həndəsi
ornamentlərlə örtülmüşdür. Burada bədiiliklə memarlığın tektonikası (arxitektonika)
ahəngdar şəkildə birləşmişdir. Abidənin giriş qapısından soldakı
kitabədə memarın adı yazılmışdır: “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
əməli”. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə
kompozisiyalı türbələrindən sayılan Möminə xatın türbəsini Əcəmi 1186-cı
ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında “Atabəy
günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı,
Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə tikilmişdir.
Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə
böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin
təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə
xatın türbəsi monumental abidədir. Türbə yeraltı hissəsinin quruluşu,
xarici səthlərinin və bu səthləri bir-birindən ayıran tillərin memarlıq
bölgülərinin həlli, eləcə də həndəsi ornamentlərin tərtibi cəhətdən
misilsiz sənət nümunəsidir. Əcəmi Möminə xatın türbəsinin ornamentlərini
həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkəsi ilə hörmüş, kufi
xətli kitabələri ornament bəzəklərinə uyğunlaşdıraraq, abidənin ümumi
kompozisiyasına daxil edilməsinə ustalıqla nail olmuşdur.
Əcəminin yaratdığı tikililərdən biri də XIX əsrə aid fotodan məlum olan
qoşa minarədən və bunları birləşdirən baştağdan–portaldan ibarətdir. Bu
abidə, Möminə xatın türbəsi də daxil olmaqla, böyük bir memarlıq
kompleksinin giriş hissəsidir. Bu kompleksə daxil olan və XIX əsrə kimi
dağınıq halda qalmış Naxçıvan Cümə məscidi, mənbələrdə adı çəkilən
“Darülmülk” – Eldənizlər sarayı və “Dövlətxana”–hökumət binası da Əcəmi
sənətinin nümunələridir.
Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük
təsir göstərmişdir – Marağadakı Göy günbəzdə (1196), Naxçıvandakı
Gülüstan türbəsində (XIII əsr), Qarabağlar türbəsində (XII–XIV əsrlər),
Bərdə və Səlmas türbələrində (XIV əsr), türk memarı Sinanın (XVI əsr)
Istanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-cı ildə
Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən
istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.
Bakıda ucaldılmış Nizami heykəlinin kürsü hissəsində, Şuşadakı Vaqif
türbəsində, Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsində Əcəminin
memarlıq irsinin təsiri aydın hiss olunur. Məşhur Avstraliya sənətşünası
Ernest Dits qeyd edirdi ki, Sinanın Istanbulda tikdiyi türbələr Naxçıvan
türbələrinin təsiri altında yaranmışdır. Sinan ordu mühəndisi kimi
1535–36-cı illərdə Iran səfəri zamanı Naxçıvana gəlib, Əcəminin memarlıq
məktəbi ilə tanış olmuşdur.
Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti və ictimai
fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki zəriflik,
memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı orta əsr
anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur. Onun ornament
kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanır.
Əcəmi memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika)
dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis və
sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa
memarlarından bir əsr əvvəl Möminə xatın türbəsinin sərdabəsində qurduğu
nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin
əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin
nəhəng günbəzində və qoşa minarələrdə özünü göstərir.
NƏSİRƏDDİN TUSİ (17.2.1201, Tus – 25.6. 1274, Bağdad) – ensiklopediyaçı
alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin
tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu
Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin
mənada Mövla demişlər. Ilk təhsilini atasından və dayısından almış,
sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən
öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri
tərəfindən hədis söyləmək icazəsi verilmişdir.
Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi
Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə
qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində
Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə
yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son
qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür.
Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış,
insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən
qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun
sayəsində vətənə qayıtmışdır.
Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm
xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir.
O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini
buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdı.
Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik
sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi.
Mədrəsənin 400 min cilddən çox zəngin kitabxanası var idi. Nəsirəddin
Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun
yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır
ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt–hicri
tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün
hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı.
Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd
adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində
çalışmışlar. Əvhədi Marağayi (1274–1338) “Dəhnamə” məsnəvisini (1306)
Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif Əsiləddin oğlu Həsənə
ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan
ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar.
Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah
Abbasın [1587–1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı
XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş
kitabədə həkk olunmuşdur.
Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair
traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin
imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “Imamətə dair traktat”
(“Risalə fi-l-imamə”) və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı
deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana
çəkilir. Nəsirəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə
azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan
mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər.
Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında Ibn Sinanın “Işarələr
və qeydlər” kitabının şərhinə həsr olunmuş “Problemlərin həlli” (“Həll
əl-müşkilat”), “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “Iqtibasın əsası”
(“Əsas əl-iqtibas”) ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda
“Problemlərin həlli” traktatının XIII və XVII əsrlərə aid əlyazması
nüsxələri vardır. Nəsirəddin Tusi Ibn Sina və Bəhmənyar məktəbinin
görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir.
Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri, əsas etibarilə
1235-ci ildə Nasirəddin Möhtəşəmin şərəfinə yazılmış “Əxlaqi-Nasiri”
əsərində əksini tapmışdır. Ümumi fəlsəfi məsələlərə də müəyyən yer
verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və
qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər,
xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və
cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə
nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil
edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə
edilməsi” zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair
əsərlərində humanist mövqe tutmuş, insanların əmin–amanlığı qayğısına
qalmağı ümdə prinsip saymışdır. O, poeziya nəzəriyyəsinə, musiqiyə dair
traktatların və fəlsəfi şeirlərin də müəllifidir. Nəsirəddin Tusinin
dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və
ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri bugünün özündə də böyük
maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.
1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş,
şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq
rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərb. Respublikasının bir sıra elm,
təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli
Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin
Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800
illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Nəsirəddin
Tusinin anadan olmasının 800 illiyi haqqında” 13 iyun 2000-ci il tarixli
Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.
CAVİD, Hüseyn Cavid (təxəllüsü; əsl adı və soyadı Rasizadə Hüseyn
Abdulla oğlu; 24.10.1882, Naxçıvan ş. – 5.12.1941, Rusiya, Irkutsk
vilayəti) – şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla
Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada,
sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır
(1894–98). Klassik üslubda ilk şeirlərini də "Gülçin" və "Salik"
imzaları ilə burada yazmışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda
olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir.
Istanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda,
sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf
etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən,
çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.
Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik
şeirlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum
faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı
1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində
ictimai-siyasi lirikaya daha çox diqqət vermişdir. "Öksüz Ənvər", "Çoban
türküsü", "Kiçik sərsəri", "Dün və bugün", "Qadın", "Görmədim", "Vərəmli
qız" və s. şeirlərində sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə
əməkçi insanların faciəli həyatı təsvir edilir. "Məsud və Şəfiqə"
şeirində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti,
sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. "Sən nəsin,
kimsin deyən ariflərə" (1912) poemasında şair insanlara işıqlı həyat,
azad gələcək yolu arayırdı. "Məzlumlar üçün" (1914), "Qürubə qarşı", "Hərb
və fəlakət" (1916), "Hərb ilahı qarşısında" (1917) şeirlərində
imperialist müharibələrinə nifrət öz əksini tapmışdır.
Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi
faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi
baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi,
milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid
teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri,
böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini
tapmışdır. Mənzum "Ana" (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi
keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. "Maral" (1912)
faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə
münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan
ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində
xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə
üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, "Haqq verilmir,
alınır" ideyasına gəlib çıxmışdır. Həmin ideya "Şeyda" (1917) dramında,
"Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz
ifadəsini tapmışdır. "Şeyda"da Cavid yalnız ideya və mənəviyyatlardakı
ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-kasibə"ni,
"qabarlı əllər"i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında
mühüm yer tutan "Iblis" (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri
– "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin
mədəni vəhşiləri" olan imperialist dairələri Iblis surətində
ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Mürtəce
qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və
mədəniyyət dostlarının toqquşması Cavidin 1920-ci ilədək yazdığı
əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsini
bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb
olması fikri təşkil edir. Estetik ideyalarına sadiq qalan Cavid bununla
yanaşı, ötən əsrin 20–30-cu illərində dövrün tələbləri ilə səsləşən bir
sıra əsərlər yaratmışdır. "Azər" dastanı (1920–37) bu əsərlər arasında
xüsusi yer tutur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və bir
müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi
ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik və lirik-epik
şeirlərlə qayıtdı. "Nil yavrusu" əsərində Cavid müstəmləkə zülmünü qəzəb
və nifrətlə damğalayırdı. Bu dövrdə Cavid bir sıra tarixi dramlar
yazmışdır. "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933),
"Xəyyam" (1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə
baxışında ciddi dönüş idi. Cavidin yaradıcılığında türkçülük və
turançılıq ideyalarının təbliği öz əksini tapmışdır. Türkçülük ən çox
onun “Xəyyam”, “Topal Teymur” və “Səyavuş” faciələrində qabarıq
verilmişdir. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni,
üsyan başçılarını və Xəyyam kimi azadfikirli bir mütəfəkkiri baş
qəhrəman seçmişdir. Faşizm və Ikinci dünya müharibəsi təhlükəsinin
artması Cavidi narahat edən problemlər idi ("Iblisin intiqamı" dramı,
1936). Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsinin
əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi
də vətənpərvər şair kimi Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor
neyzən" poeması, 1930). Cavidin fəlsəfi, siyasi-ictimai görüşləri "ümumi
məhəbbət" ideyasından yüksək humanizmə qədər böyük bir inkişaf yolu
keçmişdir. Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı,
səmimiyyəti ilə seçilir.
Anadan olmasının 100, 110, 120 və 125 illik yubileyləri geniş qeyd
olunmuşdur. Naxçıvanda və Bakıda ev-muzeyləri
yaradılmış, Bakıda, vaxtilə yaşadığı binaya (indiki Azərbaycan Milli
Elmlər Akademiyasının Əlyazmalar Institutunun binası) barelyef-təsviri
olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində cənazəsi
Irkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev-muzeyinin
yaxınlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin təşəbbüsü ilə qəbri üzərində möhtəşəm məqbərə
tikilmişdir (1996). Adına Bakıda, Naxçıvanda və respublikanın digər
şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kino-teatr və s.
mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.
MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU (31. 12.1905, Ordubad şəhəri –
15.12.1961, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) – kimyaçı. Kimya
elmləri doktoru (1942), professor (1942), Azərbaycan Milli Eelmlər
Akademiyasının akademiki (1945) və prezidenti (1947–51 və 1958–61), SSRI
Elmlər Akademiyasının müxbir üzvü (1958). SSRI Dövlət mükafatı laureatı
(1946). Akademik N.D.Zelinskinin tələbəsidir. Azərbaycan Ali Pedaqoji
Institutunu (indiki APU) bitirmiş (1926), Gəncə Pedaqoji Texnikumunda və
Yerevan Pedaqoji Institutunda kimya müəllimi olmuş, iki il Lomonosov
adına Moskva Dövlət Universitetində təhsilini davam etdirdikdən sonra
Azərbaycan Kənd Təsərrüfatı Institutunda (1932–33) və Azərbaycan Elmi-Tədqiqat
Neft Emalı Institutunda (1933–45) işləmişdir. Azərbaycan Milli Elmlər
Akademiyası yarandıqdan (1945) sonra Neft Institutuna rəhbərlik etmişdir.
1954–58-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
rektoru olmuşdur.
Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik
emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı
ilə xlorlaşdırma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş,
neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator
üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla,
karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar
alınması yollarını göstərmişdir. Aromatik parafin və sikloparafin
karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə
sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksək keyfiyyətli
komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev benzolu propilenlə alkilləşdirilmək yolu ilə
izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da Böyük Vətən
müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin
olunmasına kömək etmişdir. Məmmədəliyev plastik kütlə istehsalı və
Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm
işlər görmüşdür. 200-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın
müəllifidir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti
olmuşdur. O, SSRI, ABŞ, Italiya, Fransa, Ingiltərə, Polşa, Macarıstan və
başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda
respublikamızı dəfələrlə təmsil etmişdir. D.I.Mendeleyev adına
Ümumittifaq Kimyaçılar Cəmiyyəti Azərbaycan Idarəsi Rəyasət Heyətinin
(1957–61) və Azərbaycan “Bilik” Cəmiyyəti Rəyasət Heyətinin sədri
(1948–50 və 1958–61) olmuşdur. SSRI Ali Sovetinin (5-ci çağırış) və
Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış) deputatı seçilmişdir.
“Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və
medallarla təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Neft
Kimyası Prosesləri Institutuna (NKPI), Ordubad ipək kombinatına və
Şamaxı rəsədxanasının yerləşdiyi qəsəbəyə, Bakı küçələrindən birinə onun
adı verilmiş, adına mükafat təsis olunmuş, Ordubad şəhərində ev-muzeyi
açılmış, büstü qoyulmuş, Bakıda yaşadığı evdə xatirə lövhəsi vurulmuşdur.
Bakının Istiqlaliyyət küçəsində, Azərbaycan Milli Elmlər Akademiyası
Rəyasət Heyəti binasının yanında heykəli ucaldılmışdır. Akademik Yusif
Məmmədəliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti Ilham Əliyev 28 fevral 2005-ci il tarixdə
sərəncam imzalamışdır.
ORDUBADİ MƏMMƏD SƏİD HACAĞA OĞLU
03.14.1872, Ordubad – 01.05.1950, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur)
– yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim.
Ordubadda mollaxanada və Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində
oxumuşdur. Ordubad ipək fabriklərində (1886–1904) fəhlə işləmiş, Culfa
gömrük xidmətində (1906–14) çalışmışdır. Birinci rus inqilabının
(1905–07) təsiri altında siyasi mübarizələrə qoşulmuş, “Hümmət”
sosial-demokrat təşkilatının tərkibində Iran Məşrutə hərəkatına kömək
edən qrupun fəal üzvlərindən olmuşdur. 1915-ci ildə siyasi fəaliyyətinə
görə Saritsına sürgün edilmişdir. Fevral inqilabından (1917) sonra
Dağıstana gəlmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına
daxil olaraq, siyasi fəaliyyətini davam etdirmişdir. 1918-ci ildə
Nəriman Nərimanovun dəvətilə Həştərxana gedərək, “Hümmət” qəzetinin
redaksiyasında çalışmışdır. 1920-ci ildə 11-ci Qırmızı ordunun
tərkibində Dağıstana gəlmiş, Temirxan-Şura şəhərində “Qırmızı Dağıstan”
qəzetinin nəşrini təşkil etmişdir. 1920-ci il mayın 2-də Bakıya gələn
Ordubadi “Əxbar” qəzetinin redaktor müavini vəzifəsinə təyin edilmiş,
“Əxbar” və “Kommunist” qəzetləri birləşdirildikdən sonra onun redaksiya
heyətinin üzvü və redaktor müavini, 1920-ci ilin sentyabrından isə
“Füqəra füyuzatı” jurnalının redaktoru olmuşdur. 1928-ci ildə “Yeni yol”
qəzetinin redaktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR Ali
Sovetinin (1-3-cü çağırış) deputatı seçilmişdir.
Ordubadi ədəbi fəaliyyətə 19 əsrin 90-cı illərində başlamışdır. Ilk
şerləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunmuşdur. Şair
“Qeyrət” mətbəəsində (Tiflis) “Qəflət” (1906), “Vətən və hürriyyət”
(1907) adlı şeir kitablarını nəşr etdirmişdir. “Qəflət”də islam
millətlərinin geriliyini tənqid edən Ordubadi “Vətən və hürriyyət”
kitabında fikirlərini siyasi məcraya yönəltmiş, Cavad xanın və Şeyx
Şamilin rus çarizminin Qafqazda işğalçı siyasətinə qarşı mübarizəsini
tərənnüm etmişdir. 20 əsrin əvvəlində Bakı və Tiflis dövri mətbuatında,
o cümlədən, “Irşad”, “Təzə həyat”, “Tərəqqi”, “Səda”, “Sədayi-həqq” və s.
qəzetlərdə, “Molla Nəsrəddin” jurnalında şeirlər, publisistik məqalə və
felyetonlarla çıxış etmişdir. “Qanlı sənələr” (1911) kitabı, “Iki
cocuğun Avropa səyahəti” (1908), “Baği-şah, yaxud Tehran faciəsi”
(1910), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) tarixi
pyesləri, “Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngi-məab” (1914)
romanı nəşr olunmuşdur. “Qanlı sənələr”də müəllif 1905–06-cı illərdə
daşnak-erməni quldurlarının Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda,
Qazax qəzasında, Zəngəzurda, Göyçə ətrafında, Mehridə Azərbaycan xalqına
qarşı törətdikləri soyqırımı real faktlar və sənədlər əsasında qələmə
almışdır.
Sovet hakimiyyəti illərində ədəbi fəaliyyətinin miqyasını genişləndirmiş,
dövri mətbuatda müntəzəm olaraq publisist və
elmi-kütləvi, ədəbi-tənqidi məqalə və felyetonlar dərc etdirmişdir.
Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. XX
əsrin əvvəllərində Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinə həsr
olunmuş dördcildlik “Dumanlı Təbriz” (1933–48) epopeyasının, Nizami
Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” (1946–48), inqilabi
mövzuda “Döyüşən şəhər” (1936), “Gizli Bakı” (1940) romanlarının
müəllifidir.
Naxçıvanski Cəmşid Cəfərqulu
oğlu (10.8.1895, Naxçıvan şəhəri - 26.8.1938) - hərbi xadim,
briqada komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini
bitirmişdir (1915). Birinci dünya müharibəsində müsəlmanlardan təşkil
olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin
yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə
təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski
igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü,
4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif
olunmuşdu. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski
başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il
sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə
Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski
inamla vuruşmuşdur. C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa
müddətli Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan
sonra yenidən diviziya komandiri olmuşdur.
Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ
Sosialist Respublikası Mərkəzi İcrayyə Komitələrinin üzvü idi. Qırmızı
Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif
edilmişdir. Adına, Bakıda və Naxçıvanda küçə var. Naxçıvanda ev-muzeyi
yaradılmışdır.
Sidqi
(Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərovun
təxəllüsü; 22.3.1854, Ordubad şəhəri - 09.12.1903, Şərur rayonunun
Qarabağlar kəndi) ) - maarifçi, pedaqoq, şair, publisist. Mədrəsə
təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl
öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq
üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat
həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı.
Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli
ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi
təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni
tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur.
Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat,
yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.)
müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə
bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra"
ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə
bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə"
adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə
bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap
edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq
nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi
tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı
uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını,
pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə
təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A.S.Puşkinin
anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə
Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır).
Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, "Tərcüman" (Baxçasaray),
"Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz)
və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc
etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs
göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq,
maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin
keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında” 11 mart 2004-cü
il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı
Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və
Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin
yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tadbirlər
nəzərdə tutulmuşdur. Məzarı Naxçıvan şəhərindədir
Həsən
Əliyev Əliyev Həsən Əlirza oğlu (15.12.1907. Sisyan rayonunun
Comərdli kəndi-02.02.1993, Bakı, Fəxri Xiyabanda dəfn edilmişdir) -
torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim,
ictimai-siyasi xadim. Kənd təsərrüfatı elmləri doktoru, professor.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1952). Azərbaycan
Respublikası əməkdar elm xadimi (1974). Azərbaycan Dövlət mükafatı
laureatı (1978). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısıdır.
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya
İnstitunun elmi işlər üzrə- direktor müavini (1944-1949), eyni zamanda
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji
Universiteti) baş müəllim (1945-1949), Azərbaycan Milli Elmlər
Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan Kənd
Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitənin katibi (1952), Azərbaycan Milli Elmlər Akademiyası
akademik-katibi (1952-57), Azərbaycan Milli Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967),
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru
(1968-1993) vəzifələrində işləmişdir. Əsas elmi fəaliyyəti
torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii
ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması
problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə
edir. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və
coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın
işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların
tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların
mühafizəsinin təşkili Əliyevin elmi və ictimai fəaliyyətinin əsas
istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və
suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin
ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə
böyük əhəmiyyət verirdi. Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976,
1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı,
hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra
problem şuralarının sədri və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar
hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti
Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan
Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti"
məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958),
Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966),
Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s.
ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr etmişdir.
Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur. Lenin
ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən
müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ.
Vavilov adına Qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli
Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya
Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça
Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
Bəhruz
Kəngərli Kəngərli Bəhruz (Şamil) Şirəlibəy oğlu
(22.1.1892, Naxçıvan şəhəri - 7.2.1922, Naxçıvan şəhəri) -rəssam,
boyakar və qrafik. Azərbaycan rəssamlığında realist dəzgah
boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi
formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi
xəstələndiyindən ağır eşidən Kəngərli məktəbə gedə bilmir, meylini rəsmə
salır, gördüklərini uşaq təxəyyülü ilə kağıza köçürürdü. Tiflisdə Qafqaz
İncəsənəti Təşviq cəmiyyətinin nəzdindəki Boyakarlıq və heykəltəraşlıq
Məktəbində oxumuşdur 1910-15).
Kəngərlinin zəngin bədii irsi qalmışdır. O, realist ifadəliliyi, yüksək
bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə,
natürmort və s. çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə
adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktualığına
və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən
"Qaçqınlar" silsiləsinə daxil olan kişi, qadın, oğlan, qız portretləri
canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın
yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində
təbiət gözəllikləri ("Şəlab", 'Dağlıq mənzərə", "İlanlıdağ ay işığında",
'Günəş batarkən", "Ağrıdağ", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana
kəndinə gedən yol", "Əshabi-kəhf dağı" və s.), mədəniyyət abidələri ("Mömünə
Xatun türbəsi"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunmuşdur.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən
çox əsəri nümayiş etdirilmişdir. Əsərləri Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix
Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Bəhruz Kəngərlinin adının
əbədiləşdirilməsi haqqında" (2001, 22 may) qərarına müvafiq olaraq
Naxçıvan şəhərində muzeyi yaradılmışdır.
Məhəmməd
ağa Şahtaxtinski Məhəmmədtağı Sultan oğlu
(1846, Şərur rayonunun Şahtaxtı kəndi. - 12.12.1931, Bakı) - publisist,
şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika
Cəmiyyəti (1899), Beynəlxalq "Asiya cəmiyyəti" (1900) və Rusiya
İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü. Bakı
Universitetinin professoru (1920). Naxçıvan şəhər məktəbini və Tiflis
klassik kişi gimnaziyasını (1863) qurtardıqdan sonra, Peterburqda
müstəqil yolla alman dilini öyrənmişdir. Leypsiq Universitetitinin
fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdir (1869). 1873-1875
illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız
dilini öyrənmişdir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb, türk,
fars dillərində ədəbi və elmi əsərlər yazmışdır.
Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə dair tədqiqatlarla başlamışdır.
70-ci illərdə dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın
təsiri duyulur. Şahtaxtinski əlifba islahatı sahəsində Mirzə Fətəli
Axundovun ardıcıllarındandır. 1879-cu ildə Şərqdə əlifba islahatı
tarixində ilk kitab -"Təkmilləşmiş müsəlman əlifbeyi"ni Tiflisdə nəşr
etdirmişdir. Bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı və
İstanbulda xüsusi müxbiri işləmişdir. 1891-1893-cü illərdə Şahtaxtinski
"Kaspi" qəzetinin müvəqqəti redaktoru təyin edilmişdi. 1898-cu ildə
Azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmağa çalışmış, lakin çar
senzurası buna icazə vermədiyi üçün Şahtaxtinski yenidən Avropaya getmiş,
1902-ci ilədək Parisdə yaşamış, Fransa kollecində və Ali Təcrübi Təhsil
Məktəbində Şərq dillərindən dərs demişdir. Bu dövrdə fransız dilində
nəşr etdirdiyi əsərlər Qərbi Avropa və Amerika mətbuatında müzakirə və
mübahisələrə səbəb olmuşdu. Şahtaxtinski Sorbonna Universitetində
professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış,
Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) almışdır.
1902-ci ildə Şahtaxtinski Tiflisdə xüsusi mətbəə açmış (sonralar "Qeyrət"
adlanmışdır), 1903-ci ilin martında ictimai-siyasi, iqtisadi, elmi,
ədəbi "Şərqi-rus" qəzetinin nəşrinə başlamışdır. Qəzetin Azərbaycanda
ictimai fikir tarixinin inkişafında xüsusi xidməti olmuşdur. Onun
səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı
mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-Rus" qəzeti Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə,
Hüseyn Cavid, Məməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Ə.Nəzmi kimi
açıqfikirli ədib və mühərrirləri öz ətrafında birləşdirmişdi. Bu
yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin ("Molla
Nəsrəddin") başlanmasına zəmin yaratdı. 1907-ci ildə İrəvan
quberniyasından II Dövlət Dumasına deputat seçilən Şahtaxtinski Duma
bağlandıqdan sonra "Rossiya" (Peterburq) qəzeti redaksiyasında işləmiş,
1908-1918-ci illərdə, xaricdə (əsasən, Türkiyə, İran və İraqda)
yaşamışdır. 1919-cu ildə vətənə qayıtmış, Bakı Universitetinin
yaradılmasında fəal iştirak etmiş, burada Şərq dilləri və ədəbiyyatından
mühazirələr oxumuşdur. 1920-ci illərdə "Kommunist", "Bakinski raboçi", "Qızıl
Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni
Türk Əlifbası Komitəsinin işində yaxından iştirak etmişdir. 1922-ci ildə
Şahtaxtinskiyə fərdi pensiya təyin olunmuşdu.
Elmi, tənqidi və publisist əsərlərində Şahtaxtinski müstəmləkəçilik,
irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti,
din, şəriət məsələləri və s. haqqında dövrünə görə mütərəqqi fikirlər
irəli sürmüşdür. Dövrünün qabaqcıl şəxsiyyətləri Şahtaxtinskinin ədəbi,
elmi və jurnalistik fəaliyyətini yüksək qiymətləndirmişlər.
|