Novruz bayramı — yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.
Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz
bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir
sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu
münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram
etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan,
Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin
gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda
rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni
irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq
Novruz Günü" elan edilmişdir.
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya
ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının
adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini
xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi
köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd
göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki,
Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə
əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə
yazda bayram edilir.
Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə
bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan
bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da
Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının
möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı
haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram
münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz
bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə
bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə
əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun
gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə"
adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.