|
Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız.
Siz Azərbaycan mədəniyyətinin
inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki,
Azərbaycan musiqi mədəniyyətində
özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki
Azərbaycan miqyasında, hesab edirəm ki,
dünya miqyasında siz ən görkəmli bəstəkarlardan
birisiniz. Bunun əyani sübutu odur ki, sizin
mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların
bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu
mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz
mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli
nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin
istedadınızın pərəstişkarı olmuşam və bu gün
də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz
mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdənsiniz
ki, ancaq özünüz bəstələdiyiniz mahnıları ifa
edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə
ürəklə,
məharətlə ifa edə bilməz.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh
yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə
məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin
nümayəndələri tərəfindən çox sevilir.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Polad xalq mahnılarının estetik koloritini, bədii məna dərinliyini hiss edir və bu hissiyyat
həmin mahnıların məğzini ifadə etmək üçün münbit zəmin yaradır. Hər bir not səsləndikcə, elə bil,
Poladın damarlarındakı Qarabağ genlərinin kodu açılır və Azərbaycan xalq mahnılarının ab-havası,
ətri bu dəfə, dinləyicinin içinə dolur.
Elçin Əfəndiyev,
Xalq yazıçısı
Qarabağdı dilində,
Bir gün doğma elində,
Şuşada, mənzilində
Nəğmə qoşaq, ay Polad!
Fikrət Qoca,
Xalq şairi
Dünyanın müxtəlif guşələrində yaşayan on minlərlə insan Sizi ilk öncə nadir istedada malik
özünəməxsus musiqiçi – bəstəkar və müğənni kimi tanıyır. İllər ərzində ölkə-ölkə gəzərək Siz
öz təkrarsız sənətinizlə Azərbaycanı millətindən, dili və dinindən asılı olmayaraq geniş
auditoriyaya tanıtdırmısınız. Bu gün də Sizin şaqraq səsiniz, bənzərsiz ifa ədanız, bir-birindən
gözəl mahnılarınız sevə-sevə dinlənilir: Siz ən gözəl tədbirlərin istəkli, səbirsizliklə gözlənilən
qonağısınız.
***
Müxtəliflik, zənginlik Sizin bəstəkartək yaradıcılığınızı da səciyyələndirir. Burada
instrumental musiqinin ali janrı - simfoniya, kamera-instrumental və vokal əsərlər də təmsil olunub.
Bəstəkar kimi sənətinizin tacı - əbədi dəyərləri vəsf edən “Məhəbbət və ölüm” baletiniz müxtəlif
məşhur teatr səhnələrində tamaşaya qoyularaq Azərbaycan sənətinə şöhrət gətirmişdir.
Cavanşir Axundov,
diplomat
Milli mədəniyyətimizin parlaq bir dövrü bu yaradıcı insanın adı ilə bağlıdır. Xalqımızın
ruhunu oxşayan gözəl mahnıları ilə və bəstələdiyi gözəl musiqi əsərləri ilə o pərəstişkarlarının
qəlbində özünə işıqlı və fərəhli xatirələr oyadan möhtəşəm abidə ucaltmışdır.
Vaqif Əsədov,
Xalq artisti, rejissor
Polad Bülbüloğlunun ifaları - oxuduğu bəstəkar və xalq mahnıları, bəstəsi özünə aid
nəğmələr olduqca doğma və əzizdir. Bu mahnılarda xalqımızın xeyirxahlığı, nikbinliyi, əyilməzliyi,
təmənnasızlığı, bəxtiyarlığı var!
Polad Bülbüloğlu oxuyanda ən kədərli insanın belə içində qeyri-adi bir hadisə baş verir; ürək
gülür, ürək sevinir, damardakı qan durulur... Estetik təsir vasitəsi - konkret halda, musiqi sanki fiziki
bir təsir imkanı qazanır. Bax bu, sənət möcüzəsidir. Bax bu möcüzənin müəllifi Polad Bülbüloğludur.
Vaqif Bəhmənli,
Əməkdar mədəniyyət işçisi, şair
Deyirlər ki, insanın ömrünü mənalandıran, onun yaradıcılığını rövnəqləndirən əsas məziyyət
ananın, vətənin, təbiətin - bu kimi müqəddəs anlayışların varlığına tapınmaqdır. Polad Bülbüloğlu
yaradıcılığında bu müqəddəs incilərin yeri çox böyükdür. Təkcə nəğmələrində, musiqi əsərlərində
deyil, bir vətəndaş olaraq fəaliyyətində də vətən ünvanı Polad Bülbüloğlu üçün bütün varidatlardan
yuxarıda dayanır.
Bir nəslin musiqi zövqünün formalaşmasında, sənətə marağımızın artmasında müxtəlif
mədəniyyət xadimlərinin, ifaçıların, bəstəkarların böyük təsiri var. Şübhəsiz ki, onlardan biri də
Polad Bülbüloğludur!
Flora Xəlilzadə,
Əməkdar jurnalist
|