E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

PROMINENT PERSONALITIES ABOUT SHUSHA - THE PEARL OF KARABAKH

Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır.

 

***

Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.

 

Heydər Əliyev,

Ümummilli lider

 


Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

 

***

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 


Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevrilmişdir. Onların adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə şəhər Şuşadır. Şuşa Azərbaycan mədəniyyətinin parlaq rəmzlərindən biri kimi olub və qalmaqdadır. Bu gün o, həm də bizim torpaqlarımızın rəmzidir.

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 


Şuşanın təmiz havası, buz bulaqları, əsrarəngiz mənzərələri onun musiqi beşiyi kimi formalaşmasında mühüm rol oynamışdır. Bu torpaq dünya musiqi mədəniyyəti xəzinəsinə professional Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovu, professional Azərbaycan vokal sənətinin banisi, dahi müğənni Bülbülü bəxş etmiş, neçə-neçə görkəmli bəstəkar və müğənni, şair və yazıçı məhz bu torpağın suyunu içmiş, onun ab-havasından qidalanmışdır. Buna görə də Şuşa “Qafqazın konservatoriyası” adını almış, vokal məktəbi kimi bütün Yaxın və Orta Şərqdə məşhur olmuşdur.

Polad Bülbüloğlu,

Azərbaycanın Rusiyadakı

fövqəladə və səlahiyyətli səfiri

 


Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burada doğulmamışam, burada böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbəm burada yaşamır. Söz yox vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burada keçirər və vəsiyyət də edərdim ki, öləndə məni burada basdırsınlar. Şahanə bir vüqarı var Şuşanın. Elə bil, o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır. Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə , taleyilə bağlıdır.

 

Anar,

Xalq yazıçısı

 


Şuşa aurası, Şuşa koloriti ilin fəsillərindən asılı deyil, Şuşanın soyuğu da, istisi də elə bilki, ancaq bu şəhərə mənsubdur və hər bir insanın öz xarakteri, öz xasiyyəti olduğu kimi, Şuşanın da soyuğu və istisi, qarı və yağışı ilə birlikdə öz havası var, onun hiss-həyəcanı da, sevinci və kədəri də, zarafatı və qayğısı da özününküdür.

Elçin Əfəndiyev,

Xalq yazıçısı

 


Şuşa, demək olar ki, əksər binalar və məhəllələr ayrılıqda mədəniyyət abidəsi olduğu üçün bütövlükdə Şuşa şəhəri memarlıq abidələri kompleksindən ibarətdir. Şəhərdəki Aşağı və Yuxarı Gövhərağa məscidləri Azərbaycan İslam memarlığının nadir hadisələridir. Məşhur Cıdır düzü möhtəşəm təbiət abidəsidir. Nəhəng və sıldırım qayalar üzərində ucaldılmış Şuşa dünyadakı Qala-şəhər formatında salınmış azsaylı şəhərlərdən biridir. Yəni təkcə Şuşa Qalası yox, geniş mənada Şuşa şəhəri Qala kimi təbii qoruq vasitələrinə malik olan müdafiə qalasıdır. Kənardan baxanda Şuşa səma ilə torpağın arasında qayalıqlar üzərində salınan qeyri-adi şəhər təəssüratı yaradır.

 

İsa Həbibbəyli,

Akademik

 


İmtahan üçün bir neçə quyu qazdırdı. O quyulardan su çıxdıqdan sonra Şuşa şəhərinin (1750-ci ildə) binası qoyuldu.

 

 Mirzə Adıgözəl bəy Qarabaği,

Tarixçi

 


Pənah xan yaxın adamları ilə hərtərəfli məsləhətləşdikdən sonra Şuşa şəhərini bina etdirdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdırdı. O quyulardan su çıxdıqdan sonra Şuşa şəhərinin (1750-ci ildə) binası qoyuldu. Mirzə Adıgözəl bəy Qarabaği, Tarixçi Yeni qala tikdirmək üçün Pənah xan məmurlarla, din xadimləri ilə və Qarabağa yaxşı bələd olan dünya görmüş yerli sakinlərlə xeyli məsləhətləşdikdən sonra qərara gəldi ki, “Biz gərək dağlar içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir”. Xanın göndərdiyi bələdçilər ətrafı hərtərəfli öyrəndikdən sonra şad xəbərlə qayıdıb ona bildirdilər ki, “Yeni tikiləcək qalanın içində iki-üç bulaqdan başqa axar su yoxdur. Güman olunan yerlərdə quyu qazdılar və bu quyulardan bol su çıxdı. Bu xəbər Pənah xana çatdırıldı. Xan yaxın adamları ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu.

 

Mirzə Camal Cavanşir Qarabaği

Tarixçi,

 


Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyarətgah qədər əziz olan yurd yeridir. Çünki dünyanın bu füsunkar guşəsi bütün tarixi dövlərdə Azərbaycanın cənnəti olan Qarabağın sinəsində ona həyat verən bir ürək kimi döyünmüş, aranlı-yaylaqlı bütün Qarabağın mərkəzi olmuşdur.

Yaqub Mahmudov,

Akademik

 


Şuşada bir gül bitir. Adına “Xarıbülbül” deyirlər. Onu da deyirlər ki, bu güldən ayrı heç yerdə əsər-əlamət tapılmaz. Çünki Xarıbülbül təkcə Şuşa torpağındakı məhəbbətdən cücərir. İlhamın və məhəbbətin Şuşadakı cövhəri ayrı heç yanda olmur və ona görə də Xarıbülbülü harada əkirsən ək, ayrı heç yanda bitmir.

Yaşar Qarayev,

Filologiya elmlər doktoru, professor

 


Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, divarına, abhavasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtalyanın Neapol, Azərbaycanın Şuşa şəhəri haqlı olaraq Qafqazın konservatoriyası adlandırılmışdır. Bu konservatoriyanın parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

 

Zemfira Səfərova,

Akademik

 


Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, həmçinin yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşanı əbəs yerə poeziya və musiqinin beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar. Səməd Vurğun, Xalq şairi Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər (Şuşa) təssəvvür ediniz. Bu, mənim şəhərimdir.

Yusif Vəzir Çəmənzəminli,

Dövlət xadimi və yazıçı

 


Azərbaycanın qədim diyarı Qarabağın baş şəhəri Şuşa səfalı havası, əsrarəngiz təbiəti, milli ənənələri, xalq sənəti dəyərlərini yaşadan istedadlı sənətkarları ilə yanaşı, yeni üsullu məktəbləri, təlim-tərbiyəçilik məharəti ilə seçilən ustad müəllimləri ilə də məşhurdur.

Əjdər Ağayev,

Pedoqoq, professor

 


Şuşa! Qəhrəmanlıq tariximizin ünvanı, mədəniyyətimizin paytaxtı! Sənin şəhid qanları çilənmiş torpağın bizə Məkkə türbəsindən daha əzizdir!

 

Vilayət Quliyev,

Professor

 


...Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, həmçinin yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşanı əbəs yerə poeziya və musiqinin beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar.

 

Səməd Vurğun,

Xalq şairi

 


Şuşa mənim nəzərimdə sevib-sevdirən, coşub-coşduran, yaşayıb-yaşadan canlı bir möcüzədir. Şuşa mənim və mənim xalqımın həyat eşqi, yaşamaq sevgisidir, mənəviyyat bulağı, milli xarakteridir. Şuşanı yalnız Azərbaycanın emblemi adlandıranlar səhv edirlər. Şuşa yer üzündə gözəlliyin, insanlığın, mədəniyyətin, cəsarət və hünərin, mərdlik və qəhrəmanlığın, sənətin, sözün, muğamın, nəhayət, böyük-kiçikliyin, ağsaqqal-ağbirçəkliyin, kişi-qadın davranışının, bir sözlə, yüksək, bəşəri mədəniyyətin emblemidir.

Famil Mehdi,

Filologiya elmlər doktoru, professor

 


İtaliya vokal məktəbi Avropa musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqeyi tutur.

 

Firidun Şuşinski,

Musiqişünas

 


Şuşa! Bu ad nə qədər əziz, doğma, munis, və sevimli bir ad; nə qədər dilnəvaz və mehriban bir ana-vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, onun adı qarşısında daim diz çökərək “xakipayini” hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır.

Həsən İxfa Əlizadə,

Mollanəsrəddinçi şair, dramaturq, nasir

 


“Qala” adı ilə tanınmış Şuşa özü boyda canlı tariximizdir. Buradakı abidələr isə tariximizin yadigarı və səhifələridir. Şuşa abidələri xalqımızın keçdiyi şanlı və böyük həyat yolundan xəbər verir. Bu abidələrin öyrənilməsi keçmişimizə, torpaqlarımıza olan məhəbbətimizi daha da dərinləşdirir. Şuşa – dünyaya böyük maddi və mənəvi mədəniyyət bəxş etmiş, Qarabağın bol sərvətə, mülayim iqlimə, zəngin bitki və heyvanlar aləminə malik tacıdır.

Nazim Məmmədov,

Tarix elmləri doktoru

 


Şuşa! Bu ad qəlbimdə o qədər şirinli-acılı xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin – Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm. Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük, əzəli və ədəbi bir tablo kimi gözlərim önündə durur.

 

Mustafa Çəmənli,

Əməkdar mədəniyyət işçisi

 


Şuşada musiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaradırdılar və onun yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər.

V.Vinoqradov,

Şərq musiqisinin məşhur tədqiqatçısı

 


Şuşa ilk sevgi kimidir. Bir dəfə görən o ilahi məkana əbədi vurulur. Sonra, klassik şairlər demişkən, təkrar-təkrar “vüsala yetmək” istəyir.

 

Səyyad Aran,

Yazıçı, diplomat

 


Azərbaycanın emblemi adlandırılan Şuşa həm də Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Analoqu olmayan səslər muzeyidir. Vaxtı ilə dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar bu şəhəri haqqında yazanda mütləq onu Yer üzününü canlı muzeyi adlandırırdılar.

Flora Xəlilzadə,

Əməkdar jurnalist

 


Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

 

Xuraman İsmayılqızı,

 Əməkdar jurnalist

<< Geri