1. Giriş
1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi
təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması”
adını almış təşkilat (İcma) indiki Ermənistan
ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının
müdafiəsi ilə məşğuldur.
Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla
çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün
İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri,
prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi
çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa,
aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara
əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına
xidmət edir.
2. Problemin təsviri
Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı
münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə
və soyqırımılarından böyük əziyyət çəkmişdir.
Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil
etdiyi indiki Ermənistan ərazisindən tamamilə
qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış
etnik təmizləmə nəticəsində indi həmin ərazidə
müstəsna olaraq ermənilər yaşayır.
Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə
əksər hallarda dövlət orqanlarının sistemli
fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam
və insanlıq əleyhinə digər cinayətlər və insan
hüquqlarının kobud pozulması yolu ilə həyata
keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953
və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız
olub. Bu aktların, o cümlədən 1918-21-ci illərdə
“Ermənistan respublikası”, “Dağlıq Ermənistan
respublikası” adlanan qurumların, Sovet İttifaqının,
ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların
üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana
vermiş və yüz min azərbaycanlının Ermənistandan
deportasiyası barədə irqçi qərara imza atmış
SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan
SSR-nin 1987-91-ci illərdə törətdiyi əməllərin
nəticələri hələ də qalmaqdadır.
Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus
olan tarixi və mədəni irs, o cümlədən məscidlər və
qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer
adları dəyişdirilib, azərbaycanlılara qarşı
sistematik xarakterli irqi ayrı-seçkilik həyata
keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə
və digər cinayətlərdə iştirak etmiş şəxslər və
onların əməlləri Ermənistanda dövlət səviyyəsində
şöhrətləndirilir.
Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim
dairələrində cəzasızlıq hissi yaratmış və onları
Azərbaycan Respublikasının beynəlxalq aləmdə
tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə,
hərbi işğala, əlavə kütləvi miqyaslı etnik
təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə
həvəsləndirib.
Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu
və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə
əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa
olunması istiqamətində mühüm addım olub və iki ölkə
arasında sülh imkanlarını artırıb. Digər tərəfdən,
indiki Ermənistan ərazisindən qovulmuş
azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu
ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və
sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam
etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün
bərqərar olunmasına böyük əngəl törədir.
3. Hədəf, məqsədlər və yanaşma
İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara
qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu
ədalətsizliyin nəticələrini rədd edir. İcma
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və
Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların
Statusuna dair Konvensiyada və digər mühüm
beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq
hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların öz yurdlarına
qayıtmalarına şərait yaradılmasını və oraya
qayıtdıqdan sonra onların fərdi və kollektiv
hüquqlarının təmin edilməsini özünün əsas hədəfi
kimi bəyan edir. Konsepsiya ilə həyata keçiriləcək
fəaliyyətin əsas məqsəd və prinsipləri
aşağıdakılardır:
İndiki Ermənistan ərazisindən qovulmuş
azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz
şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri
üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan
və hüquqi baxımdan məcburi olan beynəlxalq
razılaşmanın əldə edilməsi;
Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik,
humanitar, sosial-iqtisadi yardım proqramları ilə
təminat altına alınması;
Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara
qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə
və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq
monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və
digər zəruri fəaliyyətin bərqərar edilməsi;
Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq
tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə
qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının
təmin edilməsi.
Qərbi azərbaycanlıların onilliklər ərzində legitim
nümayəndəsi kimi İcma qayıdış prosesində fəal rol
oynayacaq, maraqlı tərəf kimi aidiyyəti dövlətlər və
beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlıq
aparmaq və onlar tərəfindən legitim tərəf müqabili
kimi tanınmaq üçün səy göstərəcək.
Qərbi azərbaycanlıların onlara uzun müddət ərzində
qayğı göstərmiş Azərbaycan ilə xüsusi bağları nəzərə
alınmalı və öz yurdlarına qayıtdıqdan sonra onların
Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə imkan
yaradılmalıdır.
Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan
əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa
etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı
müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə
səpələnməsi cəhdləri irqçiliyin bir forması və
re-inteqrasiyaya maneə olan zərərli yanaşma kimi
rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti
şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş
verə bilər.
Qovulmuş şəxsin geriyə qayıtmaq barədə qərarı
könüllü olmalı və onun bu qərarı verə bilməsi üçün
ona hüquqları və imkanlar barədə tam məlumat
verilməlidir. Müvafiq hüququ olan şəxsin geriyə
qayıtmaq qərarını ancaq ləyaqətli və təhlükəsiz
şəkildə evinə dönməyin mümkün olmasını, o cümlədən,
qayıdış prosesi zamanı və qayıtdıqdan sonra həyatını
qura bilməsi üçün müvafiq zəmanət və yetərli həcmdə
resurs ayrılacağını, tarixi vətənində fərdi və
kollektiv hüquqlarının təmin ediləcəyini yəqin
etdikdən sonra verə biləcəyi nəzərə alınmalıdır.
Qayıdış prosesi zamanı qadınlar, uşaqlar və sosial
baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin
maraqları əsas prioritet kimi nəzərə alınacaq,
“Qadınlar, sülh və təhlükəsizlik” yanaşması daxil
olmaqla bu sahədə beynəlxalq aləmdə qəbul olunan
mütərəqqi konsepsiya və standartlar qayıdış
prosesində aparıcı yer tutacaq.
İcma ötən iki əsr ərzində erməni və Azərbaycan
xalqları arasında dərin nifaq olduğunu və
Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri
nəticəsində hal-hazırda əhəmiyyətli sayda insanın
təhlükəsizlik problemlərindən əziyyət çəkdiyini
anlayır və yaranmış bütün siyasi, təhlükəsizlik,
hüquqi, sosial və humanitar problemlərə görə
məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü hesab
edir. İcma təhlükəsizlik problemlərinin sülh yolu
ilə tənzimləməsi zamanı humanitar təcililiyi
obyektiv kriteriya kimi qəbul etməklə bərabər,
davamlı sülhün bərqərar edilməsində ədalətsizliyin
və hüquq pozuntusunun baxılmamış qalma müddətini
beynəlxalq diqqətin yetirilməsi üçün əsas kriteriya
hesab edir.
Belə ki, hüquq pozuntusu və ədalətsizlik nə qədər öz
həllini tapmamış qalırsa, bir o qədər cəzasızlıq
hissi güclü olur və daha böyük ədalətsizlik törəyir.
Bu, öz növbəsində fait accompli və bir ədalətsizliyi
daha böyük ədalətsizlik törətməklə unutdurmaq kimi
qeyri-insani, zərərli və təhlükəli taktikaları
təşviq edir. Bu baxımdan İcma hesab edir ki, böyük
haqsızlığa məruz qalmış Qərbi azərbaycanlıların
hüquqlarının bərpası məsələsi regional
təhlükəsizliyin və Ermənistan ilə Azərbaycan
arasında münasibətlərin bərpa olunması kontekstində
ən ilk sırada baxılmalı olan vəzifədir.
4. Planlama və icranın əsas mövzuları
İcma geriyə qayıtma hüququnun beynəlxalq hüququn və
insan hüquqlarının ali prinsipi olmasından çıxış
etməklə bərabər, bu prosesin asan olmayacağını
nəzərə alır. İcma geriyə qayıtma hüququnun
reallaşmasına əsas maneənin Ermənistanın müqaviməti
olacağını gözləyir. Bundan əlavə, qayıtma prosesi
əhəmiyyətli ölçüdə hüquqi məsələlərin həllini,
təhlükəsizlik komponentini və böyük miqdarda resurs
əldə edilməsini ehtiva edir. Bütün bu vəzifələrin
həlli Azərbaycan və Ermənistan ilə yanaşı, geniş
beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsini
tələb edir.
İcma repatriasiya prosesinin bütün mərhələlərində
mərkəzi rol alacaq və repatriasiya başa çatdıqdan
sonra da öz fəaliyyətini davam etdirəcək.
Konseptual olaraq, qayıdışın əsas mövzularına dair
İcmanın mövqeyi aşağıdakı kimidir.
1.1. Beynəlxalq hüquqi çərçivə və zəmanət
İndiki Ermənistan ərazisindən azərbaycanlıların
qovulması məsələsini presedentsiz ədalətsizlik kimi
beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu
vəziyyətin davam etməsinin beynəlxalq sülh və
təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail
olmaq və davamlı sülh və ədalətin bərqərar olması
üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin
edən, hüquqi baxımdan məcburi olan, müvafiq
verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar
və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu
məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş
azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait
yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və
Ermənistan arasında sülh müqaviləsində də təsbit
olunmasına çalışacaq.
Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin
formalaşdırılması üçün İcma Azərbaycan Respublikası
hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin
Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər,
region ölkələri və digər aidiyyəti dövlətlər və
təşkilatlar ilə təmaslara başlayacaq.
1.2. İcmanın üzvlərinin müəyyən edilməsi və
siyahıyaalınması
İndiki Ermənistan ərazisindən qovulmuş bütün
azərbaycanlılar və onların törəmələrinin öz
vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan
Respublikasının və Qərbi azərbaycanlıların
məskunlaşdığı digər dövlətlərin əhali reyestri
xidmətlərinin yardımından istifadə edərək və müvafiq
beynəlxalq metodologiya əsasında İcma üzvlərinin
siyahıyaalınmasını həyata keçirəcək. Bu cür
siyahıyaalınmada effektiv vasitələrdən birinin
aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğunu
nəzərə alaraq, onları bu addıma təşviq etmək üçün
vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması
barədə geniş informasiya kampaniyası aparılacaq və
təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının
mahiyyəti geniş ictimaiyyətə izah ediləcəkdir.
1.3. Qayıdış planının hazırlanması
İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə
həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı
tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına
üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş
ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq
standartlar əsasında, Azərbaycan hökuməti və
Ermənistan hökuməti ilə təmaslar şəraitində
qayıdışın detallı planını hazırlayacaq. Qayıdış
planı tələb olunan addım və resurslar, dəqiq zaman
çərçivəsi göstərilməklə prosesin mərhələlərini və
istiqamətlərini təsvir etməlidir.
1.4. Ermənistanın hüquqi çərçivəsinə münasibət
Qərbi azərbaycanlılar “Ermənistan Respublikası”
adlanan siyasi-hüquqi vahidin effektiv nəzarət
etdiyi ərazidən zorla qovulduqları üçün bu dövlətin
təşəkkül tapmasında, onun konstitusion çərçivəsinin
və milli və hüquqi xarakterinin formalaşması
prosesində iştirak imkanından məhrum ediliblər.
İcma Ermənistan Respublikasının Birləşmiş Millətlər
Təşkilatının (BMT) üzvü olduğunu, digər dövlətlərin
əksəriyyəti tərəfindən tanındığından agahdır və
Ermənistan Respublikasını siyasi-hüquqi reallıq kimi
görür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil
olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş
olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş
azərbaycanlıların sülh yolu ilə öz evlərinə
təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq
daxil olmaqla onların hüquqlarının bərpası və
qorunması sahəsində konkret öhdəliklər qoyur. İcma
Qərbi azərbaycanlıların Ermənistanın hüquqi sistemi
ilə və onun çərçivəsində fərdi və kollektiv qisimdə
mümkün fəaliyyətini praktiki məsələ kimi görür, bunu
ölkənin ərazisində azərbaycanlılara qarşı törədilmiş
hər hansı ədalətsizliyi və hüquqa zidd hərəkəti
qəbul etmək, qanuni maraqlarından imtina etmək
mənasında təfsir və qəbul edilməsini rədd edir.
Ermənistan Respublikası özünün milli hüquqi
çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli,
azərbaycanlıların bərabər hüquqlarını təmin etməli,
onların ana dillərində təhsil almasına,
qanunvericilik, icra və məhkəmə orqanlarında
Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və
azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin
etmək məqsədilə özünün qanunvericiliyinin
təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq
qurumların hüquqi məsləhət, monitorinq və nəzarət
mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa
başlamalıdır.
İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş
azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna
malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır,
mütləqdir və həlledici faktordur. Şəxsiyyəti,
mülkiyyət hüququnu və digər hüquqları təsdiq edən
sənədlərin Ermənistan tərəfindən təqdim edilməsi bu
hüququ yaratmır, verilməməsi bu hüququ aradan
qaldırmır. Belə sənədlərin verilməsi sadəcə
formal-texniki məsələ olmaqla hazırda sözügedən
ərazilərə nəzarət edən Ermənistan Respublikasının
qeyd-şərtsiz yerinə yetirməli olduğu bir öhdəlikdir.
1.5. Təhlükəsizliyin təmin olunması
Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı
etnik əsaslarla genişmiqyaslı və sistematik
zorakılıq törətmiş olması səbəbindən İcma
təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir
və ona görə də müvafiq mandatla və Qərbi
azərbaycanlıların etimad göstərdiyi ölkələrin
qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik
missiyasının qayıdış olacaq ərazilərə
yerləşdirilməsini zəruri hesab edir.
Beynəlxalq missiyanın səlahiyyəti və imkanları
təhlükəsizlik vəziyyətindən asılı olacaq.
Təhdidlərin qiymətləndirilməsinin müvafiq
informasiya toplama və təhlil imkanları tələb
etməsini, İcmada bu imkanların olmadığını nəzərə
alaraq, İcma bu məsələdə Azərbaycan Respublikası
hökumətinin yardımına ümid edir. İcma bu məsələdə
Azərbaycan hökumətinin təqdim edə biləcəyi
təhdidlərin qiymətləndirilməsini əsas götürəcək.
Missiya qayıdışdan əvvəl yerləşdirilməli, müvafiq
əraziləri nəzarətə götürməli, mülki-hərbi əlaqə,
polis və mülki idarəetmə səlahiyyətinə malik olmalı,
İcmanın zəruri hesab etdiyi müddətdə fəaliyyət
göstərməlidir.
İcma beynəlxalq təhlükəsizlik missiyasının
mandatının formalaşdırılması və idarə edilməsi üzrə
formatda maraqlı tərəf kimi təmsil olunmalıdır.
Hüquq-mühafizə və ədliyyə məsələlərində adekvat
iştirakın zəruri şərt olduğunu nəzərə alaraq,
azərbaycanlıların yerli təhlükəsizlik qüvvələrini
formalaşdırmasına və məhkəmələrdə müvafiq rol
almasına şərait yaradılmalıdır.
1.6. Mülkiyyət məsələləri
Azərbaycanlılara qarşı törədilmiş bütün hüquq
pozuntuları kimi mülkiyyət hüququnun pozulmasının
nəticələrinin aradan qaldırılmasına görə də
Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan
hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma
torpaqlarının qaytarılmasını təmin etməli,
mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən
istifadənin qarşısının alınmasına görə yaranmış
itkilərə görə kompensasiya ödəməlidir. Ermənistan
hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının
bərpasından irəli gələn bütün xərcləri ödəməli və
digər lazımi tədbirləri görməlidir.
1.7. Re-inteqrasiya və reabilitasiya
Repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra
ilk dövrlər humanitar yardıma, sonra uzunmüddətli
sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və
reabilitasiya proqramına və yardımlara ehtiyac
duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata
keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas
tərəf müqabili olmaqda qərarlıdır.
Re-inteqrasiya və reabilitasiya tədbirlərinin
uğurunun təmin edilməsində yaşayış məskənləri
daxilində sosial bağlar və dinamika vacib əhəmiyyət
kəsb edir. Təcrübə göstərdiyi kimi, qovulmadan
əvvəlki məskunlaşma konfiqurasiyasının qorunub
saxlanması sosial bağların bərpasını və beləliklə
re-inteqrasiya və reabilitasiyanı asanlaşdırır. Bu
baxımdan, qovulmadan əvvəlki məskunlaşma
konfiqurasiyasının qorunub saxlanması insan
hüquqlarının bir tələbi olmaqla bərabər
re-inteqrasiya və reabilitasiyanın uğuru üçün zəruri
şərtdir.
1.8. Mədəni irsin bərpası və qorunması
İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə
Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni
irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən,
zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs
nümunələrinin siyahısının hazırlanmasına və
Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq
öhdəliyini icra etməsinə nail olmaq üçün səy
göstərəcək.
1.9. Etnik icmalar arası barışıq
Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıq
törədilib. Bu haqsızlıq etnik təmizləmə ilə
məhdudlaşmır. Qərbi azərbaycanlıların evlərinə başqa
yerdən insanlar köçürülüb. Bu ağrılı keçmişi tarixi
yaddaşında saxlamaqla bərabər İcma qəbul edir ki,
sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan
keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa
ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı
yaşamağa hazırdır. İcma barışığa nail olmağın uzun
müddət tələb edəcəyini və mürəkkəb olacağını
gözləyir. İcma insan hüquqlarına hörməti, hüququn
aliliyini və ikili standartların aradan
qaldırılmasını barışın əldə edilməsi üçün ən mühüm
vasitələr kimi görür. Bu baxımdan, İcma Ermənistanın
azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi
aşılayan siyasət və praktikasını dayandırmasına,
azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri
ədalət məhkəməsinə təslim etməsinə, onları
şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən,
azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş
hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş
abidələri sökməsinə və aparılmış yer adları
dəyişliklərini ləğv etməsinə nail olmaq üçün səylər
göstərəcək.
1.10. İcmanın uzunmüddətli fəaliyyəti
İcma hesab edir ki, onun missiyası təkcə qayıdış
məsələsi ilə məhdudlaşmır. İcma əhali öz vətəninə
qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini,
o cümlədən orada yaşayacaq azərbaycanlıların
maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin
təmin edilməsi üzrə mütəşəkkil səylərini, bu
məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər
və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan
hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq
və qarşılıqlı fəaliyyətini davam etdirmək
niyyətindədir.
5. Yekun müddəalar
İcma bu konsepsiyanın yerinə yetirilməsində fəallıq
və sahiblik göstərəcək, bu məqsədlə qanuni çərçivədə
resursların əldə edilməsi üçün səylər göstərəcək.
İcma vəziyyətin mümkün dəyişməsindən asılı olaraq,
konsepsiyaya dəyişiklik edə bilər. |