Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi
azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış
azərbaycanlılar.
Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan
Ermənistanın Azərbaycanlı icması (irəvanlı,
yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci
illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan
azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən
təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə
məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı
İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda
təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər
azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan
ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və
həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı
tərk edə bilməyən insanlardır. Bəyan edilir ki,
onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq
üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa
məcburdurlar.
1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa
çatan "Türksüz Ermənistan" sityasəti sayəsində
indiki Ermənistan ərazisində 605-dən çox kənd
azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox
azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500
mindən çox günahsız və silahsız soydaşımız qətlə
yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan
Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni
qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi
Leonun yazdığına görə Batum müqaviləsinə əsasən
Ermənistanın ərazisi 8400 km² olub ki, bu da ancaq
Göyçə gölü ətrafında ermənilərin dəfn edilməsi üçün
bir qəbirstanlıq kimi kifayət edirdi. Burada
azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min km²
olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında
azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin
ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.
Erməni-amerikalı tarixçi Corc Burnutyanun
tədqiqatına əsasən, "XIX əsrin birinci rübündə
İrəvan xanlığı Şərqi Ermənistanın əksərini, təqribən
7 min kvadrat mil ərazi əhatə etmişdir. Bu ərazi
böyük dərəcədə dağlı və quraq idi; 100 min nəfərdən
ibarət olan əhalisinin 80%-inə yaxın müsəlmanlar
(farslar, azərbaycanlılar, kürdlər), 20%-ini isə
məsihilər (ermənilər) təşkil edirdilər".
1828-ci ildə İrəvan xanlığının Rusiyanın tərkibinə
əlavə olunmasından dərhal sonra xeyli müsəlman
(azərbaycanlı, kürd, ləzgi və müxtəlif köçəri
tayfalar) bu ərazini tərk etdi. Onların əvəzinə
İrandan çar hökuməti tərəfindən bu yerlərə on
minlərlə erməni köçürüldü. Məsihilərdə
(xristianlarda) dayaq görən rus hökuməti ermənilərin
Türkiyə və İrandan Qafqaza köçməsini bilavasitə
dəstəkləyirdi. Bu səbəbdən erməni mühacirəti XIX
əsrin ərzində və XX əsrin əvvəlində burada
kəsilmədən davam edirdi. Nəticədə artıq 1832-ci ildə
keçmiş İrəvan xanlığının ərazisində həm yerli, həm
mühacir ermənilərin ümumi sayı müsəlmanların sayını
ötmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə
əsasən XX əsrin əvvəlində azərbaycanlıların (mənbədə
"Azərbeycan tatarları" kimi göstərilmişdirlər) böyük
qismi hələ də Rus Ermənistanında yaşayırdı. 300 minə
yaxın sakindən ibarət olan azərbaycanlı icması
İrəvan valiliyinin 37,5%-ini təşkil edirdi.
Əksəriyyəti kəndlərdə yaşayıb əkinçilik, maldarlıq
və xalçaçılıq ilə məşqul idi. Valiliyin 7 qəzasından
4-ündə, o cümlədən valilik mərkəzi İrəvanda
azərbaycanlılar çoxluq təşkil edirdilər. Tarixçi
Luici Villarinin məlumatına görə 1905-ci ildə
(Erməni-müsəlman davasının astanasında) İrəvanda
azərbaycanlılar iqdisadi baxımdan ermənilərdən daha
dövlətli idilər.
Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma,
ayrıseçkilik və ölkənin demoqrafiyasını tamam
dəyişdirən kütləvi və çox dəfə zorakı sürgünlər
dövrü idi. Buna baxmayaraq Dağlıq Qarabağ
münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik
azlığını təşkil etməyə davam edirdilər. 1905–1907-ci
illərdə İrəvan valiliyi ermənilər və azərbaycanlılar
arasında baş verən qanlı döyüşün arenası oldu. Döyüş
çar hökuməti tərəfindən doğurulub, cəmiyyətin
diqqətini Birinci rus inqilabından yayındırmaq üçün,
tarixdə o vaxta qədər bir-biri ilə münaqişədə
olmayan bu iki xalqın arasına fitnə vasitəsi ilə
düşmançılıq salındı.
Azərbaycanın və Ermənistanın 1918-ci ildə
müstəqillik elan etməsi vəziyyəti daha da
gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz
tərkibində görmək istəyirdi. Ermənistan öz
iddialarını əsaslandırmaq üçün bu ərazilərdə
müsəlmanların tam məhvinə yönədilmiş siyasətə
girişdi. Qanlı və vəhşi talan azərbaycanların qismən
qırılmasına, qismən Azərbaycana, Türkiyəyə və İrana
qaçıb xilas olmağına səbəb oldu. Hətta Sovet
İttifaqının formalaşmasıdan sonra çoxsu qayıtmadı;
1926-ci Ümumittifaq əhali qeydinə əsasən
Ermənistanda yalnız 83.181 nəfər azərbaycanlı
yaşayırdı.
1948–1950-ci illərdə SSRİ Nazirlər Şurasının
"Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında"
qətnamə qəbul etmişdir. Ermənistanın ildən ilə
böyüyən azərbaycanlı icmasının böyük qisminin guya
könüllü surətdə mərkəzi Azərbaycana köçməsi əslində
Orta Şərqdən və Avropadan "tarixi vətəninə qayıdan"
ermənilər üçün yer boşaltmaq məqsədini güdürdü. O
illərdə daha 100 min azərbaycanlı Ermənistanı tərk
etdi.[mənbə göstərin]
1988–1991-ci illərdə Ermənistandan Azərbaycana son
200 min qaçqın qəbul olundu. Bunların əksəriyyəti
Ermənistanın 22 rayonundan didərgin düşən
azərbaycanlılar idi.
QƏRBİ AZƏRBAYCAN ZİYALILARI |