- Zati-aliləri, möhtərəm cənab Prezident.
İcazə verin, Sizi Qərbi Azərbaycan İcmasının
Qadınlar Şurası və erməni təcavüzü nəticəsində öz
doğma torpaqlarından didərgin düşmüş çoxsaylı qaçqın
bacı və analarımız adından salamlayım. Bu ali
məclisdə çıxış etmək sözsüz ki, mənim üçün böyük
şərəfdir, amma Sizin, Zati-alinizin, Müzəffər Ali
Baş Komandanın qarşısında çıxış etmək bir o qədər
çətin və məsuliyyətlidir.
Möhtərəm cənab Prezident, Azərbaycan xalqı hələ də
Müzəffər Sərkərdəliyinizlə 44 günlük Vətən
müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz
sevincini yaşayır və bundan sonra da daim bu
sevinclə yaşayacaq. Sizin sarsılmaz və qətiyyətli
siyasi iradənizin rəmzi olan və dünya hərb tarixinə
“Dəmir yumruq” əməliyyatı kimi yazılmış Vətən
müharibəsində rəşadətli milli Ordumuzun qəhrəmanlığı
və xalqımızın milli birliyi ilə bir neçə əsrlik
tarixi olan dünya erməniliyi əbədi məğlubiyyətə
düçar oldu və 30 il düşmən tapdağında olan Qarabağ
azad edilərək, məcburi köçkün soydaşlarımızın doğma
yurdlarında hüquqları bərpa olundu.
Qürur hissi ilə deməliyik ki, gələcək nəsillər üçün
tükənməz mənəvi sərvət olan bu Zəfərlə Siz tarixi
ədaləti bərpa etdiniz, xalqımızı dünyaya qalib,
şərəfli və qürurlu məğlubedilməz bir xalq kimi
tanıtdınız. Sizə sonsuz təşəkkür edirik, möhtərəm
cənab Prezident.
Minnətdarlıqla deməliyik ki, Sizin fəaliyyətiniz
boyu Azərbaycanın milli maraqları naminə qəbul
etdiyiniz qərarlar xalqımızın rifahını, dövlətimizin
güc və nüfuzunu dünyada ildən-ilə daha da artırır.
Ulu Öndərimiz Heydər Əliyevin bütün vəsiyyətlərini
sədaqətlə həyata keçirərək, müasir dövrün
çağırışlarına cavab verən uzaqgörən siyasətiniz
sayəsində və zəngin dövlət idarəetmə təcrübənizlə
Azərbaycan bu gün tarixinin intibah dövrünü yaşayır.
Ötən illər ərzində Siz təkcə Qarabağ uğrunda
mübarizə aparmadınız, ən mötəbər kürsülərdə, ən
mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin
Azərbaycanın tarixi torpaqları olduğunu və
Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç
vaxt barışmayacağını dünyaya bəyan etdiniz.
Müdrikliklə səsləndirdiyiniz və bu gün dillər əzbəri
olan “nəyi, necə və nə vaxt etmək lazımdır... bunu
mən bilirəm” kimi dərin mənalı fikirləriniz Qərbi
Azərbaycan İcmasının da fəaliyyətinin yol
xəritəsidir.
Həyata keçirdiyiniz məqsədyönlü siyasətin
nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir
yumruq olan dünya azərbaycanlıları zaman-zaman etnik
təmizləməyə, soyqırımına, deportasiyaya məruz qalmış
minlərlə qaçqın soydaşımızın tarixi Azərbaycan
torpaqları üzərində itirilmiş hüquqlarının bərpası
üçün Müzəffər Ali Baş Komandanın əmrini gözləyir.
Əminik ki, Sizin prinsipiallığınız, müdrik və
uzaqgörən diplomatiyanızla, dövlətimizin gücü və
milli birliyimizlə xalqımız haqlı mübarizəsində öz
məqsədinə qovuşacaq.
Möhtərəm cənab Prezident, özümə borc bilərək, böyük
ehtiramla deməliyəm ki, respublikamızın Birinci
vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın
yorulmaz fəaliyyəti və uğurlu mədəniyyət
diplomatiyası ilə xalqımızın qədim, eləcə də
ümumtürk və ümumbəşər mədəniyyətinə çoxsaylı
töhfələr bəxş olunub və Azərbaycan bu gün bu qədim
və zəngin mədəniyyəti ilə dünyanın tolerantlıq
mərkəzi kimi təbliğ edilir və təqdir edilir.
Ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı
uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə,
qazilərə və müharibə veteranlarına göstərilən ən
yüksək dövlət qayğısı məhz Sizin və möhtərəm
Mehriban xanım Əliyevanın nəcib və humanist
əməllərinizin sübutudur.
Möhtərəm cənab Prezident, Azərbaycan xalqı
qarşısında misilsiz və fədakar xidmətlərinizlə Siz
bugünkü və gələcək nəsillər üçün örnək olmaqla,
dünya azərbaycanlılarının, eləcə də hər bir Qərbi
azərbaycanlının iftixarı, qüruru, dayağı və güvənc
yerisiniz.
Bu ali məclisdə Sizi bir daha əmin etmək istərdik ki,
Qərbi Azərbaycan İcmasının, eləcə də İcmanın
Qadınlar Şurasının hər bir üzvü Sizin müqəddəs
siyasi kursunuzu var qüvvəsi ilə dəstəkləyəcək və
qəsb edilmiş tarixi Azərbaycan torpaqları üzərində
xalqımızın itirilmiş hüquqlarının bərpası yolunda
müsəlləh əsgəriniz olacaq.
Diqqətinizə görə çox sağ olun. Allah Sizi qorusun!
Allah Sizin ailənizi qorusun! |