- Möhtərəm cənab Prezident.
Bizimlə görüşdüyünüz, zaman ayırdığınız üçün Sizə
dərin minnətdarlığımızı bildirirəm. Bu görüş Sizin
böyük Azərbaycanın bir parçası olan qədim İrəvan,
Göyçə, Zəngəzur, Ağbaba torpaqlarına, o torpaqların
insanlarına olan diqqətinizin və qayğınızın
təzahürüdür. Sizinlə, ölkəmizin Prezidenti ilə,
Müzəffər Ali Baş Komandanla görüşmək hər birimiz
üçün böyük şərəfdir və bütün ömür boyu yadımızda
qalacaq bir hadisədir.
Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq
nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə
və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət
edən siyasətiniz bütün Azərbaycan vətəndaşlarının
dərin rəğbətini qazanmışdır. Respublikamızın bütün
bölgələrində məskunlaşmış Qərbi azərbaycanlılar da
Sizin rəhbərliyinizlə əldə edilən böyük uğurlardan,
Azərbaycanın qüdrətinin artmasından fərəhlənir,
qürur hissi keçirirlər.
Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi
olan tarixi Azərbaycan bölgəsidir. Bu bölgənin dərin
kökləri və özünəməxsus siması olan memarlığı, xalq
sənəti, musiqi ənənələri formalaşmışdır. Dağlıq
ərazilərin sərt iqlim şəraiti, böyük zəhmət tələb
edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan
insanların xarakterinə də öz təsirini göstərmişdir.
Zəhmətkeşlik, dözümlülük, vətənpərvərlik, dilinə,
dininə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə
sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir.
Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi
mədəniyyətə rəğbət bölgənin insanları arasında
görkəmli siyasətçilərin, elm və mədəniyyət
xadimlərinin yetişməsinə səbəb olmuşdur. XX əsrdə
erməni millətçilərinin torpaqlarımızın
mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti Qərbi
azərbaycanlıların Vətənə məhəbbətini, vətənpərvərlik
hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti
tərəfindən həyata keçirilən deportasiyalar Qərbi
azərbaycanlıları öz yurd-yuvalarından didərgin
salmış və çoxsaylı insan tələfatı ilə
nəticələnmişdir. Bu çətinliklər bizi daha da
möhkəmləndirmiş, milli təəssübkeşliyimizi və
dövlətçilik məfkurəmizi gücləndirmişdir.
Qərbi azərbaycanlılar böyük Heydər Əliyev
şəxsiyyətinə Azərbaycana rəhbərlik etdiyi sovet
dövründən dərin məhəbbət bəsləmişlər, ona millətin
atası və xilaskarı kimi baxmışlar. 1970-80-ci
illərdə Ermənistanda məruz qaldıqları təzyiqlərə
yalnız Heydər Əliyevin nüfuzuna və siyasətçi kimi
qüdrətinə arxalanaraq davam gətirmişlər. Heydər
Əliyevin sovet hökumətinin rəhbərliyindən getməsi
Qərbi azərbaycanlıların sonrakı acı taleyinin
başlanğıcı oldu.
Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsi
günlərində bütün xalqımız yumruq kimi birləşərək bir
arzu ilə, bir ümidlə yaşayırdı. Ali Baş Komandanın
şəhərlərimizin və kəndlərimizin bir-birinin ardınca
düşmənlərdən təmizlənməsi və nəhayət əziz Şuşamızın
azad olunması barədə Zəfər müjdələrini eşidərək
həyatımızın ən fərəhli anlarını yaşayırdıq. Bu zaman
biz həmişə olduğu kimi, Sizinlə idik, Sizin hər bir
sözünüz bizim ürəyimizdə əks-səda doğururdu.
Düşünürəm ki, bu anlar, bu günlər Prezidentlə xalqın
bir olmasının ən gözəl, ən parlaq nümayişi idi.
Qərbi Azərbaycan əsilli vətəndaşlarımız Birinci
Qarabağ müharibəsində olduğu kimi, Vətən
müharibəsində də iştirak etdilər, Vətənimizin
qorunması üçün, torpaqlarımızın azad edilməsi üçün
əllərindən gələni əsirgəmədilər.
Qərbi azərbaycanlılar heç zaman öz doğma
torpaqlarını unutmamışlar. Böyük Azərbaycan xalqının
bir hissəsi olaraq biz öz kiçik vətənimizin
həsrətini həmişə çəkmişik. 44 günlük müharibənin
Zəfəri - işğal altında olan Qarabağın, Şərqi
Zəngəzurun azad edilməsi bizi öz torpaqlarımıza bir
qədər də yaxınlaşdırdı. İndi biz Kəlbəcər dağlarında,
Zəngilanda dayanıb öz torpaqlarımızı, öz
kəndlərimizi, el-obalarımızı görə biləcəyik.
Möhtərəm cənab Prezident, böyük Qələbənin əldə
edilməsinə görə bütün xalqımız Sizə - Ali Baş
Komandana və rəşadətli Ordumuza minnətdardır. Siz
ölkəyə rəhbərlik etdiyiniz dövrdə öz siyasətinizlə
bu Qələbəni günbəgün yaxınlaşdırmısınız. Sizin Ulu
Öndərin ideyalarına sadiqliyiniz, müdrikliyiniz,
cəsarətiniz, iradəniz bu Zəfəri təmin etmişdir,
əminik ki, bundan sonra da bütün müqavimət
cəhdlərini dəf edərək ölkəmizi yeni qələbələrə
aparacaq.
Möhtərəm cənab Prezident, Qərbi Azərbaycan İcmasına
bu qədər böyük önəm verdiyiniz üçün Sizə öz adımdan,
həmkarlarımız adından dərin minnətdarlığımızı
bildirirəm. Sizin proqram çıxışınızda biz artıq
gələcək fəaliyyətimiz üçün istiqamətlərimizi
müəyyənləşdirdik.
Sizi əmin etmək istəyirəm ki, burada olan və olmayan
hər bir kəs əlindən gələni edəcək, heç nəyi, canını
əsirgəməyəcək ki, Sizin dediklərinizi həyata
keçirsin və Vətənimizin Qərbi Azərbaycan kimi gözəl,
böyük bir hissəsinə, tarixi hissəsinə bizim
qayıdışımızı təmin etsin.
Sizə təşəkkür edirəm və Sizi ad gününüz münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Gülçöhrə Məmmədova: Cənab Prezident, biz Sizinlə
fəxr edirik, biz Sizinlə doğrudan da ürəkdən fəxr
edirik. Sizi ad gününüz münasibətilə, hörmətli
Mehriban xanımı da Sizinlə bir yerdə, bütün
doğmalarınızı təbrik edirəm və Sizə uzun, sağlam,
xoşbəxt və qələbələrlə dolu ömür arzulayıram. Çox
sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. |