Dərdlərini el danışsın, mən yazım,
Yuxusunu gün soruşsun, mən yozum.
Yadındamı, Göyçə gölüm, Arazım,
O tayın da, bu tayın da Vətəndir.
Möhtərəm cənab Prezidentimiz, düşmən üzərində
möhtəşəm Zəfər çalmış qəhrəman Ordumuzun dəmir
yumruqlu Ali Baş Komandanı.
Aşıq Ələsgərimizin məzarı, ulularımızın narahat
yatdıqları viran edilmiş yurd-yuva yerlərimizin
torpaqları, müqəddəs ziyarət yerlərimiz və
məscidlərimizin bünövrələri, Göyçə gölünün vətəni
olan o tayı və bu tayı bizim yolumuzu gözləyir. Bu
gün Sizin rəhbərliyinizlə keçirilən bu mübarək
tədbirdə sadaladığım yerlərin gözlərinə bir ümid
işığı, gerçəkləşməkdə olan arzuların nuru səpilir.
Bu tədbirdə mənim də iştirakımı, fikir söyləməyimi
rəva bildiyiniz üçün Zati-alilərinizə dərin
minnətdarlığımı bildirirəm. Qeyd edirəm ki, bu,
təkcə mənim deyil, bizim də ailəmiz kimi doğma
tarixi dədə-baba torpaqlarından didərgin salınmış
yüz minlərlə həmyerlilərimin, Ərmən dağlarının
ətəklərində dünyaya gəlmiş insanların dualarının əks-sədasıdır.
Bu insanlar fürsət düşdüyü zaman mənə bu
minnətdarlığı da çatdırmağı tövsiyə etdilər.
Möhtərəm Ali Baş Komandanımız, cənab Prezident, mən
Sizin Fərmanınızla “Azərbaycanın Xalq şairi” kimi
yüksək ada layiq görülmüş ilk Qərbi Azərbaycan
vətəndaşıyam, ilk Ermənistan vətəndaşıyam.
Zati-aliləri, mən ona görə Ərmən dağları, ona görə
Ermənistan deyirəm ki, o torpaqlar Ərmən dağı ilə
bağlıdır, ermənilərin adı ilə bağlı deyil. Hələ
Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazırdı:
“Yay gələndə Şiringilin el–obası Ərmən dağlarına
köçərdi”. Mənə elə gəlir ki, biz Ermənistan sözünü
“e” ilə deyil, “ə” hərfi ilə deməliyik. Çünki camaat
bilsin ki, bu, Ərmən dağlarıdır və mənim hətta
bununla bağlı şeirlərim də var.
Möhtərəm cənab Prezident, Ali Baş Komandanlığınızın
bayrağı altında düşmən üzərində möhtəşəm Qələbə
xalqımızın və Ordumuzun Vətən sevgisi ilə yanaşı,
Sizə olan böyük inamının və ehtiramının parlaq
təzahürü oldu. Bu Zəfəri təmin etməklə Siz yalnız
BMT-nin nüfuzunu itirmiş dörd qətnaməsinin deyil,
bizə düşmən kəsilmiş çox güclü dövlətlərə rəhbərlik
edənlərin dərsini verdiniz. Bu gün əsası qoyulan
Qərbi Azərbaycan İcmasının yaradılması ilə Siz hələ
1947-ci ilin dekabrında Stalinin erməni
millətçilərinin fətvasına tabe olaraq imzalamış
olduğu o mənfur didərginlik fərmanının üstündən
qələm çəkdiniz! Bu, böyük bir Zəfərdir, böyük bir
Qələbədir və buna heç kəs cəsarət edə bilməzdi.
Bu gün Qərbi Azərbaycandan didərgin salınmış
insanlar və dünyasını dəyişənlərin ruhları, uğrunda
cəsarətlə vuruşduğunuz Qərbi Zəngəzura qədəm
qoyacaqları günlərə böyük inam, həyəcan və Vətən
sevgisi ilə silahlanmış halda baxırlar. Dəfələrlə
adını çəkdiyiniz Bazar Çayın doğulduğum Dərələyəzin
Paşalı bölgəsindəki Herher kəndiylə arası cəmi iki
saatlıq yoldur. Əhd eləmişəm, möhtərəm Prezidentimiz,
İnşallah, biz o torpaqlara qayıdacağıq və mən
doğulduğum Herher kəndindəki viran edilmiş evimizin
yerində məscid tikdirəcəyəm və onun adını “Zəfər
məscidi” qoyacağam.
Fürsətdən istifadə edib bir-iki təklif demək
istərdim. Çünki bu gün Azərbaycanda bir neçə qəzet
çıxır ki, bunları Qərbi azərbaycanlılar yaradıblar.
“Zəngəzur”, “Dərələyəz” qəzeti və başqaları var.
Bildiyim qədər, “Qərbi Azərbaycan” televiziyası var,
Əziz müəllim bunu bilir. Mənə belə gəlir ki, biz
bütün bunların hamısını bu İcmanın ətrafına
yığmalıyıq. Dövlət tərəfindən vəsait ayrılmalıdır ki,
bunlar birbaşa işləyə bilsinlər. Çünki informasiya
çox güclü vasitədir və mənə belə gəlir ki, bizim
icmamızın təkcə Azərbaycan dilində deyil, ingilis,
alman, ərəb dillərində, başqa dillərdə mütləq bir
qəzeti olmalıdır.
Başqa bir təklifim də var. Mənə belə gəlir ki,
Azərbaycan Respublikasında Qərbi Azərbaycan adlı
ensiklopediya baş redaksiyası yaradılmalıdır.
Ermənistanda, Qərbi Azərbaycanda, - biz oraya nə
vaxt qayıdacağıq, ola bilər bir ilə, beş ilə, on ilə,
zaman keçir, - və nə qədər ki, bu gün həyatda Qərbi
Azərbaycandan gələn informasiya daşıyıcıları var,
burada oturan hörmətli alimlərimiz hamısı bu işə
cəlb olunmalıdır. Qərbi Azərbaycanda, Ərmən
dağlarının ətəyində olan hər bir qəbrin, hər bir
daşın, hər bir məscidin hamısının adları bir-bir
çəkilməlidir. Məsələn, Həsən Mirzənin 5-6 cildlik
“Dərələyəz” kitabı, müəyyən xəritələr var.
Diqqətinizə görə minnətdaram. Məni sevən, şeirlərimi
əzbərləyən Qərbi azərbaycanlılar adından Sizin ad
gününüzü, doğum gününüzü təbrik edirik.
Cənab Prezident, mənim həmyerlilərim bayaq dedilər,
Qərbi azərbaycanlılar hər zaman Sizin yanınızda
olacaqlar. |