Mən
ikinci dəfədir ki, bu binadayam. On iki il bundan
əvvəl binanın açılışında iştirak etmişəm. Onu da
bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa
edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə
tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin
təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki,
buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması
yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan
İcmasına verilməsini qeyd edirik.
Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar
Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və
mən hesab etdim ki, ən düzgün yer, ən düzgün
qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox
ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və
burada fəaliyyət göstərmək üçün bütün imkanlar var,
Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz
yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə
yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq
öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və
Qərbi Azərbaycandan olan soydaşlarımız, onların
yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan
Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu
gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar
böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb
orada yaşayacaqlar.
Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan
yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.
Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi
bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun
Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti,
eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan
o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və
Vətən sevgisi onları oraya getməyə vadar etdi.
Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər
də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir,
torpaq həmişə çəkir. Əminəm ki, Qərbi
azərbaycanlılar da bu fikirlə, bu arzu ilə
yaşayırlar.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu
bir çox tarixi sənədlər təsdiqləyir, tarixi
xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi,
Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini
abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar,
azərbaycanlıların tarixi irsini silmək istəyiblər,
ancaq buna nail ola bilməyiblər. Çünki tarix var,
sənədlər var, xəritələr var. Bu binada nümayiş
etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə
bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi
Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları
Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki,
indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki,
dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu
istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki,
icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə
hesablanmış tərzdə aparacaqdır.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz
tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq
göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin
müxtəlif vaxtlarında bizim xalqımız öz doğma
torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan
xalqımız üçün çox böyük faciələr gətirmişdir.
1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq
Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim
tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki
olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi,
bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız
yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç
vaxt tariximizi təhrif etməməliyik.
Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun
ki, qara səhifələr də olub. Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti
haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim.
Azərbaycan Demokratik Respublikasının qurucularının
fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan
da dünya miqyasında, müsəlman aləmində ilk
respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı.
Ancaq, eyni zamanda, biz bu tariximizin qara
səhifələrini də unutmamalıyıq, ört-basdır
etməməliyik. Birincisi, tarixi həqiqət təhrif
olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu
faciəvi hadisə hamımız üçün dərs olmalıdır.
O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə
çalışanlar da olub, bu gün də var. Ancaq hesab
edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki
ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə
hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan
xəbərsiz öz doğma diyarından məhrum etməklə
Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv
edirdi və sonrakı tarix bunu bir daha göstərdi.
1920-ci ildə sovet hökumətinin qərarı və erməni
millətçilərinin təkidi ilə bizim digər tarixi
torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb
Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı
növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi.
Birincisi, erməni millətçiləri sovet hökumətində
mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı
Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən
ayırmaq üçün atılmış bir addım idi.
Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına
nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab
edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə
biz hansısa daha böyük bəlalardan özümüzü
sığortalamış ola bilərdik, bax, Zəngəzurun
Ermənistana verilməsi bir daha onu göstərir ki, bu,
çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət
idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç
vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu
qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.
Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi.
Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə
xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu,
sovet hökumətinin Qərbi azərbaycanlılara və
bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş
növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük
ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci
Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır.
Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir.
Təkcə sovet Azərbaycanından olan insanların 300 mini
həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış
on minlərlə azərbaycanlı da həlak olmuşdur.
Azərbaycan İkinci Dünya müharibəsində faşizm
üzərində əldə edilmiş Qələbədə müstəsna rol
oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti
heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir.
Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin,
sürtkü yağlarının və neftin təqribən 70, 80, 90
faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara
baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin
törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır
və saxta bəhanə adı altında xalqımız növbəti
deportasiyaya məruz qalmışdır.
Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti
xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu
Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən
istifadə edən həm erməni millətçiləri, həm onların
sovet hökumətindəki havadarları dərhal hərəkətə
keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında
bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra
erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti
onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı
Ermənistan Respublikasında xalqımıza qarşı növbəti
cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan
Qərbi Azərbaycandan deportasiya edildi və biz bu
tarixi yaxşı bilirik, xatırlayırıq və
azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını
da yaxşı bilirik - 170-dən çox kənddə ancaq
azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı
Ermənistanı nəzərdə tuturam, Ermənistan
Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə
azərbaycanlılar əksəriyyət təşkil edirdilər və
bütövlükdə 300-dən çox şəhər və kənddə
azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il
ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir
çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün
bu cinayətlər sovet hökumətinin gözünün önündə baş
vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin
avqustunda deportasiyaya məruz qaldı. O da azmış
kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.
Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti
faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız
nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı,
əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə
istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz
tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti
bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq,
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün
azad edilmiş torpaqlarda yaşayırıq, qururuq,
yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya
göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi
açın, bu vəhşilikləri törədən sizin sevimli erməni
xalqıdır. Bu cinayətləri hansısa yad planetdən
gələnlər yox, sizin sevimli və himayəniz altında
olan erməni xalqı törədib, məscidləri dağıdıb,
tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın
vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda
da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu
görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda
erməni vəhşilikləri faktiki olaraq heç kim
tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in
faktaraşdırıcı missiyası o vaxt işğal altında olan
torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə
baxdıqda, yenə də ikili standartlar görürük.
Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz
məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər
tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə
işğala məruz qalanı necə deyərlər, bir müstəviyə
qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər
tərəfindən törədilmiş dağıntılar mütləq dünya
ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi
Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə
bunu edəcək.
Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar
haqqında dünya ictimaiyyətinə daha geniş məlumat
verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad
edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş
bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı
vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən
genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın
iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin
timsalında biz xalqımızın tarixi yaddaşını görürük.
Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya
qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi
Azərbaycanda da görəcəyik.
Bu il başa çatır. İl ərzində bir çox önəmli
hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan
sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq.
Bu hərbi əməliyyat nəticəsində bizim tarixi
şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə
gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin
sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz
görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir.
İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük
problemlərdən sığortalayacaq. Çünki Ermənistanda
revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda,
istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi
yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər
zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət
alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik
olan, - mən siyasi sahəni nəzərdə tuturam, -
qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar.
Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların
əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər
zaman olduğu kimi, hansısa himayədarın arxasında
gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını
həyata keçirəcəklər. Bax, özümüzü bundan
sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan
sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib
olmalı idik və buna nail olduq.
Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan
dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi
nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş
meydanında azad edilməsi tarixi hadisədir və
Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu
il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da
gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm
təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət
kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu
və bir daha göstərdi ki, bizi heç kim və heç nə
dayandıra bilməz. Mən bunu artıq bir neçə dəfə
demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın
yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan
isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox,
bəlkə də onlardan daha çox onların xaricdəki
havadarları, onların arxasında dayanan dövlətlər
yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası
başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də
bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir
neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi
ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata
keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə
bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz
səylərini göstərəcəklər. Yəni, Laçın yolunda baş
verən hadisə gün kimi aydındır. Bu, bizim legitim
hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar
edilir, təbii sərvətlərimiz daşınır. O təbii
sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq
hüquqi normaya görə cinayətkardırlar. Çünki bu,
bizim beynəlxalq birlik tərəfindən tanınmış
ərazimizdir və haqlı tələbimiz var ki, bizim
ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan
əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq
keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş
verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır.
Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün
bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim
olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim
bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də
deyirəm, Ermənistan dövləti hazırda burada ilk
sıralarda deyil. Amma bu, bizi heç nədən
çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut
etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi,
müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə
təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa
bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım
deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu
zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi
zərrə qədər dəyişməyəcək.
Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan
sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi
hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan
olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı
üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha
məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat
qurulub, icma qurulub, dövlət orqanları öz dəstəyini
göstərir və göstərəcək. Əlavə göstərişlər mənim
tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki,
icma bir neçə istiqamət üzrə öz işini davam
etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın
fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda
Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox
önəmli ola bilər.
Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az
əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə
fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya
ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki,
Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq
biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi
ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə
dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci
Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət
kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki
fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər,
təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir.
Azərbaycan diaspor təşkilatları ilə birlikdə
aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə
diaspor təşkilatlarımız var və bu il biz Şuşada
tarixi Azərbaycan diaspor təşkilatlarının
qurultayını keçirdik. Xarici ölkələrin siyasi
dairələri, mətbuat və qanunvericilik orqanları ilə
təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz
hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq
konvensiyalarda təsbit edilmiş hüquqdur.
Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə
deportasiyaya məruz qalmış toplumdur. Onların
hüquqları bərpa edilməlidir və onlar öz doğma
torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə
təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə
isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal
etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək
istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin
etmək istəyirik və yenə də deyirəm, bütün
konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail
olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha
fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər
bir rəqəmsal platforması olmalıdır, bir portalı
olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi
abidələrimiz, ermənilər tərəfindən dağıdılan
saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi
irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini
tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da
bilməyə başlayırlar və sual olunur, - bu sualı biz
qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə
məşğul olan insanlar qoyublar, - indi göstərin görək
İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın
tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu,
dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi
mərkəzi?
İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə
- Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə,
əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər
var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki,
Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər
ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə
suala cavab versinlər. Cavab da gün kimi aydındır.
Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının
tarixi irsi idi, hansı ki, onlar dağıdıblar.
Şəhərsalma adı altında bütün tarixi binalarımız, o
cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.
Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və
hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun
tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə
bizim işimiz bu tarix üzərində qurulmalıdır.
Hüquqi tərəfə gəldikdə, biz birlikdə fikirləşməliyik,
beynəlxalq hüquqşünaslar cəlb edilməlidir.
Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar
bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə
necə reallaşdırmaq lazımdır yolunu göstərəcəklər.
Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı
kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar
dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin,
kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir.
Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm. Amma
onu indi Azərbaycanda çox adam görübmü? Yox.
Bilmirəm o, hansı tirajla dərc edilib. Yəni, siz
təşəbbüs olaraq bunu özünüz etdiniz, imkanınız çatan
tərzdə. Amma biz bunu dövlət səviyyəsində etməliyik.
O kitabça bütün dillərə tərcümə edilməlidir. Onun
yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici
dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat
işləri mütləq aparılmalıdır.
Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir
Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans
keçirilməlidir. Biz özümüz üçün dost saydığımız
ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət
edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək,
bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır
ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu
beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün
Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı
olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu,
dözülməzdir. İndi Avrasiya məkanında, yerləşdiyimiz
regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur
nə üçün məhz Ermənistan monodövlətdir? Cavab
aydındır, ona görə ki, imkan verməyiblər orada başqa
xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla
çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər,
kimin evini yandırıblar. Beləliklə, bütün başqa
millətləri oradan qovub, başqasının torpağında
özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt
Ermənistan olmayıb. İndiki Ermənistan bizim
torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad
tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi
iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm.
Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin
təsdiq etsin.
Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb?
Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb?
Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən
köçürülüb? Necə köçürülüb və hansı məqsədlə
köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim
ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb.
Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin
dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu,
başqa yerdə olub. Ona görə, biz bunları mütləq
məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün
formada təqdim etməliyik. Əminəm ki, buna nail
olacağıq.
Mən bununla paralel olaraq hesab edirəm ki, biz
birgə səylərlə Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi
həll olunandan sonra indi bizim gündəliyimizdə duran
məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll
olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi.
Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış
Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə
deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün
beynəlxalq konvensiyalarda bizə məqbul olan
müddəaları götürüb bunun əsasında öz hüququmuzu
tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.
Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq
əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz
keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan
hər bir insan öz ulu babalarının yaşadıqları yerləri
yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı
əldə etmək olar. Azərbaycanlıların yaşadıqları
yerlərin əksəriyyətində heç kim yaşamır.
Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü
hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım
yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət,
repressiyalar, faktiki olaraq diktatura və iqtisadi
çətinliklər onları buna vadar edir. Bizim
kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona
görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik.
Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq
digər təkliflər də olacaq. Mən, sadəcə olaraq, bu
gün bu görüş əsnasında gələcək fəaliyyətinizlə bağlı
öz fikirlərimi bölüşmək istərdim.
Əlbəttə ki, mən sizdən də təkliflər gözləyəcəyəm.
İcma həm öz imkanları daxilində, həm də Azərbaycan
dövlətinin dəstəyi ilə bu işlərə, necə deyərlər,
böyük yer verməlidir. Əminəm ki, biz buna nail
olacağıq.
Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün
təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada
yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar,
ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi
azərbaycanlılar da qayıdacaqlar, İnşallah. |