- Çox sağ
olun. Burada səslənən bütün təkliflər, əlbəttə ki,
geniş təhlil ediləcək və mən hətta səslənməyən
təklifləri də gözləyəcəyəm. Onu da bildirməliyəm ki,
mən də hesab edirəm, fəaliyyət daha məqsədyönlü
olmalıdır. Bu gün fərdi qaydada fəaliyyət göstərən,
məsələn, qəzet redaksiyaları, ictimai birliklər
artıq bir yerə yığılmalıdır. Necə ki, Qərbi
Azərbaycan İcması yaradıldı, o vaxta qədər də
ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var
idi, qeyri-hökumət təşkilatları var idi, bizim
tövsiyəmizlə artıq bir yerə cəmləşdi və bu, daha
məqsədyönlü fəaliyyət olacaq. O cümlədən bütün
informasiya resursları - qəzetlər, informasiya
portalları, mən dediyim kimi, rəqəmsal platforma və
sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət
çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi
bizim qayıdışımızdır. İndi Qarabağ üzrə Böyük
Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək,
biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik.
Fürsətdən istifadə edərək mənim haqqımda dediyiniz
bütün xoş sözlərinizə görə təşəkkürümü bildirmək
istəyirəm. Mən əvvəlki dövrdə adətən 24 dekabr
günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum
günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə
üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü
gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə
qeyd edirəm.
Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir
yerdə idim və onlara demişdim ki, gün gələcək, siz
məni öz doğma diyarınızda qəbul edəcəksiniz,
qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq
gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra
biz artıq Şuşada idik, bayrağımız da Şuşada
dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd
etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi
hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın
24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da
bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən
düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz
olmalıdır.
Bir şeyi də deməliyəm. Qarabağ torpaqları işğal
altında olanda illər keçdikcə cəmiyyətdə və ilk
növbədə, məcburi köçkünlər arasında müəyyən
bədbinlik əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq
bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə
onlarca görüşlərim olub və son illər görürdüm ki,
onların ümidləri tükənir və bu təbiidir, mən bunu
təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim
ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları
inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki
otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi
təsir göstərmişdir. Artıq iki ildir ki, biz müzəffər
xalq kimi yaşayırıq. Bu gün bir daha demək
istəyirəm, əsas məsələ ondadır ki, biz gərək
inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq,
mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və
bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik,
fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail
olacağıq.
İşğal dövründə hətta bir çox hallarda məndə də artıq
belə bir fikir formalaşmışdı ki, dünyada ədalət
yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq
əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə
ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz
haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin
göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam
və ədalətə inam insanların öz əllərindədir. Biz
ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı
bahasına, qazilərimizin fədakarlığı, bütün
xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq,
ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə
bir nümunə göstərmişik. Həm bizim hərbi
əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi
məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi,
əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.
İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir
qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla
çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların
mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu
Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu
izah etmək üçün gərək siz bizim həyatımızı
yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə
təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam,
gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış
xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə
yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar
da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim
kimi hərəkət etmək istəyirlər, bizimlə
məsləhətləşirlər.
Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr
gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki,
biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı
itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar
atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək,
biz Qərbi Azərbaycanda da belə gözəl məclis
keçirəcəyik və bu günü xatırlayacağıq. Sağ olun. |