E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

HISTORY OF DEPORTATION OF AZERBAIJANS FROM WESTERN AZERBAIJAN

 

 

        Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

 

- Birinci mərhələ: 1905–1920-ci illər;

- İkinci mərhələ: 1948–1953-ci illər;

- Üçüncü mərhələ: 1988–1992-ci illər.

 

1918-1920-ci illər. Bu deportasiya azərbaycanlıların artıq Ermənistana «çevrilmiş » dədə-baba torpaqlarından zorla qovulması tarixində ilk mərhələdir. Həmin deportasiya bilavasitə yeni meydana gəlmiş erməni dövləti tərəfindən həyata keçirilmişdir. Bu zaman deportasiya etnik təmizləmənin digər formaları, xüsusilə genosidlə birlikdə tətbiq edilmişdir. Erməni qaynaqları əsasında aparılan hesablamalara görə Birinci Dünya müharibəsinin sonlarında Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 565 mini öldürülmüş və ya buradan çıxarılmışdı. Erməni müəllifi Z.Korkadyanın yazdığına görə 1920-ci ildə sovet hökuməti dövründə daşnakların hakimiyyətindən sonra cəmi 10.000 nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali salamat qalmışdır. 1922-ci ildə 60.000 qaçqın qayıtdıqdan sonra azərbaycanlılar burada 72.596 nəfər təşkil etmişdir. Digər bir erməni müəllifi A.Lalayan yazırdı ki, Ermənistanın daşnak hökuməti «özünün 30 aylıq hakimiyyəti dövründə (1918, may-1920, noyabr) azərbaycanlı əhalisinin 60%-ni qırmışdır».

İngilis hərbi müxbiri Skotland - Liddelin məlumatı da deyilən fikirləri təsdiq edir. 0 yazırdı ki, mən yanvarda Şuşada olarkən, bir ingilis zabitinə dedim ki, hamısı ermənilərdən zərər çəkən 40.000 müsəlmanın hansı vəziyyətdə olduğuna əmin olmaq üçün Zəngəzur dairəsinə getməyə hazırlaşıram.

Əvvəlcə Azərbaycanda (1920,28 aprel), sonra isə Ermənistanda (1920,29 noyabr) sovetləşmə ilə əlaqədar olaraq deportasiya olunmuş azərbaycanlıların müəyyən hissəsi əvvəlki torpaqlarına qaytarıldı. Onlar bu dəfə 1948-1953-cü illər deportasiyasının qurbanlarına çevrildilər.

 

1948-1953-cü illər. 1920-ci ilin noyabrında Ermənistanın sovetləşməsi azərbaycanlıların deportasiya siyasətini daha hiyləgər bir məcraya yönəltdi. 1920- 30-cu illərdə «proletar beynəlmiləlçiliyi» kimi ideoloji deklarasiya, əslində Ermənistan SSR-də azərbaycanlıların sıxışdırılmasının təşkili üçün pərdə rolunu oynayırdı. Əksinə, Azərbaycan və digər sovet respublikalarında yaşayan ermənilər üçün isə xüsusi şərait tələb edilirdi. Bunun nəticəsi idi ki, 1923-cü ildə Azərbaycanın tarixi-coğrafi bölgəsi olan Qarabağın dağlıq hissəsi, süni şəkildə regionun düzənlik hissəsindən ayrılaraq, muxtariyyətləşdirildi - Dağlıq Qarabağ Muxtar vilayəti (DQMV) ayrıldı. SSRİ-də milli dövlət quruculuğunun cərəyan etdiyi həmin dövrdə Azərbaycanın qeyri-azərbaycanlı rəhbəri S.M.Kirov (1922-1926) və b. Ermənistan SSR-də yaşayan azərbaycanlılar üçün də müvafiq status verilməsi məsələsini irəli sürmədi. Beləliklə, Ermənistan SSR-də yaşayan azərbaycanlılar siyasi strukturlaşdırmadan kənarda qaldı. Ermənistan, əvvəla, muxtariyyətləşdirilmədən kənarda qalan azərbaycanlı vətəndaşlarını daha da sıxışdırmaq üçün əlverişli imkan əldə etdi; ikinci, Azərbaycanın DQMV-nin timsalında muxtar status almış erməni vətəndaşlarını separatizmə təhdid etməyə başladı. Ermənistan rəhbərliyi İkinci Dünya müharibəsindən az sonra (1945 noyabr- dekabr) Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırdı. Bu məsələ öz həllini tapmadı. Qısa vaxt sonra, 1947- ci il dekabrın 23-də İ.Stalinin imzası ilə SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-in kolxozçu və digər azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə qərarı verildi. 1948-ci il martın 10-da köçürmə üzrə tədbirlər haqqında daha bir qərar verildi. Qərarların tarixi arasındakı müddət daha bir problemi ortaya çıxarır. On minlərlə insanın taleyi ilə bağlı olan köçürmə haqqında qərar tələsik qəbul edilmiş, tədbirlər və s. sonra müəyyənləşdirilmişdir. Beləliklə, SSRİ rəhbərliyi tərəfindən Ermənistanın Azərbaycanın DQMV-yə dair iddiasına baxılması ilə, Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsinə dair qərarlar arasında sıx əlaqə olduğu aydın görünür. Əslində, SSRİ rəhbərliyi bununla həmin iki problemin ardıcıllığını da müəyyən etmiş oldu, yəni, ilk vəzifə kimi Ermənistandan azərbaycanlıların köçürülməsi, sonra isə DQMV-lə bağlı iddianın taleyi həll edildi.

SSRİ Nazirlər Sovetinin qərarlarının tekstoloji təhlili onların insan və vətəndaş hüquqları barədə heç bir tələbə cavab vermədiyini göstərir. Köçkünlərin Azərbaycan SSR-in Kür-Araz ovalığında yerləşdirilməsi konkret müəyyən edilsə də, onların Ermənistanın bu və ya digər ərazisindən deyil, bütövlükdə ölkədən köçürülməsi qeyd edilirdi. Buradan aydın olur ki, məqsəd bütün azərbaycanlıları Ermənistandan çıxarmaq olmuşdur. 1947-ci il 23 dekabr tarixli qərarın sonuncu, 11-ci maddəsilə köçürülən azərbaycanlıların əvəzinə xarici ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu.

Rəsmi sənədlərdə bu prosesin köçürülmə adlandırılmasına baxmayaraq, o bütün göstəricilərinə görə (obyektin seçilməsindəki məqsədyönlülük, gözlənilməzlik, məcburilik və s.) deportasiya aktı idi. Ermənistan SSR daxili işlər nazirinin 1948-ci il 3 may tarixli arayışı bu məsələlərə aydınlıq gətirir. Agentura məlumatları əsasında tərtib edilmiş arayışa görə azərbaycanlıların köçürülmənin əsas səbəbi kimi xarici ermənilərin yerləşdirilməsilə yanaşı, SSRİ və Türkiyə arasında gözlənilən müharibə və bununla bağlı olaraq azərbaycanlılara etibar edilməməsi, ermənilərin türklərə qarşı düşmənçilik münasibəti də nəzərə alınmışdı. Köçürülmənin məcburi olması haqda fikirlər və bu prosesə qarşı ciddi etirazlar da qeydə alınmışdı.

Deportasiyanın həyata keçirildiyi 1948-1953-cü illər ərzində (Stalinin ölümündən sonra proses dayanmışdı) 150 minədək azərbaycanlı Ermənistan SSR-dən köçürülmüşdü. Bu insanların Ermənistan SSR-də malik olduğu bütün mülkiyyətləri, tarixi və mədəni abidələri orada qalmışdır. Ermənistan hakimiyyəti və ermənilər bu mülkiyyət hesabına var-dövlətini artırmışdır.

Azərbaycanlıların deportasiyası zamanı Ermənistan hakimiyyət orqanlarının özbaşınalığı, ermənilərin azərbaycanlılara qarşı düşmənçilik fəaliyyəti, kütləvi zorakılıqlar, Azərbaycan SSR-də bu qədər insanın yerləşdirilməsi üçün ərazinin düzgün seçilməməsi və s. günahsız insanların ölümə məhkum edilməsilə nəticələnmişdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası o zamana qədər mövcud olan sovet deportasiyaları tarixində (1937 - koreyalıların; 1941-ci ilin sonları - 1942-ci ilin əvvəlləri - almanların; 1942-ci il noyabr- polyakların; 1944, 18 may- Krım tatarlarının və b. deportasiyası) ən ağır səhifələrdən birini təşkil edir.

 

1980-ci illərin sonları - 90-cı illərin əvvəlləri. Ermənistan SSR və ona dəstək verən SSRİ rəhbərliyi azərbaycanlıların Ermənistandan deportasiyasını tamamilə başa çatdıra bilmədi. Birtərəfdən azərbaycanlıların ölkədən çıxarılması sona çatdırılmadı, digər tərəfdən deportasiya olunanların müəyyən hissəsi Stalinin ölümündən sonra yenidən doğma yerlərinə qayıtmışdı.

Ermənistan rəhbərliyi isə antiazərbaycanlı siyasətini davam etdirməkdə idi. 1960-cı illərin əvvələrində Karib böhranı zamanı SSRİ-nin ABŞ-la münasibətləri taskinləşdi. NATO üzvü olan Türkiyənin də konfliktə cəlb edilməsi, sovet-Türkiyə münasibətlərinə soyuqluq gətirdi. SSRİ-də antitürkiyə isteriyası başlandı. Belə bir 5əraitdə Ermənistanda 1960-cı illərin ortalarında Osmanlı imperiyasındakı 1915- ci il hadisələrinin əlli illiyi ilə əlaqədar tədbirlərə icazə verildi. Bütün bunlar Ermənistan SSR azərbaycanlılarına qarşı da kütləvi zorakılıq hadisələri ilə müşayiət edilməyə başladı. Bu hal hər il eyni vaxtda təkrar olunurdu. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulu zamanı Ermənistanın Dağlıq Qarabağa olan iddiasının bir daha uğursuzluğa düçar olması Ermənistanda antiazərbaycanlı siyasətı qızışdırdı. 1987-ci ildə SSRİ rəhbərliyinin yaxından köməyi ilə «Dağlıq Qarabağ məsələsi» gündəliyə gətirildi. 1988-ci ilin əvvələrində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaq məqsədi ilə yenidən Ermənistan SSR-də yaşayan azərbaycanlıların deportasiyasına əl atıldı. Deportasiya elə bir amansız miqyas aldı ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də yaşayan 250 min nəfərdən çox azərbaycanlı oradan çıxarıldı və soyqırımına məruz qaldı. Ermənilərin təzyiqinə üç ilədək davam gətirən sonuncu azərbaycanlı yaşayış məskəni - Nüvədi kəndi 1991-ci ilin avqustunda boşaldıldı. Beləliklə, Ermənistanın məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi deportasiya siyasətı nəticəsində orada yaşayan azərbaycanlıların öz tarixi vətənindən qovulması başa çatdırıldı. Bununla eyni zamanda Ermənistanın Dağlıq Qarabağa olan əsassız iddiasını reallaşdırmaq üçün Azərbaycana qarşı elan edilməmiş işğalçılıq müharibəsinə başladı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yeddi rayon, bütövlükdə respublika ərazisinin 20%-dən çoxu işğal edildi. Ermənistan azərbaycanlıların deportasiyası vasitəsi ilə bir tərəfdən onların tarixi vətənlərini əlinə keçirdi, digər tərəfdən Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi büövlüyünü pozaraq torpaqlarını işğal etdi.

 

Ermənistanda azərbaycanlılara məxsus tarixi yer adlarının kütləvi surətdə dəyişdirilməsi

 

Çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları olduğu kimi saxlanılırdı. Sovet hakimiyyəti dövründə isə Ermənistanda rəsmi «addəyişmə əməliyyatları» 1935,1938,1939, 1940,1946,1947,1948,1949,1950,1957,1962,1968,1969,1977,1978,1980- ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Ermənistanda dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısını «Ermənistan SSR-in inzibati-ərazi bölgüsü» kitabının 1976 və 1988- ci il nəşrləri, habelə Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı və 2000-ci ildə İrəvanda çap edilən Ermənistan Respublikasının xəritəsi əsasında ardıcıl izləmək mümkündür.

 

Addəyişmə əməliyyatı əsasən aşağıdakı qaydada həyata keçirilmişdir.

1. İlk növbədə azərbaycanlıların soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış yerlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir Məsələn, Aşağı Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu - Mrqaşad (Hoktemberyan), Sərdarabad - Hoktember (Hoktemberyan), Bayandur - Vağadur (Gorus), Şirvancıq - Lernakert (Artik).

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu - Tandzut (Hoktemberyan), Daşqala-Karaberd (Ani), Dərəkənd - Dzoraqyuğ (Quqark), Derəçiçək - Tsaxkadzor (Razdan), Göl - Liçk (Martuni), Güllübulaq - Vardaxpuyr (Qukasyan).

3. Bəzi yaşayış məskəninin adı «beynəlmiləlçilik» pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq - Dostluq (Masis), Sultanabad - Şurabad (Amasiya), Cücəkənd-Qızılşəfəq (Kalinino), Aşağı Necili-Sayat-Nova (Masis), Çanaxçı-Sovetakert (Ararat).

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, onu oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas - Darbas (Sisian), Dəlilər-Dalar (Artaşat), Ələyəz-Araqats (Talın), Ərəvus-Arevis (Sisyan), Gabud - Kapuyt (Əzizbəyov), Çırpılı - Crapi (Ani).

5. «Ermənistan SSR-in inzibati ərazi bölgüsü»nün qeyd edilən nəşrlərində adının önündə «yuxarı», «aşağı», «böyük», «kiçik» sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə - yəni müvafiq olaraq «verin», «nerkin», «mets», «pokr» şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Vardenis), Nerkin Zeyvə- Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi - Musaelyan (Axuryan), Pokr Şiştəpə - Pokr Serpasar (Qukasyan).

6. 1935-ci ilə qədər Ermənistanda türkmənşəli yaşayış məskənlərinin adları Ali Sovetin fərmanları olmadan dəyişdirilmişdir. Məsələn, Bəbirli - Bartsraşen (Ani), Dəymədağlı - Şrvenants (Qafan), Tovuzqala - Berd (Şəmşəddil), Şirabad - Parakar (Eçmiədzin).

Onu da qeyd etmək lazımdır ki, hər dəfə Ali Sovetin fərmanı ilə yaşayış məskənlərinin adları dəyişdirilməklə yanaşı, kəndləri birləşdirmək adı altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Sovetinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Qufaark), Ağtala (Kamo), Rəhimabad (Masis), Qamışlı (Vardenis) kəndlərinin adları siyahıdan çıxarılmışdır. 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir.

Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə isə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilmişdir. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir.

Ermənistan Respublikası tərəfindən azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası ağır nəticələr verdi. Minlərlə insan deportasiya zamanı soyqırıma məruz qaldı. Lakin Azərbaycan Respublikası Ermənistandan qovulan hər bir azərbaycanlının həyatının təhlükəsizliyi üçün bütün tədbirləri gördü. Ermənistan azərbaycanlıları Azərbaycan Respublikasının həyatının bütün sahələrinə uğurla inteqrasiya olundu, onun sosial-iqtisadi, siyasi və mədəni yüksəlişində fəal iştirak etdi. Min illər boyunca Qərbi Azərbaycanda yaradılmış tarixi ənənələr, zəngin mədəni irs, folklor nümunələri Ermənistanın bütün cəhdlərinə baxmayaraq yer üzündən silinmədi, yeni tarixi şəraitdə varlığını qoruyub saxlayır və davam etdirir. Qərbi Azərbaycandan - indiki Ermənistan Respublikası ərazisindən qovulmuş yüz minlərlə bir amalla - Böyük qayıdış, dədə-baba torpaqlara qovuşmaq arzusu ilə yaşayır.


<< Geri