E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Aşıq Alı (1801-1911)


Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir.

O, 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.

Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıbmış. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.

Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.

Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.

Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir.


<< Geri