Afad Qurbanov
1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq
kəndində (indi Ermənistan Respublikasının Kalinino
rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri
də sazlı-sözlü Borçalı elində keçib.
O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində
çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan
Dövlət Pedaqoji Universitetində Filologiya
fakültəsinin dekan müavini, dekanı, Azərbaycan
dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb.
1981–1989-cu illərdə APİ-nin rektoru olub.
1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş
A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba
islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan
Əlifba Komissiyasının sədri və latın qrafikası
əsasında hazırlanmış və bügün istifadə etdiyimiz
Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi
kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın
qrafikalı yeni müstəqil əlifbaya keçməyin
zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim
məhz Afad Qurbanov olmuşdur.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan
SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri
doktoru, professor, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi
Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust
tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış
və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin
komissiyanın sədri təyin edilmişdir.
Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil
əlifbamızın layihəsini Azərbaycan dilinin səs
sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla
hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir.
Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir
əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş
müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.
XX əsrin 20-ci illərində Azərbaycanda istifadə
olunan latın qrafikalı əlifba böyük mütəfəkkir
M.F.Axundovun ideyası əsasında yaradıldığı halda,
hazırda istifadə etdiyimiz latın qrafikalı
Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.[2]
Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz
insanın, xalqını dərindən sevən fəal vətəndaşın,
dilçilik elmimizin korifeyi, məşhur dilçimiz
akademik Afad Qurbanovun elmi və ictimai
fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən
böyük töhfələrindən biridir.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir
tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə
professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd
Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda
namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan
ədəbi dili" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və
A.Axundovun, leksikologiya S.Cəfərovun,
dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin,
sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə
və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya
isə A.Qurbanovun adı ilə bağlıdır. Onun
onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan
onomastikası" (1986), "Azərbaycan onomalogiyası
məsələləri" (1986), "Poetik onomastika" (1988), "Azərbaycan
dilinin onomalogiyası" (1988) kimi sanballı
monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə
onomastik vahidlərin tədqiqi tarixi, onomastik
mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri
kompleks və sistemli şəkildə tədqiq edilmişdir.
Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq
antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən,
hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil
faktları ilə əsaslandıran da A.Qurbanovdur.
Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi
nitqlərindəki yerli şivə və qalıqlarına qarşı
mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz
tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin
sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir
Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin
linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası"
(1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi
dilçilik", I–II cildlər (1989–1993), "Dünyanın dil
ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə
məşhurdur[3].
Azərbaycan ədəbi dilinin fonetika, qrafika,
leksikologiya, semasiologiya, frazeologiya və digər
sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir
Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə,
həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər
barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun
kitabı yalnız Azərbaycan dili materiallarını deyil,
həm də başqa türk dillərinin materiallarını əhatə
edən mövzuları işıqlandırır".
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran,
Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s.
ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə
dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə,
xüsusilə türkologiyaya aid keçirilən konfransların
əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış
edib.
Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu
sayəsində 1981–1983-cü illərdə APİ-də (ADPU-da)
filologiya və pedaqogika elmləri üzrə müdafiə
şurasının sədri olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
|