Cəfər
Mehdi oğlu Vəlibəyov 1907-ci ildə İrəvan
quberniyası Eçmiədzin qəzasının Əkərək kəndində
anadan olmuşdur. Vəlibəyovlar tayfası ağır illərdə
beş ilə yaxın erməni daşnakları ilə vuruşmuş,
itkilər vermiş, dağlara çəkilərək çətin güngüzəran
keçirsə də doğma yurddan uzaqlaşmamışlar.
Sovet hökuməti yarandıqdan sonra ermənilər qəsdlə
Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı
müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan,
Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb
olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən
itirən C.Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından
İrəvan pambıq təmizləmə zavodunda fəhləlikdən
başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə
komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan
Azərbaycan Dövlət Dram Teatrının direktoru
vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz
təhsilini davam etdirmişdir.
1932-ci ildə C.Vəlibəyov Basarkeçər Rayon Komsomol
Komitəsinin katibi, rayon qəzetinin məsul katibi,
1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin
redaktoru, sonralar isə rayon partiya komitəsinin
katibi seçilmişdir. О, 1938-ci ildən “Sovet
Ermənistanı” qəzeti redaksiyasına işə göndərilmiş,
qəzetin baş redaktoru təyin edilmişdir.
İşgüzar insan olan C.Vəlibəyov 1947-ci ildə
Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi
seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra
1949-cu ildə yenidən “Sovet Ermənistanı” qəzetinin
baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin
vəzifədə çalışmışdır.
“Kiçik sovet ensiklopediyası”nda C.Vəlibəyovun sovet
dövründə 21 ilə yaxın partiya orqanı olan respublika
qəzetinə başçılıq etmiş yeganə şəxs olması
yazılmışdır. Onun rəhbərlik etdiyi qəzetdə
Ermənistanda yaşayan azərbaycanlılar, ümumiyyətlə
respublikada baş verən hadisələr obyektiv şəkildə öz
əksini tapırdı.
Baş redaktor işlədiyi dövrdə C.Vəlibəyov İrəvanda
Azərbaycan orta məktəblərində olur, istedadlı və
bacarıqlı gəncləri redaksiyaya müəyyən vəzifələrə
dəvət edir, onların təhsillərinin artırılmasını
məsləhət görür və təkid edirdi. Bunlardan Əməkdar
elm xadimi, professor M.Seyidovu, fizika-riyaziyyat
elmləri doktoru, professor C.Mirzəyevin adını çəkmək
olar.
C.Vəlibəyov bir neçə il ardıcıl olaraq İrəvan
Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda Dövlət
İmtahan (buraxılış) komissiyasının sədri olmuşdur.
Onun məsləhəti ilə texnikumun bir sıra məzunları
elmin zirvələrinə yüksəlmişlər.
C.Vəlibəyov İrəvanda yaşayan azərbaycanlılar
arasında ən nüfuzlu ziyalılardan biri idi. О,
tez-tez azərbaycanlılar yaşayan rayonlarda olur,
camaatın güzəranı ilə maraqlanır, ortaya çıxan
problemlərin bir qismini yerindəcə, yerli orqanlarda
həll edir, bəzilərini isə mərkəzə qayıtdıqdan sonra
müxtəlif nazirlik və idarələrdə həll edirdi.
C.Vəlibəyov tanınmış dövlət xadimi idi. О, III–VI
çağırış Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti
sədrinin müavini vəzifəsində çalışmışdır. Dəfələrlə
Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir.
“Ermənistanın Əməkdar jurnalisti” adına layiq
görülmüş, bir sıra medallarla, eləcə də Ermənistan
SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif
olunmuşdur.
Cəfər Vəlibəyov 1981-ci ildə Bakı şəhərində
dünyasını dəyişmişdir.
|