E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Əziz Əliyev  (1897-1962)


Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan - İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. Atası kənd ağsaqqalı, anası Zəhra xanım isə İrəvan mahalının ən nüfuzlu şəxslərindən biri olan İbrahimbəy Süleymanbəyovun qızı idi. 1905-ci ildə ailə İrəvan şəhərinə köçür. Əziz Əliyev erkən yaşlarından elmə, təhsilə olan hədsiz həvəsi ilə öz yaşıdlarından fərqlənirdi. O, 8 yaşında rus-tatar məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-1914-cü illərdə atası ilə bərabər Çita şəhərində yaşayan bacısı Göyçək xanımın yanına getmiş və 6-cı sinifə qədər orada təhsil almışdır. 1914-cü ildə yay tətili günlərində İrəvana gəlmiş, I Dünya müharibəsinin başlanması və gediş-gəlişin çətinləşməsi ilə əlaqədar Çitaya qayıda bilməmiş, məcburən 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil almışdır. Gimnaziyada ancaq «əla» qiymətlərlə oxuduğumdan təhsil haqqından azad edilmişdi. 1917-ci illərdə o, Bakının neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqda Rusiyanın ən nüfuzlu ali tibb təhsili müəssisəsi sayılan Hərbi Tibb Akademiyasına daxil olur.

Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır. Bütün Qərbi Azərbaycanda olduğu kimi, İrəvan mahalında da təpədən dırnağa qədər silahlandırılmış erməni quldurları qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən, dinc azərbaycanlı əhalini kütləvi surətdə qılıncdan keçirir, onların əmlaklarını talan edir, evlərini yandırır, əsrlər boyu yaradılmış maddi mədəniyyət abidələrini, hətta əcdadlarının qəbirlərini belə yerlə-yeksan edərək, qədim və zəngin keçmişə malik olan bir xalqı tarixin səhifələrindən silməyə çalışırdılar.

Erməni daşnaklarının yerli əhaliyə qarşı amansız rəftarı ilə rastlaşan Əziz Əliyev çətinliklə ailələrini Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndinə aparır. 1918-ci ildə onun atası vəfat edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Əziz Əliyev Sankt-Peterburqa qayıdıb təhsilini davam etdirə bilmir. Lakin o, təbabətdən ayrılmayaraq, əldə etdiyi tibbi kitabları mütaliə edə-edə müalicəxanalarda, əczaxanalarda həkim köməkçisi vəzifəsinə işə düzəlib, işləmişdir.

1920-ci ilin may ayında daşnak qoşunları bolşevik havadarlarının köməyi ilə Şərur rayonuna silahlı hücuma keçərək qırğınlar törədirlər. Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçir və Cənubi Azərbaycanın Ərəblər (indiki Poldəşt) kəndində yaşamalı olurlar. Ə.Əliyev burada da həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir. Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edir.

Əziz Əliyev həmin il İrəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurur. 1921-ci ilin iyun ayında onlar Şahtaxtı kəndinə qayıdırlar. 1921-ci ilin oktyabr ayının 3-də oğlu Tamerlan və 1923-cü ilin aprel ayının 28-də qızı Zərifə Şahtaxtı kəndində anadan olmuşlar. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışmış və sonra ailəsi ilə bərabər Bakıya köçmüşdür.

Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirərək, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini «əla» qiymətlərlə bitirdiyinə görə onu diaqnostika kafedrasında saxlayırlar. O, həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir.

Əziz Əliyev 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru və sonrakı illərdə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini vəzifəsinə təyin olunur.

1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o, həmin institutun rektoru olur. Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin edilir. Lakin 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, belə qərara gəlir ki, ölkədə milli həkim, milli elmi işçi kadrlarının yetişdirilməsi üçün ilk növbədə tələbələrə təlim-tərbiyə verməyi bacaran milli kadrlar və ana dilində dəyərli tibb ədəbiyyatı olmalıdır. Ədəbiyyatsız, dərsliklərsiz tibbi fənlərini nə tədris etmək, nə də onu lazımınca mənimsəmək mümkün deyil. Ona görə də, Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək, onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur.

1930-1945-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında ADTİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 80 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Tibb İnstitutundan söz açmaq Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Cəlil Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev kimi dünya şöhrətli, görkəmli alimlərdən söz açmaq, Azərbaycan dilində çap olunan dərslik və tədris vəsaitinin hazırlanması isə əsl hünər idi.

Əziz Əliyevin təşəbbüsü və institut kollektivinin köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı” yaradılır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşrinə başlanılır. 1929-cu ildən etibarən o, “Azərbaycan Tibb Jurnalı”nın məsul katibi vəzifəsində çalışır, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilir. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapına başlanılır. Hazırda bu qəzet “Təbib” adı altında Azərbaycan Tibb Universitetində çap olunmaqdadır və həmin qəzet bu ali məktəbin mətbu orqanıdır.

Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında “Kitabxana komissiyası” yaradılır və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə oxuculara belə bir təlimat göndərir: “Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”. Bundan sonra tibbi kitabxananın əsasının möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranmışdır.

Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ onları daha yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilərdi.

Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq respublikaya qayıtmışlar.

Ə.Əliyev təşkilati işdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik dissertasiyasını müdafiə edir. 1934-cü ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olur və qayıtdıqdan sonra “Eksperimental nefrit” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Doktorluq dissertasiyası və bir çox elmi məqalələrində eksperimental nefrit zamanı qanın morfoloji və biokimyəvi dəyişiklikləri dərindən təhlil edilmişdir. Bu doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq Moskvada gənc alimlər müsabiqəsində SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi.

Əziz Əliyevin təbabət sahəsində istedadı təkcə təşkilatçılıqla və praktik həkimliklə məhdudlaşmırdı. O, həmçinin gözəl nəzəriyyəçi alim idi. Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyev haqqında belə deyirdi: «Təbabət sahəsində bizdə çoxlu görkəmli və fəxri yer tutan alimlər və şəxsiyyətlər var. Mən onların çoxu ilə işləmişəm və onların bəzilərini şəxsən tanıyıram. Amma Əziz Əliyev sadəcə şəxsiyyət deyildi, onun fəaliyyəti ölkəmizin xalq səhiyyəsinin inkişaf tarixində bizim üçün şanlı bir səhifə və çox dəyərli bir mərhələdir». Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. Bu, həmin dövrdür ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı.

Əziz Əliyevin sonrakı elmi araşdirmaları yaralanma və bədbəxt hadisələr zamanı ilk yardım, Böyük Vətən Müharibəsi əlillərinin bərpa müalicəsi, kənd təsərrüfatı və neft sənayesi işçiləri arasında travmatizmin müalicəsi və profilaktikası, Azərbaycan SSR-də travmatoloji və ortopedik yardımın inkişafı, Azərbaycan Dövlət Həkimləri Təkmilləışdirmə institutunun fəaliyyətinə və s. günün aktual məsələlərinə həsr olunmuşdur.

Əziz Əliyev müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Onun Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da əksəriyyəti milli kadrlar olub.

Fəal elmi fəaliyyəti nəzərə alınaraq Əziz Əliyev 1941-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyətinin nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir.

1937-ci ilin dekabrayında Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin, 1938-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir Və 1937-1946-cı illərdə II çağırış SSRİ Ali Sovetinin, 1938-1946-cı illərdə isə I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1930-1940-cı illərdə Əziz Əliyev respublikada tüğyan edən malyariya vətraxomaya qarşı mübarizədə fəal iştirak etmiş və bu dəhşətli xəstəliklərin kökünün kəsilməsində bütün səy və bacarığını sərf etmişdir. Onun təşəbbüsü ilə xüsusi dispanserlər, xəstəxanalar yaradılmışdır. Həmin bu illərdə o, fövqəladə antiepidemioloji respublika komissiyasının da sədri olur.

Lakin cəmiyyət üçün əlindən gələni edən Əziz Əliyevin əməyi totalitar rejim şəraitində nəinki lazımınca qiymətləndirilməmiş, əksinə, onun fəaliyyəti qarşısında müxtəlif əngəllər yaradılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu 1940-cı il aprelin 12-də xalq səhiyyə komissarı vəzifəsində işləyən Əziz Əliyevə töhmət vermişdir. Büronun qərarında bunun səbəbi belə göstərilir: “Azərbaycan Tibb İnstitutunu şübhəli düşmən ünsürlərindən təmizləmək üçün tədbirlər görmədiyinə və institutun ayrı-ayrı işçilərinin antisovet-millətçi hərəkətlərini ifşa etmədiyinə görə.”

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışır. 1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildikdən 10 gün sonra - sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı razılıq əldə edildi ki, cənub sərhədlərini qorumaq məqsədilə Azərbaycan SSR-də səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçiləri mərhələlərlə Cənubi Azərbaycana yeridilmiş Sovet qoşunlarının qərargahına ezam olunsunlar.
Beləliklə, Azərbaycan KP MK katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən, polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun Hərbi Şurasının üzvü oldu və ona geniş səlahiyyətlər verildi. Zaqafqaziya Cəbhəsinin komandanı, general-leytenant D. Kozlovun Hərbi Şuraya ünvanladığı tam məxfi məktubunda bildirilirdi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi Əziz Əliyev 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunur. Məktubda göstərilirdi ki, ordu hissələri içərisində təbliğat-izahat işi aparanlar Əziz Əliyevin göstərişlərini rəhbər tutsunlar.

Bu qrup Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda fəaliyyət göstərərək Əziz Əliyevlə bərabər çalışan ziyalılarımız—Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqaları öz missiyalarını layiqincə yerinə yetirirlər. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz xatirələrində yazırdı: “Əziz Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götürürdü”.

1942-ci ilin avqustuna yaxın Şimali Qafqazda çox ağır vəziyyət yaranmışdı. Faşist qoşunları Dağıstana lap yaxınlaşmış və Bakıya can atırdılar. Alman komandanlığı Bakını əlinə keçirməyi, Xəzər dənizində Baş Hərbi Dəniz Bazası yaratmağı, Bakı neftini isə Reyxin mənafeyinə istifadə etməyi qərara almışdı.

1942-ci il sentyabrın 16-da SSRİ Dövlət Müdafiə Komitəsi öz iclasında respublikadakı bu vəziyyəti müzakirə edərək Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Linkunun vəzifəsindən götürülməsi və Əziz Əliyevin İran cəbhəsindən Dağıstan cəbhəsinə göndərilərək Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib və Mahaçqala Müdafiə Komitəsinin sədr təyin edilməsi haqqında qərar qəbul etdi.

Əziz Əliyev öz bitib-tükənməz nikbinliyi ilə, özünəxas əzmkarlığı tamamilə yeni, qeyri-adi bir qərar qəbul edərək hadisələrin sanki dönməz olan gedişində dönüş yarada bilirdi. Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri eyni zamanda 58-ci ordunun Hərbi Şurasının üzvü, Bakının Hava Hücumlarından Müdafiəsi Şurasının üzvü olan Əziz Əliyevin fəaliyyəti elə ilk aylardan çox mühüm qərarlar, məsələn, respublikanın ərazisində partizan dəstələri yaradılması haqqında, xalq müqavimət dəstələrinin təşkil olunması haqqında, qırıcı batalyonların vəziyyəti haqqında, Mahaçqala şəhərinin müdafiəsi sahəsində tədbirlər haqqında, Dağıstanın yerli millətlərinin nümayəndələrindən kadrlar hazırlanması və onların irəli çəkilməsi haqqında qərarlar qəbul edilməsi ilə başlandı. Həmin qərarlar yerinə yetirilərək respublikada 13 partizan dəstəsi, bir neçə qırıcı batalyon, 700-dək xalq müqavimət dəstəsi yaradılmışdı ki, bu dəstələrdə 10 minlərlə adam var idi. Müdafiə qurğularının inşasına 150 min nəfərdən artıq dağıstanlı göndərilmiş, qısa müddətdə «Komsomolets Daqestana» zirehli qatarının inşası, Kaspiysk zavodunun, Mahaçqala limanının, dəmir yolu şəbəkəsinin təmiri başa çatdırılmış və Zaqafqaziya cəbhəsinə verilmişdi.

Respublikada on beşdən çox təxliyyə hospitalı işləyirdi. Müharibə illərində hospitallara 130 mindən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri və ya 76 faizi sağaldılmışdı.

Əziz Əliyevin rəhbərliyi ilə respublikada müdafiə fondu yaradılməş və Dağıstandan cəbhəyə 150 vaqondan çox isti pal-raltar və 140 vaqon hədiyyə göndərilmiş, təxminən bir milyard rubl məbləğində pul yığılmışdı.

Əziz Əliyevin təşəbbüsü ilə 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası və 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan bazası yaradılmış və bu elm ocağı hal-hazırda Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinə çevrilmişdir. Dağıstanda dağlı qadınlardan milli kadrlar hazırlamaq üçün Əziz Əliyevin bilavasitə iştirakı ilə Qadın Müəllimlər institutu və Qadın Pedaqoji Məktəbi, habelə Məktəblər institutu, Uşaq Kitab Nəşriyyatı açılmışdı. Müharibə illərində dağıstanlıların göstərdikləri əmək rəşadətinə görə respublikaya ilk dəfə Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağı verilmişdi.

Əziz Əliyevin Dağıstanda işlədiyi dövrdə - 1942-ci ilin sentyabrından 1948-ci ilin dekabrınadək olan dövrdə Vilayət Partiya Komitəsinin 24 plenumu və büronun 388 iclası keçirilmişdir. Sonralar Əziz Əliyev qeyd edirdi ki, müharibəyə qədər Dağıstanda 8 elmlər doktoru vardısa, müharibədən sonra onların sayı artıb 16 nəfər olmuş, elmlər namizədlərinin sayı isə 62 nəfərə çatmışdır. Onun işlədiyi illərdə respublikanın ali məktəbləri 1600-dən artıq ali təhsilli mütəxəssis hazırlamışdır. Paytaxtın ali məktəblərində oxumağa, aspiranturaya və doktoranturaya Dağıstandan 100 nəfərdən çox adam göndərmişdi. Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində ulu öndər Heydər Əliyev demişdir: “Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir. Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur.”

Əziz Əliyev 1946-cı ildə Dağıstan Muxtar Respublikasından SSRİ Ali Sovetinə deputat, 1947-ci ildə isə Dağıstan Ali Sovetinin deputatı seçilmişdi. Moskvaya, Sov. İK(b)P MK-nın nəzdində İctimai Elmlər Akademiyasının nəzdindəki Ali Partiya Məktəbinə təhsil almağa göndərilməsi ilə əlaqədar 1948-ci ilin dekabrında respublikadan gedəndən sonra da, Bakıda Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, son illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işlədiyi dövrdə də Dağıstanla əlaqələri kəsmirdi. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləmişdir.

1951-ci ilin sentyabrında Əziz Əliyevə Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilir. Qərarda yazılır: «Tərcümeyi-halında və başqa sənədlərdə doğmalarının və yaxın qohumlarının əsl sosial vəziyyətini gizlətməklə partiyanı aldatdığına görə şiddətli töhmət elan olunsun». O, həmin il iyulun 24-də Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilərək Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləməyə göndərilmişdir. 1952-ci ilin oktyabrından 1954-cü ilin 3 mart ayınadək Sabunçu rayonundakı Çaparidze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləmişdir. Hər dövrdə olduğu kimi, bu dəfə də Əziz Əliyevi haqsızlıqlar ruhdan salmır.

1953-cü ildə İ.V.Stalinin ölümündən və Mircəfər Bağırovun həbsindən sonra, 1954-cü il fevralın 22-də Azərbaycan KP MK-nın Bürosu Əziz Əliyeviə verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul etmiş və o, 1954-cü ilin martından 1956-cı ilədək yenidən Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun direktoru vəzifəsində işləmişdir. Yeni iş yerində elmi işlə məşğul olan Əziz Əliyevin qısa müddətdə 33 elmi işi çapdan çıxır. O, həmin illər rəhbərlik etdiyi Ortopediya Elmi Tədqiqat İnstitutunun beş cildlik elmi əsərlər məcmuəsini nəşr etdirir, onlarca elmlər namizədi yetişdirir, onlarca elmi əsərlər məcmuəsini nəşr etdirir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir.

Görkəmli dövlət xadimi Əziz Əliyevin dövlət quruculuğu, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, elmin təşkili, səhiyyənin inkişafı və başqa sahələrdəki çoxcəhətli fəaliyyəti, göstərdiyi xidmətlər tariximizi zənginləşdirən gələcək nəsillərə örnək ola bilən, mayası xalqa sədaqət, cəmiyyətə xidmət, insanlara diqqət və qayğı ruhunda yoğrulmuş qiymətli bir həyat salnaməsidir. Böyük şəxsiyyətin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub. O, iki dəfə “Lenin” ordeni, daha sonra “Qırmızı Əmək Bayrağı”, “I dərəcəli Vətən müharibəsi” ordenləri, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə “Moskvanın yaranmasının 800 illik” xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib.

Əziz Əliyev böyük təşkilatçı, görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də çox qayğıkeş və gözəl ailə başçısı olmuşdur. Bu ailədən dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyeva kimi şəxsiyyət çıxmışdır. O, uzun müddət Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına rəhbərlik etmiş, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olmuş, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Əziz Əliyevin oğlu, Əməkdar elm xadimi, professor Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasına rəhbərlik etmiş, yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. Qızı, Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyevanın Azərbaycan musiqisinin, incəsənətinin inkişafı və təbliğində böyük xidmətləri olmuşdur. Qızlarından Ləzifə Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent vəzifəsində çalışıb, gənc tibb kadrlarının yetişdirilməsində böyük xidmətlər göstərib, Dilbər xanım isə adlı-sanlı rabitəçi-mühəndis aolub, “Əməkdar rabitəçi” fəxri adına layiq görülüb. Digər oğlu, məşhur cərrah-onkoloq, dünyanın bir çox ölkələrinin akademiyalarının, o cümlədən Rusiya Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş SSRİ Elmlər Akademiyasının akademik N.N.Petrov adına mükafatı və diplomuna, eləcə də Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüş akademik Cəmil Əliyev hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Tibb Xidmətinin rəisi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir.

1998-ci ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən ulu öndər Heydər Əliyev alimin şəxsiyyəti ilə fəaliyyəti arasındakı vəhdəti xarakterizə edərək demişdir: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimlərilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. Bu gün Azərbaycan müstəqil respublikadır. İndi biz azad insanlarıq. O illərdə çalışan, Azərbaycan elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var.”

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elmin himayə olunması, xalqımızın dövlət və elm xadimlərinin elmi və nəzəri irslərinin yaşadılması ideyasının davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il dekabr ayının 5-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunmuşdur.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov professor Əziz Əliyevin keçdiyi həyat yolunu nəsillərə nümunə kimi dəyərləndirərək demişdir: “Əziz Əliyev dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan kimi nəinki səhiyyəmizin inkişafına böyük töhfələr vermiş, eyni zamanda dövlət idarəçiliyində kadrlarla işləməyin, kütləni səfərbər etməyin, rəhbər-xalq münasibətlərinin bu gün də etalon ola biləcək ictimai praktikasını yaratmış, Azərbaycan elminin yeni istiqamətlərini müəyyənləşdirmiş, bu sahələrin inkişafına nail olmuşdur. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikcə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına heyran qalmamaq mümkün deyil. Bu böyük şəxsiyyətin bütün fəaliyyəti xalqa layiqli xidmət nümunəsi idi”.

Əziz Əliyevin fəaliyyətini yüksək qiymətləndirən Prezidentimiz cənab İlham Əliyev onun 120 illik yubileyinin keçirilməsi haqqında 2016-cı il noyabrın 18-də Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır”. Əziz Əliyev 1962-ci ilin iyulun 27-də qəflətən vəfat etmiş və Bakıda I Fəxri xiyabanda dəfn edilmişdir.

Anadan olmasının 120 illik yubileyini qeyd etdiyimiz Əziz Əliyevin əbədiyyətə qovuşmasından 55 il keçir. İllər bizi bu tarixdən uzaqlaşdırdıqca, bu böyük şəxsiyyət insanların gözündə daha da ucalır. Əziz Əliyev Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərmiş alim, həkim, dövlət xadimidir və müstəqil Azərbaycan Respublikası belə övladları ilə daim fəxr edir. Çünki ölkənin qüruru, vüqarı məhz belə insanlardır.

Akademik M.Top­çubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabə­tin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır".

Əziz Əliyev bir evə, bir ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyətdir. O, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan idi. Ona görə də təkcə Azərbaycan xalqı deyil, onunla təmasda olan bütün xalqların nümayəndə­ləri bu böyük insana hörmət və məhəbbət hissləri bəslə­yir. Görkəmli dövlət xadimi həyatının bütün mərhələlə­rində, bütün anlarında bəşəri duyğularla yaşayan, insanlara bəşəri xeyirxahlıqlar göstərərək bəşərilik rəmzinə çevrilmiş, bəşərilik zirvə­sinə yüksəlmişdir. Son dərəcə çətin, eyni zamanda şərəfli bir ömür yaşayan, keşməkeşli yollardan keçib zirvələrə yüksələn Əziz Əliyev Azərbaycan səhiyyəsində, Azərbaycanın tibb aləmində əbədiya­şarlıq qazanmış şəxsiyyətdir. Onun parlaq ömür yolu gənclərimizə örnək, gələcəyimizə çı­raqdır

Əziz Əliyevin xatirəsi həm Azərbaycanda, həm də Dağıstanda əbədiləşdirilmiş, Bakının, Mahaçqalanın və Naxçıvanın mərkəzi küçələrinin birinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, Sumqayıt və Kaspiysk şəhərlərinin tibb məktəblərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına, Dağıstanda kənd təsərrüfatı müəssisəsinə bu böyük şəxsiyyətin adı verilmiş, Mahaçqalada yaşadığı evə xatirə lövhəsi vurulmuş, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu «Əziz Məmmədkərim oğlu Əlieyev: Dağıstanda fəaliyyət illəri (1942-1948)» kitabını buraxmışdır. 2015-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyev adına «Tibb və Elm» elmi praktik jurnalı buraxılır.


<< Geri