Əkbər
Yunis oğlu Süleymanov (Əkbər Yerevanlı) 1921-ci
il iyulun 17-də İrəvan şəhərində anadan olmuşdur.
Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə
İrəvan Dövlət Universitetinin filologiya
fakültəsinin Şərq şöbəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azəbaycan
dilində nəşr edilən “Kommunist” (1939-cu ildən
“Sovet Ermənistanı”) qəzetinin redaksiyasında
başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi
vəzifəsində işləmişdir. 1951-ci ildə Ermənistan
Elmlər Akademiyasının M.Abeğyan adına Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olmuş, 1954-cü
ildə “Erməni və Azərbaycan xalqlarının dostluq
ideyasının ədəbiyyatda inikası” mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində
Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən
X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri
işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi
əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir
sıra erməni yazıçılarının əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdir. Onun erməni dilində “Erməni
və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda
inikası” (1955), “Cəlil Məmmədquluzadə və erməni
xalqı” (1966), “Nəsimi” (1973), “Xatabala” həftəlik
qəzeti və “Azərbaycan” (1974) kitabları çap
olunmuşdur.
Əkbər Yerevanlının “Azəri–erməni ədəbi əlaqələri.
Qədim dövrdən XVIII əsrin sonuna qədər” mövzusunda
doktorluq dissertasiyası 554 səhifə həcmində
monoqrafiya şəklində 1968-ci ildə İrəvanda
“Hayastan” nəşriyyatında çap olunsa da, ömrünün
sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.
Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan
dilində “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı
əlaqələri” (1958, 270 səh.), “Sabir və erməni xalqı”
(1962, 45 səh.), “Hovanes Tumanyan və Azərbaycan
ədəbiyyatı” (1974, 131 səh.), “Avetik İsahakyan və
Azərbaycan ədəbiyyatı” (1975, 192 səh.) tədqiqat
əsərləri və bədii yaradıcılıq nümunələri toplanmış
bir neçə kitabı çap olunmuşdur.
Əkbər Yerevanlı 1981-ci ildə İrəvan şəhərində vəfat
etmiş, valideynlərinin yanında dəfn olunmuşdur.
Əkbər Yerevanlının Sabir Rizayevlə birgə yazdığı 165
səhifəlik illüstrasiyalı “Yunis Nuri” kitabı 1982-ci
ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda
çap olunmuşdur.
Qeyd edilməlidir ki, Əkbər Yerevanlının atası Yunis
Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18
yaşından etibarən təqribən 50 il ərzində teatr
kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu
Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın
direktoru işləmişdir. 1984-cü ildən teatr
bağlananadək Əkbər Yerevanlının oğlu Yunis
Süleymanov İrəvan Azərbaycan Dövlət Dram Teatrının
direktoru olmuşdur.
|