Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi
Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan
olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla
qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin
adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə
qəbul olunmuşdur. Tələbəlik illərində fakültə
əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri
kimi fakültənin və institutun ictimai-pedaqoji
həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla
təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta
İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş
nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili
Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi
tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut
rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və
ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək
təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin
təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci
ildə Bakıda keçirilən Ümumittifaq konfransında
iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə
institutu fərqlənmə diplomu ilə başa vurmuş,
təyinatla Quba rayonunun Rəngdar kəndindəki
səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və
məktəb direktoru işləmişdir.
1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin
adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi
və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur.
1985–1987-ci illərdə sovet ordusu sıralarında
Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir.
Hərbi xidmətdən sonra aspirantura təhsilini davam
etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi
altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı
(1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını
başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə
müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü
ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları
(1920–1991-ci illər)" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər
doktoru alimlik dərəcəsi almışdır. ADPU-nin Ümumi
pedaqogika kafedrasının nəzdindəki "Şagirdlərin
peşəyönümü" problem elmi laboratoriyasında kiçik
elmi işçi kimi fəaliyyətə başlayan F. Rüstəmov, az
sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam
etdirmişdir. "Dədə Qorqud" elmi-tədqiqat
laboratoriyasının "Pedaqogika, psixologiya, fəlsəfə"
bölməsinin rəhbəri olmuşdur. 1998–2006-cı illərdə
Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının
müdiri olmuşdur. 22 aprel 1998-ci ildə Beynəlxalq
pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki)
seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər"
və "Qızıl qələm" mükafatları laureatıdır. ADPU-nun "Xəbərlər"
nin pedaqoji-psixoloji elmlər seriyasının
redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji
fakültəsinin dekanı, böyük Elmi şuranın üzvü və
pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir.
ADPU -nun Elmi şurasının qərarı ilə " İlin müəllimi
və İlin alimi" muüsabiqəsinin qalibi olmuşdur.
2007–2012-ci illərdə ADPU-nun ibtidai təhsilin
pedaqogikası kafedrasının müdiri olmuşdur. 2004-cü
ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi
pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə
ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr
müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif
olunmuşdur. 2010-cu ilin aprelində Pedaqoji və
Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki)
seçilmişdir. Təhsildə və elmdə qazandığı uğurlara
görə Azerbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" (2006) ilə
təltif olunmuş , "Əməkdar Elm Xadimi" (2012) fəxri
adı verilmişdir.
İlk kitabını 1990-cı ildə nəşr etdirən F. Rüstəmovun
qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya,
kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi
məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və
publisistik yazının müəllifidir. 10 kitabın
tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru
olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə
doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin
doktorluq , 20 nəfərin namizədlik dissertasiyasının
rəsmi opponenti olub. Təhsil haqqında qanunu
hazırlayan işçi qrupunun üzvü olmuşdur. |