Heydər
Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayının
3-də İrəvanın Təpəbaşı məhəlləsində tacir Hacı Nəcəf
Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün
ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın
kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra
atası vəfat etmişdir. Böyük qardaşı Yusif 1918-ci
ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra
ailələri əvvəl Batuma, sonra Stavropola, 1920-ci
ildə isə Bakıya köçmüşdür. Heydər Hüseynov böyük
qardaşı və anasının himayəsi altında böyümüşdür.
Heydər Hüseynov Bakıdakı 18 nömrəli məktəbdə
təhsilini davam etdirmişdir. 1931-ci ildə Azərbaycan
Dövlət Universitetini bitirdikdən sonra müxtəlif
sahələrdə çalışmışdır: orta məktəbdə müəllim,
Azərbaycan Ensiklopediyası Nəşriyyatı Komitəsində
elmi işçi (1936), orada elmi katib (1937). 1938-ci
ildə H.Hüseynov Ensiklopediya və lüğətlər
İnstitutunun direktoru təyin edilmişdir. Bu dövrdə
onun “M.F.Axundovun fəlsəfi görüşləri” kitabı çapdan
çıxmışdır.
1939-cu il alim üçün daha uğurlu olmuşdur. O, həmin
ildə Tbilisi Universitetinin elmi şurasında
M.F.Axundovun fəlsəfi irsinə həsr etdiyi
dissertasiyasını müdafiə edərək fəlsəfə elmlər
namizədi alimlik dərəcəsini almışdır. “Dialektik
materializm”, “Dialektika və metafizika”,
“Rusca–azərbaycanca lüğət” kitabları nəşr
olunmuşdur. Həm də “Dialektik və tarixi materializm”
kafedrasının dosenti seçilmişdir.
1940-cı ildə H.Hüseynov “Şərəf nişanı” ordeninə
layiq görülmüşdür. Həmin vaxt o, SSRİ EA Azərbaycan
filialının sədr müavini, 1944-cü ildən isə sədri
olmuşdur. 1944-cü ildə fəlsəfə elmlər doktoru elmi
adını alan görkəmli filosof bir il sonra Azərbaycan
Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri
olmuşdur. Bu illərdə məhsuldar alimin “Axundovun
fəlsəfi baxışları” (1942), “Vətənpərvər şair Səməd
Vurğun” (1942), “Azərbaycan ziyalıları Vətən
müharibəsi günlərində” (1944), “Ədəbi qeydlər”
(1945) və digər kitabları nəşr edilmişdir. O həm də
“Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin (1–2-ci
cild; 1943–1944) redaktorlarından biri olmuşdur.
Bu dövr H.Hüseynov yaradıcılığının ən yüksək zirvəsi
onun M.Mirbabayevlə və Ә.Orucovla birlikdə tərtib
etdiyi “Rusca–azərbaycanca tam lüğət” (1940–1946)
kitabı olmuşdur. Hələ lüğətin 4-cü cildi çapdan
çıxmamış 1943-cü ildə akademik İ.Meşşaninov onu “rus
milli lüğətləri içərisində ən böyüyü” adlandırmış və
Azərbaycan alimlərinin əməyini yüksək
qiymətləndirmişdir. Bu əsərə görə o, “Stalin”
mükafatı (sonralar SSRİ Dövlət mükafatı) laureatı
adına layiq görülmüşdür.
H.Hüseynov 1946-cı ildə “Nizaminin ictimai
görüşləri”, 1950-ci ildə “Görkəmli Azərbaycan alimi
A.A.Bakıxanov” və “Azərbaycanda XIX əsr ictimai və
fəlsəfi fikir tarixindən” kitablarını nəşr
etdirmişdir.
Heydər Hüseynovun elmi fəaliyyətinin
mükafatlandırılmasına baxmayaraq, ona qarşı
respublika rəhbərliyində dözümsüzlük başlamış,
1950-ci ilin mayında Azərbaycan KP MK-nın büro
iclasında onun “Azərbaycanda XIX əsr ictimai və
fəlsəfi fikir tarixindən” kitabı ciddi şəkildə
tənqid edilmişdir. O, 19-cu əsr Qafqaz fəlsəfi
fikrinin tədqiqi müridizmin təbliğində və sufizmin
təqdirində günahlandırılmış və Dövlət mükafatından
məhrum edilmişdir. Təqib və təhqirlərə dözməyən
akademik H.Hüseynov 1950-ci il avqustun 15-də
intihar etmişdir.
Görkəmli alim uzun illər dörd böyük vəzifə
aparmışdır. O, həm Azərbaycan SSR EA-nın
vitse-prezidenti, həm akademiyanın ictimai elmlər
şöbəsinin müdiri, həm ADU-nun fəlsəfə kafedrasının
müdiri, həm də Azərbaycan Partiya Tarixi
İnstitutunun direktoru və bununla yanaşı, Azərbaycan
SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş
Deputatları Sovetinin deputatı olmuşdur.
2008-ci ildə akademik Heydər Hüseynovun 100 illik
yubileyi respublikanın hər yerində yüksək səviyyədə
qeyd olunmuşdur.
|