Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi
Azərbaycanın Zəngəzur mahalının Muğru bölgəsindəki
Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsini bitirib.
Bir müddət kənddə müəllim, “Sovet Ermənistanı”
qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul
ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram teatrının direktoru təyin olunub, fasiləsiz
olaraq 16 il Azərbaycanın bu qədim sənət ocağına
başçılıq edib.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni
zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan
Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji
İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr
Azərbaycan ədəbiyyatından dərs deyib.
Hidayətin həyatının İrəvan dövründə poeziya,
publisitika, nəsr, tərcümə kitabları nəşr edilib,
pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə
qoyulub. Azərbaycan ədəbiyyatının və incəsənətinin
inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR
əməkdar mədəniyyət xadimi fəxri adı verilib (1978),
Sovetlər Birliyi dönəmində «Əməkdar igidliyə görə»
medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif edilib (1978).
Hidayət Orucov 1989-cu ildə ermənilərin ölkəmizə və
xalqımıza növbəti təcavüzə başlamalarına etiraz
əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət
xadimi fəxri adından imtina edib.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni,
Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları
– «Ləyaqət» ordeni və Dağıstan Respublikasının Fəxri
fərmanları ilə təltif olunub
Çuvaşstan Respublikasının ali ədəbi mükafatı –
Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi
Mükafatı laureatıdır.
1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının
baş redaktor müavini (mart 1984, mart 1986), sonra
da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində
işləyib. “Gənclik” nəşriyyatında onun baş redaktor
olduğu müddətdə 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı
Kitabxanası”nın nəşri kitab mədəniyyəti tariximizdə
mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və
rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folklore”, 25
cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ
Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra
mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb.
Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti
məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni
dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz,
türk xalqlarının deportasiyası və soyqırımına,
yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən
çox məqalənin, publisist qeydlərin müəllifidir.
Yazıçının otuzdan çox poeziya, nəşr, tərcümə kitabı
nəşr olunub. «Məni səsləyəndə» /1970/, «Məhəbbət
qocalmır» /1973/, «Bir az gözləyin məni» /1975/, «Zirvə
çağırır» /1977/, «İrəvanda xal qalmadı» /1984/, «Dənizi
harayladım» /1978/, «Eviniz analı olsun» /1980/, «Sabaha
çox var» /1990/, «Mən belə yaşayıram» /1991/, «Doxsanıncı
il» /1992/, «Həsrət» /1995/, «Sözün vaxtı» /1999/, «Ömrümün
çəlimləri» /2003/, «Burdan min atlı keçdi» /2004/ və
s. kitabları oxuculara yaxşı tanışdır. U. Şekspirin
«Sonu yaxşı bitən hər şey yaxşıdır» pyesini, H. B.
Stounun «Tom dayının daxması» romanını, XIX əsrin
ingilis, island poeziyasından nümunələri və bir sıra
görkəmli rus və başqa xalqların yazıçılarının
əsərlərini Azərbaycan dilinə çevirib. Hidayətin
xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus
dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha
çox var» (Dağıstan dillərində) və s. kitabları
maraqla qarşılanıb. Əsərləri iyirmidən çox dilə
çevrilib.
H.Orucovun pyesləri hal-hazırda Akademik Milli Dram
Teatrında, S.Vurğun adına Rus Dövlət Dram Teatrında
və başqa teatrlarda tamaşa qoyulur.
Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan
Respublikası Prezidentinin millətlərarası
münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci
illərdə Azərbaycan Respublikası milli siyasət
məsələləri üzrə dövlət müşaviri işləyib. 2005-2006-cı
illərdə Milli azlıqlarla və dini qurumlarla iş üzrə
dövlət müşaviri işləyib. 25 iyul 2006-cı ildə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin
olunub. 31 may 2012-ci ildə həmin vəzifədən azad
edilib..
27 dekabr 2012-ci ildə ona fövqəladə və səlahiyyətli
səfir diplomatik rütbəsi verilib. Elə həmin gün
Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan
Respublikasının Qırğız Respublikasında fövqəladə və
səlahiyyətli səfiri təyin edilib. Hazırda da səfir
vəzifəsində çalışır.
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimidir. Ailəlidir, üç övladı var.
Səhər Hidayət qızı Orucova 12 noyabr 1971-ci ildə
İrəvan şəhərində anadan olub. 1978-1988-ci illərdə
Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub.
|