Həsən Əli oğlu Seyidov 1908-ci ildə İrəvan
şəhərində anadan olmuşdur. Əslən Qəmərlinin
Seyidzadələr nəslindəndir. İlk əmək fəaliyyətinə
1925-ci ildə (19 yaşında) Bakı şəhərində, H.Z.Tağıyevin
toxuculuq fabrikində başlamışdır. 1928-ci ildə Gəncə
(Kirovabad) şəhərində Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna daxil olmuş, 1931-ci ildə oranı
bitirərək aqronom ixtisasına yiyələnmişdir. 1931-ci
ildə Oğuz rayon torpaq şöbəsində aqronom, 1931–34-cü
illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Gübrə və
Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olmuşdur.
1934–1937-ci illərdə Azərbaycan Kimyalaşma
stansiyasının aqronomiya şöbəsinin müdiri,
1937–41-ci illərdə Gəncə şəhərində yerləşən
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda
direktor vəzifəsində çalışaraq bacarıqlı kənd
təsərrüfatı alimi kimi yetişmiş, idarəçilik
səriştəsi zənginləşmişdir.
1928-ci ildən Kommunist partiyasının üzvü olan Həsən
Seyidov 1942–1943-cü illərdə Gəncə Şəhər Xalq
Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin
sədri, 1943–1944-cü illərdə Azərbaycan KP MK-nın
kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində
çalışmışdır.
Dərin biliyi, geniş dünyagörüşü, təşkilatçılıq
bacarığı, işgüzarlığı və əməyə olan məsuliyyəti
həyatda daim ona yar olmuşdur. Həsən Seyidov
1944–1946-cı illərdə Azərbaycan KP MK-nın üçüncü
katibi, 1944–1950-ci illərdə ikinci katibi,
1950–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti
sədrinin birinci müavini, 1952–1953-cü illərdə Bakı
Vilayət Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə
Komitəsinin sədri, 1953–1954-cü illərdə Dövlət Plan
Komitəsinin sədri, 1954–1959-cu illərdə Kənd
təsərrüfatı naziri, 1959–1970-ci illərdə Moskvada,
SSRİ hökuməti yanında Azərbaycan Respublikası
Nazirlər Sovetinin daimi nümayəndəliyinin sədri
vəzifələrində çalışmışdır. 1970-ci ildən fərdi
təqaüdə çıxmışdır.
Zəngin təcrübəsi, işgüzarlığı ilə daim Azərbaycan
iqtisadiyyatının yüksəlişinə xidmət edən Həsən
Seyidov gərgin və fədakar əməyinə görə Lenin, iki
dəfə Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri
ilə mükafatlandırılmışdır.
Həsən Seyidov məsul dövlət vəzifələrində çalışmaqla
yanaşı, ictimai xadim kimi də fəaliyyət göstərmişdir.
1944–45-ci illərdə Azərbaycan KP MK-nın Büro üzvü
seçilən Həsən Seyidov Azərbaycan Kommunist partiyası
qurultayına 6 dəfə nümayəndə seçilmiş, II, III, VII
çağırış Azərbaycan Ali Sovetinin, II, III, IV, V
çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
1970-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü
olmasına baxmayaraq, o, 1972-ci ildən həyatının son
anlarına qədər Azərbaycan Dövlət Torpaq Komitəsinin
Yerquruluşu Layihə İnstitutunda baş məsləhətçi
vəzifəsində işləmişdir.
Həsən Seyidov çalışdığı bütün vəzifələrdə
özünəməxsus prinsipial, obyektiv, xeyirxah mövqe
tutduğundan işlədiyi kollektivlərin dərin hörmət və
rəğbətini qazanmış, ömrünün sonuna qədər Azərbaycan
xalqına vicdanla xidmət etmişdir.
H.Ə.Seyidov 1999-cu il iyun ayının 8-də, 91 yaşında
dünyasını dəyişmişdir.
|