E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Misir Mərdanov


Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır.Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973 cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır.

1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır.

1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1997–2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Onun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilmişdir. O, neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda; idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat etmişdir; məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər isbat etmişdir; Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər almışdır. Təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün isbat etmişdir. İdarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə olaraq, idarəedici funksiyanın optimallığı üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı almışdır. O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir. Eyni zamanda diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli zamanı yeni γ, γ ± — qabarıq çoxluq anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çox nöqtəli zəruri şərtlər almış, funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri isbat etmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. MisirMərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivate analyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir.

1989-cu ilin [[iyun|iyun ayından 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləmişdir.

1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,

1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.

1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir.

2000-ci il yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci il aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011–2014-cü illərdəTürkdünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü il оktyabrın 28-dən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. "Azerbaijan journal of Mathematics" jurnalı redaksiya heyətinin üzvü, "AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "TWMS Journal of Pure and Applied Mathematics" jurnalının beynəlxalq redaksiya heyətinin,"Чебышевский сборник" jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olmuş və yeddi nəfər fəlsəfə doktoru hazırlamışdır.

2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 2020-ci ilədək isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.


2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxriadına, 2001-ci ildə "Qızılqələm" media mükafatına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdür.

2011-ci ildə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

1973–1998-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuşdur. Eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmışdır, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.

2015–2016-cı tədris ilində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin magistrlarına "Optimal idarəetmənin riyazi üsulları fənnindən" ixtisas kursu keçib.

2016–2017-ci tədris illində AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrlarına "Riyaziyyatın tarixi və metodologiyası" fənnindən mühazirələr oxuyur.

Misir Mərdanov ümumtəhsil məktəbləri üçün aşağıdakı dərsliklərin müəllifidir:

6-cı sinif üçün "Riyaziyyat".
7, 8, 9, 10, 11-ci siniflər üçün "Həndəsə".
7, 8, 9-cu siniflər üçün "Cəbr".
10,11-ci siniflər üçün "Cəbr və Analizin Başlanğıcı"
Misir Mərdanov "Heydər Əliyev. Xalqa həsr olunmuş ömür" kitabının müəllifidir


<< Geri