Görkəmli cərrah-alim ictimai və dövlət xadimi
Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci ildə
Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan
olmuşdur.
M.A.Topçubaşov 1904-cü ildə ibtidai təhsilini başa
vurub gimnaziyaya daxil olmuş və 1914-cü ildə
gimnaziyanı bitirdikdən sonra Mustafa bəy Kiyevdə
tibb universitetinin tibb fakültəsinə qəbul
olunmuşdur.
1919-cu ildə təhsilini başa vuran gənc həkim
Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq etmiş,
1920-1923-cü illərdə Bakı Universitetinin tibb
fakültəsinin cərrahlıq klinikasında ordinator,
1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında
assistent işləmişdir. 1930-cu ildə “Malyariya
mənşəli splenomeqaliyanın klinikası, patologiyası və
cərrahi müalicəsi” mövzusunda doktorluq
dissertasiyası müdafıə etmiş, bu işin elmi
əhəmiyyətinə görə Mustafa bəy Topçubaşova professor
adı verilmiş və o, Azərbaycan Tibb Universitetinin
cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün
sonuna qədər həmin vəzifəni şərəflə yerinə
yetirmişdir.
Mustafa bəy Topçubaşov 1937-ci ildə dünya
anesteziologiya elmi tarixində ilk dəfə olaraq
orijinal keyitmə üsulunu – inyeksion efır-yağ
narkozunu – analgeziya üsulunu kəşf etmiş, bu metod
sadəliyinə, hazırlanma və tətbiq texnikasının
asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən
bir sıra mənfı halların (dərin narkoz yuxusu, qanda
narkotik maddələrin yüksək konsentrasiyada
toplanması və s.) aradan qaldırılmasına imkan
verdiyinə görə geniş tətbiq edilmişdir. Efır-yağ
qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin
sancıları, travmatik şok, tetanüs, qıcolma
hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma
vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ
Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası
tərəfındən Farmakologiya Komitəsinin iclasında efır-yağ
qarışığının “Analgezin” adı altında istehsal
edilməsinə icazə verilmişdir.
1964-cü ildə SSRİ TEA A.V.Vişnevski adına
Ümumittifaq Cərrahiyyə İnstitutunun Elmi Şurasında
M.Topçubaşovun tibb elminin inkişafındakı, xüsusilə
analgezin inyeksiya üsulunun işlənib
hazırlanmasındakı xidmətləri A.V.Vişnevski adına
xatirə medalı ilə təltif olunmuşdur.
Mustafa bəy Topçubaşova 1940-cı ildə Azərbaycanın
Əməkdar elm xadimi adı verilmiş, 1943-cü ildə isə
Stalin mükafatına layiq görülmüşdür.
Böyük Vətən müharibəsində əldə olunan qələbəyə görə
professor Mustafa bəy Topçubaşovun əməyi yüksək
qiymətləndirilmiş, o, “Qızıl Ulduz” ordeni,
“Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində
qələbəyə görə”, “1941-1945-ci illər Böyük Vətən
müharibəsində rəşadətli əməyə görə” medalları ilə
təltif olunmuşdur.
Alimin adı 1945-ci ildə yenidən yaradılmış
Azərbaycan Elmlər Akademiyasına seçilmiş 15 görkəmli
alimlərin sırasında yer almış, 1947-1949-cu illərdə
Eksperimental Tibb İnstitutuna rəhbərlik etmişdir.
Mustafa bəy Topçubaşov 1951-ci ildən həyatının
sonuna qədər Azərbaycan Elmlər Akademiyası
prezidentinin müavini vəzifəsində işləmişdir.
M.Topçubaşov 1949-cu ildə SSRİ Tibb Akademiyasının
müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü
seçilmişdir.
Görkəmli alimin elmi fəaliyyəti çoxcəhətlidir. O,
200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi
topluların, Azərbaycan dilində 110 çap vərəqi
həcmində 5 cildlik cərrahlığa dair dərsliyin
müəllifidir.
M.Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100
minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparmışdır.
O, gərgin elmi və praktik fəaliyyətlə yanaşı, tibb
kadrlarının hazırlanması sahəsində də böyük işlər
görmüşdür. Onun rəhbərliyi altında 35 nəfər
namizədlik və doktorluq dissertasiyası müdafiə
etmişdir.
M.A.Topçubaşov 1951-ci ildə Bolqarıstan Elmlər
Akademiyasının müxbir üzvü, 1954-cü ildə XI Lissabon
konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının
üzvü seçilmişdir. O həm də Ümumittifaq Cərrahlar
Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar
Cəmiyyətinin fəxri üzvü, "Böyük tibb ensiklopediyası"nın
redaktorlarından biri, "Abdominal cərrahiyyə"
jurnalının redaktoru olmuşdur.
M.Topçubaşov uzun illər Azərbaycan Sülhü Müdafiə
Komitəsinin sədri, Asiya, Afrika və Latın Amerikası
ilə Dostluq Komitəsinin üzvü olmuş, bu sahədə
məhsuldar fəaliyyətinə görə 1959-cu ildə Ümumdünya
Sülh Şurasının gümüş medalına layiq görülmüşdür.
1955-59-cu və 1967-71-ci illərdə Azərbaycan SSR Ali
Sovetinin sədri olmuş, I-X çağırışlarda Respublika
Ali Sovetinə deputat seçilmiş, Azərbaycan
Respublikası Sülhü Müdafiə komitəsinin sədri,
Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Sovet
İttifaqı Asiya və Afrika ölkələri xalqları ilə
Həmrəylik Komitəsinin üzvü, “Böyük Tibb
Ensiklopediyası”nın redaktoru və Azərbaycan Sovet
Ensiklopediyası (ASE) baş redaksiya heyətinin üzvü
olmuşdur.
1975-ci ildə yüksək mükafata – Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülən akademik M.Topçubaşov
dörd Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf
nişanı” ordenləri, döyüş orden və medalları,
Bolqarıstanın III dərəcəli “Kirill və Mefodiy”
ordeni və eyni zamanda, “SSRİ sanitar müdafiəsi”
ordeni və “SSRI sanitar müdafiəsi əlaçısı” döş
nişanı ilə təltif olunmuşdur.
M.Topçubaşov 200-dən artıq elmi işin, o cümlədən 5
cildlik «Xüsusi cərrahiyyə» əsərinin, 7
monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuş,
onun məsləhətçiliyi və rəhbərliyi altında 8
doktorluq və 16 namizədlik dissertasiyası müdafiə
edilmişdir.
Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı,
respublikada cərrahlıq elmi məktəbinin banilərindən
biri, Azərbaycan SSR EA akademiki, Bolqarıstan Xalq
Respublikası EA-nın müxbir üzvü, SSRİ Tibb Elmləri
Akademiyasının akademiki, SSRİ Dövlət mükafatı
laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR
əməkdar elm xadimi, Azərbaycan SSR EA
vitse-prezidenti Mustafa bəy Topçubaşov 1981-ci il
noyabr ayının 20-də Bakı şəhərində vəfat edib, Fəxri
Xiyabanda dəfn olunmuşdur.
|