Şamama Ələsgərova 1904-cü il martın 8-də
İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim
Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən
Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün
bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan,
Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız
övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı.
Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb
İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə
institutu bitirərək cəbhəyə yollanır.
Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı
qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız
övladları dünyaya gəlmişdir.
Əmək fəaliyyətinə müharibə illərindən başlayan
Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə
Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin
rəisi olmuşdu. 1945-ci ildə Şamama xanım N.Krupskaya
adına 5 nömrəli klinik doğum evinin (hal-hazırda
Şamama Ələlsgərova adına 5 nömrəli doğum evi) baş
həkimi təyin olunur və ömrünün sonuna kimi - 1977-ci
il iyunun 2-nə kimi həmin vəzifəni yerinə yetirir.
Onun tədqiqatları, əsasən, ana və uşaqların
sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin
müalicə və profilaktikasına həsr olunmuşdur. Şamama
Ələsgərova respublikamızda malyariya və helmintoz
xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal
iştirak etmişdir.
Şamama xanım 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il
sonra respublikanın əməkdar həkimi adına layiq
görülür. 1969-cu il fevralın 5-də ona xidmətlərinə
görə Sosialist Əməyi Qəhrəmanı adı verilib. O
respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi
idi. Şamama xanım haqqında ozamankı dövri mətbutada
"Pravda”, "İzvestiya”, "Komsomolskaya Prvada”, "Bakı”
və digər mərkəzi orqanlarda müntəzəm olaraq
məqalələr dərc edilmişdir. Şamama xanım Azərbaycan
SSR Ali Sovetinin doqquzuncu çağırış deputatı
olmuşdur, "Şərəf nişanı” ordeni və medallarla tətlif
edilmişdir.
|