Səid Rüstəmov 1907-ci il mayın 12-də
indi Ermənistan ərazisi olan tarixi yurdumuzda -
İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı
İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə
çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni
vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə
getsələr də, az vaxtdan sonra yenidən İrəvana
qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar
evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə
köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni
öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda
məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var
idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə
baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da
artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür,
Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin
məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada
truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə
rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində
məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi
texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi
istedadı müəllimlərdən birinin diqqətini cəlb edir.
O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da
Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə
musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul
olunur.
Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını
bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi
olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim
təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin
dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu
digər sənətkarlardan - sənət dostlarından
fərqləndirən cəhətlərdən biri də budur ki, o,
pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən
məktəbdən başlayıb.
Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər
Seminariyasını, daha sonralar Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə
ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu
sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili
sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin
yaradıb.
Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas
tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi"
dərs vəsaitini yazanda da, 1931-ci ildə
respublikamızda notla çalan ilk xalq çalğı alətləri
orkestrinin bədii rəhbəri və baş dirijorunun
köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və
baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs
ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının rəhbəri vəzifəsində çalışanda da
öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə
çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc
musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi
diqqət yetirib.
Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun
əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim
aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən
səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar
çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət,
lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun
musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan
“Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”,
“Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”,
“Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir”
və başqalarının adını çəkə bilərik. Bu nəğmələr
Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova
və bu kimi unudulmaz sənətkarlarımızın ifasında
səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün
də ifaçıların repertuarında geniş yer tutur.
Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir
neçə gözəl nəğmə bəstələyib.
Bəstəkarın yaradıcılığında instrumental əsərlər də
böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri
orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov
“Azərbaycan süitası”nı, “Sevinc” rəqsini və digər
əsərlərini məhz bu orkestr üçün yazıb.
S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası
ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili
ocağında xalq musiqisi kafedrasının yaradıldığı
vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub.
Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan
Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi
və 1953-cü ilədək həmin postda ustad müəllimin adına
layiq çalışması həm də onun ictimai xadim kimi
yetişməsini göstərirdi.
S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat
seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat
səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı.
O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü
kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı
beynəlxalq konqreslərdən ən mötəbər məclislərdən
gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları
üçün keçirilən ümumdünya və ümumittifaq
festivallarında münsiflər heyətinin sədri və üzvü
olub.
Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid
Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi
layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar
incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan
Respublikasının Xalq artisti fəxri adlarına, 1951-ci
ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o,
daima Azərbaycan musiqi sənəti tarixində yaşayır.
Çünki bəstəkarın adı həm xalq çalğı alətləri
orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ
neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq
irsindən dərs alıb, onun sənət çeşməsindən
bəhrələnəcək.
|