O, Azərbaycan müstəqillik mübarizələri
və istiqlal düşüncəsinin
salnaməçilərindən idi. Unudulmaz
alimimiz Şirməmməd Hüseynov millətinin
cümhuriyyət quruculuğu tarixi, bu
şərəfli və çətin yolda keçdiyi
aşırımlar, yetirdiyi qəhrəman
şəxsiyyətlər, onların doğurduğu irsi ilk
qaynaqlardan öyərənərək bunları yeni
nəsillərə çatdırmaq fəaliyyətlərinə
gənclik illərində, o arxivlərin qapalı,
bu mövzuların yasaq olduğu çağlarda
başladı, həmin nəcib işi ömrünün son
günlərindək eyni qaynar həvəs və sevgi,
yüksək peşəkarlıqla davam etdirdi.
Onun fikridir və bu dördcə kəlmə sözdə
həm dərin təvazö, həm çağırış, həm
xəbərdarlıq, həm arxayınlıq, əminlik,
həm də bir az qınaq var.
“Maraqlananlar üçün faydasız olmaz”.
Bu sözləri professor Şirməmməd Hüseynov
bir əsrə çatan ömrünün axırlarında,
artıq hər kəs tərəfindən canlı klassik
kimi qəbul edildiyi çağlarda, millətin
şərəf tarixi ilə bağlı apardığı qiymətli
araşdırmalardan ibarət məqalələr
toplusunu ictimaiyyətə təqdim edərkən
lap başda yazırdı.
Və həmin dördcə kəlmə Şirməmməd
Hüseynovun hər yazısına, hər tərtib
etdiyi topluya, hər hazırladığı kitaba,
hər doğurduğu əsərə, hər etdiyi çıxışa,
hər apardığı mühazirəyə yığcam önsöz,
“bismillah” biçimli bir başlanğıc kimi
qavranıla bilər.
Aqil adam idi, yaxşı anlayırdı ki, qəzet
səhifələrindən, cild-cild kitablar
vasitəsilə xalqa təqdim etdiyi qiymətli
yazıların hamı tərəfindən oxunmasına,
bilinməsinə ehtiyac varsa da, daha artıq
kürəsəlləşdikcə daha çox dəyişən,
rəqəmsallaşdıqca kitabı, çap yazılarını
mütaliə etmək istəyi tədricən daha
ziyadə azalan dünyanın çox yerində
olduğu kimi, bizdə də camaatın oxumaq
səbri də, şövqü də sönükləşib.
Amma o, inadla öz işini görürdü.
Köhnə əlifbalarda, əl çətin çatan
arxivlərdə qalan yazıları qaldırır, indi
işlək olan əlifbamıza köçürür, oxuyacaq
kəslərin anlamasını asanlaşdırmaqdan
ötrü ayrı-ayrı dövriyyədən çıxmış və
başa düşülməsi əngəlli ola biləcək
kəlmələrin lüğətini də əlavə edir və
təqaüdündən bu məqsədlə ayırdığı
vəsaitin üstündən müəyyən məbləği
götürərək bu qəbil yazılarını əlyazmadan
oxuyub çap edən kompüterçiyə taksi ilə
göndərirdi.
Ertəsi gün oradan yenə həmin yolla
qayıdan yazını bu dəfə yenə təzədən
oxuyub təshih edəndən sonra taksi
haqqını ödəyərək yollayırdı
redaksiyalara.
Savabına da heç kəsi şərik etmək
istəmirdi.
Bir dəfə təklif etdim ki, sürücümü
göndərim, gəlib həmin aparıb-gətirmə
əməliyyatlarında yardımçınız olsun.
Stalin dövrünün təmiz kommunistlərinin
ifrat prinsipiallığı ilə etiraz etdi:
“Bəs birdən bu yazıları apardığı zaman
sənin idarənin həmin sürücü tərəfindən
görülməli işləri necə olsun?”
Yalnız gərgin alim əməyi ilə deyil, həm
də ağır fəhlə zəhməti ilə araya-ərsəyə
gələn bu yazıları 10 adamdan birinin
oxuyub-oxumayacağına şəkki olsa da,
usanmadan, bezmədən çalışırdı.
Çünki həm də bu işlərin əhəmiyyətinə
inanırdı, həm də əmindi ki, gec-tez
mütləq bu yazıları oxuyub həzm edənlər
artacaq, həm də bilirdi ki, özü indi bu
işləri yerinə yetirməsə, bir ayrısının
onlara vaxt və ürək sərf edəcəyi
ehtimalı zəifdir.
İşləyirdi və nəticəni xalqa təqdim
etməzdən öncə xəbərdarlığını da yaddan
çıxarmırdı ki, bunlarda fayda var!
Qarşına qoyulan məhsulda xeyir olduğunu
sənə bəyan edirlərsə, yəqin ki, sən də
maraq göstərməli, ona doğru can
atmalısan.
Amma bu müdrik kişi dərk edirdi ki,
maraqlanmaya da bilərlər, biganə
qalanlar da olacaq.
Ona görə də bir az eyhamla (bunu yazanda
gözümün önündə istər-istəməz Şirməmməd
müəllimin kinayəqarışıq xeyirxah
təbəssümlə işıqlanan çöhrəsi canlanır)
deyirdi ki, əziyyətə qatlaşıb, heç
olmazsa, öz faydanız üçün bu irsə maraq
göstərin.
Adətən, ata balası üçün belə
canıyananlıq edir.
Adətən, valideyn balalarından hansının
hansı ağıl səviyyəsinə, hansı
qabiliyyətə malik olmasından asılı
olmayaraq, hər birinin bilməli
olduqlarını öyrənməsinə bu sayaq
nəvazişlə, qayğıkeşliklə yanaşır.
Şirməmməd müəllimin yaşı elə həddə idi
ki, tay-tuşlarının, simsarlarının, ürək
dostlarının əksəri getmişdi.
Bu yazılar onunçün həm də daim özü
qəbildən olan məsləkdaşlarla təmas
qurmaq fürsəti idi.
Səninlə bir masa arxasında oturub
mülahizə, sevinc, dərd, arzu, ümid
bölüşən müasirlər tükənibsə, gərək Həsən
bəy Zərdabi ilə, Məhəmməd Əmin Rəsulzadə
ilə, Üzeyir Hacıbəyli ilə, Əlimərdan bəy
Topçubaşı ilə, Əhməd bəy Ağayevlə...
həmsöhbət olasan.
Özün həmsöhbət ol, yüngülləş, bu feyz
digərlərinə də nəsib olsun deyə onların
köhnə, fəqət köhnəlməz sözlərini
bugündəkilərə və sabahdakılara da
çatdır.
Professor Şirməmməd Hüseynov bu amalın,
bu əxlaqın yiyəsi, bu idealın daşıyıcısı
idi!
Azərbaycan tarixinin elə hadisələri var
ki, onları biz hər zaman anmalı, onlar
barəsində müdam minnətdarlıqla
düşünməliyik.
XX yüzilin başlanğıcındakı Azərbaycan
tarixində iki oxşar səhnə yaşanıb ki,
ikisinin də əvvəlində göz yaşı dayanır.
1918-ci il may ayının 28-də Tiflisdə
sabiq Qafqaz canişinliyinin
iqamətgahında Həsən bəy Ağayev
Azərbaycanın İstiqlal Bəyannaməsini elan
edirdi.
O, İstiqlal Bəyannaməsinin mətnini
oxuyurdu, müstəqil dövlətimizin
yarandığını elan edirdi və həmin
yığıncağın protokolunda o qəbil sənədlər
üçün çox da səciyyəvi olmayan qeydlər də
əksini tapıb ki, Həsən bəy Ağayev
ağlayırdı, Xəlil bəy Xasməmmədov
ağlayırdı, Nəsib bəy Yusifbəyli
ağlayırdı, Xudadat bəy Məlikaslanov
ağlayırdı...
O insanlar ki bu istiqlalı elan
edirdilər, onlar bu möhtəşəm anların
fövqəladə mənasını, millət tarixindəki
yerinin ali siqlətini bütövlüyü ilə
anlayırdılar, bunun bir millət üçün nə
qədər müstəsna bəxtiyarlıq olduğunu dərk
edirdilər, ona görə kövrəlirdilər.
Və 1920-ci il aprel ayının 27-si
Azərbaycan parlamentinin – Məclis-i
Məbusanının son iclası.
Məhəmməd Əmin Rəsulzadə söz alaraq
iclasın başlanğıcında deyir ki, biz bu
yığıncağımızı qapalı keçirməyək. Açaq
qapıları, millət gəlsin və görsün ki,
taleyimizdə nə baş verir. Millətin
müqəddəratı həll olunur və insanlarımız
bundan bixəbər qalmamalıdır.
Məhəmməd Əmin Rəsulzadə qəlb ağrısı ilə
belə deyirdi. Çünki Azərbaycanın
müstəqilliyi əldən gedirdi, hakimiyyət,
istiqlal bolşeviklərə təslim edilirdi.
Bu sənəddə də belə protokollar üçün heç
də xas olmayan belə bir cümlə var.
Mötərizədə yazılıb ki, “Azərbaycan”
qəzetinin baş redaktoru Şəfi bəy
Rüstəmbəyli ağlayır.
O əvvəlki göz yaşı – Həsən bəy
Ağayevgilin 1918-ci ilin mayındakı göz
yaşı – fərəhin, böyük səadətin,
iftixarın gətirdiyi göz yaşı idi, ikinci
göz yaşı müdhiş faciənin, millətin
tarixində dərin yaralar açan bir acının
doğurduğu göz yaşı.
Və bu millət heç vaxt nə birinci, nə
ikinci göz yaşlarını unuda bilər.
Yaxşı millət olmağın yolu yaddaşdan,
yurdun taleyi, müqəddəratı ilə bağlı
həlledici anları və şəxsiyyətləri
unutmamaqdan keçir.
Ömrü boyu, xüsusən də təzədən qayıtmış
istiqlalımızın açdığı meydan sayəsində
1990-cı illərin lap əvvəllərindən
başlayaraq daha güclü şəkildə Şirməmməd
müəllim bu şərəfli tarixin salnaməsini
millətimizə təqdim etmək missiyasını
özünə şərəf borcu seçdi.
Daş daşımaq zəhmətlərin ən ağırı, fəhlə
işlərinin ən çox güc
istəyənlərindəndir.
Amma adi daşı daşımağa nə var!
Daş yükünü çəkməyə nə xüsusi hərarəti,
ilhamı, sevgisi olan bir ürək gərəkdir,
nə yüksək peşəkar qabiliyyətlər, ağıl,
istedad.
Bütün bunlarsız da hər kəs yaxşı-yaman
daş daşımaq imkanındadır.
Vətənin daşını daşıya bilmək isə
ağırlardan-ağır əməkdir və burada
ortabab, alababat söhbətinə yer yoxdur.
Millət naminə nə edirsənsə, ali
səviyyəli olmalıdır.
Vətənin daşını çiyində yox, ürəkdə
daşıyarlar!
Vətənin daşını çəkə bilməkçün ilk
növbədə böyük hərflərlə VƏTƏNDAŞ olmağın
vacibdir.
Üstəlik, ürəyində gərək xalqına sonsuz
sevgi daim nəbz kimi vura, qan kimi
damarlarında axa.
Millətə və torpağa sədaqət, fədakarlıq,
dözüm, ardıcıllıq, təpər, görəcəyin
işlərin böyüklüyü və kiçikliyindən asılı
olmayaraq, bir saniyə belə səngiməyən
məsuliyyət, cavabdehlik hissi, üstəlik
də əməlinin bəhrələrinin hər kəsin
qəlbinə yata bilməsindən ötrü bilik,
zövq, şövq, qaynar həvəs, yorulmazlıq və
yüksəkdən-yüksək peşəkarlıq.
Şirməmməd Hüseynovun kitablarının bir
qisminin sadəcə, adlarını sadalamaq
onların hər birinin (və qovuşaraq
hamısının) milli sərvət olduğunu
anlamağa bəs edər: “Milli haqq və
ədalət axtarışında” (Bakı, “Adiloğlu”,
2004), “Mətbu irsimizdən səhifələr”
(Bakı, “Çənlibel”, 2007), “Publisistik
miras və müasirlik” (Bakı, “Elm”, 2007),
“Müstəqilliyin çətin yolu... Reallıqlar,
düşüncələr” (Bakı, “Elm”, 2009), “Üzeyir
Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş
mətbu əsərləri” (İki cilddə, Bakı,
“Elm”, 2009, 2010), “Məhəmməd Əmin
Rəsulzadə. Əsərləri” (Beş cilddə, Bakı,
“Təhsil”, 2014), “Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər” (Üç
cilddə, Bakı, “Qanun”, 2012, 2015, 2016,
2017)...
İnsanlara “Zəbur” da, “Tora” da, “İncil”
də, “Tövrat” da, “Quran” da gərəkmiş ki,
o müqəddəs kitablar yaranıb və bəşərin
ayrılmaz yol yoldaşına çevrilib.
O kitablar üz tutduqları, etiqada dəvət
etdikləri insanlara bütün başqa
məziyyətlərindən savayı kamil insan,
yaxşı adam olmağın əbədi dərslərini
verirlər
Lakin xalqların və millətlərin onları
yaxşı xalq, kamil millət edəcək
kitablara da həmişə ehtiyacı olub, bu
ehtiyac heç vaxt da tükənməyəcək.
Şirməmməd Hüseynov bu qəbil kitabları
xalqınkı, millətinki etməklə məşğul idi.
Gözdən iraq düşənləri təzədən
qaytarırdı, yazılmalı olanları yazırdı.
Bu kitabların hər birinin yaranması
ictimai-siyasi həyatımızda, düşüncə
mühitimizdə necə qarşılanmasından asılı
olmayaraq, millət tarixinin çox önəmli
hadisələri idi.
Hər bir istedadlı insan, hər bir güclü
yaradıcı ömür möhləti boyu hansısa şah
əsərini yaradır. Bu onun gənclik
illərində də baş verə bilər, ahıllığında
da, ixtiyar sinnində də.
Zəka, ilham sahibinin yaradıcılıq yolu
uzun da çəkə, onun şah əsərinin ortaya
çıxması həyatının erkən çağına da, yolun
ortasına da təsadüf edə bilər, yaxud
arzulanan şah əsərin ömrün sonlarına
doğru, təcrübələrin yekunu kimi meydana
gəlməsi də mümkündür.
Şirməmməd müəllim şərəfli ömür yaşadı,
çox layiqli bir alim, xoşbəxt bir
müəllim həyatı sürdü və indi onun
yetirmələri, tələbələri Azərbaycan
boyuncadır.
Şirməmməd müəllim örnək sayılası ailə
başçısı ömrü yaşadı, Azərbaycana çox
dəyərli balalar bağışladı.
Və ilk gəncliyindən əli qələmli oldu,
durmadan işlədi, məqalələr,
dissertasiyalar, kitablar yazdı.
Valideynə balalarından hansını daha çox
istədiyini söyləmək necə cavabsız qədər
çətin sualdırsa, yaradıcı adama da hansı
əsərinin daha üstün olduğunu
müəyyənləşdirmək bir o qədər qəliz
məsələdir.
Şirməmməd müəllimin isə, mənim zənnimcə,
ömrünün şah əsəri kitabı “Parlament
hesabatları”dır.
Hərçənd, Şirməmməd müəllimin doğurduğu
və sanbalına, çəkisinə, dəyərinə görə
elə bu üçcildliyə bərabər sadaladığım və
adını çəkmədiyim digər kitabları da var,
amma bu üçcildliyin sanbalı, məna yükü,
mahiyyəti büsbütün başqadır.
Uzaq 1918-1920-ci illərdə “Azərbaycan”
qəzetində dərc edilmiş parlament
hesabatlarını günümüzə çatdıran cildlər
sırası qiymətəsığmaz salnamədir.
Azərbaycanın tarixində iki əvəzsiz əsər
var ki, tariximizdən bəhs edərkən,
salnaməçiliyimizdən söz düşəndə hər
zaman onları hökmən xatırlamaq zərurəti
yaranır.
XIII yüzildə Fəzlullah Rəşidəddin
Təbrizdə Rəşidiyyə mədrəsəsini qurdu,
ilk universitet təhsilimizin təməlini
qoydu və “Cami ət-təvarix” adlı elmi
əsaslara dayanan ilk misilsiz
salnaməmizi yaratdı.
Bu “Tarixlər toplusu”ndan sonra çoxlu
oxşar salnamələr, tarixi məcmuələr
yaranıb, fəqət bir örnək olaraq bütün
orta əsrlər içərisində ən uca mərtəbədə
qərar tutan zirvə əsər “Cami
ət-təvarix”dir.
Və XIX yüzildə Abbasqulu Ağa Bakıxanov
“Gülüstan-i İrəm”i qələmə aldı.
Bu da salnamə idi, amma artıq həm də bir
peşəkar tarixçi alimin əsəri idi ki,
incə təhlillər, müxtəlif mənbələri
tutuşdurmaq əsasında elmi tarixçiliyin
yeni dövrdə şəkillənən bir sıra ümdə
xüsusiyyətləri nəzərə alınaraq ərsəyə
gətirilmişdi.
Bu iki əsər arasındakı altı əsrlik zaman
kəsiyində, həmin iki kitabdan bir az
əvvəli və bir qədər sonranı da nəzərə
alsaq, 7-8 əsrlik iri tarix parçası
ərzində çox salnamələr yaranıb. Amma bu
iki müəllifin adı və əsəri, düşünürəm
ki, hər zaman üstün tutularaq yaşayacaq
və sayğılarla yad ediləcək.
Artıq bizim dövrdə – XX əsrdə və XXI
yüzilin ilk onillərində Şirməmməd
Hüseynov və Qulam Məmmədli
salnaməçiliyin yeni tipini yaratmaq
hünəri ilə ziyalı mühitimizi
heyrətləndirə bildilər.
Onlar salnaməçiliyin Azərbaycanda
buçağacan ortada olmayan nümunəsini
ortaya qoydular.
Qulam Məmmədli Azərbaycan teatrının
salnaməsini vücuda gətirdi, “günbəgün”
adlandıra biləcək janr xəlq elədi,
Hüseyn Cavidin, Abbas Mirzə
Şərifzadənin, Hüseyn Ərəblinskinin,
Cahangir Zeynalovun, Nəriman
Nərimanovun, Mirzə Cəlilin, Üzeyir bəy
Hacıbəylinin ömür yollarını əks etdirən
tayı-bərabəri olmayan qiymətli
salnamələr yaratdı və salnaməçiliyin
tamam yeni çeşidi və tərzini Azərbaycan
xalqına bəxş etdi.
İlk Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı, adı vətənimizin adı ilə eyni
olan “Azərbaycan” qəzeti bəlli idi,
ictimai-siyasi gerçəkliyimizdə, mətbuat
tarixində izini qoyub getmişdi.
Dövlət müstəqilliyimizin bərpasından az
sonra, 1998-ci ildə ilk Azərbaycan
parlamentinin iclaslarının stenoqramları
çapa hazırlanaraq nəşr edildi. Sanki
boşluq doldurulmuşdu, onillərcə hətta
arxivlərdə belə gizli saxlanmış, yalnız
xüsusi hallarda və məxsusi icazə ilə
istifadəsinə icazə verilmiş bu mətnlər
hamınınkılaşmışdı.
Lakin nə yaxşı ki, müdrik alim və
mətbuatşünas Şirməmməd Hüseynov həmin
dövrə bir də nəzər salmağı vacib hesab
etdi.
Onun təqdimatındakı “Azərbaycan”
qəzetində dərc edilən parlament
hesabatları və bu hesabatlarla bağlı
yazılar, onların qovuşmasından törəyən
üç sanballı cild xüsusi hadisə –
məlumdan yaranan büsbütün yeni naməlum
idi.
O mənada ki, bu nə “Azərbaycan”
qəzetində Xalq Cümhuriyyəti dövründə
buraxılmış qəzetdə çıxmış protokolların
sadəcə əski əlifbadan latın qrafikasına
köçürülməsi idi, nə də 1998-ci ildəki
kimi, bəlli protokolların cüzi redaktə
ilə nəşri.
Şirməmməd müəllim ömrü boyu topladığı
təcrübə və biliklərə qəlbindəki coşqun
millət və yurd sevgisini də artıraraq
arxada qalmış şanlı, keşməkeşli, qəmli
və nigaran tarixi, əslində, yenidən
canlandırdı.
Bitkin alim usta qələmi ilə bəlli
protokolları zəruri izah və şərhlər,
yeri düşdükcə sözə söykək duran əlavə
materiallarla zənginləşdirdi.
Buradaca bir-iki önəmli cəhətə diqqət
yönəltməyə lüzum var.
Əvvələn, “Azərbaycan” qəzetinin
nəşrindən 9 onillikdən də artıq böyük
zaman sovuşmuşdu, yeni nəsillər o
nüsxələrdən bixəbər idi.
İkincisi isə, həmin nüsxələrdən indi
kitabxanalarda, arxivlərdə açıq istifadə
imkanı varsa da, yeni nəsillərçün əlifba
maneəsi, ərəb-fars tərkiblərinin
yaratdığı müşküllər bəlli idi.
1998-ci ildə buraxılmış parlament
protokolları isə xeyli şəkildə tələsik
hazırlanmışdı, yanlışlar, kobud
xətalarla ləbələb idi və heç bir tutarlı
şərh və izahla müşayiət edilmirdi.
Şirməmməd Hüseynov – bu müstəsna
alimimiz, bu cəfakeş müəllimimiz, bu
təpədən-dırnağa işıq olan ziyalımız
üçcildlik əsərini zahirən qısa bir zaman
içərisində hazırladı.
Həmin yazıları kitablaşdıraraq xalqa
təqdim edənəcən ard-arda mətbuatda dərc
də elətdirdi və bu minvalla cildlərin
yaranma gedişatını müşahidə etmək hər
birimizə nəsib olub. Amma bilənlər bilir
ki, bu kitabları hazırlamaq üçün
Şirməmməd müəllim 50 illik yol gəlmişdi.
Ömrü uzunu bu barədə düşünmüşdü, ömrü
boyu bu hadisələri və adları içərisində
yaşatmışdı. Və öz etirafı idi ki, ilk
gənclik illərindən, Moskvadakı
aspirantura dövründən, orada məxfi
arxivlərdə işlədiyi çağlardan, bu qəbil
materialları nəinki üzə çıxarmağa, hətta
oxumağa belə yasaq qoyulduğu zamanlardan
gizli ümid və inamla tariximizin bu
dövrü ilə əlaqədar materialları
toplayırmış, qeydlərini edirmiş, haçansa
belə işlərin də vaxtı yetişəcəyi,
kilidli qapısının açılacağı arzusu və
intizarı ilə təhlillərini aparırmış.
50 ildən artıq müddətdə qəlbdə
bəslənmiş, kimsəyə görünməmiş,
Şirməmməd müəllimin yazı masasının
gözündə qalmış həmin ilkin hazırlıq
yazıları XXI yüzildə “Azərbaycan”
qəzetindəki parlament hesabatlarına
qovuşaraq Ustadın xeyirxah və xilaskar
əlləri ilə bizə qayıtdı.
Bu yazıları dinlədikcə mat qalmaya
bilmirsən.
Bir tərəfdə heyranlıq və heyrət doğuran
istiqlalçı, qurucu babalarımızın pak
amal uğrunda fədakar mübarizələri,
mətinliyi, mərdanəliyi, təlatümlü
əyyamlarda söylədikləri sərrast sözləri
və çağırışlarıdırsa, digər tərəfdə
ikiqat heyranlıq və ikiqat heyrət oyadan
Şirməmməd müəllimin, illərcə
valideynlərinə borcunu qaytarmaq üçün
münasib girəvə gözləmiş fərasətli, sadiq
bir övladın məhəbbəti və canıyananlığı
ilə bu irsi belə ali peşəkarlıqla
canlandırmasıdır.
Mən az öncə yanılaraq yox, elə qəsdən
“oxuduqca” yerinə “dinlədikcə” yazdım.
Əslində, bu, “dil (indiki halda “qələm”)
çaşıb düzünü söylər” məsəlinin
dürüstlüyünə əlavə sübutdur.
Şirməmməd müəllimin təqdimatındakı bu
yazıları səhifə-səhifə çevirdikcə
biixtiyar tarixə dalırıq və həmin qərib
illərin axarındakı səsləri aydınlığı ilə
eşidirik.
Parlament iclaslarının salnaməsindən
Həsən bəy Ağayevin, Əhməd bəy Pepinovun,
Əhməd Cavadın... səsini, onlara əleyhdar
olanların sədalarını eşidirik.
Əliheydər Qarayevin də səsi gəlir ordan,
Məhəmməd Əmin Rəsulzadənin də.
O səsləri indi – XXI əsrdə eşidirsən və
anlayırsan ki, hansı girdablardan, hansı
yarğanlardan adlamışıq, ayrıntıları ilə
dərk edirsən ki, millətin tarixində
millətin, yurdun taleyinə münasibətdə
necə tam əks qütblərdə qərar tutmuş
insanlar yaşayıb, istiqlal yolumuzda
hansı toqquşmalar, çarpışmalar, hansı
təzadlı baxışlar olub.
Şahid kəsilirik ki, Azərbaycanın bugünkü
istiqbalının, təzədən qayıtmış bu
müstəqilliyinin təməlində hansı barışmaz
mübarizələr dayanır, bu səadətə gələn
yolun başlanğıcında hansı dramatik
aylar, günlər, saatlar, dəqiqələr
yaşanıb.
Və bu kitablar silsiləsinin ortaya
qoyduğu mühüm bir öyüd, vacib bir dərs
var.
Bu nəsihət, bu ibrət də ondan ibarətdir
ki, o pak insanlara, o qurucu babalara
əbədi borcluyuq, onlara hər zaman
minnətdar olmalıyıq.
Onlar olmasaydı, bu dövlət olmazdı!
Onlar mürəkkəbdən-mürəkkəb tarix
dönəmində Azərbaycan istiqlalını elan
edib 23 ay yaşayacaq müstəqil
dövlətimizi qurmasaydılar, sonra 70 il
ömür sürəcək Sovet İttifaqının
içərisində də Azərbaycan Respublikası
olmayacaqdı və SSRİ dağılarkən, 15
dırnaqarası müstəqil respublika artıq
elə gerçək mənada müstəqil dövlətə
çevriləndə biz o sırada olmayacaqdıq.
1991-ci ilin 18 oktyabrında biz dövlət
müstəqilliyimizi yenidən elan edə
bildiksə, səbəbkar o KİŞİlərdir!
Müstəqilliyin hər bəhrəsindən hər cür
bəhrələnənlərə lap aydın olsun deyə bir
daha təkrar edirəm: Sovet İttifaqı
dağılanda onun içərisindən bizim
müstəqil dövlət kimi çıxmaq imkanımız
ona görə oldu ki, daha əvvəl
cümhuriyyətimiz vardı,
cümhuriyyətimizdən sonra Sovet İttifaqı
içərisində Azərbaycan Respublikası
vardı. Sovetin Konstitusiyası isə sözdə,
yalandan da olsa, hər halda Əsas
Qanununda məhz respublikalara İttifaqdan
çıxmaq ixtiyarını rəsmən verirdi.
Bu gün müstəqil dövlətimiz varsa, buna
görə biz o qurucu insanlara hər açılan
səhərimizlə, müstəqil yaşadığımız hər
yeni günümüzlə, başlanan hər yeni azad,
asılılıqdan qurtulmuş sabahımızla
borcluyuq.
O üçcildliyin (və Şirməmməd müəllimin
bütün fəaliyyətlərinin) bünövrəsində,
nüvəsində dayanan ən birinci amil
eşqdir.
Qurucu babalarımızın öz yoluna,
əqidəsinə, xəttinə sonsuz inamı, imanı
və sevgisi, eləcə də Şirməmməd
Hüseynovun Azərbaycan tarixinə,
Azərbaycan millətinə, istiqlalımıza olan
məhəbbəti, o nadir şəxsiyyətlərimizin
ruhuna olan sədaqəti, ehtiramı, etibarı!
Məhəbbət yoxsa, dəryaca ağlın olsa da,
əlindən çıxan bəhrənin işığı çatmaz,
rəngləri solğun alınar, təqdim etdiyin
məhsulla ürəklərə qığılcım ötürə
bilməzsən.
Üzeyir bəyin sonrakı nəşrlərdə qırağa
qoyulmuş mətbu əsərlərinin birləşdiyi
cildlər də, Məhəmməd Əmin Rəsulzadənin
qələm və düşüncə yadigarlarından ibarət
Şirməmməd Hüseynov “Xəmsə”si də, söz
yox, son dərəcə dəyərli və sanballı
mətnşünaslıq nümunələridir.
Lakin parlament hesabatlarını əhatə edən
üçcildlik bənzəri olmayan mətnşünaslıq
abidəsidir.
Nəyə görə mətnşünaslıq abidəsi?
Mətnşünaslıq elmi iynə ucu ilə qaya
çapmaq kimi gərgin əmək, alın təri tələb
edən ciddi tədqiqat sahəsidir.
Təəssüflər olsun ki, artıq bu
istiqamətin yaşamalı olan bir çox
ənənələrini itirmişik, ya itirməkdəyik.
Azərbaycanda 1950-60-70-ci illərdə
Əbdülkərim Əlizadə, Məmmədağa Sultanov,
Tahir Məhərrəmov, Əbülfəz Rəhimov,
Nəsrəddin Qarayev, Əziz Mirəhmədov,
Turan Həsənzadə, Nəsrəddin Qarayev və
bir sıra başqaları çox mükəmməl
mətnşünaslıq məktəbi yaratmışdılar.
Təəssüf ki, o insanlar getdilər, həmin
ötkəm mətnşünaslıq məktəbi, o məktəbin
iş üsulları, vərdişləri də korşalmağa,
gündəlik təcrübədən qeyb olmağa
başaldı.
1990-cı illərin ortalarında mən Məclis-i
Məbusanımızın – ilk parlamentimizin
birinci rəhbəri Həsən bəy Ağayevin ömür
yolunu araşdırırdım. Əslində, milli
parlamentimizin ilk sədri Əlimərdan bəy
Topçubaşov idi. Lakin Əlimərdan bəy
Topçubaşov əvvəlcə İstanbulda
ezamiyyətdə idi, sonra isə Paris Sülh
Konfransında iştirak etmək üçün Fransaya
getdi və iki dəfə parlament sədri
seçilsə də, bir gün belə həmin kürsüdə
əyləşmədi, məclisi Həsən bəy idarə etdi.
Əlimərdan bəyin parlamentin sədri olaraq
xaricdəki fəaliyyətlərinin başlıca
hədəfi ondan ibarət idi ki, Azərbaycan
dövlətinin başçısı kimi rəsmi statusa və
səlahiyyətlərə malik olsun, Azərbaycanın
müstəqilliyinin beynəlxalq aləmdə rəsmən
tanınmasını təmin etmək üçün orada
danışıqlar aparsın.
Həsən bəy Ağayevin faciəli ömür yolunu
araşdıraraq məsləkinə candan bağlı bu
millət fədaisi haqqında “Yaxşıların
yaxşısı” adlı kitabımı yazarkən əski
parlament materiallarını da qaldırmalı
olurdum.
O zaman həmin protokollar nəşr
edilməmişdi – hələ 1990-cı illərin
başlanğıcı idi.
Parlament iclaslarının əlyazmalarını
oxuduqca qürur hissi keçirirdim.
Hər vərəqin arxasında tarix durur. Yəni
hətta mətninə nüfuz etməzdən əvvəl bu
kağızların, xətlərin özü belə ayrıca
tarixdir axı!
Təsəvvür edin, stenoqramları kimlər
tərtib edir, kimlər qələmə alırmış –
onlardan biri hələ xeyli gənc olan, az
sonra Azərbaycanın ən parlaq ədibi kimi
şöhrətlənəcək Cəfər Cabbarlı idi.
Di gəl, protokollarla tanış oduqca,
stenoqramların əlyazmalarını oxuduqca
görürdüm ki, hətta Cəfər Cabbarlı kimi
bilgin, danışanların buraxdığı müəyyən
üslubi səhvləri də yeri düşdükcə əlüstü
islah edən stenoqrafistin – tezyazarın
da əlindən çıxmış vərəqlərdə
yanlışlıqlar az deyil.
Təbii, bu, ilk növbədə vaxt qıtlığı,
tələskənlikdən yaranmış qüsurlar idi.
Müstəqilliyimizin bərpasından 7 il
keçərkən həmin sənədlər Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi
üzrə Dövlət Komissiyası və Baş Arxiv
İdarəsi tərəfindən 5 kitabda nəşr edildi
ki, onların 2 cildi parlament
hesabatları idi.
1998-ci il nəşrinə materialları
əlyazmalardan Bakı Dövlət
Universitetinin müəllimi, cümhuriyyət
tariximizə, bir vaxtlar dərs aldığı
Cavidə, Müşfiqə coşqun məhəbbətlər
bəsləyən Səfər İbrahimov hazırlamışdı.
Onun əsas işi mətnləri ərəb əlifbasından
kirilə köçürmək olmuşdu. Lakin Səfər
müəllim sadəcə ərəb əlifbasını bilirdi,
klassik ədəbiyyata və üsluba az-çox
bələd idi, amma tarixçi, mətnşünas
deyildi.
Doğrudur, əslən Cənubdan olan və orta
əsrlər tarixi üzrə yaxşı mütəxəssis
sayılan professor Seyidağa Onullahi də
redaktor kimi bu işə cəlb edilmişdi.
Amma oxuduqca və orijinallarla
tutuşdurduqca görürsən ki, həmin
stenoqramlarda nə qədər kobud qüsurlar
var.
Ehtimal yaranır ki, hətta həmin
materialların çoxunu heç Seyidağa
Onullahi görməyib. Çünki nəşrdə elə
səhvlərə təsadüf edilir ki, bunlar heç
vəchlə Seyidağa müəllimin nəzərindən
qaça bilməzdi.
Bəs o stenoqramlarla “Azərbaycan”
qəzetində dərc edilən hesabatların fərqi
nədədir?
“Azərbaycan” qəzetində dərc edilən
parlament hesabatlarının mənası və
dəyəri büsbütün başqadır. Bunlar hamısı
Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə
süzgəcindən keçərək dərc olunub. Yəni
onlar, məlum stenoqramlardan fərqli
olaraq, ağızdan çıxan hər sözü əks
etdirməyiblər, yalnız ictimai məna kəsb
edənləri saxlayıblar, müəyyən ixtisarlar
aparıblar, bəzi parçaların məzmununu
veriblər.
Və Şirməmməd Hüseynovun məharəti,
materiallara yetərincə hündürdən, gen
miqyasda, panoramda baxa bilməsinin
nəticəsi bundan ibarətdir ki, o, qəzetdə
dərc edilən ayrı-ayrı iclaslar barədə
hesabatları verir, amma bunun yanında
bəzən əvvəldə, hərdən sonda həmin
mətləblərə dayaq duran, elə o qəzetdəcə
yer almış başqa yazıları da gətirirdi.
Qəfildən qarşımıza bu məsələlər və
mətləblərlə həmahəng gələn, heç
parlamentdə olmayan Fərhad Ağazadənin
məqaləsi çıxır və sanki həqiqətlərə
əlavə bir pəncərə taybatay açılır.
Ya Məhəmməd Əmin Rəsulzadənin özünün,
yaxud Üzeyir bəy Hacıbəylinin parlament
divarları arasında səslənməmiş, müstəqil
məqalə kimi işıq üzü görmüş yazıları
parlament hesabatları kontekstinə
qovuşur, həmin andaca mətnin ahəngi,
ritmi dəyişir, yeni məna qatları ortaya
çıxır, xeyli qaranlıq suallara aydınlıq
gəlir.
Bunları edə bilməkçünsə, bu
kompozisiyanı qura bilməkdən ötrü isə
gərək o dövrün hadisələrinə, həmin
dövrün ayrı-ayrı şəxsiyyətlərinin
əqidəsinə, qələminə, düşüncə tərzinə
dərindən vaqif olasan.
Şirməmməd Hüseynov kimi!
Bu yazılar silsiləsinin göstərdiyi
parlament mənzərəsi, istiqlal uğrunda
gedən mübarizəmizin gerçəkçi və dolğun
fonu, ayrıca vurğulayıram ki, yalnız və
yalnız Şirməmməd Hüseynov kimi həmin
tarix kəsiyindən incəlikləri ilə agah
olan müstəsna bələdçinin əməkləri ilə
yaradıla bilərdi.
Hər halda bu gün həmin işi o cür səriştə
və vurğunluqla yerinə yetirə biləcək
ikinci şəxsi mən tanımıram.
Şirməmməd müəllimin “Parlament
hesabatları”nın cildlərini vərəq-vərəq
çevirdikcə hadisələri yalnız oxumuruq,
dinləmirik, həm də bütün əyaniliyi ilə
görürük.
Hesabatları ibtidasından son
səhifəsinəcən mütaliə edəndə belə
qənaətə gəlirsən ki, bu, nəhəng bir film
kimidir, bir epopeya timsallıdır və
oxuya-oxuya olmuşları sanki ilk
kadrından son kadrınacan seyr edirsən.
Bu kitab həm də bir ülgüdür. 3 cild olsa
da, onları bir bütöv sayaraq “kitablar”
yox, sadəcə “kitab” deyirəm.
Birincisi, bu kitab bir daha əyan edir,
nəşrindən bir əsr keçəndən sonra da ülgü
göstərir ki, yaxşı qəzet nədir.
XX əsrin əvvəlindəki “Azərbaycan”
qəzetinin nümunəsi işarə edir ki,
millətin ola biləcək yaxşı qəzeti necə
çıxarmaq lazımdır ki, üstündən zamanlar
keçəndən sonra da salnamə sayılsın,
tarixin bərpa olunması üçün mənbəyə
çevrilsin, saralıb-solsa da, mahiyyətcə
nimdaşlaşmasın, boyatlaşmasın, yeni
zamanla da ünsiyyətə girə bilsin.
Və həmin qoca “Azərbaycan” indikilərə
bunu da pıçıldayır ki, nəşr olunmaq üçün
istənilən məqaləni yazanda fərqində
olmalısan, çək-çevir etməlisən ki, 50
il ötəcək, mənim haqqımda bu yazıya görə
nə deyəcəklər, 100 il sovuşacaq, mənə bu
yazıma görə necə qiymət verəcəklər.
Qələmi götürəndə, qəzet-jurnal buraxanda
bir an belə vaxtı yetişincə hər suala
cavab tələb edən tarix qarşısında
məsuliyyətini unutmamalısan!
Kim bilir, bəlkə də o qüdrətli
şəxsiyyətlər o zaman bütün bunlar barədə
fikrə dalıblar?!
Məhəmməd Əmin Rəsulzadə də, Üzeyir bəy
Hacıbəyli də, Şəfi bəy Rüstəmbəyli də,
Ceyhun bəy Hacıbəyli də, ola bilsin, bu
barədə ən azı təhtəlşüur düşünüblər, ona
görə o təhər köhnəlməz, dəyərini itirməz
qəzet yaradıblar. Həmin səbəbdəndir ki,
“Azərbaycan” qəzetinin səhifələri vətən
işığı ilə, millət atəşi ilə doludur.
Vətən işığı, millət atəşi elə əziz
Şirməmməd müəllimin də bütün varlığında
olduğundandır ki, bu cür mükəmməl bir
əsəri ortaya çıxarmağa müvəffəq olub.
Bu cildləri yaratmaq əsnasında Şirməmməd
Hüseynov dünənin dumanlarında əriyib-itmiş,
bugünün insanlarına pünhan qalan bir
sıra adları da aşkarlayıb, onlara
təzədən həyat bağışlayıb.
“Azərbaycan” qəzetində yazıları çıxan
Əhməd Həmdi adlı şəxs diqqətini çəkib.
Azərbaycanda çox soraqlaşsa, arxivlərə
baş vursa da, bir məlumat əldə edə
bilməyib. Amma ruhdan, həvəsdən düşməyib,
ona ilk gənclik əyyamlarından xas olan
inadkarlığı ilə yenə arayıb, yenə
axtarıb, yenə soraqlaşıb və suallarına
cavabı Türkiyə arxivlərində bulub.
Və bu hərəkəti ilə də Şirməmməd müəllim
növbəti dərsini, növbəti öyüdünü verib.
Yəni istiqlal, müstəqillik bizim elə
müqəddəs sərvətimizdir, səcdəyə layiq
elə mirasdır ki, onun yolunda azacıq
belə zəhməti olmuş hər insanı biz həmişə
qədirbilənliklə, dualarımızla,
sağollarımız, rəhmətlərimizlə anmalıyıq.
Şirməmməd müəllimin artıq bizlərə qalan
əziz yadigarlar olan hər çıxışı, hər
yazısı, hər kitabı və o sıradan bu
cildlər, heykəllərdir.
Tanrı, tale, tarix Şirməmməd Hüseynov
kimi fövqəladə insanları millətə
göndərir ki, cərəyan ötürən naqilə
çevrilsinər, qoymasınlar yaddaş
qırılsın, imkan verməsinlər keçmişlə
rabitələr kəsilsin.
Şirməmməd Hüseynov milli yaddaş
daşıyıcısı, bir mənəviyyat körpüsü
sayılası şəxsiyyət idi.
Azərbaycanın dünəniylə indisi,
istiqlalımızın qaynaqları ilə bugün
arasındakı körpü.
Milləti tarix sınaqlarından zədəsiz
çıxaran, həmişə ayaq üstə saxlayan,
güclü edənsə məhz tarixi yaddaş, belə
sarsılmaz körpülər olub.
Azərbaycan bayrağı bu gün yenə
yüksəklərdədirsə, Azərbaycan himni
səslənəndə yenə biz iftixar qəhəriylə
doluruqsa, bunun ümdə səbəbi odur ki, 70
ilin sovet qadağaları boyunca ayrı-ayrı
insanlar bu sevdaya dönük çıxmadı, bu
eşqi ürəyində yaşatdı, ziyalılarımız,
düşüncə və duyğu adamlarımız
sətirlərinin altında olsa da, həmin
hisləri yurddaşlarımıza çatdırdı və
qoymadı ki, istiqlal yanğısı sozalsın.
Qürbətlərdə, mühacirətlərdə, zillətlərdə
yaşaya-yaşaya bu hissiyyatı diri
saxladılar və ən qəddar maneələrə rəğmən
vətənlərinə bunu çatdırmağa səy
elədilər, nail də oldular ki,
vətəndaşlarımızın içərisində istiqlal
ruhu, müstəqillik istəyi şölələnməkdə
davam etsin.
Şirməmməd müəllim də yeni əsrimizin,
təzə minilliyimizin başlanğıcından bu üç
kitabla və ona bənzər digər cildləri ilə
elə ocaq qalayıb ki, bu ocağın istisi və
işığı Azərbaycanın çox uzaq
gələcəklərinə səmt götürüb, şəksiz,
gələcəkdəki yurddaşlarımıza da böyük
faydalar verəcəkdir.
...İstiqlalımızın bir əsri tamam oldu,
ikinci yüzili başlandı.
Yaşanmış tariximizin hər qırpımı gərək
hər an göz önündə ola.
XIII yüzildə rəsədxana açmaq niyyətini
hökmdara inandırnaq və anlatmağa cəhd
edərkən dahi Xacə Nəsirəddin Tusi
söyləmişdi ki, Yerdə rahat yaşamaqçün
göyü yaxşı bilmək lazımdır!
1918-ci ilin 7 dekabrında yaradılmış
Məclis-i Məbusan bütün tariximizçün fəxr
qaynağı olan milli hadisə idi.
Elə həmin səbəbdən mən Azərbaycanın ilk
parlamentinin həyatını əks etdirən
mükəmməl akademik nəşri görməyi çox
istərdim.
Necə təsəvvür edirəm o kitabı?
Xatırlatdığım kimi, 1998-ci ildə
Məclis-i Məbusanın stenoqramları həm
Azərbaycan, həm rus dillərində, qüsurlu
da olsa, nəşr edilib. Düşüncəmə görə,
oradakı əsas nöqsan yalnız mətnin
bərpası əsnasında buraxılmış ayrı-ayrı
səhvlər deyil, həm də tərtib
prinsiplərindəki xətalardır. Həmin
nəşrdə azərbaycanca cilddə yalnız ana
dilində olan çıxışlar verilib, rusca
nəşrdə isə rus dilində edilən çıxışlar
yer alıb. Demək, o da, bu da natamamdır.
Mənsə akademik nəşrdə ana dilində olan
mətnlərin arasında rusca olan mətnlərin
də dilimizə çevrilərək verilməsini, amma
orijinaldakının da cildlərin sonunda,
şərhlərlə göstərilməsini məqbul sayıram.
Eləcə də həmin akademik nəşrin şərhlər
və izahlar, lüğət bölməsi Şirməmməd
Hüseynovun kitablarındakı qəzet
hesabatları, müxtəlif tamamlayıcı başqa
“Azərbaycan” dərcləri, eləcə də ustadın
o yazılara verdiyi yozumlar,
dəqiqləşdirmələr, aydınlatmalarını
artırmaqla dolğunlaşdırıla, daha artıq
elmiləşdirilə bilər. Beləcə, biz,
nəhayət ki, ilk dəfə olaraq ilk milli
parlamentimizin keçdiyi enişli-yoxuşlu,
mübarizəli yolun qənaətbəxş mənzərəsini
aydınlığı ilə izləmək, öyrənmək fürsəti
əldə edirik.
Unudulmaz Bəxtiyar Vahabzadənin
Şirməmməd müəllimə həsr etdiyi bir şeiri
var – “Körpü çaydan uzaq düşüb”.
Elə bu adda yazını “Əkinçi”dən oxuduğu
bir məqaləyə əsasən 1993-cü ildə
Şirməmməd müəllim yazıbmış.
Millət qayğılarını ürəyinin başında
daşıyan Həsən bəy Zərdabi bir vaxtlar
intibahın və inkişafın Şərqdən
başlandığını, islam və türk dünyasının
bəşər tərəqqisinin önündə getdiyini,
lakin sonra vəziyyətin dəyişdiyini,
yüksəlişlərin Qərbə keçdiyini yazır və
belə qənaətə gəlirdi ki, bizim Şərqdə
tikdiyimiz körpü yerində durur, lakin
daha maarif, inkişaf, elm çayı onun
altından axmır, yatağını dəyişərək Qərbə
köçüb. Ona görə də xalqına, türk
dünyasına, islam Şərqinə səslənirdi ki,
körpümüzün çaydan aralı düşməsi düçar
olduğumuz bəladır, biz yüksəliş
istəyiriksə, öz körpümüzü elmi-texniki
tərəqqi çayının məcrası üstündə inşa
etməliyik.
Məqalə şairi bərk tutur və axşam köhnə
dostuna zəng vurur ki, nə yazmısan orda,
xırdala görüm.
Və gecənin bir aləmində Bəxtiyarın
növbəti telefon zəngi Şirməmmədi yuxudan
oyadır: “Al gəldi” deyərək ona ithaf
etdiyi təzə şeiri oxuyur:
Hələ toxum cücərməmiş
Talamıza alaq düşüb.
Başımız da daz olalı
Əlimizə daraq düşüb.
Xəyallarım – qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.
Əlim üzüldü diləkdən,
Dilim yandı “gəl” deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.
Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömür əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.
Bəsirətli Bəxtiyar Vahabzadə bu şeiri
yalnız mövzunu, ideyanı verdiyinə görə
Şirməmməd müəllimə həsr etməmişdi.
Bəxtiyar millətcanlı bir yaradıcı idi,
əngin təfəkkür sahibi idi və gözəlcə
duyurdu ki, daim yaddaşın yatmış
qatlarını diksindirən Şirməmmədlər
olmasa, körpülərin çaylardan uzaq
düşməsi təhlükəsi və ondan törəyən yüz
cür fəsad yaxamızdan bilmərrə əl
götürməyəcək.
Şirməmməd Hüseynovun irsi və məktəbi,
yolu və dərsləri var olduqca isə körpü
heç vaxt millət çayından aralı
düşməyəcək!
...Şirməmməd müəllim bu yurd və xalq
üçün təbərrük insan idi və əlbəttə ki,
Allah da bunu bizdən daha əvvəl və daha
yaxşı bilirdi!
Allah Şirməmməd müəllimin millət üçün
gərəkliyini, tarix üçün faydalığını
dəqiq bildiyindən, ona millət körpüsü
olmaq vəzifəsini həvalə etdiyindən bu
millət üçün onu yaşadırdı.
Sağlam yaşadırdı, gümrah yaşadır,
düşüncəsini aydın, ruhunu təmiz
yaşadırdı.
Elə yaşadırdı ki, doxsan beşinə çatanda
onun əli silahlı idi, hər gün səngərdə
idi.
Və böyründə də sədaqətli, vəfalı,
fədakar şəfqət bacısı!
Mülki bir insandan bəhs edə-edə hərbi
deyimləri qələmə gətirməyimi məcazlar
saymayın. Bunlar şairanə bənzətmələr
deyil, həqiqətin xalisidir.
Millət quruculuğu yolunda mübarizələr
bitməyib, əksinə, hər gün daha artıq
sürətlə davam edir və etməlidir.
Bu şərəfli yolda isə qələmin ən
uzaqvuran toplardan-tüfənglərdən daha
qüdrətli bir silah olduğunu tarixin
bütün gedişi təsdiqləyir.
Böyük azərbaycanlı, lap çoxdan bütöv
Azərbaycanı zəkasının nurunu səpdiyi
auditoriyaya çevirmiş Ustad Şirməmməd
Hüseynov istirahət günü və məzuniyyəti
olmayan bir cədvəllə hər gün, ta 2019-cu
il iyunun 24-ünəcən, nəfəsi gedib-gələn
son saatlaracan iş başında idi.
Universitetə gedərək əsgərlərinə
təlimini verirdi – gələcəyin jurnalisti
olacaq tələbələrinə dərsini deyirdi,
qayıdıb gəlib səngərinə – yazı masasının
arxasına keçir, silahını – qələmini
götürür və başlayırdı itirdiklərimizi
qaytarmağa, qazandıqlarımızı daha yaxşı
qoruya bilməkçün yollar göstərməyə,
istiqlal salnaməmizi bir az da
bütövləşdirməkçün yeni mübarizələrinə.
Şirməmməd Hüseynov nümunəsi bu millətin
ruhuna keşik çəkmək, varlığını sağlam
saxlamaq, yeni sınaqlardan mərdanəliklə
keçirməkçün taleyin və tarixin
Azərbaycana misilsiz ərməğanıdır.
Tale və tarix Şirməmməd müəllimin özünü
də hər an bizlərçün hifz etməyi,
qulluğunda durmağı isə onun sadiq
ulduzuna – şəfqətli ömür-gün yoldaşı,
ilk oxucusu Ülkər xanıma həvalə etmişdi.
Mehriban mənzilində bizə – Şirməmməd
müəllimi ürəkdən sevənlərə görüş
fürsətlərini, ustadın doyulmaz
söhbətlərini dinləmək girəvəsini də
tütyə dərman kimi qaşıq-qaşıq verən, onu
bir sərhədçi sayıqlığı ilə mühafizə edən
Ülkər xanımın insafsız dəmir intizamına
illərcə dözməyə hazır idik və daha artıq
– bunun müddətlərcə davam etməsini
arzulayırdıq!
Dəyərlərimizi hamı Ülkər xanım kimi
beləcə göz bəbəyitək qorusaydı, nə
dərdimiz olardı ki!
...Və nə acı ki, bir gün hökmən
gələcəyini bilsək də, heç cür Şirməmməd
müəllimə yaraşdıra bilmədiyimiz əbədi
ayrılıq anı da yetişdi...
...Bu ayrılığın üstündən 1 aydan da bir
az çox keçən günlərin birində Ülkər
xanımın qəmli etirafı ürəyimi sıyırdı:
“Hərdən öz-özümə düşünürdüm ki, dünyada
doyunca yaşadım, nəvələri də gördüm,
nəticələri də. Amma Şirməmməd yox! O
həyat eşqi ilə, yaşamaq arzusu ilə, təzə
əsərlər yaratmaq həvəsi ilə dolu idi”.
Ülkər xanım yol çəkən kədərli, yorğun
gözləriylə baxır mənə, naçar-naçar köks
ötürür: “Bilsən onsuz olmağa alışmaq
necə çətindir!..”.
Danışır və hiss edirəm ki, ayrılığın
üstünə yeni günlər gəldikcə birgəliyin
illərini, aylarının, həftələrini,
günlərinin indi yaddaşını göynədən
xatirlərini nə təhər xiffətlə yaşayır.
“Yeməyini yemişdi, keçdi əyləşdi həmişə
oturduğu bu kresloda. Mürgüləyirdi. Elə
yuxuda da sakitcə keçindi. İnanmağım
gəlmirdi, elə bilirdim oyanacaq”.
...Bu əbədi yuxu, heyhat hər insan üçün
mütləq günlərin birində gəlir.
Şirməmməd müəllimi itirdik, amma onun
sədaqətli ömür və məslək yoldaşı Ülkər
xanım böyük alimin vəfatından sonra da
onun qələm bəhrələri ilə görüşlərimizin
davam etməsi üçün səylərini əsirgəmədi.
Özü də mahiyyətcə Şirməmməd Hüseynov
məktəbinin davamçılarından olan Ülkər
xanım həyatını dolduran sevimli insanla
əbədi ayrılıqdan sonra böyük alim və
müəllim haqda həm özü yazdı, həm də
vəfatından sonra onun haqqında dərc
edilmiş müxtəlif məqalə və təəssüratları
toplayaraq kitablara çevirdi. Həm də bu
işi ayrı bir istiqamətdə də yenə
irəlilətməkdədir: Şirməmməd Hüseynovun
ayrı-ayrı televiziya və radio
kanallarındakı çıxışlarını toplayaraq
yazıya köçürür, onları çapa hazırlayır.
Bu isə o deməkdir ki, Azərbaycan
oxucusunu unudulmaz Şirməmməd Hüseynov
imzalı yeni yazılarla hələ çoxlu yeni
xoş görüşlər gözləyir.
Ölməz Mirzə Fətəlinin adını daşıyan və
milli sərvətlərimizdən olan baş
kitabxanamız elə Axundzadənin maarifçi
məsləkinə uyğun olaraq apardığı ardıcıl
çalışmaların daha bir dəyərli örnəyi
kimi Azərbaycana professor Şirməmməd
Hüseynovun düşüncə dünyasını bütövlüyü
ilə görmək üçün münasib imkan yaradır.
Şirməmməd Hüseynovun əks-sədası
mətbuatımızdan gələn qələm həyatı 1956-cı
ildə onun “Qoç dəvət” qəzetinin 50 yaşı
münasibətilə dərc etdirdiyi məqalədən
başlayaraq düz 63 il davam etdi və
2019-cu ilin iyun günlərində, gözlərini
əbədi qapamasından günlər öncə “Yeni
Qafqasiya” qəzeti ilə bağlı təqdim
etdiyi yazılaradək sürdü.
Millətimizə hədiyyə edilən bu
“Biblioqrafiya” Şirməmməd Hüseynovun
zəngin yaradıcılıq aləminə etibarlı
bələdçi, qaynar vətənpərvərin, dərin
alimin və fədakar müəllimin yaradıcı
ömrünün xəritəsidir.
İnsanlarımız bu “xəritə”nin önündə daha
çox dayandıqca, bu gərəkli kitabı
vaxtaşırı vərəqlədikcə ondan saçan
cazibə oxucunu daim millət tarixinin
şanlı səhifələrinə, nurlu
şəxsiyyətlərinə doğru çəkəcək, onları
daha yaxşı tanımağa və bilməyə,
yaratdıqları irsi qorumağa və yaşatmağa
yönəldəcək.
Şirməmməd müəllimin zəhmətli ömrünün
müqabilində nəticə olaraq dünyadan və
sabahın azərbaycanlılarından umduğu elə
bu idi.
Rafael Hüseynov
AMEA-nın həqiqi üzvü,
Azərbaycan Milli Məclisinin
sədr müavini