Millət tarixini bilməsə, millət kimi
formalaşa bilməz.
Siyasi mədəniyyət XX əsrin ən böyük
nailiyyətidir.
Tükənməyən bir şey varsa, o da insan
beynidir.
Günəş enerjisi və insan beyni
bəşəriyyətin taleyini həll edəcək.
İstiqlal bütün xalqın əsəridir.
Xalq hələlik siyasətçilərlə
siyasətbazları yaxşı seçə bilmir. Odur
ki, kim siyasətbazlıqla məşğul olub xal
toplamaq istəyirsə, xalqa xəyanət edir.
Gəlin, bunu unutmayaq.
Tarix də göstərir ki, hansı xalq, hansı
ölkə imperiya ambisiyası ilə, şovinizm
ideologiyası ilə yaşayırsa, düşmənsiz
keçinə bilmir. Ona xalqı sakitləşdirmək,
zorla işlətmək, qazandığını əlindən
almaq üçün düşmən obrazı lazımdır. Çünki
düşməni olan xalq hər cür əzab və
əziyyətə dözür, təki düşmənə qalib
gəlsin.
Kim yaşadığı cəmiyyəti yaxşı tanımırsa,
ondan jurnalist olmaz.
Sement olmasa binalar necə tikilə bilər,
daş daşın üstündə necə dayana bilər?
Sement milli ideologiyadır. Bu
ideologiyanı yaratmaq üçün gərək
jurnalistlərimiz də çalışsınlar.
Adamın təbiətində gərək xeyirxahlıq ola.
Jurnalistin ki, təbiətində sancmaq oldu,
o redaksiya batdı. Hara getdi dava
çıxarıb gələcək. Nə yazsa, altından su
çıxacaq. Çünki təbiətində sancmaq var.
Jurnalist gərək xeyirxah ola, yaxşını
görməyi bacara. Yeniliyi görməyi bacara.
Bu dünyada yeniliyi görməkdən çətin şey
yoxdur.
Üzeyir bəy sənəti ilahi sənətdir, allah
vergisidir, tarixin və taleyin bizə
böyük töhfəsidir. Müqəddəslik onun həm
sənətində, həm də heç vaxt unudulmayan
çöhrəsindədir.
Bəşəriyyətin öz obyektiv inkişaf
qanunları var. Tarix bu qanunlarla
yaranır. Zor gücünə ölkəni təbii inkişaf
macərasından çıxarmaq asandır. Lakin onu
bu məcraya qaytarmaq dünya sivilizasiya
ölkələri sırasına daxil etmək qədər
çətin imiş.
Hər şeydən əvvəl, biz məhz müqəddəslərin
və onlarla həmfikir olanların əzm,
qətiyyət, rəşadət və imana sədaqətləri
sayəsində mövcuduq. Məhz vətəni
ilahicəsinə sevən böyük ağıl və istedad
sahibləri müqəddəs elan oluna bilər.
Yer üzündəki bütün təbii fırtınalar
Günəş enerjisinin qeyri-bərabər,
insafsızcasına bölünməsindən, inqilablar
isə ictimai-siyasi, milli ədalətsizlik
zəminində meydana gəlir və buradan da
ictimai inqilablar, sarsıntılar,
böhranlar yaranır. Bu həqiqəti dərk
etmək lazımdır.
Siyasi mədəniyyət olan ölkələrdə
şəxsiyyət ön planda, avtoritar rejim
olan ölkədə isə dövlət və partiya ön
plana keçir.
Farmasiyaları atlanmaq siyasi
avantüradır. Təbii və normal inkişafı
heç bir şey əvəz edə bilməz. Ümumiyyətlə,
zorakılıq insanın görmədiyi, nəzərə
almadığı fəlakətlərə səbəb olur. Təbiət
və cəmiyyət zorakılığı heç kəsə
bağışlamır.
Milli təkəbbür, milli lovğalıq kimi
millətə ziyan vuran ikinci bir amil
yoxdur. Təvazökarlıq, sadəlik,
təmkinlilik hər bir millətə də xas
olmalıdır.
Təbiətdə sel yuxarıdan aşağıya axırsa,
cəmiyyətdə əksinədir. Aşağıdan el gücü,
sel gücü olur, inkişafın qabağını kəsmiş
yuxarıların üfunətini silib-süpürüb
aparır. Yuxarıdan inqilab heç vaxt
tərəqqi və inkişafın yolunu geniş açmağı
qarşısına məqsəd qoymamış və qoya bilməz.
O, özünün yaratdığı ictimai xəstəlikləri
özü sağalda bilməz. Burada xalq təbabəti,
xalqın kəsərli müalicə üsulu lazımdır.
Ziyalılığın əsas meyarı savad və
diplomdan artıq vicdandır, ictimai
vicdan, milli vicdandır. Ağa qara,
qaraya ağ demək və ziyalılıq bir yerə
sığışan deyil.
Dirilər: bugünkü nəsil bütün əcdadların
ruhu qarşısında cavabdehdir, onların
qoyub getdikləri torpaq və vətən
qarşısında öz tarixi borcunu yerinə
yetirmək üçün hökmlüdürlər.
Vətən istiqlalsız, dövlət hürriyyətsiz
olmaz.
Son 70 ildə əsrin ilk iki onilliyində
yetişmiş ictimai-siyasi xadimlərin,
şəxsiyyətlərin – M.Ə.Rəsulzadə, Ə.Ağayev,
Ə.Hüseynzadə, Ə.Topçubaşov, F.X.Xoylu,
N.Yusifbəyov, Ü.Hacıbəyli və
başqalarının Azərbaycan “tarixi”ndən bu
və ya başqa şəkildə çıxarılmaları üçün
göstərilən səylər (!) həqiqəti
gizlətməyin bir forması idi. Məlumdur ki,
“tarixçilərimizin” bu cəhdlərinə,
qadağalarına baxmayaraq, onların
yazılarını dövrün mətbuat orqanları
qoruyub saxlamışdır.
Hər bir insan və xalq üçün özünü
tanıtmamaqdan böyük təhlükə yoxdur.
Özünü tanımayan millət tarixi inkişaf
yolunu və səmtini düzgün müəyyənləşdirə
bilməz.
Xalqın qədər və taleyində şəxsiyyətlərin
rolu əvəzsizdir. Millət, xalq
şəxsiyyətləri ilə tanınar.
Xalqın başını uca edən, onu yaşadan,
tərəqqi və təkamülünü istiqamətləndirən,
mühafizə və müdafiəsini təşkil edən
şəxsiyyətlər xalqın ən böyük dövlətidir.
Tərəqqi üçün azadlıq və istiqlal
gərəkdir.
Müəllim məsələsi hər millətin ölüm-dirim
məsələsidir.
Doğrudan da fantaziya adamı həm də
yolundan çıxaran peşədir. Fantastlar
bildiklərini saysınlar, görək fələk və
tarix nə sayacaq.
Məddahlıq köhnə “sənətdir” davamçıları
hər zaman var.
Kitabdan ad silmək olar, tarixdən yox!
Aldanmayan, aldatmayan təkcə tarixdir.
Məzlum millətin mətbuatı da məzlum olur.
Düşmənini tanı, milli intibahını yüksəlt.
Müstəqil dövlətə azad jurnalistika
gərəkdir.
Diktaturadan demokratiya yarana bilməz.
İmperiya dağılır, ruhu qalır.
Söz azadlığı insanın təbii azadlığıdır.
Söz azadlığı həm təbii, həm də ictimai
hüquqdur.
Keçmiş sistemi zorla yıxmaq olar, amma
zorla idarə etmək olmaz.
Xüsusi mülkiyyət olmayan yerdə
demokratiya, demokratiya olmayan yerdə
isə hüquqi dövlət olmaz.
Tarixin dərslərini unutmaq faciəli ola
bilər.
Burası da isbat olunmuş bir həqiqətdir
ki, ayıqlığı aşağı təbəqədən başlanmış
olan məmləkətlər daha məsud, daha azad
və daha müasir bir həyata nail olurlar.
Müasirləşmək üçün ilk əvvəl gərək özünə
qayıdasan. Öz milli varlığını isbat
edəsən ki, o kökdə müasirləşəsən. Yoxsa,
Avropanı, Amerikanı təqlid etmək
müasirləşmək deyil.
İstiqbal bütün xalqın əsəridir.
Fəda ol, qədir gör.
Eşidən qulaq, nəcabət, dərin düşüncə
gərək.
Külək yaradanlar mütləq tufana düşürlər.
İstiqlaliyyət ruhu xalqın namus və
şərəfidir.
Vətəndaş cəmiyyəti olmayan yerdə ən
yaxşı söz də göyə atılan güllə kimidir.
Məddahlardan ibarət parlament millət
dərdi çəkə bilməz.
“Milli faciədən “bayram” düzəldənlərin
faciəsi də qaçılmazdır”, “əsrlər keçir,
təcavüzkar erməni xisləti dəyişmir”.
Hal-hazırın kökü keçmişdədir... Keçmiş
gələcəyin iynəsidir.
İnsanı yaşat ki, millət yaşasın, dövlət
yaşasın!
Ədalət hissi, həqiqət hissi insanın
qanına ictimai ədalətsizliklərlə daxil
olur. Kim ictimai ədalətsizlik uğrunda
mübarizə aparmırsa, deməli yel
dəyirmanları ilə mübarizə aparır.
Hər bir xalq öz taleyinə layiqdir,
vicdanımız necəsə, vətənimiz də elədir!
Varislik millətin yetkinlik əlamətidir.
Tarix elmlə birləşəndə tarix olur.
Şəxsiyyətləri olmayan tarix deyil.
Dünyanın çoxdan qəbul etdiyi belə bir
qanunauyğunluq var: güclü həmişə
haqlıdır
Demokratiya yolundan sapmaq siyasi
nadanlıq olardı.
Müxalifət son nəticədə xalqın milli
dirçəlişinə imkan verən fikir və əməl
zənginliyidir, daha bizim başa
düşdüyümüz mənada qanlı-bıçaq olmaq
deyil.
İnsafı, rəhmdilliyi itirmək ləyaqəti,
insafı itirmək deməkdir.
Rəhmdillik, insaf, mürvət, böyük-kiçik,
öz keçmişinə bağlılıq olmayan yerdə nə
ədalət olar, nə inkişaf, nə də xeyir-bərəkət.
Xalqı ayıltmaq üçün bəzən min nəsihətdən
bir fəlakət xeyirli olur.
Əsas məsələ odur ki, tarixdən kül,
his-pas deyil, qeyrət qığılcımı, el-oba
təəssübü, elpərəstlik ruhu, cəsarət və
rəşadət hissi, bir sözlə, işıq
götürülsün.
Demokratiya və aşkarlıq əgər bizim
həyatımızda, işimizdə, fəaliyyətimizin
bütün sahələrində dərin kök salsa,
bərqərar olsa, kimin kim olduğu tez
aşkarlanar.
Başsız, şəxsiyyətsiz, lidersiz xalq
zülmətə düşmüş adam kimidir.
Siyasət ümumilik sevir, amma konkretlik
də istəyir.
Həqiqət müxtəlif fikir toqquşmalarından
parlayar.
Bayrağı qaldırmaq hər kişinin işi deyil,
amma onun altına nadanı buraxmaq
cahillikdir.
Ailə hər bir cəmiyyətin, dövlətin,
millətin varlığının ilk rüşeymi,
binasıdır. Bu binanın necəliyi xalqın
neçəliyini müəyyənləşdirir.
Düşmənini tanımayan, öz torpağını və
ulusunu qorumağa hazırlaşmayan ölkə
məhvə məhkumdur.
Ac ölkədə avtoritarizm, totalitarizm
olar, hürriyyət, azad inkişaf isə olmaz.
Məhv olmağa hazır olmayan bir xalq azad
ola bilməz.
Tək-tək insanlar kimi, bəzən xalqlar da
imtahan verməli olurlar, tarix
qarşısında, əcdadların ruhu, qoyub
getdikləri torpaq və gələcək nəsil
qarşısında.
Vicdan olmayan yerdə həyat, bərəkət,
dirilik də olmaz.
Nəsillərin əsrlərlə qazandığını və hifz
etdiyini itirmək nə qədər əzablı və
faciəlidirsə, onu yenidən ələ gətirmək
yüz o qədər çətin və məşəqqətlidir.
Vətən istiqlalsız, dövlət hürriyyətsiz
olmaz.
Ədalət insanın bütün əxlaqi
keyfiyyətlərinin özülüdür.
İstiqlaliyyətin düşməni müstəbiddir,
müstəbidin keyfiyyətləri və psixologiyası
adamları əsarət altına almaq və onlara
zülm etməkdir.
Tarixə nəzər salmaq ondan kül deyil, od
götürməyi bacarmaq deməkdir.
Özünü tanımayan millət tarixi inkişaf
yolunu və səmtini düzgün müəy-yənləşdirə
bilməz.
Biz keçmişimizi ona görə sorğu-suala
çəkir, öyrənirik ki, bu günümüzü bizə
izah etsin, tanıtsın və gələcək yolu
müəyyənləşdirməyə yardım etsin.
Tarixin və taleyin hökmü ilə
istiqlaliyyətə qovuşmaq böyük xoşbəxtlik,
böyük səadətdir.
İstiqlaliyyət çox böyük tarixi maneələri
aradan qaldırmaqla mümkün olur.
Vətən məhəbbəti, vətəndaşlıq hissi,
vətənin taleyi üçün daim həyəcan və
narahatlıq keçirmək ilahi hissdir,
müqəddəs borcdur.
Öz tarixi keçmişi ilə vərəsəlik əlaqəsi
yarada bilməyən, deməli, arxasında
mənəvi boşluq olan xalqın başı dumanlı,
qüvvələri pərakəndə, gələcəyi qaranlıq
olar.
Cahil və nadanın əlinə odlu silah vermək
ətraf üçün nə qədər qorxuludursa, siyasi
mədəniyyəti, milli qeyrəti, şərəfi
olmayan kəmsavadların və qələm
dəllallarının əlinə söz silahı, mətbuat
orqanı vermək cəmiyyət üçün ondan yüz
qat qorxuludur.
Hədə-qorxu gəlmək, imperiya ambisiyası
ilə danışmaq fayda verən şey deyil.
Yalan sahibsizlikdən doğur. Hər şeyin
sahibi olmalıdır. Torpağın da,
istehsalatın da, ev-eşiyin də, yolun da,
ticarətin də.
Xalqı hər şeydən əvvəl tarixi
şəxsiyyətləri ilə tanıyırlar.
Bu gün dünənin, sabah bu günün davamıdır.
Nə tarixçilər, nə də tarixi şəxsiyyətlər
öz dövrlərinin tam həqiqətlərini axıra
qədər deməyiblər, açmayıblar. Bunu
sonrakı qərəzsiz, təmənnasız tarix elmi
deməlidir.
Millətin varlığı – torpağında, mənəvi
qüdrət mənbəyi keçmişindədir.
Öz gücünə, qüdrətinə və cəsarətinə, ən
vacibi, gələcəyinə inanmayan xalq məhvə
məhkumdur.
İnamsızlıq, hər şeyə və hər kəsə şübhə
ilə yanaşmaq, vəzifə və sərvəti ideal
saymaq milli fəlakətə aparan yoldur.
Tarixi reallıq, cəmiyyətin öz inkişaf
yolu var. Bundan kənarda heç bir xoş
güzəran yarana bilməz.
İndinin kökü keçmişdədir, keçmiş isə
gələcəyin iynəsidir.
Tarixdən öyrənmək, ibrət dərsi götürmək
olar. Amma tarixi imtahana çəkmək, ondan
riyakar siyasi məqsədlər üçün istifadə
etmək, hətta tarix üzərində mühakimə
qurmaq yol verilməzdir.
Qonşularını tanımayan millət özünü də
dərk edib tanıya bilməz.
Tarixdən kül, his-pas deyil, qeyrət
qığılcımı, el-oba təəssübü, elpərəstlik
ruhu, cəsarət və rəşadət hissi, bir
sözlə, işıq götürəsən gərək.
Xalqın böyük əksəriyyətini arxasınca
apara biləcək siyasi partiya olmasa
qələbə olmaz.
Cümhuriyyəti öyrənmək üçün xüsusi
institut lazımdır.
Dövləti demokratik düşüncəli,
vətənpərvər adamlar idarə etməlidir.
Kimdənsə ummaq böyük xəstəlikdir. Gərək
hər kəs vətəndaş ola. Dövlətdən tələb
eləyəndə gərək birinci özün nə isə
edəsən, sonra tələb edəsən.
Hərə öz əməyinin mükafatını öz
vicdanından almalıdır.
Namuslu, qeyrətli, düz adamı müdafiə
etmək xalqın ən birinci vəzifəsidir.
Ziyalı millətinin düşünən beyni, görən
gözüdür
.Jurnalistin siyasi mədəniyyəti heç bir
yazıçıda ola bilməz. Jurnalistlər günün
tarixini yaradanlardır. Tarixçilər ilin.
Mən həmişə jurnalistika tarixini
araşdırmışam. Kişilər var ki, bunun
əsasını qoyublar. Bunları dəqiq
bilməyəndə, ənənə qana daxil olmayanda
vəziyyət çətin olur. Millətə xidmətin
yolunu bilmək lazımdır. Millət tarixini
bilməsə, millət kimi formalaşa bilməz.
Kim desə ki, çətin oldu, mən millətə
qulluq eləyə bilmədim, səhv eləyir.
Gərək hər dövrdə onun yolunu tapasan.
Bizi irəli getməyə qoymayan düşmənçilik
hissidir. Kim kimin əleyhinə tənqid
deyirsə, onu qan düşməni hesab edirlər.
Biz tənqidə öyrəşməmişik. Lakin tərifi
sevirik. Kim yaşadığı cəmiyyəti yaxşı
tanımırsa, ondan jurnalist olmaz. Gərək
yaşadığın cəmiyyəti yaxşı tanıyasan,
hansı qruplar var, hansı meyllər var,
bizdə hələ bizi birləşdirən milli
ideologiya yoxdur. Bu ideologiyanı
yaratmaq üçün gərək jurnalistlərimiz
çalışsınlar.
Ölmək qorxulu deyil, ən dəhşətlisi
yaşamamaqdır. Adama insan kimi yaşamaq
müyəssər olmursa, o, ruhən rahat
yatmırsa, gələcəyindən narahat olmursa,
uşaqlarının üzünə alnıaçıq baxa bilmirsə,
keçmişə, namus-qeyrətə üzünü çevirmirsə,
nəhəng kişilərin ruhu ilə danışmırsa,
onların qoyub dediklərini öyrənmirsə,
onları özünə böyük saymırsa, yaşamaq
olmur. Mənim fikrimcə iki cür dövlət var.
Bunun biri maddidir. Biri isə bizim
mənəvi xəzinəmizdir.