E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

GÖRKƏMLİ ŞƏXSLƏR
ŞİRMƏMMƏD HÜSEYNOV HAQQINDA


Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişlərinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi: “ Politiçeskoye obozreniye”. Onu V.Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatlarımız yox idi.Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə yüksək qiymət verir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Şirməmməd müəllim vətənpərvərlik, düzgünlük, haqsevərlik, gözütoxluq kimi bir çox mənəvi xüsusiyyətləri ilə bizə həmişə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış böyük əqidəli ziyalılarımızı xatırladır. H.Zərdabi milli mətbuatımızın təməl daşını qoydusa, Şirməmməd bu böyük işin davamçısı kimi bir neçə jurnalist nəslinin müəllimi olmuşdur.
Şirməmmədi yaxından tanıyanlar çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün deyil.
Məndən “Şirməmməd kimdir?” – deyə soruşsalar, mən iki misra ilə belə cavab verərdim:
Şirməmməd – əxlaqın, haqqın öz səsi
Ləyaqət, dəyanət mücəssəməsi!

*****

Şirməmməd Hüseynovu tanıyan hər kəs bilir ki, onun qələmindən çıxan bütün yazıların arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır.

Bəxtiyar Vahabzadə,
Xalq şairi

Şirməmməd müəllimə mən ilk növbədə jurnalistikamızın patriarxı kimi, bu çətin və şərəfli peşənin neçə-neçə dəyərli nümayəndəsini yetişdirdiyi üçün minnətdaram... Şirməmməd Hüseynov əsl vətənpərvərdir və vətənpərvərliyi sözdə yox, əməli işdə meydana çıxır. Elmi fəaliyyətinin mühüm sahəsi böyük Məmməd Əmin Rəsulzadənin irsini nəşrə hazırlaması, “525-ci qəzet”in səhifələrində, ayrıca kitablar kimi yeni nəsillərə çatdırmasıdır.

Anar,
Xalq yazıçısı

Hamı onu “ustad” adlandırır. Bu mənada müasir jurnalistikamızda Şirməmməd Hüseynov məktəbinin mövcudluğunu kimsə inkar edə bilməz. Bu məktəbin müdavimi olmaq da hər jurnalistin gücü çatası bir iş deyil. Çünki bu məktəbin dərs yükü də ağırdır, əməl yükü də! Əbəs yerə deyil ki, uzun illərdir Şirməmməd müəllim onu yaxından tanıyan dostları, tələbələri üçün, eləcə də sonrakı nəsillər üçün diqqətin, məsuliyyətin, dəqiqliyin, gördüyü işlərə hədsiz sevgi və sədaqətin, həm də prinsipiallığın, işgüzarlığın, obyektivliyin simvolu olaraq qalmaqdadır.

Oljas Süleymanov,
Qazax şair-yazıçısı

Şirməmməd müəllim seçdiyi ixtisasın – jurnalistikanın müəllimi və tədqiqatçısı, ixtisasını şərəflə qoruyan bir mütəxəssisdir. O, ömrünü həsr etdiyi müəllimlik şərəfinə xələl gətirən nöqsana yol verməyib. Heç kim inciməsə deyərdim ki, bu gün işlədiyi jurnalistika fakültəsinin təmiz dünyası da birbaşa onun təmizliyə, təmənnasızlığa bağlı xarakteri ilə formalaşıb.

Vasim Məmmədəliyev,
Akademik

Azərbaycan mətbuat tarixinin tədqiqi sahəsində mühüm xidmətləri olan qocaman jurnalist, professor Şirməmməd Hüseynov Üzeyir bəyin məqalələrini toplayıb iki cilddə nəşr üçün hazırlamışdır. 115 məqalədən ibarət birinci cild 2009-cu ildə, vaxtilə zədələndiyi (düzdür) üçün tam mətni bərpa olunmuş məqalələr isə ikinci cild kimi 2010-cu ildə “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmışdır.

Bəkir Nəbiyev,
akademik

Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi nadir insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinlər, qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin. Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür. Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bu gün arasındakı körpü. Şirməmməd müəllim qiymətli bir insandır və Allah da bizdən daha əvvəl və daha yaxşı bilir nə qədər qiymətlidir o!

Rafael Hüseynov,
akademik

Şirməmməd Hüseynov bir neçə missiyanın daşıyıcısıdır: müəllimlik, mətbuat tariximizin ünlü tədqiqatçısı, millət fədaisi, həqiqət carçısı! Bütün bunların önündə ona görə “müəllimlik” dayanır ki, o, hər şeydə, hər anda öncə müəllimdir.

Nizami Cəfərov,
Akademik

Şirməmməd Hüseynovun ömrünün 60 ili Bakı Dövlət Universiteti (BDU) ilə bağlıdır. Azərbaycan jurnalistlərinin böyük bir nəsli ondan dərs alıb, onun yetirməsidir. Şirməmməd Hüseynov dünyanın heç nəyinə uymadan təmkinli həyat sürüb, şərəfli ömür yaşayıb. O, bütün zamanlarda heç nədən çəkinmədən öz sözünü deyən görkəmli ziyalımız idi. O, nər kişi idi, mərd kişi idi, sovet dönəmində tələbələrinə millət sevgisi aşılayırdı. Mən bunların çoxunun şa-hidiyəm.
Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

Yaqub Mahmudov,
Akademik

Şirməmməd Hüseynovla bağlı ilk və unudulmaz təsəvvürüm sonralar onun elmi-pedaqoji fəaliyyətini izləməklə daha da dolğunlaşdı. Atdığı addımlara, yazdığı əsərlərə baxıb bir daha inandım ki, Şirməmməd Hüseynov sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü dövlət müstəqilliyimiz arasında mənəvi körpü rolunu oynayan, milli istiqlal atəşinin ürəklərdə ölməsinə imkan verməyən nadir ziyalılarımızdan biridir.

Muxtar Kazımoğlu,
akademik

Şirməmməd müəllim sadiq dost və gözəl insandır.
Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə də yüksək səslə və cəsarətlə danışır. Məncə, onun uzun və şərəfli yaşamağının bir səbəbi də budur.

Sabir Rüstəmxanlı
Xalq şairi

2024-cü il iyun ayının 24-də Şirməmməd Hüseynovun fani dünyamızı tərk etməsinin 5 ili tamam olur, lakin bu beş ildə o, yalnız cismani olaraq yanımda deyil. 60 illik birgə ailə həyatımız bu gün də “onunla davam edir”. Tək mənimləmi? Bu gün də, məni tanıyanlar, adi vətəndaşlar, keçmiş tələbələri, həmkarları mənimlə rastlaşanda mütləq yaxınlaşıb Şirməmməd müəllimi xatırlayıb, haqqında xoş sözlər deyirlər.
Görəsən, adi bir müəllimə bu qədər məhəbbət nədən qaynaqlanır? Nahaq deməyiblər ki, xalqın gözü “tərəzidir” və bu “tərəzi” heç vaxt səhv etmir. Bu məhəbbət onun Azərbaycana, Vətəninə, millətinə təmənnasız xidmətindən qaynaqlanır.

Ülkər Hüseynova,
Şirməmməd müəllimin həyat yoldaşı

Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. O, Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. BDU onun düşüncəsində Azərbaycanın modeli idi. Biz uşaq olanda onun ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi.
Mən inanıram ki, atamın ruhu BDU-nun divarlarında yaşayacaq.

Fərəh Əliyeva,
Əməkdar incəsənət xadim,
sənətşünaslıq üzrə elmlər doktoru

Atamın sözü də, əməli də bir idi, düz idi. O çox bütöv insan idi. Atam bir müəllim kimi çox ciddi insan idi, sərt idi, amma eyni zamanda çox da qayğıkeş idi. Tələbələrini yaxşı tanıyırdı, öz qiymətlərini verirdi. Müəllim nüfüz qazanmaq istəyirsə, birinci növbədə bilikli, ikinci növbədə ədalətli olmalıdır. Əgər müəl-limdə bu iki keyfiyyət varsa o, tələbənin hörmətini qazanmış olur. Atamda bu keyfiyyətlərin hamısı var idi.
Anam həmişə düzlük, dürüstlük, ədalət yolu ilə addımlayan atama dayaq olub. Atam da, anam da ikisi bir tam idi, hər cəhətdən. Onlar üçün həyatda ən əsas mənəvi dəyərlər olub, hər zaman.

Lalə Hüseynova,
Əməkdar incəsənət xadimi,
professor

Şirməmməd müəllim böyük şəxsiyyətdir. Nurani bir insandır. Böyük alimdir, sevilən müəllim, bacarıqlı tədqiqatçıdır.
Şirməmməd Hüseynov hər kəsdən öncə universitet müəllimidir. Universitet sözünün dövlətə, millətə, xalqa bağlılığını lap cavan çağlarından diqqətdə saxlayan bu müəllim ömrünün bütün şüurlu dövrünü tələbələrinin, deməli, gənc nəslin Azərbaycan və azərbaycançılıq, milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, azad fikirlilik, yaradıcılıqda dəqiqlik, obyektivlik, vicdanlılıq keyfiyyəti ilə böyüməsinə xüsusi tələbkarlıqla yanaşmış, təkcə işlədiyi kollektivin – Bakı Dövlət Universitetinin deyil, bütövlükdə Azərbaycan ictimaiyyətinin hörmətini qazanmışdır.

Abel Məhərrəmov,
akademik

Şirməmməd müəllim elm fədaisidir. Xüsusən milli məfkurəmizin – azər-baycançılığın banisi, milli ideyalarımızın “böyük mürşüdü” Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilib təbliğ edilməsində Şirməmməd müəllim misilsiz xidmət göstərir”.

Tofiq Köçərli,
akademik

Bu gün yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyimiz ziyalılar o vaxt bizə partiyalı mətbuatdan dərs deyirdilər. Yeganə bir inqilabçı müəllimimiz vardı ki, o zaman adı ancaq universitetlə bağlı adamlara və yəqin ki, DTK əməkdaşlarına məlum idi – indi ən yaxşı şərhçilər sırasında tanınan Şirməmməd Hüseynov. Beş illik tələbəlik dövründə təkcə o bizi inqilaba, azadlığa, müstəqilliyə səsləyirdi. Təkcə o, düzə-düz, əyriyə əyri deyirdi. O, bütün inqilabi dəyişiklikləri irəlicədən görürdü və öz inamını, öz arzularını qətrə-qətrə bizə yeridirdi.

Afaq Məsud,
Xalq yazıçısı

Əgər məndən xəbər alsaydılar ki, son əsrin ən yüksək bəşəri və milli şüurlu və vicdanlı Azərbaycan jurnalisti kimdir, bir an belə düşünmədən Şirməmməd müəllimin adını çəkərdim. Bir birini gah təsdiqləyən, gah inkar edən və kiçik, uzun və qısa ömürlü jurnalistlərimiz olmuşlar və vardır, amma Şirməmməd müəllim kimilərini tapmaq çox çətindir.

Nurəddin Rzayev,
Əməkdar elm xadimi

Namuslu və xeyirxah insanlar kütləsi böyükdür, Raxmetov kimi adamlar isə azdır. Onlar ən yaxşı insanların yaxşısıdır, mühərriklərin mühərrikidir, dünyanın canının, cövhərinin cövhəridirlər. Mən heç mübaliğə etmədən, qəlbimə heç bir qara hiss yaxın qoymadan Şirməmməd Hüseynovu da tərəddüdsüz, müasir Raxmetovlardan biri sayıram.

Qulu Xəlilov,
Əməkdar elm xadimi

Mən Şirməmməd müəllimi ədalət tərəfdarı, prinsipiallıq meyarı kimi çox istəyirəm.

Vaqif Bəhmənli,
Əməkdar mədəniyyət işçisi

Şirməmməd müəllimin zəhmətkeşliyi, fədakarlığı, klassik irsə, milli də-yərlərə münasibəti bizi heyrətləndirirdi və hamımız ondan necə məsuliyyətli olmağı öyrənirdik. Hər xırda söz, hadisə Şirməmməd müəllim üçün əhəmiyyətli idi və hər məsələyə dəqiqliklə yanaşırdı.

Rəşad Məcid,
Əməkdar mədəniyyət işçisi

Şirməmməd müəllim mənim elmə yolumu açmaqla yanaşı, öz əməli ilə şəxsiyyətimi də möhkəmləndirən, məni sınmağa, inamımı sönməyə, ruhumu ölməyə qoymayan Nəhəng insandır!

Solmaz-Tohidi Rüstəmova,
Əməkdar elm xadimi
tarix elmləri doktoru

Şirməmməd müəllim bütün düşüncəsi, ağlı və fəaliyyəti ilə demokratik ruhlu, demokratik düşüncəli idi. Az qala, Xalq Cümhuriyyəti ilə həmyaşıd olan müəllimim bir azadlıq mücadiləsi aparırdı. Deyim ki, bu gün bizim müasir qüdrətli ölkə rəhbərlərimizin misilsiz xidmətləri nəticəsində müstəqil, azad düşüncə ilə yaşayırıqsa, bu çətin və mürəkkəb yolda dəstək verənlərdən, mücadilə edənlərin cərgəsindəki ilk sırada mənim əziz müəllimim Şirməmməd Hüseynov dayanırdı və onun böyük xidmətləri vardır!

Rafiq Rəhimli,
Əməkdar mədəniyyət işçisi

Mənim üçün ikiqat şərəfdir ki, “Şirməmməd Hüseynov” mükafatını tanış simaların əhatəsində alıram. Şirməmməd Hüseynov böyük alim və tarix elmimizə töhfə vermiş bir şəxsiyyətdir. Bizim ailəyə həmişə yüksək diqqət yetirib. Mükafata görə qürur duyuram.

Rais Rəsulzadə,
Əməkdar rəssam
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi

Azərbaycanda dövlət mükafatları da daxil olmaqla bir çox mükafata layiq görülmüşəm. Ancaq mənim üçün “Şirməmməd Hüseynov” mükafatının yeri ayrıdır. Hamımız Şirməmməd müəllimin tələbəsiyik. O, yazılarımla maraqlanırdı. Bir dəfə görüşəndə mənim yazımdan bəhs etdi. Dedim ki, vaxtınızı ayırıb, cızma-qaralarıma baxdığınıza görə təşəkkür edirəm. O isə bildirdi, ki, “özünü aşağı tutma, sən alimsən”. Məndə hər zaman istək olub ki, öyrəniləcək məsələləri tədqiq edim. Polşada Azərbaycan mühacirətini tədqiq etmişdim. Mükfatlandırmanın olması insana özünü yaxşı hiss etdirir. Çünki bilirsən ki, onu dəyərləndirənlər var. Buna görə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Mənim üçün “Şirməmməd Hüseynov” mükafatının yeri ayrıdır.

Vilayət Quliyev
filologiya elmləri doktoru, professor

Şirməmməd hələ aspirant illərindən Azərbaycanın böyük vətənpərvəri idi. O, elmi işində də, həyat qaydalarında da, dünya baxışında da həmişə azərbaycanlıydı. Biz başqa əyləncələrə sərf etdiyimiz vaxtda Şirməmməd yataqxanada daha bir kitabı oxuyub başa çatdırırdı.

Yasen Nikolayeviç Zasurski,
M. V. Lomonosov adına
Moskva Dövlət Universitetinin professoru

Şirməmməd müəllim çox sanballı adamdır. Jurnalistika şöbəsi filologiya fakültəsindən ayrılıb ilk dəfə fakültəyə çevriləndə onun dekanı Şirməmməd Hüseynov oldu. O, 6 il fakültənin dekanı işlədi və fakültəni çox genişləndirdi. Əvvəla tələbələrin qəbul sayını artırdı, rus sektorunu da əlavə elədi, fakültəni gözəl bir tədris ocağına çevirdi.

Şamil Qurbanov,
filologiya elmləri doktoru, professor

Şirməmməd müəllim son illərdə xüsusilə gərgin işləyir. Universitetdə pedaqoji işlə yanaşı, qəzet-jurnallarda beynəlxalq həyatın, milli hərəkatın, milli müstəqillik və dövlətçiliyin, klassik demokratik-publisistik ənənələrin prob-lemləri ilə əlaqədar çıxış edir, böyük öndərimiz Məmməd Əmin Rəsulzadənin çoxcildlik əsərlərinin tərtibi və nəşri ilə məşğul olur.
Şirməmməd müəllim elmdə, siyasətdə havayı güllə atanlardan deyildir. O zaman söz silahına sarılır ki, ürəyində deməmək mümkün olmayan sözü, zirehi dəlib keçən gülləsi hədəfi sərrast seçir.

Famil Mehdi,
filologiya elmləri doktoru, professor

Şirməmməd Hüseynovun yeni və dəbdə olan terminlə desək, müəllimlik imici klassik mahiyyət daşıyır. Ə.Haqverdiyev, A.Şaiq, Y.Məmmədəliyev və b. kimi klassik müəllim keyfiyyəti ona da xasdır. Bu keyfiyyətin başında azərbaycançılıq dayanır.

Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor
 

İndi ölkəmizdə elə qurumlar var ki, onlar böyük şəxsiyyətlərin əxlaq, mənəviyyat, elm dərsləri ilə formalaşıb yeni nəsillərin yaşam devizinə çev-rilmişdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi professor Şirməm-məd Hüseynovun xalqımıza bəxş etdiyi, fəxr ediləsi bir ünvandır.

Şirindil Alışanlı,
filologiya elmləri doktoru, professor

Şirməmməd müəllim sözün həqiqi mənasında Azərbaycan xalqının sər-vətidir və xalqımız üçün olduqca dəyərli bir şəxsiyyətdir.

Vüqar Əhməd,
filologiya elmləri doktoru, professor

Klassik publisistik irsimizin toplanması, yenidən nəşri, tədqiqi və təbliği sahəsində professor Şirməmməd Hüseynovun 1980-ci illərin sonlarından başlanan fəaliyyəti öz məzmunu, xarakteri və miqyasına görə başqalarından xeyli dərəcədə seçilir. Belə ki, Ş.Hüseynov klassik publisistik irsimizə sadəcə olaraq onları nəşr etmək və ya haqlarında elmi tədqiqat işi yazmaq xatirinə müraciət etmir. O, keçmişlə bu gün arasındakı irsi və milli əxlaqı sələf-xələflik əlaqələrinin kodlarını və bağlarını görərək bu əlaqələri yenidən canlandırmaq məqsədi güdür.

Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, professor

Müstəqil Azərbaycan Dövlətinin qurucuları olan böyük düha sahibləri, tərəqqipərvər, millətsevər şəxsiyyətlər, xalqımızın tarixində silinməz izlər qoyan istiqlal mücahidləri müstəqilliyimiz uğrunda mübarizələrdə adlarını tarixin qızıl səhifələrinə yazdıqları kimi, istiqlalçı alim Şirməmməd Hüseynovun da adı onla-rın zəngin və ölməz ədəbi irsinin yorulmaz təbliğatçısı və milli təəssübkeşi kimi xalqımızın qəlbində əbədi yaşayacaq.

Gülbəniz Babayeva,
filologiya üzrə fəlsəfə doktoru

Şirməmməd müəllimin həyat yolu da bir məktəbdir. Bu məktəb yorulmaq bilmədən xalqın başını uca edən, onu yaşadan, tərəqqi və təkamülünü istiqa-mətləndirən, mühafizə və müdafiəsini təşkil edən millət fədaillərini yorulmaq bilmədən öyrənmək və öyrətməkdir. Hər bir yazıçı keçmişimizi sorğu-suala çəkməklə bu günümüzü izah etməyə və gələcək yollarımızı müəyyənləşdirməyə xidmət edir, bir sözlə, keçmişimizdən bu günümüzə və gələcəyə körpü salır.

Aygün Əzimova,
filologiya üzrə fəlsəfə doktoru

Şirməmməd Hüseynovun xalq arasında ən böyük xidməti Ü.Hacıbəyov, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyük şəxsiyyətlərin həyat və yaradıcılığının tədqiq olunmasında ənənəvi yollarla getməməsi, onların fəaliyyətinin indiyədək işıqlandırılmamış hissəsinin aşkar edilməsinə can at-masıdır.

Tofiq Yusifov
filologiya üzrə fəlsəfə doktoru

Şirməmməd Hüseynov mənim jurnalistika fakültəsində oxuduğum illərdə ən yaddaqalan fənlərlə yanaşı, həm də həyat dərsi keçən və vətəndaş kimi formalaşmağımda rol oynayan insan olub. Məni milli mətbuatımızın, xüsusilə Cənub mətbuatımızın az öyrənilmiş, diqqətdən kənarda saxlanmış tərəflərini arayıb-araşdırmağa da Şirməmməd müəllim həvəsləndirib, yönəldib.

Pərvanə Məmmədli,
filologiya elmləri doktoru

Şirməmməd müəllim bütün enerjisini, qüvvə və bacarığını kütləvi infor-masiya vasitələri üçün qabiliyyətli, işgüzar kadrların yetişdirilməsinə, Azər-baycan jurnalistikası tarixinin dərinliyi ilə, mükəmməl şəkildə öyrənilməsinə sərf etmişdir. Bizim kimi yüzlərlə, minlərlə keçmiş, həmçinin indiki tələbələrinə narahat, məsuliyyətli peşənin sirlərini öyrətmiş, Vətənə, xalqa sədaqətlə xidmət etməyin yollarını göstərmişdir. Həm də sözlə yox, işlə, əməllə.
Qürurunu qoruması, nəfsinin toxluğu Şirməmməd müəllimin ən böyük məziyyətlərindəndir. Onun xalqı, Vətəni, oxucuları... qarşısında xidməti isə daha böyük, daha əzəmətlidir.

Mahmud Mahmudov,
filologiya elmləri namizədi

Şirməmməd müəllim nədən və necə yazmağı yaxşı bilir. Onun özünəməxsus üslubu və dəsti-xətti var. Şirməmməd müəllimin publisistikası klassiklərimizin (H.Zərdabinin, M.A.Şahtaxtlının, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluadənin və b) ənənələrindən güc-qüvvət almışdır. Odur ki bu yazılar, məqalələr oxunandır, maraqlıdır. Bu yazılarda sərt faktlarla yanaşı, tənqid də, yumor da, istehza da müşahidə olunmaqdadır. Bu məqalələri oxuyan oxucu yorulmur, faktlardan da bezmir, məlumatlardan isə özündə qeydlər aparır.

Nəsiman Yaqublu,
tarix elmləri doktoru, professor

Hər bir yazıçı, alim ictimai-siyasi müstəvidə epizodik missiyasını dərk etməlidir. Məsələn, Şirməmməd Hüseynov kimi. O, Azərbaycan ziyalısı üçün ciddi bir örnəkdir. Öz epizodik rolunu gözəl bilir. Heç vaxt pisliyə xidmət etmir. Arada bir çıxıb anladığı həqiqətləri deyir və çəkilib yenidən peşəkar fəaliyyətini davam etdirir. Bütöv Azərbaycan intelligensiyasını, mədəniyyət daşıyıcısını bu tendensiyaya gətirmək lazımdır.

Fazil Mustafa,
fəlsəfə üzrə fəlsəfə doktoru,
ictimai-siyasi xadim

Şirməmməd müəllim haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş” və s. Beləcə ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “millətin mühəndisi”, “müasir milli düşüncəmizin arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır.

Cavanşir Feyziyev,
fəlsəfə üzrə fəlsəfə doktoru,
ictimai-siyasi xadim

Şirməmməd Hüseynov əsl vətəndaş idi. O, vətənə, xalqa, dövlətə daim ləyaqətlə xidmət edib, çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətlər göstərmişdir.
Şirməmməd Hüseynovun Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır. Elmi fəaliyyətini Azərbaycan mətbuat tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. O, bir sıra dövlət mükafatlarına layiq görülmüş, Prezident İlham Əliyevin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilmişdir.

Elçin Babayev,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

Mənim üçün Şirməmməd müəllim böyük alim, böyük müəllim və böyük vətəndaş idi. Həmişə ustadı-əzəm deyə müraciət edirdim. Rəsulzadə irsinin millətin ruhuna hopmasında müstəsna xidməti oldu ustadı-əzəmin. Allah ona uzun ömür verdi və hələ heç kim Allahın verdiyi uzun ömürdən Şirməmməd müəllim kimi millət üçün, xalq üçün, milli yaddaş üçün belə səmərəli istifadə etməmişdi. İşıq axtarışında idi. Axtardığı işığı Rəsulzadədə tapmışdı. Məmməd Əmin sevdalısı idi. Zərrə-zərrə böyük qurucunun irsini toplamaqla özü də millətin zərrəsinə çevrildi.

Ramiz Abutalıbov,
diplomat-siyasətçi

Şirməmməd müəllim milli yaddaşımızın daşıyıcısı idi, əsərləri Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolu oynayırdı. Müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Bu nəşrlərin hər biri istər alimlər, istər tələbələr, istərsə də oxucular üçün zəngin xəzinədir.

Vüqar İsgəndərov,
politoloq

Tarix bizə qədər olub və bu gün də davam edir. Onun nəbzini tutmaq faydalı olduğu qədər də son dərəcə məsuliyyətlidir.
Əgər bu elmdirsə, onun adı tarixi yaşayıb yaşatmaqdır. Çox şərəfli missiyadır banilərin cərgəsində olmaq. Şirməmməd müəllim də ordadır – banilərin sırasında.

Tofiq Abbasov,
politoloq

Şirməmməd müəllim yaşamaq, çalışmaq, yaratmaq və həyat eşqi bitib tükənməyən bir insan idi. Sözünün dürüstlüyü, milli xarakteri, mütəfəkkir düşüncəsi onun yaradıcılığının qayəsini təşkil edir.
Bu gün minlərlə insan onun jurnalistika fakültəsində dərs dediyi auditoriyasında olmadan belə Şirməmməd Hüseynovu özünə müəllim hesab edir, ustad bilir. Mən də onlardan biriyəm. O, həm də mənim ustadımdır.

Umud Mirzəyev,
ictimai xadim


<< < Geri