Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə
anadan olmuşdur.
1940
– Şəkidə M.F.Axundov adına 2 nömrəli orta məktəbi
bitirmişdir;
–
Azərbaycanın müxtəlif rayonlarından olan 4 məktəbli ilə Şirməmməd
Hüseynov da, SSRİ üzrə əlaçı şagirdlərin sırasında Soçidə məşhur
istirahət düşərgəsində dincəlməyə göndərilmişdir.
1940-1942
– Şəki 2 illik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsini
bitirmişdir.
1942-1944
– Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük, Oxud kəndlərində və şəhər
10 №-li orta məktəblərində fizika-riyaziyyat müəllimi işləmişdir.
1944-1945
–“Nuxa fəhləsi” qəzetində ədəbi işçi kimi çalışmışdır.
1945-1950
– Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika
şöbəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1947-1950
– Azərbaycan Dövlət Universitetinin “Lenin tərbiyəsi uğrunda” qəzetində
redaktor müavini işləmişdir.
1948-1950
– “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri işləmişdir.
1948
– Azərbaycan Dövlət Universitetinin Nizami təqaüdünə layiq görülmüşdür.
1950-1954
– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika
fakültəsinin aspiranturasında təhsil almışdır.
1954
– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika
fakültəsinin Elmi Şurasında MDU mətbuat tarixi kafedrasının müdiri,
professor İ.A.Portyankinin rəhbərliyi ilə “Azərbaycan mətbuatı
1917-1918-ci illərdə” mövzusunda namizədlik dissertasiyasını
müdafiə etmişdir.
1954-1961
– ADU-nun (indiki BDU) Jurnalistika kafedrasının baş müəllimi
işləmişdir.
1961-1971
– ADU-nun Jurnalistikanın nəzəriyyə və
təcrübəsi kafedrasının dosenti olmuşdur.
1966
– “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
1970-1976
– ADU-nun Jurnalistika fakültəsinin dekanı olmuşdur.
1971-1982
– SSRİ Ali Təhsil nazirliyinin jurnalistika üzrə elmi-metodiki şurasının
üzvü seçilmişdir.
1972
– Zaqatala rayonunda keçirilən jurnalistlərin zona müşavirəsində iştirak
etmişdir;
– İkinci dəfə
“Qızıl qələm”
mükafatına layiq görülmüşdür.
1976-1979
– SSRİ Jurnalistlər İttifaqının sovet mətbuatı, televiziyası və
radiosu tarixinə, nəzəriyyə və təcrübəsinə dair əsərlərin Ümumittifaq
müsabiqəsi komissiyasının üzvü olmuşdur.
1976-1980
– ADU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri
vəzifəsində çalışmışdır.
1981-1983
– “Azərbaycan bolşevik mətbuatı” kitabının I və II hissəsi
“Azərbaycan Dövlət Universiteti” nəşriyyatında çap olunmuşdur.
1987
– Azərbaycan bolşevik mətbuatının təşəkkül tarıxindən bəhs olunan
“Azərbaycan dilində ilk bolşevik nəşrləri” adlı kitabı
“Azərbaycan Dövlət Universiteti” nəşriyyatında çap olunmuşdur.
1988
– ADU-nun jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş
kafedrasının professoru olmuşdur;
– Azərbaycan mətbuat tarixinin az öyrənilmiş
1903-1907-ci illər dövrünün tədqiqinə həsr edilmiş “Həqiqət və
ədalət carçısı” kitabı “Azərnəşr”də çap edilmişdir;
– Azərbaycan sovet jurnalistikasının inkişafında
xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı
ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.
1991
– Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi mükafatı”na
layiq görülmüşdür.
1992
– “Y.Məmmədəliyev mükafatı”na layiq görülmüşdür;
– Toplayıb, tərtib etdiyi M.Ə. Rəsulzadənin
1903-1909-cu illərdə “Şərqi-Rus”, “Hümmət”, “Dəvət”, “İrşad” və s.
qəzetlərində, “Füyuzat”, “Volna” jurnallarında çıxan 280-a yaxın
yazısının daxil olduğu “Əsərləri: (1903-1909)” adlı
kitabın I cildi “Azərnəşr”də çap edilmişdir.
1996
– 1988-1993-cü illərdə yazılmış və respublika mətbuatında dərc olunmuş
yazılarının bir qisminin daxil edildiyi “Müstəqilliyin çətin
yolu... Biz hara gedirik?” adlı kitabı “Azərnəşr”də çap
edilmişdir.
1997
– Nəşrə hazırladığı Məmməd Əmin Rəsulzadənin “Mühafizəkar və ya
sosialist-mühafizəkar partiyalarının tənqidi” (“Tənqidi-firqeyi
Etidaliyyun və ya
ictimaiyyun-etidaliyyun”)” kitabı “Diplomat” nəşriyyatında çap
edilmişdir.
1998
– “M.Ə.Rəsulzadə mükafatı”na layiq görülmüşdür.
2001
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına çevirdiyi, ön sözünün
müəllifi olduğu M.Ə.Rəsulzadənin 1909-1914-cü illərdə Tehran, İstanbul
və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc
olunmuş 140-a yaxın əsərinin daxil olduğu “Əsərləri: 1909-1914”
adlı kitabın II cildi “Şirvannəşr”də çap olunmuşdur.
2004
– 1988-2000-ci illərdə yazdığı və respublikanın müxtəlif mətbuat
orqanlarında dərc olunmuş ictimai və tarixi əhəmiyyət daşıyan, dövrün
çox mühüm problemlərinə həsr olunmuş məqalə, müsahibə, çıxış və s. daxil
edildiyi “Milli haqq və ədalət axtarışında” adlı kitabı
“Adiloğlu” nəşriyyatında çap edilmişdir;
– Bakı
Dövlət Universiteti tərəfindən “Şirməmməd Hüseynov. Biblioqrafiya”
adlı kitab nəşr olunmuşdur (tərtib edəni Nüşabə Abbaszadə, redaktor
Nəsiman Yaqublu).
2005
– Azərbaycan jurnalistikasının inkişafında böyük xidmətlərinə görə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
2007
– 2005-2006-cı illərdə dərc olunmuş məqalələrinin, müxtəlif illərdə
onun haqqında yazılmış rəylər və digər materialların, həmçinin öz qısa
xatirələrinin daxil edildiyi “Mətbu irsimizdən səhifələr”
adlı kitabı “Çənlibel” NPM nəşriyyatında çap olunmuşdur.
2009
– 1988-1993-cü illərdə, həmçinin 2007-2009-cu illərdə yazılmış və
respublika mətbuatında dərc olunmuş yazılarının bir qisminin daxil
edildiyi “Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr”
adlı kitabı “Elm” nəşriyyatında çap edilmişdir;
– Bakı Dövlət Universitetində 85 illik yubileyi
təntənə ilə qeyd edilmişdir;
– Toplayıb, ərəb əlifbasından latın qrafikasına
çevirdiyi, ön sözünün müəllifi olduğu Üzeyir Hacıbəylinin “Nəşrlərdə kənara qoyulmuş, mətbu əsərləri (1904-1912)” adlı
kitabının I hissəsi “Elm” nəşriyyatında çap edilmişdir;
– Bakı Dövlət Universiteti tərəfindən
“Şirməmməd Hüseynov. Biblioqrafiya” adlı kitab nəşr olunmuşdur
(tərtib edən Aygün Əzimova; redaktor Şamil Vəliyev).
2010
– Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Mətbuat
Şurasının “I Dərəcəli Ali Media mükafatına” layiq
görülmüşdür;
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına
çevirdiyi, ön sözünün müəllifi olduğu Üzeyir Hacıbəylinin “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri (1904-1912)” adlı
kitabının II hissəsi “Elm” nəşriyyatında çap edilmişdir.
2012
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına çevirdiyi, ön sözünün
müəllifi olduğu M. Ə. Rəsulzadənin 1915-1916-ci illərdə qələmə aldığı,
dövri mətbuatda dərc olunmuş 200-ə yaxın əsərinin daxil olunduğu “Əsərləri: 1915-1916” adlı kitabın III cildi “Elm” nəşriyyatında
çap edilmişdir.
–
“Məhəmməd Əmin Rəsulzadə. Əsərləri.
1915–1916-cı illər” adlı kitabına görə Mətbuat Şurasının diplomu
ilə təltif edilmişdir.
2013
– “Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi “Zahid Xəlilov adına
mükafat”a layiq görülmüşdür;
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına
çevirdiyi, ön sözünün müəllifi olduğu M.Ə.Rəsulzadənin 1917-ci ilin
yanvar - 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və
faciəli dövründə qələmə aldığı yazıları, qurultay, yığıncaq və
mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc
olunmuş məqalələrinin daxil olduğu “Əsərləri: (1917-aprel 1918)”
adlı kitabının IV cildi “Qanun” nəşriyyatında çap edilmişdir;
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına
çevirdiyi, ön sözünün müəllifi olduğu M.Ə. Rəsulzadənin Bakı və
Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində
yazdığı əsərlərinin daxil olduğu “Bakı və Azərbaycan tarixinə dair
əsərlər (1918-1919)” adlı kitabı “Qanun” nəşriyyatında çap
edilmişdir.
2014
– Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında
xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf”
ordeni ilə təltif edilmişdir;
–
Professor Şirməmməd Hüseynovu 90 illik yubileyi münasibətilə Azərbaycan
Mətbuat Şurasının “O film” studiyası ilə birgə layihəsi əsasında “Ustad” adlı film çəkilmişdir.
–
Görkəmli pedaqoq, mətbuatımızın əvəzedilməz tədqiqatçısı, publisist,
professor Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş, onun
həyatı, yaradıcılıq yolu, ictimai fəaliyyəti barədə Azərbaycanın elm və
ictimai xadimlərinin məqalələrinin toplandığı
“İstiqlalın işığında” adlı kitab “Zərdabi LTD” MMC-də çap
olunmuşdur.
–
Toplayıb, ərəb əlifbasından latın əlifbasına çevirdiyi, ön sözünün
müəllifi olduğu M.Ə. Rəsulzadənin 1918-ci il fevral-1920-ci il aprel
aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq
əsərinin daxil olduğu “Əsərləri: (1918-aprel, 1920)” adlı
kitabının V cildi “Təhsil” nəşriyyatında çap edilmişdir;
– Bakı
Dövlət Universiteti tərəfindən “Şirməmməd Hüseynov. Biblioqrafiya”
adlı kitab nəşr olunmuşdur (tərtib edənlər: Aygün Əzimova, Samir
Mirzəyev; red. Şamil Vəliyev)
2015-2017
– Toplayıb, ərəb əlifbasından latın əlifbasına çevirdiyi, ön sözünün
müəllifi olduğu ““Azərbaycan” qəzetində parlament hesabatları və
şərhlər: noyabr 1918 - aprel 1920” adlı kitabının I, II və III
cildləri “Qanun” nəşriyyatında çap olunmuşdur.
2017
– Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri” layihəsi
çərçivəsində İçərişəhərdəki “Muğam”
klubunda professorun “Üzeyir Hacıbəyli
fenomeni” mövzusunda mühazirəsi dinlənilmişdir.
2018
– Akademik Rafael Hüseynovun
professor Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr etdiyi
“Millət yaddaşının keşikçisi”
adlı kitabı
“Elm və təhsil” nəşriyyatında çap edilmişdir.
2019
– 24 iyunda görkəmli pedaqoq, mətnşünas, milli mətbuat tarixinin
misilsiz araşdırıcısı Şirməmməd Hüseynov Bakı şəhərində vəfat etmişdir.
– 25
iyunda Bakı Dövlət Universitetində alimlə vida mərasimi keçirilmiş,
İkinci Fəxri Xiyabanda dəfn edilmişdir;
– Görkəmli mətbuat xadiminin vəfatından sonra həyat yoldaşı Ülkər
Hüseynova tərəfindən 40 gün ərzində mətbuatda çap olunan yazıların
toplanıldığı “Sizdən bir də olmayacaq. Əlvida” adlı kitab
tərtib edilərək “AFPoliqrAF” nəşriyyatında çap olunmuşdur;
– Şair,
publisist Ramiz Orsərin “Haqqın səsi: Professor Şirməmməd
Hüseynovun portret cizgiləri” adlı kitabı “Elm və təhsil”
nəşriyyatında çap edilmişdir;
–
Görkəmli mətbuat xadiminin anadan olmasının 95-ci ildönümü münasibətilə
Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının qarşısında
barelyefinin açılış mərasimi keçirilmişdir;
–
Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti tərəfindən “Şirməmməd Hüseynov mükafatı” təsis edilmişdir;
– 17
dekabrda Milli Kitabxanada Şirməmməd Hüseynovun anadan olmasının 95
illiyi ilə əlaqədar “Şirməmməd Hüseynov – 95” adlı kitab
sərgisi keçirilmişdir.
2020
– Diplomat, araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbova “Şirməmməd
Hüseynov mükafatı” verilmişdir.
2021
– Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya “Şirməmməd Hüseynov
mükafatı” verilmişdir;
– Professorun anadan olmasının 97-ci ildönümü
münasibətilə Azərbaycan Mətbuat Şurasında və Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsində anım tədbirləri keçirilmişdir;
– Həyat yoldaşı Ülkər Hüseynova tərəfindən alimin
100 illiyinə həsr edilmiş, onun həyat və fəaliyyəini əks etdirən “Cümhuriyyət adamı” adlı kitabı “AFPoliqrAF” nəşriyyatında çap
olunmuşdur.
2022
– Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri
Vilayət Quliyevə “Şirməmməd Hüseynov mükafatı” təqdim edilmişdir.
2023
– Məmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Rais Rəsulzadəyə “Şirməmməd Hüseynov mükafatı” təqdim edilmişdir.
2024
– Ülkər Hüseynovanın alimin 100 illik yubileyinə həsr olunmuş “Vətənə xidmətin alimlik etalonu” adlı kitabı “Optimist”
nəşriyyatında çap olunmuşdur;
–
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən görkəmli alim,
professor Şirməmməd Hüseynovun 100 illik yubileyi münasibətilə
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Şirməmməd
Hüseynov: (Şirməmməd Ağaməmməd
oğlu Hüseynov). Biblioqrafiya”
kitabı
nəşr
edilmişdir;
-
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın
görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan “Şirməmməd
Hüseynov: (Şirməmməd Ağaməmməd
oğlu Hüseynov). Biblioqrafiya”
kitabının təqdimat mərasimi
olmuşdur;
-
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən görkəmli
alimin 100 illik yubileyinə həsr olunmuş “Professor Şirməmməd
Hüseynov - 100” adlı Elektron Məlumat bazası hazırlanaraq
oxuculara təqdim olunmuşdur;
-
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Görkəmli alim -Şirməmməd Hüseynov”
adlı ənənəvi və virtual
sərgi tərtib olunaraq istifadəçilərə təqdim olunmuşdur.