E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR SALMAN MÜMTAZ HAQQINDA


Xatirimdədir, mən 1950-ci ildə Bakıda Təhlükəsizlik Nazirliyində işə başlayanda, o vaxtlar Salman Mümtazın bir neçə materialını axtarırdım, 1938-ci ildə işləyən adamlardan biri gördü ki, bu işlərə maraq göstərirəm, dedi ki, bilirsiniz, bu həyətdə - binanın həyəti var, həbsxana da orada yerləşirdi, - Hüseyn Cavidin, Salman Mümtazın kitabxanasından qiymətli kitabları ermənilərin və başqa millətə mənsub olanların, çox savadsız adamların gətirib burada vəhşicəsinə yandırdıqlarını gördüm. Mane olmaq istədim, ancaq bacarmadım. Əlbəttə onlar nə bilirdilər ki, Salman Mümtazda olan nadir kitablar nədir? Əgər bilsəydilər ki, o kitablar Azərbaycan üçün dəyərlidir onsuz da yandıracaqdılar, çünki Azərbaycanı dağıtmaq istəyirdilər. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin istintaqını aparanlar onların səviyyəsinə çata bilərdilərimi? Yox! Çünki onların əksəriyyəti savadsız adamlar idi. O vaxtlar 1937-1938-ci illərdə NKVD-də, yəni Daxili İşlər Komissarlığında ali savadlı bir – iki adam tapa bilərdin, bəlkə də, yox idi. Çoxunun heç orta savadı da yox idi…

***

Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları.

Heydər Əliyev
Ümummilli Lider


Sonsuz əziyyətlə topladığı əlyazmalardan misilsiz bir kitabxana yaratmışdı. Zənginliyinə görə təkcə Əbdülqəni Nuxəvi Xalisəqarızadənin (1817-1879) və Məhəmmədəli Tərbiyətin (1877-1940) şəxsi kitabxanalarıyla müqayisə ediləcək bu xəzinənin üstünlüyü ondaydı ki, Salman Mümtazın yığdığı əlyazmaların əksəriyyəti türkcəydi.

Ədalət Tahirzadə,
filologiya üzrə fəlsəfə doktoru, professor


Salman Mümtaz böyük kitabşünas və kitab aşiqi idi. Xalqımıza xidmət üçün şairlərimizin, alimlərimizin əsərlərini itib-batmaqdan, məhv olmaqdan xilas etməyi özünün müqəddəs borcu bilmişdir. Lakin Salman adi kitabşünaslardan, sadə biblioqraflardan deyildi. Adi biblioqraflar kitabların məzmununu və zahiri əlamətlərinin təsvirini yaradan adamlardır ki, belələri hər kitabxanada olur və olmalıdır. Bunlar kitabşünaslıq elminin mütəxəssisləridir. Bunlara sadəcə kitabşünas deyirlər. Bundan başqa bir də biblioman var. Bibliomanlar kitab həvəskarı, kitab sevən, kitab aludəsi olan adamlardır. Bu cür kitab aludələri də mədəni xalqlarda və ölkələrdə az olmur. ancaq bibliograf, biblioloq və bibliomandan üstün bir də bibliofil olur, bibliofil nadir kitabları toplayıb bir də bibliofil olur. Bibliofil nadir kitabları toplayıb qoruyan insanlardır. Bunlara biz Azərbaycan dilində ən müvafiq ad axtarsaq “kitab aşiqi” deyə bilərik. Salman Mümtaz adi bibliofil idimi? Nadir kitablar aşiqi idimi? Yox, ona bundan da yuxarı bir ad tapmalıyıq çünki Salman Mümtaz çap olunmuş kitablardan başqa şairlərimizin əlyazmalarının da aşiqi idi.

Əkrəm Cəfər,
dilçi, ədəbiyyatşünas


Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri də görkəmli ədəbiyyatşünas Salman Mümtazdır. Fondda onun 1925-28-ci illərdə bir birinin ardınca çap etdirdiyi kitabları saxlanılır. Bu kitablardan bir qismini o, avtoqrafla ayrı-ayrı şəxslərə bağışlamışdır. Salman Mümtaza bağışlanmış avtoqraflı kitablar onun gözəl alim olduğunu bir daha təsdiq edir. Bu kitablar içərisində «Татарски Букварь» (С. Петербург, 1856), Yenikolopovun avtoqrafı ilə alimə bağışlanmışdır. XIII-118 şifrli kitabındakı avtoqrafda isə Salman Mümtaz böyük ədəbiyyatşünas kimi yüksək qiymətləndirilir: “Azərbaycanın ədibi-mümtazı, şeir və ədəbiyyat aşiqi-dilgüdazı möhtərəm dostum Salman Mümtaza bir xatireyi-müvəddət. 10 mart 1925. İ.Hikmət” (Avtoqraf)

İsmayıl Hikmət,
professor, ədəbiyyatşünas


Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edirdi.

Yavuz Akpınar
Türk şairi, alim


Məqalələr cümləsində xüsusi olaraq möhtərəm arkadaşımız Salman Mümtazın oxuculara bəxş etdiyi “Nəsimi” məqaləsi həqiqətən milli ədəbiyyatımızın xəzinəsinin ziqiymət bir gövhərdir. İndiyə qədər Nəsimi özü qeyri-mə’ruf bir zat deyil idi. Nəsimi ümumən Şərq ədəbiyyatı içərisində dəfələrlə zikr olunurdu. Lakin dərd burasında idi ki... Nəsimi kimi möhtəşəm, müəzzən bir zat avazəsi qırıq-qırıq bəndlər ahəngində... eşidildikdə həqiqət hali düşünmək olmayırdı...İndi Salman Mümtaz yoldaşımız doğma şairimizi arayıb kim olduğunu təhqiq etmiş və buna kifayət etməyərək onun acı sərgüzəştini “Maarif və mədəniyyət” çırağının işığında doğru vəsiqələrlə bizə gödtərmişdir...Mümtazın məqaləsi əcibə “Nəqş-nüma” kimi yeni tapılmış şairimizi rəngarəng tərkiblərdə göstərir: Nəsimi-şair, Nəsimi-filosof, Nəsimi-aşiq, Nəsimi-sufi, Nəsimi-hürufi!...Bu fəqərələr hər birisi... ayri-ayrı bir məqaləyə mündərc ola bilərlər”.

Sultan Məcid Qənizadə
“Maarif və mədəniyyət” jurnalının redaktoru, maarifçi


“Studentlərin nəşriyyat heyətinə maddi və mənəvi yardımda bulunan məzkur əşxaslardan artıq-artıq dərəcədə razılıq edib və ümid bağlayırıq ki, böylə lazımlı adamlar millətimiz arasında daha da artar və onların hümməti sayəsində də studentlərin nəşriyyat işi vüs’ət tapıb camaatımıza mənfəət gətirər”.

Yusif Vəzir Çəmənzəminli
Görkəmli yazıçı-alim



Salman Mümtaz Azərbaycan ədəbiyyatı tarixinə, mədəniyyətinə, incəsənətinə böyük bir sevgi və məsuliyyətlə yanaşan şəxsiyyət olub.

Maarif Teymur,
ədəbiyyatşünas, publisist, mətnşünas


Ədəbiyyatşünas və folklorşünas Salman Mümtaz... böyük işlər görmüşdür. Mümtaz bütün ömrü boyu folklor nümunələrini yığmış, səliqəyə salmış və mümkün olanlarını çap etdirmişdir. Beləliklə, o, böyük xəzinə qoyub getmişdir. Bu xəzinə Azərbaycan xalqının dünyagörüşünü, bədii təfəkkürünü öyrənmək işində gözəl mənbədir.

Paşa Əfəndiyev,
Əməkdar elm xadimi, professor


“Bir dəfə atamın iş otağına girdim, məktəbdəki qiymət cədvəlimi ona göstərdim. O çox məşğul idi, çoxlu qovluq yazı masasının yanına üst-üstə yığılmışdı. O qovluqları mənə göstərib dedi ki, qızım bax bunlar Nizami babanın əsərləridir. Bunları kitab halında buraxacağam, sən də oxuyacaqsan”

Şəhla Mümtazzadə
(Salman Mümtazın qızı)


Salman Mümtazın böyüklüyü ondadır ki, araşdırmaları yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmayıb, Şərq klassikləri Firdovsi, Sədi, Rudəki, Nəvai, Məxdumqulu və başqaları haqqında da sanballı yazıları var.
Şübhəsiz ki, Salman Mümtaz əzəmətinin anlaşılması üçün dünya ədəbiyyatı zirvəsində qərar tutmuş bir neçə korifey sənətkarla münasibətləri kifayətdir. O, sanki Şərq - Qərb ədəbiyyatı və söz adamları arasında bir dilmanc, əlaqələndirici körpü idi...

Urxun Qalabəyli
(Salman Mümtazın nəvəsi)


Seçkin və səxavətli Ustad, məzarı da bilinməyən böyük Salman Mümtaz! Sənin məqbərən bizə təzədən qaytardığın ölməz qələm sahiblərinin solmaz şeirləridir!
Cənnəti insan yerdən uzaqlarda, səmalarda, xəyali bir aləmdə təsəvvür edir. Amma əsl cənnət millətin bağrının başı, onun öz əziz övladlarına sevgi ilə açılmış qucağıdır.
Salman Mümtaz bundan sonrakı bütün zamanlar içərisində - Azərbaycan xalqı var olduqca, bu xalqın könlündəki söz-sənət, şövqü var olduqca, həmin cənnətdə, millətin məhəbbətlə açılmış qucağında, millətin bağrının başında yaşayacaq.

Rafael Hüseynov
akademik


Salman Mümtaz fars və azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə şeirlər oxuyardı. Onun çox yaxşı yaddaşı var idi.

Rza Təhmasib
Xalq artisti, aktyor


Salman Mümtaz çox böyük adamdır. Toplayıcı idi. Mən çox şeyi ondan öyrəndim. Bizim başımıza gələn faktları da Salman Mümtaz qabaqcadan demişdi.

Əziz Şərif
Əməkdar elm xadimi, professor


Salman Mümtaz ədəbiyyat tariximizi, folklorumuzu toplayanda, axtarıb soraqlayanda məxəzlər dağınıq idi, sistemləşdirilməmişdi. Yaşlı adamların yaddaşında yaşayan söz sənətimizin izinə düşürdü. İşıqlı ünvanlara da gedib çıxdığı vaxtlar da olurdu, qaranlıq ünvanlara tuş olduğu vaxtlar da. Bəzən bir yazının harada olduğunu, kimə mənsubluğunu müəyyənləşdirmək üçün 10, 15, 20 il axtarır, soraqlayırdı. Bu işlərin hamısını Salman Mümtaz öz cibinin maliyyəsi ilə edirdi.

Nəsiman Yaqublu
tarix elmləri doktoru, professor


Bir dəfə cəm olub “İbrahimbəy səyahətnaməsi”ndən söhbət edirdik. Burada Mollanəsrəddinçilərdən Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifov var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddinin cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifov idi…. Birinci felyetonu mən başlayıb “Mozalanı” Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Salman Mümtaz apardı.

Əbdürrəhim bəy Haqverdiyev
Əməkdar incəsənət xadimi,
yazıçısı, dramaturq


“Salman Əsgərov cənabları Qafqaziyada vaxtımızın ən müqtədir şairlərindən sayılan bir zat olub, “Molla Nəsrəddin” jurnalında özünün pürməna şeirləri ilə millətimizin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmi ilə xidmət edib, hala öz məsləkində davam edib, hazırda öz jurnalında “Kəlniyyat” jurnalında qələmi ilə xidmət edir...Əsgərov cənabları aşiqü-şerü mətbuat olduğu üçün kasıb şairlərimizə Molla Nəsrəddin jurnalına və qeyri-mətbuatımıza maddi cəhətdən özündən və özgədən hümmət yetişdirir.

Molla Nəsrəddin


Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, ədəbi nümunələrin və əlyazmaların toplanması, zəngin folklor xəzinəmizin tədqiq edilməsi sahəsində böyük xidmətləri olan görkəmli ədəbiyyatşünaslarımızdan biri Salman Mümtazdır. Ədəbi hüquqları bərpa edilmiş Salman Mümtazın əsərləri, Azərbaycan ədəbiyyatını öyrənmək sahəsində onun vaxtı ilə apardığı tədqiqat işi indi də öz əhəmiyyətini saxlayır, həm oxucular, həm də mütəxəssislər üçün faydalıdır.

Əkbər Ağayev
filologiya elmləri doktoru, professor


SSRİ Yazıçılar İttifaqının I Qurultayında: Əlbəttə hamımız bir-birimizə bənzəmirdik hərəmizin öz xarakteri, öz xüsusiyyətləri vardı. Salman Mümtazın sinəsi klassik şairlərimizin şeirləri ilə doluydu. Bizə onların şeirlərindən, qəzəllərindən oxuyub, geniş təhlil edirdi. Danışarkən gözlərində klassiklərimizlə iftixar hissi parlayırdı. Mən bir sıra hafizəli şəxslər görmüşəm, lakin Salman Mümtaz kimisini yox. Ona bir kərə şeir oxusan... Sabahı o sənə həmin şeirləri təkrar, eynən deyə bilərdi.

Süleyman Rüstəm
Xalq şairi


Azərbaycan ağız ədəbiyyatının toplanma və öyrənilməsinə böyük əmək sərf edən ziyalılardan biri də Salman Mümtaz oldu. Salman Mümtaz hər şeydən əvvəl böyük folklor toplayıcısı idi. O, eyni zamanda milli folklorşünaslığın önündə gedən, bir sıra tarixi faktları açıqlayan, onlara ilk şərh verən, Kitabi-Dədə Qorqud, Sarı Aşıq, Aşıq Qurbani, aşıq sənəti, ozan yaradıcılığı, xalq şeiri və s. barədə ilk dolğun nəzəri mülahizələrin müəllifi idi.

Azad Nəbiyev,
AMEA-nın müxbir üzvü


Salman Mümtaz çalışmalı və doqquz yüz il əvvəl yaşamış şairimizin (XI əsr fars şairi, nasiri Xosrov Ələvi) şeirlərini meydana çıxarmalıdır. Bunlar tapılarsa, ədəbiyyatımızın indiyə qədər bəlli olanlardan daha qədim bir nümayəndəsi əldə edilmiş olar.

Yusif Vəzir Çəmənzəminli
yazıçı, ictimai-dövlət xadimi


Alim tanıyıram Qoca Qafqazın
Çeşmətək durulub dibindən çıxır.
Alim var, sağ əli Salman Mümtazın,
Sol əli Hümmətin cibindən çıxır.

Hüseyn Arif
Xalq şairi


Qələm silahını aldılar ələ,
Köhnə yığıncağa düşdü vəlvələ.
İlk dövrdə Həqqi, Həbib, “Naümid”,
Sabir, Nəzmi, Razi, Məhəmməd Səid,
Məhzun, Haqverdiyev, həm Salman Mümtaz,

Şövqi, Əsgərzadə, Natiq, “Binamaz”,
Sidqi, Hacınski, Nemət, Qəmküsar,
Rüstəm, Məhəmməd Səid, Xuraman, Memar,
Hətta qocalardan Mirzə İsmayıl,
Olmuşdu şadlıqla orduya daxil

Əli Nəzmi,
ədəbiyyatşünas, şair


Salman Mümtaz Azərbaycan ədəbiyyatının araşdırılması, təbliği işində çoxyönlü fəaliyyət göstərdiyi kimi, bir folklor toplayıcısı kimi də fərqlənmiş, şifahi söz sənəti irsinin nəşrində misilsiz xidmətlər göstərmişdir.

Nəcəfov Nəcəf
Salman Mümtazın tədqiqatçısı, ədəbiyyatşünas


Azərbaycanın ayrı-ayrı bölgələrində, elmi axtarış səfərlərində olmuş Salman Mümtaz külli miqdarda aşıq və el şairlərinin şeirlərini toplamaqla bərabər, onlarla bayatı, atalar sözü, rəvayət və s. janrlara dair örnəklər də yazıya almışdır.

İsrafil Abbaslı
Professor, ədəbiyyatşünas


Öz klassik kitabxanası sayəsində Salman Mümtaz klassik ədəbiyyatımızın xüsusən poeziyamızın məhşur bilicilərindən biri idi.

Məmməd Əkbər
Yazıçı


Salman Mümtaz Azərbaycan ədəbiyyatına aid nadir kitabları toplamış bir tədqiqatçı idi.

Sabit Rəhman
Əməkdar incəsənət xadimi, yazıçı

***

Salman Əsgərov və ya ləqəbi ilə Mümtaz “Molla Nəsrəddin” jurnalında özünün 12 pürməna şeiri ilə millətin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmi ilə xidmət edir.

İqbal qəzeti 1913


Salman Mümtaz bir çox klassik ədib və şairlərimizin əsərlərini birinci dəfə səliqəli və izahlı nəşr etmişdir. Elə ədəbiyyatçı yoxdur ki, həmin kitabları oxumamış, istifadə etməmiş olsun.

Mir Cəlal,
Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor


Azərbaycanda ən zəngin əlyazmaları, doğrudan da Salman Mümtaz tərəfindən toplanmışdır. Bu kitablar hər cəhətdən qiymətli və nadir kitablardır.

Mehdi Hüseyn,
Xalq yazıçısı


Salman Mümtaz nəcib insan, istedadlı tədqiqatçı idi. Görkəmli ədəbiyyatşünasın toplayıb nəşr etdirmiş olduğu əsərlər ədəbiyyat tariximizə, o cümlədən Azərbaycan tarixinə dair faktların öyrənilməsi baxımından indi də maraqlıdır və öz əhəmiyyətini itirməmişdir.

Rasim Tağıyev
filologiya elmləri namizədi, mətnşünas


1923-cü ildə “Qızıl Şərq” jurnalında dərc etdirdiyi “El şairi Qurbani” adlı məqaləsində Dirili Qurbanidən bəhs etmişdir. Məqalənin adı Qurbaninin el şairi olması və əsl adı barədə fikirlərini təsdiq etməklə yanaşı Salman Mümtazın necə bir həssas tədqiqatçı olduğunu sübuta yetirir.

Qəzənfər Kazımov
Professor, ədəbiyyatşünas


Salman Mümtaz “Ədəbiyyatın yaradılması üçün könüldən çalışaraq azərbaycanlıların adını göylərə qədər yüksəldən və onların hər bir varlığını dünyanın hər bir güşəsinə eşitdirən” Nəsimi, Həbibi, Xətai və Füzuli kimi imzaları ilə dil fərqinə görə öz böyük sələflərindən – Xaqani, Nizami kimi mütəfəkkirlərdən ayırmır, onlar arasındaki ədəbi-bədii silsiləni bərpa etməyi yeni ədəbiyyatşünaslığın təşəkkül dövründəki ümdə vəzifəsi hesab edir. Salman Mümtazın ikinci böyük xidməti klassikin bioqrafiyası ilə bərabər onu yaşadan xalq tarixinin qiymətli səhifələrini tapıb aşkar etməsi idi.

Nizaməddin Şəmsizadə
Əməkdar elm xadimi, professor


 

 

<< Geri