E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR SABİT RƏHMAN HAQQINDA


  “Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynamışdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları".

 

Heydər Əliyev,

Ümummilli lider

 

************

“Sabit Rəhmanın komediyalarının sabit və dəyişməz bir cəhəti vardır ki, bu komediyaları həqiqi mənada müasirdirlər, dövrlə, sovet adamlarının işi, həyatı və marağı ilə möhkəm bağlıdırlar. Onlar güldürəndə də, düşündürəndə də nəcib məqsəd izləyir, kərəmovların, əliquluların, şəlalələrin fəaliyyət dairəsini məhdudlaşdırmağa, yalanı, xudpəsəndliyi, rüşvətxorluğu, qənimətçiliyi aramızdan yox etməyə kömək edirlər. Bizə Sabit gülüşü çox lazımdır”.

 

Məmməd Arif,

tənqidçi-filoloq,

AMEA-nın həqiqi üzvü

 

************

 

   “Komediya yazan müəlliflərimizin sayı artmış olsa da, Sabit Rəhman hələlik bizim yeganə komedioqrafımızdır, çünki komediya onun yaradıcılığı üçün daha çox üzvidir və onun istedadının xüsusiyyətini təşkil edir. Sabit Rəhman güldürə bildiyi kimi düşündürməyə də çalışır”.

 

Cəfər Cəfərov,

teatrşünas alim,

AMEA-nın müxbir üzvü

 

************

 

   “Sabit Rəhman yaradıcılığı ədəbiyyatımızda çox orjinal bir hadisədir və irəliyə doğru böyük bir addımdır. Ona görə ki, o, komik üsullu dram əsərində bir bəzək kimi işlətmədi, sərbəst bir janr olaraq inkişaf etdirdi və sovet varlığının, zəmanəmizin sağlam komediya üçün, müsbət idealı ifadə edən komediya üçün bollu material verdiyini sübut etdi”.

 

Mirzə İbrahimov,

Xalq yazıçısı,

AMEA-nın həqiqi üzvü

 

************

 

  “Mən həmişə Sabit barədə fikirləşəndə istər-istəməz teatr barədə fikirləşirəm. Sabit Rəhman və Azərbaycan teatrı – mənim üçün bu iki anlayışın arasında ən sıx yaxınlıq var...”.

İlyas Əfəndiyev,

Xalq yazıçısı

 

************

 

  “Sabit Rəhmanın dramaturgiyasında, komedioqraf üçün yüksək keyfiyyət olan xarakterlər və vəziyyətlər komediyasının vəhdət təşkil etməsi böyük əhəmiyyətə malikdir. Bu mənada Sabit Rəhmanın komediyalarında qaynar nikbinliklə dolu olan gənc Şekspir komediyasının ruhu duyulur”.

 

Anatoli Qlebov,

rus dramaturqu

 

************

 

  “Sabit Rəhman yaradıcılığında klassik komediya məktəbinin realist ənənələri özünü aydın göstərir. Onun komediyalarının ideya-bədii əhəmiyyəti, tərbiyəvi gücü çox qüvvətlidir. Bunlar həqiqi sənət əsərləridir. Sabit Rəhmanın sənətkarlıq qüdrəti, istedadının dərəcəsi, həyat müşahidəsi, mədəni səviyyəsi komediya janrında yaratdığı əsərlərində öz əksini tapmışdır. Bu komediyalar cəmiyyətimizin inkişafına mane olan hər nə varsa, hamısını ifşa etmək məqsədi daşıyır”.

 

Leyla Bədirbəyli,

Xalq artisti

 

************

 

  “Sabitin özünün “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Hicran” və başqa komediya əsəri ilə bir çox satirik hekayələri ilə Azərbaycan xalqının hüsn-rəğbətini qazanmış və Azərbaycan ədəbiyyatında özünəməxsus görkəmli yer qazanmış böyük bir sənət məktəbi yaratmışdır”.

 

Kazım Kazımzadə,

Xalq rəssamı

 

************

 

  “Sabit Rəhmanın satirik istedadı onun yaradıcılığının tam açılmamış, açıla bilməmiş qatıdır. Bunun bir səbəbi də tənqidin Sabit Rəhman sənətini müəyyən illərdə, dövrlərdə yanlış qiymətləndirilməsi, düzgün yazmaması, haqsız damğalanması ilə bağlıdır. Bu gün bizə qəribə gəlir ki, Sabit Rəhmanın “Toy” əsəri vaxtilə cahil hücumlara məruz qalıb. Bundan sonra da Sabit Rəhmanın demək olar ki, elə bir komediyası yoxdur ki, tamaşaçılar tərəfindən böyük rəğbətlə, tənqid tərəfidən çoxlu iradlarla qarşılanmasın. “konfliksizlik nəzəriyyəsi” hökm sürən dövrdə Sabit Rəhmanı konfliktlərinin kəskinliyinə görə təqsirləndirmişlər, “konfliksizlik nəzəriyyəsi” aradan çıxandan sonra isə yazıçını əsərinin konfliktsizliyinə görə qınamışlar”.

 

Anar,

Xalq yazıçısı

 

************

 

  “Sabit Rəhmanın komediyalarında bəzən söz və atmacalar vasitəsilə gülüş doğurmaq hallarına təsadüf edilsə də, burada komiklik əsasən konflikt və xarakterin mahiyyətində ifadə olunur. Onun komediyalarında həyat hadisəsinin komikliyi bir də surətlərin janrın spesifikasına uyğun bədii vasitələrlə tipikləşdirilməsi və ümumiləşdirilməsi ilə açılır. Müəllifin istifadə etdiyi bədii mübaliğə, qrotesk, hiperbola, şüurlu surətdə şişirtmə, kəskinləşdirmə və s. vasitələri xüsusi qeyd etmək lazımdır. Həm də Sabit Rəhman yalnız mənfi surətləri deyil, müsbət surətləri də müvafiq vasitələrdə tipikləşdirir və beləliklə də, komediyaların üslubi tamlığını təmin etməyə çalışır. Müasirlik və ideyalılıq Sabit Rəhman dramaturgiyasının əsas keyfiyyətidir. Sabit Rəhman konflikt və xarakteri komik vəziyyətlərdə və intriqalarda açmaq cəhədən ustad dramaturqdur”.

 

Arif Səfiyev,

filologiya elmləri doktoru

 

************

 

 “Görkəmli komedioqrafımız nəinki dövrünün, hətta özündən sonrakı dövrlər üçün də səslənə bilən mövzulara toxunmuş və görkəmli komediyalar yaratmışdır. Mən çox xoşbəxtəm ki, Sabit müəllimin əsərlərində oynamışam”.

 

Sofa Bəsirzadə,

 Xalq artisti

 

************

 

   “Yazıçı dra-maturq Sabit Rəhmanla yaradıcılıq əlaqəm 1947-ci ildən, “Ulduz” musiqili komediyası üzərində işlədiyim vaxtdan başlayır. Azərbaycan teatrının inkişafına xidmət edən dramaturqlar arasında öz səsi, dəsti-xətti ilə tanınan Sabit Rəhmanın “Ulduz” musiqili komediyasının librettosu ilk oxunuşdan mənim diqqətimi cəlb etdi. Hər pərdənin musiqisi tamamlananda mərhum rejissor Şəmsi Bədəlbəyli və Sabit Rəhmanla birlikdə görüşüb məsləhətləşirdik”.

 

Süleyman Ələsgərov,

Xalq artisti, bəstəkar

 

************

 

   “Satira və yumorun ciddi gülüş kimi vacib prinsipi Sabit Rəhman yaradı-cılığının əsas xüsusiyyətlərindən birini təşkil edir. Bu xüsusiyyət tam mənası ilə hakim olduğu hallarda müəllif zəhməti səmərəli, müvəffəqiyyətli bəhrələr verir. Demək olar ki, Sabit Rəhmanın gülüşü ciddiyyətdən, realizmdən ayrı deyildir. Onun qələmi keyfiyyətli və uzun ömürlü əsərlər yetirmişdir. Onlar təbii ki, fitri istedad çeşməsindən çağlayıb gələn əsərlərdir...”.

Mehdi Məmmədov,

Xalq artisti, rejissor

 

<< Geri