E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

SABİT RƏHMANIN GÖRKƏMLİ ŞƏXSLƏR HAQQINDA  FİKİRLƏRİ


 

Hüseyn Cavid haqqında :

"Bir müəllim olaraq Hüseyn Cavid sərbəst tədris tərəfdarı idi.Heç bir metodikaya tabe deyildi. Proqrama riayət eləmirdi. Bildiyindən, gördüyündən danışırdı. Bəzən tələbənin bir sualına verdiyi cavab iki tədris saatına sığışmırdı.Tələbəyə nəsihət verməyi, acıqlanmağı qətiyyən sevmirdi. Səs- səmir olanda yalnız bunu deyirdi : "Kim maraqlanmırsa çıxsın, icazə verirəm". Hüseyn Cavidin dərsindən kim çıxardı? Elə bil hər gün dərs keçmirdik, şair ilə görüş keçirirdik" .

 

*********


Abdulla Şaiq haqqında :

"Darülmüəllimin son sinfində ədəbiyyat dərsini Abdulla Şaiq verirdi. Abdulla Şaiq sonralar İnstitutda da mənim ədəbiyyat müəllimim oldu. Proqrama diqqətlə riayət edərdi.(Həmin proqramın müəllifi də özü idi). Çox səliqəli idi. Bir dəqiqə belə dərsə gecikməzdi. Fənni mükəmməl bilirdi.Abdulla Şaiq əsl mənassında müəllim idi, sinifdə tələbələri nə ilə, nə cür maraqlandırmağı, biliyi tələbənin beyninə necə aşılamağı bilən bir pedaqoq idi".

 

*********


Süleyman Sani Axundov haqqında  :

"Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işlədiyim üçün, başqa dramaturqlarla olduğu kimi, Süleyman Sani ilə də tez tez görüşürdüm. Hər ikimiz "Eşq və intiqam" dramının səhnədə oynanmasını istəyirdik. Mən ha çalışırdım ki, Süleyman Sani müəyyən təşkilatlarla getsin və bu barədə xahiş eləsin onu bu işə sövq eləyə bilmirdim. Əsərinin səhnədə oynanmasını çox istəyirdi, ancaq təvəqqə eləmək, öz dili ilə desək "minnət eləmək" istəmirdi.Bu münasibətlə biz tez-tez görüşdüyümüzdən dostlaşmış və həmsöhbət olmuşuq. Onu da burada qeyd eləyim ki, vəfatından bir az keçəndən sonra " Eşq və intiqam" səhnəmizdə böyük müvəffəqiyyətlə oynandı, illərlə repertuardan çıxmadı".

 

*********


Mikayıl Müşfiq haqqında :

"Köhnə əlifba ilə gözəl, xırda xətti vardı. Titrək, həyəcanlı səslə şeirini oxuyardı. Əslində əlində tutduğu kağız yalnız ehtiyat üçün idi. Müşfiq əsərlərini əzbər bilərdi və mətnə baxmadan oxuyardı, elə də rəvan, gözəl, mənalı oxuyardı ki, dinləyicini özünə valeh edərdi. Mən onun şeir yazmağına təəccüb edirdim.Elə bil gecə gündüz çağlayıb axan bir bulaq idi. İşləməyinin yazmağının vaxtı vədəsi yox idi. Şəraitin əlverişli olub olmamasına baxmazdı. Bir qələm qırığı, bir parça kağızla ən böyük yaaradıcılıq qələbəsi çalmağa nail olurdu".
 

*********


Cəfər Cabbarlı haqqında :

"Orta məktəbdə oxuduğum zaman Cəfər Cabbarlını yalnız ikicə dəfə görə bilmişdim.Ancaq aramızda onun haqqında hər gün söhbət olurdu. Cəfər yaradıcılığı hamını maraqlandırmağa başlamışdı.Onun əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. Cəfər Cabbarlı son dərəcə təvazökar bir adam idi.Hamı onunçün tamarzı idi.Onu bir dəfə görməkçün hamı həsrət çəkirdi".
 

*********


Rəsul Rza haqqında :

"Rəsul Rza həyata, həyati hadisələrə şeirin gözüylə baxmağı bacaran ən adi hadisələri böyük şeiriyyətlə təsvir etməyə qadir olan bir şairdir. O, novatordur, öz oxucusuna hər şeirində yeni söz deyir, yeni fikir aşılayır. O, ədəbiyyatda atdığı ilk addımdan özünə orijinal yol seçdi, heç kəsi təkrar etmədi. Təzə fikirlərinə, təzə sözlərinə "qiriq misralarına" açılan atəşlərə böyük cəsarətlə sinə gərdi. Rəsul həyata nikbin baxan, qəmgin, bayağı hisslərə uymayan bir şairdir".
 

*********



Cəlil Məmmədquluzadə haqqında :

"Yay idi. Bərk isti idi. Bulvardan keçirdim. Mirzə Cəlilin ağaclann kölgəsində skamyanın üstündə oturaraq istirahət etdiyini gördüm. Mane olmamaq üçün salam verib keçmək istədim, işarə ilə məni çağırtdı, yanında oturdum. -Bu bulvar bizim üçün nemətdir, - dedi. Tələsmirsən ki! Mən tələsmədiyimi söylədim. O biraz da dayanıb təxminən bu cür dedi: - Bakıda göyərti çoxaldıqca isti azalır. Qabaqlarda çox isti olardı. Qabaqlarda toz da çox olardı. İndi küçələr asfalt olduqca toz yox olur. Belə getsə, on-iyirmi ildən sonra Bakı gözəlliyində şəhər yer üzündə tapılmaz. Mən bu sözləri ona görə “təxminən” yazıram ki, Mirzə Cəlil o söhbətimizdə Bakıdan çox danışdı və bu danışığından hiss elədim ki, bu adam Bakını - Azərbaycanın mərkəzini böyük bir məhəbbətlə sevir, Azərbaycanın hər bir daşına-torpağına aşiqdir. Molla Nəsrəddinin xatirəsi qəlbimizdə hər zaman əzizdir. Bu böyük yazıçının buraxdığı qiymətli irs hər zaman yaşayır və yaşayacaqdır".
 

*********


Füzuli haqqında :

"Şeirləri dörd yüz il dillərdə gəzən, sözləri xalqın əzbəri olan könül və məhəbbət şairi Füzuli- tarixin yetişdirdiyi ən nadir istedadlardan biridir.Füzuli böyük ideallar , yüksək bəşəri hisslər, ehtiraslar şairidir.Onun qəzəl və poemalarındakı dərinlik, incəlik, həssaslıq, hökmranlara, feodal- patriarxal mühitə, zalımlara qarşı nifrət, insan azadlığına olan məhəbbət oxucunu qəlbən yüksəldir, sevindirir və özünə valeh edir.Füzuli Şərqin ən məşhur, ən sevimli şairidir.Onun əsərləri, əlyazması şəklində Çindən tutmuş Qərb ölkələrinə qədər bir çox xalqların dilində əzbər olmuşdur".
 

*********


Mirzə Fətəli Axundov haqqında :

"Azərbaycan xalqı Mirzə Fətəli Axundovun, bu böyük yazıçının adını hər zaman hörmət və iftixarla çəkir.Mirzə Fətəli böyük ədib, filosof, mütəfəkkir və ictimai xadimdir. Mirzə Fətəli altı ölməz komediyanın müəllifidir, satira və yumor ustadıdır, dramaturgiyamızın teatrımızın banisidir".
 

*********

 

Qoqol haqqında :

"Qoqolun əsərlərinin təkcə rus xalqı arasında deyil, bütün qardaş xalqlar arasında məşhur olmasına səbəb ondakı böyük vətənpərvərlik hissi, dərin satira və məzəli yumordur. Onun povestləri, hekayələri, komediyaları elə gözəl yumorla yoğrulub ki, oxumağa başlayan əsəri qurtarmamış yerə qoymaq istəmir. O, öz oxucusunu təkcə güldürməklə kifayətlənmir. Bu gülüşlə bərabər, ürəyə acı bir kədər də soxulur, müəlliflə bərabər sən də, dərdlənirsən, yanır" .
 

*********


Çexov haqqında: "

Anton Pavloviç Çexov rus ədəbiyyatının ən böyük və görkəmli simalarından biridir. Yaradıcılığının çiçəklənən dövründə , cəmisi qırx dörd yaşında vəfat etmiş bu yazıçı qısa yaradıcılıq dövründə bədii ədəbiyyatın inciləri hesab olunan əsərlər yarada bilmişdir.O zamanlar rusca bilmədiyimdən Çexovu oxumağa imkan tapa bilmirdim. Onun əsərlərinin tərcüməsi isə hələ Azərbaycan dilində yox idi. Çexov böyük dramaturq olmuşdur.Onun pyes yazmağı təsadüfi olmaməş, dramaturqluq bu böyük yazıçının ətində-qanında olmuşdur.Çexov dramaturgiyada yeni bir cığır açıb, yeni bir aləm yaradıb".

 

<< Geri