|
"Biz
mənəviyyatsız, ideyasız yaşaya bilmərik. İndiki
ideyamız milli, tarixi ənənələrimiz,
millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın
yaratdığı ümumbəşəri dəyərlər əsasında - Nizami
Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin,
Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid
Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir
Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin,
Cəfər Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla
Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy
Topçubaşovun və tarix boyu bir çox digər
alimlərimizin, ədəbiyyatçılarımızın,
filosoflarımızın yaratdıqları mənəvi dəyərlər
əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir.
Əgər biz bu tarixi yaxşı təhlil edə bilsək,
gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını
çəkdiyim şəxslərin və yüzlərlə başqalarının
əsərlərindən mənəviyyata dair fikirləri mənimsəsələr,
həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz
yolla gedəcəkdi".
Heydər
Əliyev,
Ümummilli
lider
"Axirül-əmir Hacı Seyid Əzim öz vətəni Şamaxı
şəhərinə müraciət edib burada bir məktəb binası
qoymuşdur ki, onda türk, fars və rus dilləri təlim
olunurdu. Və lakin o vaxtlarda təlim-tərbiyə
məsələsi çox çətin əmrlərdən birisi hesab olunurdu.
Çünki üsuli-cədid üzrə uşaqlara oxumaq və yazmaq
öyrətmək layiqincə müntəşir olmamışdı və təlim
işlərinə mübaşir olan əşxasın üsuli-cədid nədən
ibarət olduğundan xəbəri yoxdu və köhnə qaydadan bir
müəllim dışqarı çıxsaydı və təlim üçün təzə və
yüngül bir cığır açsaydı, camaat ona rəğbət
göstərməyib, nifrətlərini çox namərbut və kobud əda
və hərəkətlər ilə izhar qılardılar. Seyidin ümdə mətləbi
və baş arzusu insaniyyət dərəcəsinə və bəşəriyyət
mərtəbəsinə vasil olmaqdır. Bu xüsusda onun nəzəri və
o qədər vəsi və genişdir ki, ona tək azərbaycan
şairi demək dürüst deyil, bəlkə ol dürri-yeganə
ümumi-insaniyyət şairidir".
Firidun bəy Köçərli
Ədəbiyyatşünas,alim
"Onun yaradıcılığı XIX əsr Azərbaycan ədəbiyyatı
tarixində
şərəfli yer tutur. O, məhəbbəti tərənnüm edən
Füzuliyanə
qəzəlləri ilə istedadlı lirik şair, maarifçi
şeirləri, təmsil, mənzum
hekayə və satiraları ilə görkəmli realist sənətkar
kimi
tanınmışdır".
Feyzulla Qasımzadə,
professor
"XIX əsr
Azərbaycan ədəbiyyatında klassik şerin mütərəqqi
ənənələrini yaradıcılıqla davam etdirən, onu yeni
estetik məzmun və orjinal bədii deyim formaları ilə
zənginləşdirən Seyid Əzim Şirvani milli poetik
təfəkkürün inkişafı tarixində xüsusi yer tutan
qüdrətli bir sənətkardır".
Zaman
Əsgərli,
filologiya elmləri doktoru
"Dünyada
yaşayışları da bəxtləri kimi qaranlıq və küskün olan
ədəbi simalardan, parlaq nasiyələrdən biri də heç
şübhə yoxdur ki, şirvanlı Seyid Əzimdir. Mövhumatın
zülməti və xürafatın kəsafəti ilə kirlənmiş bir
mühit qucağında parlayan bu zəka şöləsi, əsici
küləyə qarşı qoyulan titrək bir şam həyatı yaşamış,
həmişə zillət küləyindən şam alovu kimi titrəmişdir".
Məhəmməd Hadi
"Seyid Əzmin pedaqoqluğu onun şairliyi ilə, sözün
həqiqi mənasında birləşir. Onun pedaqoqluğu təkcə
dərs dediyi məktəblə məhdudlaşmayaraq ictimaiyyətin,
bütün Yaxın və Orta Şərq xalqlarının mariflənməsinə
xidmət etmişdir".
Alxan Məmmədov,
filologiya elmlər doktoru, professor
"XIX əsrin ikinci yarısından sonra Azərbaycanda
qüvvətlənən marifçilik hərəkatının görkəmli
nümayəndələrindən biri kimi tanınan Seyid Əzim
M.F.Axundovun başladığı işi poeziya sahəsində davam
və inkişaf etdirmiş, maarifçi realisty şerin dəyərli
nümunələrini yaratmaqla doğma ədəbiyyatımıza
misilsiz xidmət göstərmişdir. Onun gözəlliyi və
təmiz məhəbbəti tərənnüm edən parlaq lirikası hakim
və varlı təbəqələrə, mürtəce rühanilərə, mədəni
geriliyin müxtəlif təzahürlərinə qarşı çevrilmiş
kəskin satiraları, vətənpərvərlik, xalqalar arasında
dostluq, insana məhəbbət, xeyirxalqlıq, vəfa,
sədaqət kimi bəşərli hissləri təbliğ edən öyüd və
nəsihətləri, hikmatamiz hekayələri və təmsilləri
Azərbaycan bədii təfəkkürünün tarixində orjinal bir
mərhələ təşkil edir".
Knyaz
Aslan,
Pedoqoji elmlər namizədi, dosent
"S.Ə.Şirvani dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli
dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş
mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai
fikir tarixində özünəməxsus yer tuta bilmişdir.
İslam-Şərq-Türk mədəniyyəti ilə Qərb-Xristian
mədəniyyətinin hansı anlamda uzlaşa biləcəyini
qismən doğru müəyyənləşdirə bilmişdir. Xüsusilə,
onun dünyagörüşündə islam fəlsəfəsi, türk fəlsəfəsi
bir bütünlük təşkil etməsinə, eyni zamanda sxolastik
fəlsəfi təfəkkürdən çox uzaq duraraq
yenilkçi-insani-dünyəvi xarakter daşımışdır. Məhz
islam fəlsəfəsi və türk mədəniyyətinin dərkində
əsasən rasional mövqe tutmasının nəticəsi idi ki,
Şirvani də Qərb-Rus mədəniyyətinə olduqca həssas
yanaşmışdır. Onun Qərb mədəniyyətindən əsasən əxz
elədiyi məsələ, reallıqları görüb dəyərləndirmək
bacarığı və Avropa texnologiyasından səmərəli
istifadə etmək idi. Hər halda Şirvani türk
mədəniyyətinə və islam fəlsəfəsinə dərindən bələd
olan bir mütəfəkkirimiz kimi, Qərb mədəniyyətinə aid
dəyərlərin hansı anlamda müsəlman türk xalqlarının
həyatında müsbət ya da mənfi rol oynaya biləcəyini
əsasən, doğru müəyyənləşdirə bilmişdir".
Faiq Ələkbərli,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
"Əruz ritmləri Azəri qəlbinin lirik bir
simfoniyasıdır. Seyidsiz çağdaş Qərb ilə Şərqi
özündə ehtiva edən əsl milli azərbaycanlı siması
təsəvvüredilməzdir".
Aynur Atabəyli (Fərəcova),
tənqidçi-şairə
|