ADİL İSGƏNDƏROV

Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı. Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Adil İsgəndərov 100 il əvvəl, 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona "Ədil müəllim" deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də, bu möhtəşəm sənət ocağı öz tarixində bu qədər qələbəlik görməmişdi.

Beləcə, Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi teatr deyildi. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Sonralar Adil müəllim bu tamaşanı ekranlaşdırmaq da istəmişdi. Hətta kinossenari də hazırlanmış, lakin bəzi səbəblər ucbatından əsər ekranlaşdırılmamışdı.

Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.

Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. O dövrün aktyorları xatırlayırdılar ki, Adil İsgəndərovun direktor olduğu illərdə Akademik Dram Teatrdı saat mexanizmi kimi işləyirdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktor (1966–1974) təyin etdilər. 1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.

1958-ci ildə "Uzaq sahillərdə" (Rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyir. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmndə çəkildi. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin "elçi" kimi onu barışığa çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir.

Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının "kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. "Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.

Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.

Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. "Əhməd haradadır?" bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.

Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.

68 il ömürlüyünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkarın xatirəsi bizim üçün həmişə əziz və doğmadır.

<< Geri