Azərbaycan Dövlət Kukla Teatrı - 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931-1941; 1946-1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941-1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.
Teatrın təşkilatçısı, ilk bədii rəhbəri və baş rejissoru M.Bəbirli olmuşdur. Teatr kukla teatrları beynəlxalq (Daşkənd, 1979, Bombey, 1980) və Güney Qafqaz (Yerevan, 1982, Tbilisi, 1984) festivallarının iştirakçısı olmuşdur. Teatr 1974-cü ildən Abdulla Şaiqin adını daşıyır.
Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: «Hacı Qara» (M.F.Axundov), «Zorən təbib» (J.B.Molyer), «Almas» (C.Cabbarlı), «Böyük İvan» (S.V.Obraztsov), «İsgəndər və çoban», «Cırtdan», «Nərgiz» (M.Seyidzadə) və s.
60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. «Üç nağıl» (Abdulla Şaiq), «Göyçək fatma» (M.Dilbazi), «Balaca qızcığaz Tino» (L.Babinskaya), «Gözəl Vasilisa» (Y.Z.Çernyak), «Qaravəlli» (Anar), «Üç gombul» (Y.Oleşa), «Pəri cadu» (Ə.Haqverdiyev), «Qarınqulu Zürafə» (Y.Torbai), «Qar qız» (A.A.Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 36
Telefonlar: kassa 492-64-25
Növbətçi 492-44-58
Email: info@kuklateatri.com.