E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

AZƏRBAYCAN TEATRININ TARİXİ


  Azərbaycanda teatr sənətinin qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, «Qaravəlli», «Kosa-kosa», «Kilimarası», «Şah Səlim» tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı, dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır. XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yarandı. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundov tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Bakıda yaşayıb fəaliyyət göstərən səhnə həvəskarlarının səsinə başqa qəza şəhərlərindən - Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşadan da səs verdilər. Yeni yaranan teatr truppalarının ilk fəaliyyəti dövründə repertuarın əsasını Azərbaycan dramaturgiyasının banisi, böyük maarifçi-mütəffəkir M.F.Axundzadənin komediyaları təşkil edirdi. Onun komediyalarının bu günümüzə qədər gəlib çatmış səhnə həyatı göstərir ki, onlar həmişə böyük sənət hadisəsi olmuş, nadanlığı, avamlığı kökündən dağıtmaq üçün qabaqcıl fikirli ziyalıların mübarizə vasitəsinə çevrilmişdir. Teatrın böyük ictmai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları adları çəkilən Azərbaycan şəhərləri ilə bərabər, həmçinin Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

<< Geri