E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

        QURULTAY HAQQINDA FİKİRLƏR


İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
 – Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

 


Anar, xalq yazıçısı – Qurultayın elə o vaxt rus dilində nəşr olunmuş stenoqrammasıyla tanış olanda və bütün sonrakı hadisələri göz önünə gətirəndə ən çox bu üç söz xəyalımda canlandı: Fərəh. Ümid. Faciə.
Hətta quru stenorqam hesabatından aydın görünür ki, iştirakçılar Qurultayı böyük FƏRƏH hissiylə keçiriblər. Mübahisə də ediblər, bir-birləriylə razılaşmayıblar da, amma bütün çıxışlarda türk xalqlarının misilsiz mənəvi və mədəni intibahına böyük ÜMİD səslənir. Və qurultaydan sonra keçən müsibətli illəri, həm ayrı-ayrı qurultay iştirakçılarının, həm də bütün türk xalqlarının başına gələn bəlaları yada salanda FACİƏ sözü meydana çıxır.
 


İsa Həbibbəyli, akademik, AMEA-nın vitse-prezidenti -
Birinci Türkoloji Qurultayın әsas mәsәlәlәrindәn biri latın әlifbasına keçmәk mәsәlәsi olmuşdur. Əslindә Birinci Türkoloji Qurultayın әlifba islahatlarının aparılması ilә bağlı çağırılması düşünülmüşdü. Sonra bura terminologiya, orfoqrafiya, dilçiliyin digәr mәsәlәlәri, eyni zamanda әdәbiyyat, folklor, tarix, etnoqrafiya kimi mәsәlәlәr dә әlavә olunmuşdu. Belәliklә, Birinci Türkoloji Qurultayda türkologiyaya geniş miqyasda, elmlәrin kompleksindә baxılmışdır
 


 Vilayət Quliyev, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru - 1926-cı ilin fevral-mart aylarında Bakı beynəlxalq miqyaslı mühüm elmi-mədəni və ictimai-ideoloji toplantıya - Birinci Türkoloji qurultaya ev sahibliyi etdi.Şərq xalqlarının 1920-ci ilin sentyabrındakı qurultayının məntiqi davamı sayılacaq elmi-siyasi xarakterli forum Azərbaycanın həqiqətən də Şərqlə Qərb arasında fikir və mədəniyyət körpüsü olduğunu inandırıcı şəkildə ortaya qoydu.

 


Elnarə Akimova, Milli Məclisin deputatı, filologiya elmləri doktoru - Türkoloji qurultay təkcə dünya türkologiyasının tarixində deyil, Azərbaycan siyasi tarixində mühüm hadisə idi və hətta əminliklə demək olar ki, o dövrdə ən əhəmiyyətli, hadisə idi. Bir əsr əvvəl Bakıda keçirilən bu tarixi qurultay yüz ildir ki, dünyanın humanitar platformasında ən aktual məsələlərdən biri olaraq qalır və getdikcə türk dövlətlərinin siyasi həyatına, türk düşüncəsinin məfkurəvi aspektlərinə sirayət edir. Bakının dünya türkologiyasının deyil, türk düşüncəsinin mərkəzinə çevrilməsinə rəvac verir. Qurultayda müzakirə olunan problemlər sırf elmi məsələlər idi, özündə tarixə, ədəbiyyata, linqvistikaya, etnoqrafiyaya dair ciddi məsələləri ehtiva edirdi. Alt qatda isə gələcəkdə yaradılacaq türk birliyinə yol açırdı ki, biz bu gün həmin tarixi prosesin iştirakçılarıyıq.
 


N.Əhmədov, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru - Bir əsr öncə – 1926-cı ilin fevralında Bakı şəhəri təkcə Azərbaycanın yox, bütün türk dünyasının elm və mədəniyyət salnaməsinin ən parlaq səhifələrinin yazıldığı paytaxta çevrilmişdi. Həmin günlərdə Bakının intellektual mühiti yalnız bir beynəlxalq elmi-məfkurəvi toplantıya deyil, türk xalqlarının mənəvi birliyinə, mədəni həmrəyliyinə və elmi tərəqqiyə qovuşmaq məramına da şahidlik etmişdi.


Sadiq Qurbanov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri - 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay təkcə elmi hadisə deyil, həmdə türk xalqlarının milli özünüdərk konsepsiyasının təməl mərhələlərindən biri kimi tarixə düşdü. Qurultayda səslənən ideyalar türk xalqlarının dil birliyinin, mədəni inteqrasiyasının və mənəvi həmrəyliyinin bərpasına yönəldi.


Muxtar Kazımoğlu – İmanov, AMEA-nın həqiqi üzvü,
AMEA Folklor İnstitutunun direktoru
- I Türkoloji Qurultayın görünәn vә görünmәyәn tәrәflәri var. Bu qurultayın görünәn tәrәflәrindәn biri ondan ibarәtdir ki, bu tarixi qurultayda Fuad Köprülü, Bәkir Çobanzadә, Əli bәy Hüseynzadә, Hәnәfi Zeynallı, Əhmәd Baytursun, Qalimcan Şәrәf ... kimi görkәmli türkoloqlar çıxış ediblәr. Bu çıxışların bir çoxunun mәtni olduğu kimi әlimizә gәlib çatıb. O çıxışlarda elә fikirlәr irәli sürülür ki, o fikirlәr indinin özündә dә son dәrәcә qiymәtli vә aktualdır. Qurultayın görünmәyәn tәrәflәri dә çoxdur. Görünmәyәn tәrәflәrindәn biri o vaxtkı siyasi rejimin gizli niyyәtlәri ilә bağlıdır, pәrdә arxasında nәzәrdә tutulan planlarla әlaqәdardır.


Asif Rüstəmli, filologiya elmləri doktoru, professor- Böyük Azәrbaycan dramaturqu Cәfәr Cabbarlının Birinci Türkoloji qurultayda iştirak etmәsi, “Türkoloji qurultay vә sәrf-nәhv mәsәlәsi” adlı mәqalә yazması, “İran istiqlaliyyәt mübarizәsi uğrunda” kitabının tәrcümәsi vә nәşri,
professor Vәli Xuluflunun türkoloqların ali mәclisinә qatılması barәdә ilk dәfә geniş mәlumat verilmişdir.Böyük dramaturqun mәfkurәvi türkçü, milli sәnәtkar kimi yetişmәsindә Birinci Türkoloji Qurultayın mәnәvi tәsiri şübhәsizdir.


Cəlal Qasımov, filologiya elmləri doktoru, professor -  Birinci Beynəlxalq Türkoloji Qurultay türkdilli xalqların ictimai-siyasi həyatında olduğu kimi, onların tarixində və taleyində, eləcə də dilində və mədəniyyətində də mühüm rol oynadı. Birinci Beynəlxalq Türkoloji Qurultayın gündəliyində duran məsələr türk xalqlarının milli kimliyini faktlı və predmetli şəkildə təsdiqləyən elmi səlnamədir. Qurultayda hər hansı bir türk xalqının etnik-mədəni sistem kontekstində tədqiqi, sözün geniş mənasında türkologiyanın fundamental türkoloji sisteminin yaradılmasına xidmət edir.


Azər Turan, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru -Türkoloji Qurultay XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq bir mərhələsini təşkil edir. Ötən yüz il ərzində Azərbaycanda bu miqyasda və türkolojinin bu qədər vacib problemlərini çözən oxşar bir elmi hadisəyə təsadüf olunmur.


<<  Geri