Qurultayın gündəliyində yer alan əsas məsələlərdən biri də ortaq ədəbi dil problemi idi. “Türklər üçün ədəbi dil məsələsi qurultayın 14-cü iclasında Türkiyənin və o dövr şərqşünaslığının böyük ədəbiyyatşünası professor Mehmet Fuat Köpürlüzadənin “Türk xalqlarında ədəbi dilin inkişafı” adlı məruzəsinin müzakirəsi ətrafında gedən çıxışlarda qaldırıldı”.
Adından da göründüyü kimi, məruzədə söhbət türk ədəbi dilinin keçmişindən, tarixin hansı dərinliyində bu ədəbi dilin fəaliyyətə başlamasından, bu dildə hansı və necə ədəbi-bədii və elmi əsərlərin yaradılmasından gedir. F.Köpürlüzadə qədim və yüksək mədəni tərəqqi faktı kimi türk xalqlarının mükəmməl ədəbi dil sahibi olmalarından söhbət açır, hələ islama qədər türk dilinin bir sıra ləhcələrə ayırılmış olduğundan danışır. İslamdan əvvəlki tarixdə türklərin müxtəlif əlifbalardan istifadə etmələri haqqında məlumat verir. Və bu əlifbalardan birini-Orxon əlifbasını məhz türklərin özünün yaratdığını vurğulayır-əlifba yaratmaq yaratmaq mədniyyət faktıdır və əlifba yaratmaq ədəbi dilin var olması deməkdir.
“F.Köpürlüzadə hesab edir ki, bu əlifbanı işlədən ləhcələrdən bəziləri ədəbi dillər sayıla bilərdi. Əslində, burada şərt qoymağa-“sayıla bilərdi” deməyə ehtiyac yoxdur. Çünki əlifba ədəbi dilin yazı ehtiyacını ödəmək üçün yaradılır və bilavasitə ədəbi dilin tələbi ilə gerçkələşir. Yəni yazısı olan hər bir dil və ya ləhcə ədəbi nitq təşkilatı deməkdir. İllərlə apardığı tədqiqatın nəticəsi olaraq, F.Köpürlüzadə türk dilində sasanilər dövrünə (V əsr) gedib çıxan əsərlərin olduğunu söyləyirdi”.
Dünya mədəniyyətinə hələ XIX əsrdən məlumdur ki, məhz öz əlifbası ilə yazılmış Orxon abidələrinin kamil dili timsalında VIII əsrdə türkün mükəmməl ədəbi dili vardır. Bu, kifayət qədər inkişaf etmiş ədəbi dildir. Bu, Altaydan Dünaya qədər uzanan möhtəşəm imperiyanın dövlət dilidir. Şübhəsiz, bu ucsuz-bucaqsız coğrafiyada az-çox özünəməxsus məhəlli əlamətlər qazanmış müxtəlif ləhcələr də olmalıydı. Bu nəhəng türk imperiyasının qövmləri, əşirətləri olmaq etibarilə yerli türklərin yerli ədəbi ləhcələri də imperiya ədəbi- dövlət dilinin tərkib hissələridir və təbii ki, yerli ədəbi təzahürlərdə əsas leksik, qrammatik norma imperiya- dövlət ədəbi dilinindir.
Ortaq ədəbi dil ideyasının müəllifi görkəmli Krım tatar ziyalısı İ.Qaspıralı idi. Əslində onun ümumtürk ədəbi dili məsələsi ictimai-siyasi məzmun daşıyırdı. Ancaq o, qəzetçilik fəaliyyətində M.Kazımbəyin 50 il əvvəl başladığı dil təcrübəsinə əsaslanmışdı.
İ.Qaspıralının təsisçisi olduğu “Tərcüman” qəzeti Krımdan başlayaraq Qafqaza, Volqaboyuna yayılmış, oxunmuş və anlaşılmışdı. Bunun bir əsas səbəbi də o idi ki, Krım tatar türkcəsi oğuz və qıpçaq ləhcələrinin elementləri əsasında formalaşmışdı. Türkiyə ilə daim sıx tarixi əlaqə Κrım tatar türkcəsində oğuz elementlərini gücləndirdiyi kimi, Qazan tatarları ilə bilavasitə yaxınlıq, folklor-dastan müştərəkliyi qıpçaq faktını genişləndirmiş və yeniləşdirmişdi. Bu halda “Tərcüman”ın dilini oğuz və qıpçaq coğrafiyalarının ziyalıları rahat anlamalı idilər .
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi də İ.Qaspıralının bu işini rəğbətlə qarşılayır və belə yazırdı։ “Tərcüman 30 ildir ki çıxır. Bu otuz ilin müddətində hər tərəfin müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun”.
Maarifçi, ictimai xadim Ηəsən bəy Zərdabi də ümumi türk dili ideyasını bəyənirdi. Və deməli, ortaq türk ədəbi dili uğrunda böyük mübariz Əli Bəy Hüseynzadə bu fikri öz qəzetində çap etməklə böyük ideoloq İsmayıl bəy Qaspıralıya öz rəğbətini bildirmiş olurdu.
Bütün bunlar onu göstərir ki, ortaq dil layihəsi, demək olar ki, qurultaydan əvvəl nəzəri cəhətdən hazırlanmışdı.
Ümumiyyətlə, qurultayda əksər çıxışların məzmunu bu formada idi։ türkcələr yaxındır, başa düşüləndir, rahatlıqla ortaq türk dili yaratmaq olar. Beləliklə, qurultayın gəldiyi nəticə bu idi։ əvvəldən türk ləhcələri arasında danışıq dilləri səviyyəsində anlaşma olub, indiki iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa kommunikativ vasitələrin çoxaldığı, təhsilin inkişaf etdiyi bir zamanda türklər üçün ümumi ədəbi dil yaratmaq ideyasını gerçəkləşdirmək olar.