Elmi-təşkilati işlərin çoxluğuna baxmayaraq Azərbaycanı Tətqiq və
Tətəbbö Cəmiyyəti, eləcə də SSRİ Şərqşünaslar Cəmiyyəti Azərbaycan
ziyalılarının qurultay keçirmək arzularını reallaşdırdı. Böyük
türkoloqlardan İsmayıl bəy Qasprallı və V.V.Radlovun şərəfinə 1926-cı
ilin fevral ayının 26-dan mart ayının 6-na kimi Bakı şəhərində
(“İsmailiyyə” binasında) keçirilən Birinci Türkoloji Qurultay nəinki
Azərbaycanın, bütövlükdə türkdilli xalqlarının ictimai-siyasi həyatında
olduqca mütərəqqi rol oynadı. Öz işinə başlayan qurultay iştirakçıları
ilkin olaraq təşkilati məsələləri həll etməyə çalışdı. Qurultaya sədrlik
edən Səmədağa Ağamalıoğlu idi.
Sovet hakimiyyətinin ilk illərində Türkoloji
Qurultay keçirmək qərarına gələn siyasi iradə nə qədər özünə inamlı səciyyə daşısa da tarixi yaddaşın metafizik miqyası ilə
hesablaşmalı idi. Və qurultayın İsmayıl bəy Qaspirallı ilə Vasili
Radlovun şərəfinə keçirilməsi də, əlbəttə, o mənada bunun nəticəsi idi ki,
hər ikisinin türkologiyaya və türkçülüyə xidmətləri nə qədər çox olsa
da, heç birinin sovet ideologiyasına aidliyi barədə söhbət belə gedə
bilməzdi.
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən,
Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar
hadisələrdən biri kimi tarixə düşmüşdür. Qurultayın işində Sovet birliyi
məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə
isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər,
yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak etmişdir. Türk
xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş
bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi
məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü
məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə
gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır.
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd
ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış
şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey
Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR
Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə,
professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov,
Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin
və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan
İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin
Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov,
Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali
Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa
Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın
Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.
Azərbaycanın paytaxtı Bakı şəhərində 1926-cı il 26 fevral-6 mart
tarixlərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının, o
cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin
təməlini qoyan ən əlamətdar hadisələrdən biridir. I Türkoloji Qurultayın
Bakıda keçirilməsi tamamilə qanunauyğun bir hal idi, çünki həmin dövrdə
bir çox elmi-mədəni sahələrdə olduğu kimi türkologiya elmində də
Azərbaycan öndə gedirdi. Ölkəmiz həmin dövr üçün geniş mənada
türkologiyanın əsas mərkəzlərindən biri idi. Ölkədə bu istiqamətdə
tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli
fəaliyyət göstərirdi. Heç təsadüfi deyil ki, keçən əsrin 70-ci illərində
də nüfuzlu “SovetskayaTürkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə
başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet
məkanında türkologiyanın mərkəzi kimi məşhur olmasının və təsdiqinin
ifadəsidir. Onu da qeyd edə bilərik ki, sözügedən jurnal hal-hazırda bu
gün də “Türkologiya” adı ilə beynəlxalq dərgi olaraq Bakıda nəşr olunur.
Qeyd edək ki, 1920-ci ildə Şərq xalqlarının Birinci Qurultayı da məhz
Bakıda keçirilmişdir. Həmin tədbir nəticəsində Azərbaycanın
türk-müsəlman dünyasında əhəmiyyətli mövqeyi və böyük intellektual
potensialı diqqəti cəlb etmişdir.
Azərbaycanlı ziyalıların Şərq xalqlarının Qurultayında və Birinci
Türkoloji Qurultayda fəal iştirakı ölkəmizdə yalnız dilçilik sahəsində
deyil, həm də ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafıya və
maarifçilik sahəsində də böyük elmi və yaradıcı qüvvələrin yetişib
formalaşdığını nümayiş etdirir.
Birinci Türkoloji Qurultayda keçmiş Sovet İttifaqının müxtəlif
bölgələrində, geniş bir coğrafi məkanda yaşayan çoxsaylı türk
xalqlarının mədəni həyatı üçün bir sıra qlobal məsələlər müzakirə
olunmuşdur. Bu toplantıda yaxın gələcəyə yönələn mühüm qərarlar qəbul
edilmiş və ən başlıcası keçmiş Sovet İttifaqı məkanında yaşayan bütün
türk xalqları üçün latın qrafikalı əlifbaya keçidin elmi-metodoloji
prinsipləri işlənib hazırlanmışdır.
Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun
işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə
ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər
həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk
xalqlarının latın qrafikalı əlifbaya keçidi isə 1939-cu ildə ləğv
edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi
olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.